Məhkəmə qərarları › İş №2(007)-427/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-427/2020

04.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-427/2020 04.02.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı, onun vəkili X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəıhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 45a №-li evin 47 №-li mənzilindən istifadə hüququnun olmadığının müəyyən edilməsi və həmin ünvandan qeydiyyatdan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddia tələbi üzrə Cavabdeh onun qızıdır. O, Rusiya vətəndaşı olmaqala uzun illərdir ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayırdı. Onların ailəsində baş verən ailə münaqişələri zəminində əri ilə ailə münasibətləri kəsilmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikasına gəlmişdir. 2019-cu ilin avqust ayında cavabdeh (qızı) Cavabdeh ona müraciət edərək bildirdi ki, o, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almaq istəyir. Lakin, onun Azərbaycan Respublikasında qeydiyyat yeri olmadığından müvafiq dövlət orqanları ona şəxsiyyət vəsiqəsini verməkdən imtina edirlər. Odur ki, cavabdeh xahiş etmişdir ki, müvəqqəti olaraq, yəni Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini alana qədər xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanına qeydiyyata düşməyinə icazə vermişdir. O da qızı (cavabdeh) Cavabdeh xahişini nəzərə alıb, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanına müvəqqəti olaraq qeydiyyata düşməyinə icazə vermişdir. Bundan başqa, cavabdehin yaşamağa başqa yeri olmadığından onun xahişi ilə 1 ay müddətinə, yəni özünə yaşayış yeri tapana qədər həmin mənzildə yaşamasına da icazə vermişdir. Cavbdeh ona söz vermişdir ki, özünə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini alan kimi dərhal onun mənzilindən qeydiyyatdan çıxacaqdır. Həmçinin o, 1 ay müddətinə özünə başqa yaşayış yeri tapıb yaşamaq üçün tapacağı ünvana köçəcəkdir. Cavabdeh onun qızı olduğundan cavabdehin xahişini nəzərə alaraq, müvəqqəti olaraq onun mənzilinə qeydiyyata düşməsinə və müvəqqəti olaraq mənzilində yaşamasına 2019-cu ilin avqust ayında razılıq vermişdir. Cavabdeh onun mənzilində 2019-cu ilin avqust ayından müvəqqəti olaraq yaşayır. Lakin, sonradan cavabdeh verdiyi vədinə əməl etməmişdir. Belə ki, o, özünə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi aldıqdan sonra ondan mənzildən qeydiyyatdan çıxmasını və mənzildən köçməsini tələb etsə də, cavabdeh onun bu haqlı tələblərinə əhəmiyyət vermir, mənzilindən qeydiyyatdan çıxmayacağını və və başqa yerdə yaşaması üçün mənzilindən köçməyəcəyini bildirir. Hazırda cavbdeh onun razılığı olmadan, iradəsinə zidd olaraq ona xüsusi mülkiyyət hüquq ilə məxsus olan mənzildə qeydiyyatda olmaqla yaşayır. Bununla da, cavabdeh mülkiyyətçi kimi onun həmin mənzilə olan hüquqlarının tam həcmdə həyata keçirməsinə mane olur, mənzilə olan hüquqlarını pozur. Cavabdehin mənzilində qeydiyyatda qalması onun evdən maneəsiz istifadə etməsinə imkan vermir. Cavabdeh onun qızı olsa da, ərə gedərək özünə ailə həyatı qurmuş, ailəsi ilə birlikdə üzün illər Rusiya Federasiyasında yaşayaraq Rusiya Federasiyasının vətəndışı olmuşdur. Ona xüsusui mülkiyyət hüququ ilə məxsus olan ünvan 1-ni o, cavabdeh ərə gedərək ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşadığı zaman özü, öz şəxsi vəsiti hesabına almışdır. Həmin mənzilin alınmasında cavabdehin heç bir iştirakı, rolu olmamışdır. Cavabdehin ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan mənzilinə qeydiyyata alınmasına razılığı isə o, yuxarıda qeyd etdiyi kimi, cavabdeh özünə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi almasında köməklik etmək məqsədilə etmişdir. Cavabdehin onun mənzilində yaşamasına razılığı da cavabdeh, özünə başqa yaşayış yeri tapana qədər müvəqqəti olaraq 1 (ay müdətinə) vermişdir. Cavabdeh ərə gedərək özünə ailə həyatı qurduqdan sonra ailə üzvü (qızı) olaraq onunla bütün əlaqələrini kəsmiş, valideyni olaraq onunla ümumiyyətlə maraqlanmamışdır. Mülki işə məhkəmədə baxılarkən İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh onun doğma qızıdır. xx xxxxxx 1982-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçərək orada 1990-cı illərdən faktiki olaraq yaşamaqla, Rusiya Federasiyasının vətəndaşıdır. Cavabdeh də onunla bərabər Rusiya Federasiyasında yaşamaqla, 2007-ci ildən Rusiya federasiyasının vətəndaşı olmuşdur. Cavabdeh 2004-cü ildə Əmrah və 2011-ci ildə Milana adında övladları dünyaya gətirmişdir. Cavabdehin övladları rəsmi nikahdan kənar münasibətlərdən olmuşdur. Cavabdehi düzgün yola çəkmək, onu müvəqqəti olaraq özünə məxsus olan xüsusi mülkiyyətindəki mənzilə qeydə düşməyə razılıq vermişdir. Həmçinin cavabdehə azyaşlı 2011-ci il təvəllüdlü qızına sahib çıxıb, normal həyat tərzinə qayıtmasını təklif etmişdir. Cavabdeh bu səhv yoldan qayıtmağı və qızına sahib çıxacağına söz vermişdir. Müvəqqəti qeydiyyata düşməklə əlaqədar razılaşma ondan ibarət olmuşdur ki, cavabdeh düzgün yola qayıdar. Bu səbədən 15.08.2019-cu ildə qeydiyyata düşməsinə razılığı olmuşdur. Qeydiyyata düşdükdən sonra cavabdeh yenidən hüquqa və etik qaydalara zidd əməllərlə məşğul olmağa başlamışdır. Oktyabr ayında onu aldadaraq evə evli bir kişini gətirmək istəmişdir. Həmin adam ilə sövdələşərək, onun anasının adı ilə evə tanımadığı adamları gətirmişdir. Beləliklə, cavabdeh onun xüsusi mülkiyyətində olan mənzilə münasibətdə heç bir hüququ olmadığı halda, əmlak və mülkiyyət hüquqlarını pozur, hətta onu təhdid edir. Bu barədə Polisə müraciəti olmuşdur. Cavabdehin 2014-cti ildən sonra qeydiyyatda olduğu ünvanlar ünvan 3izami rayonu C.ünvan 4 ünvanı olmuşdur. Cavabdehin 15 avqust 2019-cu il tarixdə onun xüsusi mülkiyyətində olan mənzilə qeydiyyata düşməsi, ona mənzilə dair nə istifadə hüququ, nə də mülkiyyət hüququnu yaratmır. Ona görə də, Cavabdeh ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 45 “a” saylı evin 47 saylı mənzilində istifadə hüququ olmadığı üçün, onun mənzildən istifadə etməsinə xitam verilməklə, mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, qızı İlhamə onunla mübahisə edir, ona nalayiq söyüşlər söyür və döyür. Onunla bir evdə yaşaması qeyri-mümkündür. Ona görə də iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, həmin ev Cavabdeh burada olmayan zaman alınmış və 2013-cü ildə iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. Hesab edir ki, cavabdehin həmin mənzilə istifadə hüququ yoxdur. İddaçı İddiaçı qızı Cavabdeh həmin mənzilə qeydiyyata salınmasına razılıq verərkən öz aralarında razılaşma olmuşdur. Belə ki, qızının pis yoldan çəkilməsini istəmişdir. Lakin qızı həmin şərtə əməl etməmiş və öz həyatına davam etmişdir. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, izahat verərək göstərdi ki, anası ilə razılaşmışlar ki onun evinə qeydiyyata düşsün. Bunun müqabilində anasına 10 000 manat pul vermişdir. Anası da onu həmin evə qeydiyyata salmışdır. Həmin pulu qaytarsa qeydiyyatdan çıxar. İndiki halda isə anası həmin pulu qaytarmadığı üçün, qeydiyyatdan çıxmaq istəmir. Ona görə də, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 07 yanvar 2020-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 018/39- 36 nömrəli arayışdan görünür ki, Cavabdeh 15 avqust 2019-cu il tarixdən hal hazıradək ünvan 1 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri İcra Hakimiyyəti başçısının Aparatı yanında Mənzil-tikinti X3 tərəfindən verilmiş 13 dekabr 2019-cu il tarixli, 54 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən də ünvan 1 ünvanında yaşayır və qeydiyyatdadır. Bütün kommunal borcları ödəyir və 3 ildir ki həmin ünvanda yaşayır. - Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı Həsən Səfərovun 04 dekabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Cavabdeh 15 avqust 2019-cu il tarixdə mülkiyyətçinin, yəni İddiaçı razılığı ilə mübahisəli mənzilə qeydiyyata düşmüşdür və orada yaşayır. Hazırda İddiaçı qızı Cavabdeh ona məxsus olan mənzildən istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Belə ki, tərəflər arasında hüquq münasibətləri 2009-cu ildən sonra, yəni 15 avqust 2019-cu il tarixdən yaranmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən, habelə Konstitusiya Məhkəməsi Plenumun mövqeydindən çıxış edərək qeyd edir ki, Cavabdeh İddiaçı ailə üzvü, yəni qızıdır. İddiaçı Cavabdeh İddiaçı razılığı ilə 15 avqust 2019-cu il tarixdə ona məxsus olan ünvan 1 ünvanına qeydiyyata düşmüşdür. Göründüyü kimi, hazırda da tərəflər arasında ailə münasibətləri vardır. Belə olan halda məhkəmə qeyd edir ki, nə qədər ki tərəflər arasında ailə münasibətlərinə xitam verilməmişdir, Cavabdeh sözügedən mənzildən istifadə hüququna xitam verilməsi tələbi əsassızdır və təmin olunmamalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatlarında iddaçının cavabdehi müəyyən şərtlərlə evinə qeydiyyata götürdüyünü, lakin hazırda cavabdehin onunla mübahisə etdiyini, nalayiq sözlər dediyini və döydüyünü bildirsə də, məhkəməyə bununla bağlı heç bir mötəbər sübut növü təqdim etməmişdir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsinə əsaslar hazırkı icraatda müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 45 “a” saylı evin 47 saylı mənzilində istifadə hüququ olmadığı üçün, onun mənzildən istifadə etməsinə xitam verilməklə, mənzildən çıxarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 45 “a” saylı evin 47 saylı mənzilindən istifadə hüququ olmadığı üçün, onun mənzildən istifadə etməsinə xitam verilməklə, mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 20,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar