Məhkəmə qərarları › İş №2(007)-4207/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4207/2021

09.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4207/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, İddiaçı və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 52 saylı Notariat ofisi, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 52 saylı Notariat ofisi, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun qardaşı X5 uzun müddət xəstəlikdən əziyyət çəkdiyi üçün onun himayəsində olmuş və ona tərəfindən lazımı qayğı göstərilmişdir. Hazırkı iddia ərizəsinə əlavə edilən Bakı şəhəri Nizami RİHB-nin 3 nömrəli sahə üzrə İƏD üzrə nümayəndəliyi tərəfindən verilən 05 iyul 2021-ci il tarixli 13-16/50 saylı arayış və həmin arayışa əlavə edilən akt da bu dediklərini tam olaraq sübuta yetirir. Qardaşını müalicə etdirsələr də təəssüflər olsun ki, bu müalicələrin heç bir effekti olmamış və 05 yanvar 2021-ci il tarixdə o, ağciyər-ürək çatmamazlığı səbəbindən dünyasını dəyişmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06 yanvar 2021-ci il tarixli 42 reyestr nömrəli akt qeydi də edilmişdir. Onu da qeyd edir ki, qardaşı dünyasını dəyişənədək onun sahibliyində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 2070 saylı bağ sahəsi və təsisçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və həmin cəmiyyətin balansında olan Bakı şəhəri, Qaradağ rayonu, Qızıl-Daş qəsəbəsində yerləşən "xxxx" daş yatağı olmuşdur. Həm torpaq sahəsinə, həm də ki, MMC-yə rəhbərliyi məhz qardaşı mərhum X5 həyata keçirmişdir. Lakin, qardaşının səhhəti qaydasında olmadığından o, demək olar ki, bütün işlərini ona həvalə etmiş və özünə məxsus olan əmlakını da şifahi olaraq ona və onun oğluna vəsiyyət etmişdir. Qardaşının ölümündən sonra da qeyd edilən daşınar və daşınmaz əmlaklar məhz tərəfindən idarə edilmiş, sahənin abadlaşdırılması, şirkətin fəaliyyətinin təşkili ilə bağlı bəzi məsələlər tərəfindən həll edilmişdir. Bununla da o, qardaşı 05 yanvar 2021-ci il tarixdə dünyasını dəyişən X3 vərəsəsi olduğunu nümayiş etdirərək miras əmlakı faktiki qəbul etmişdir. Lakin, bildirməlidir ki, miras əmlakı faktiki qəbul etsə də o, hazırki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mərhum qardaşının qızları olduğunu nəzərə alaraq, miras əmlakla bağlı müraciət edib-etməyəcəkləri də gözləmişdir. Məhz bu müddət ötdükdən sonra vəkil vasitəsi ilə sübutların toplanması və vərəsəlik hüquqlarının qeydə alınması üçün müraciət etmək qərarına gəlmişdir. Hazırki iddia ərizəsinə əlavə edilən Bakı şəhəri 31 saylı Notariat Ofisinin vəkil sorğusuna verdiyi 09 mart 2021-ci il tarixli 172 saylı cavab məktubundan görünür ki, X3 adına hal-hazırkı vaxtadək vərəsəlik işi açılmamışdır. Eyni zamanda qeyd edir ki, “Elektron Notariat” Avtomatlaşdırılmış informasiya Sistemi üzrə axtarış zamanı da hal-hazırki vaxtadək vərəsəlik işinin açılması halı aşkar edilməmişdir. Bundan əlavə, vəkil sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX-nin 1 saylı Bakı Əİ-dən verilən 02.04.2021-ci il tarixli **********01 saylı cavab məktubunda qeyd edilir ki, X3 adına Azərbaycan Respublikası üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhz bu sübutları topladıqdan sonra o, qardaşı İbadov X1 yaşayış yeri üzrə aidiyyəti Notariat Ofisinə, yəni, Bakı şəhəri 52 saylı Notariat Ofisinə müraciət edərək vərəsəlik hüquqlarının qeydə alınmasını xahiş etmişdir. Maraqlıdır ki, cavabdeh ünvan 1 ünvanlanan 14 iyul 2021-ci il tarixli 1721/21 saylı məktubda ümumi ifadələrdən istifadə edilməklə vərəsəlik hüquqlarının qeydə alınmasından imtina edilmişdir. Hətta məktuba nəzər saldıqda görünür ki, orada ərizəyə əlavə edilən sənədlərin notariat ofisi tərəfindən yoxlanılması barədə qeyd edilsə də ondan əlavə etdiyi sənədlər yenidən istənilmişdir. Nəticədə onun Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə qorunan vərəsəlik hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdehlərin məhkəmədən kənar yolla bu hüququnu təmin etmədiyini və bununla da hüquqlarını pozduğunu gördüyü üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Buna görə də, X2 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 2070 saylı bağ sahəsi, təsisçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzərində vərəsəlik hüquqlarının tanınmasına və bu barədə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, əlavə olaraq verdiyi izahatında göstərdi ki, mərhum qardaşının vəfat etməmişdən əvvəl ayrı-ayrı şəxslərə külli miqdarda borcu olmuşdur. Sonuncu dəfə isə mərhum qardaşı Gülməmməd İbadov bacılarının evini girov qoyaraq, pul götürmüşdür. Hazırda isə qardaşının borclu olduğu şəxslər dayanmadan ona zəng edir, alınmış borcların qaytarılmasını tələb edirlər. Mərhum qardaşının vəfatınadək ona özü baxıb, qayğı göstərmişdir. Qızları isə qardaşı ilə maraqlanmamışdır. Hazırda o, qardaşından miras qalmış əmlaklar üzərində pay hüququ əldə etmək istəyir, məqsədi isə odur ki, həmin əmlakları əldə etdikdən sonra qardaşının ayrı-ayrı şəxslərə olan borcunu ödəsin. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirdi ki, mərhum X5 onun atasıdır. Əmisinin ona qarşı qaldırdığı iddia və orada göstərilənlər həqiqətə uyğun deyil. Onun atasının heç kimə borcu olmayıb. Əmisi sadəcə atasının əmlakını özəlləşdirmək istəyir. Atasının əgər kiməsə borcu olsaydı, ən azından atasının şərikinin xəbəri olardı. Belə ki, atasına məxsus mobil telefon ondadır, nömrə isə aktivdir, indiyədək bir dəfə də olsun borc məqsədilə atasının telefonuna zəng gəlməmişdir. Əmisi mərhum atasına sağlığında qulluq etdiyini bildirsə də, atasının dəfn prosesində belə iştirak etməmiş, hər şeyi onun özü etmişdir. İddianın təmin edilməməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -10 saylı MKİS arayışından görünür ki, 07.08.1958-ci il təvəllüdlü X5 06 yanvar 2021-ci il tarixədək, yəni ölən günədək ünvan 2 ünvanında qardaşı İddiaçı və X4 himayəsində yaşamışdır. Ölən günədək səhhəti qaydasında olmadığından Gülməmməd İbadova adları yuxarıda göstərilən qardaşı və bacısı baxmışdır, bu barədə akt tərtib edilmişdir; -Xəzər rayon Qeydiyyat şöbəsinin 17 fevral 2021-ci il tarixli arayışından görünür ki, X5 05 yanvar 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 42 nömrə ilə qeyd edilmişdir; -Bakı şəhəri 31 saylı Notariat Ofisinin xüsusi notariusunun 09 mart 2021-ci il tarixli, 172 nömrəli məktubundan görünür ki, X3 adına hal-hazırkı vaxtadək vərəsəlik işi açılmamışdır. Eyni zamanda qeyd edilmişdir ki, “Elektron Notariat” Avtomatlaşdırılmış informasiya Sistemi üzrə axtarış zamanı da hal-hazırki vaxtadək vərəsəlik işinin açılması halı aşkar edilməmişdir; -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 02 aprel 2021-ci il tarixli məktubundan görünür ki, X3 adına Azərbaycan Respublikası üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir; -Bakı şəhəri 52 saylı Notariat Ofisinin 14 iyul 2021-ci il tarixli məktubundan görünür ki, qanun üzrə vərəsə ola biləcək şəxslərin növbəliliyi və dairəsinin Azərbaycan Respublikası MM-nin 1159-cu maddəsində müəyyən edilməsi İddiaçı izah edilmiş, miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüquqlarını təsdiq edən sənədi və digər vərəsələrin olmasını sübut edən sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının mərhum qardaşı X5 05 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı mərhum qardaşından miras qalan əmlaka vərəsəlik hüququnun tanınması və bu barədə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4-cü maddəsinə əsasən, sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5-ci maddəsinə əsasən, övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur; 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar; 1159.3-cü maddəsinə əsasən, üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın; 1159.4-cü maddəsinə əsasən, dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər; 1159.5-ci maddəsinə əsasən, beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Qanunvericiliyin tələbindən də göründüyü kimi, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Ölənin qardaşları və bacıları isə qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, Cavabdeh3 mərhum X3 qızı birinci növbədə vərəsəsi, yəni qızıdır. İddiaçı isə mərhumun qardaşı, ikinci növbədə vərəsəsidir. Məhkəmə qeyd edir ki, mərhumun birinci növbəli vərəsəsi olan qızları vardır, qanunvericilikdə isə qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr olmadığı təqdirdə pay hüququ ikinci növbədə vərəsəyə keçir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur, iddia təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 52 saylı Notariat ofisi, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 52 saylı Notariat ofisi, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar