Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4244/2025 23.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (mənzildən çıxarılma) X7 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüryanlı Ülkər Allahyar qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Hacıyeva(Zeynalova) Emeliya Qabil qızının onların yetkinlik yaşına çatmayan övladı ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 49 saylı binanın, 44 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 və Hacıyeva(Zeynalova) Emeliya Qabil qızını onların yetkinlik yaşına çatmayan övladı ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 49 saylı binanın, 44 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırdığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 49, mənzil 44 onun xüsusi mülkiyyətindədir. Bu barədə ona çıxarış da verilmişdir. Həmin çıxarışın surətini ərizəsinə əlavə etmişdir. Onların mənzilində o və yoldaşından başqa, onun oğlu Cavabdeh1 və onun həyat yoldaşı Hacıyeva(Zeynalova) Emeliya Qabil qızı da yaşayırlar. Onlar onun mənzilində yaşasalar da, özlərinə məxsus olan mənzilə ünvan 1 ünvanda qeydiyyatdadırlar.(əsas şəxsiyyət vəsiqəsinin surəti), Cavabdehlər Cavabdeh1 və Hacıyeva (Zeynalova) Emeliya Qabil qızının onun mənzilində yaşaması onun mənzil hüquqlarını pozur. Onlar onun mənzilində yaşamaqla onlara rahatlıq vermir və hər vasitə ilə onlara mənzillərində yaşamağa imkan vermək istəmirlər. Bu səbəbdən o, cavabdehlər Cavabdeh1 və Hacıyeva(Zeynalova) Emeliya Qabil qızının mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun ümidi tək məhkəməyədir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilən halları müdafiə edərək izahatında iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verdiyini, həmin ərizəyə əsasən, cavabdehlərin əşyaları ilə birlikdə mənzildən çıxarılmasını istədiklərini, Cavabdeh2 iddiaçının rahat yaşamasına imkan vermədiyini bildirdi və iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən halları müdafiə edərək, izahatında bildirdi ki, Cavabdeh1 onun oğludur, onlar 2012-ci ildə ailə quranda gəlini bu evə gətirmişlər, oğluna xalası ev almış və elə ora da qeydiyyata düşmüşlər. Cavabdeh2 onlarla yola getmir, həyat yoldaşı ilə kobud rəftar edir uşağı da onlara göstərmir, bütün mesajlarında təhqir, qarğış olur. Sadəcə evdən çıxarılmasını istədiklərini bildirdi və iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, hazırda onun həmin mənzildən çıxmağa imkanı yoxdur. İndi ailəsinin mənzilində yoldaşı və övladı ilə birlikdə yaşayır. Kompensasiya tələb etmədən mənzildən çıxmağa razı olduğunu bildirdi və iddia ərizəsinin təmin edilməsini xahiş etdi. İş materialları: xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-02506 saylı mediasiya sessiyasında iştirak edilməməsi haqqında arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdehlər iştirak etməmişdirlər. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 49, mənzil 44 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 124 nömrəli reyestr kitabında xx.xx.1994-cü il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhər Nizami rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 və X1 nikahı haqqında 12 sentyabr 2012-ci il tarixdə 1191 №-li akt qeydi tərtib olunmuşdur. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 ünvan 4 ünvanında, Cavabdeh2 ünvan 5ında qeydiyyatdadırlar. Onların yetkinlik yaşına çatmayan övladı X5 xx.xx.2023-cü ildə anadan olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir. Mənzil Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh1 xx.xx.2026-cı il tarixdə təqdim etdiyi ərizədən görünür ki, iddia tələbini qəbul edir və kompensasiya tələb etmədən mənzildən çıxmağa razıdır. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «Mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmasını nəzərdə tutduğunu, Mülki Məcəllənin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edildiyini, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edildiyi göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “ “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, mübahisə predmeti olan yaşayış sahəsinin iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır. Bu barədə iş materiallarına qeydiyyat vəsiqəsi və çıxarış əlavə olunmuşdur. Qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə Cavabdeh1 münasibətdə qeyd edir ki, cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək kompensasiya tələb etmədən mənzildən çıxmağa razı olduğunu bildirdiyindən, iddia tələbi həmin hissədə mübahisə olmadığından təmin olunmalıdır. Cavabdeh2 münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Cavabdehin adına isə iddiaçıya məxsus olan yaşayış sahəsinə dair mülkiyyət hüququnun həmin formada qeydiyyatı mövcud deyildir, habelə məhkəmə araşdırması zamanı da cavabdeh tərəfindən bunun əksini təsdiq edə biləcək dəlillər məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən iddia bu hissədə də təmin olunmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayıldığından, cavabdehlərin birgə nikahın dünyaya gələn xx.xx.2023-cü il təvəllüdlü X5 da valideynləri ilə birlikdə mənzildən çıxarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin onların yetkinlik yaşına çatmayan övladı ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 49 saylı binanın, 44 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılmasına dair iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların yetkinlik yaşına çatmayan övladı xx.xx.2023-cü il təvəllüdlü X5 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr, bina 49, 44 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmalı, məhkəmə xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların yetkinlik yaşına çatmayan övladı xx.xx.2023-cü il təvəllüdlü X5 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr, bina 49, 44 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsınlar. Məhkəmə xərci iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-4244/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4244/2025
23.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver