Məhkəmə qərarları › İş №2(007)-4272/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4272/2021

10.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4272/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 160E, 80 saylı mənzili 01 sentyabr 2020-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 almışdır. Həmin mənzilə dair ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyat nömrəsi ********** olan 07 sentyabr 2021-ci il tarixli çıxarış verilmişdir. Aralarında olan alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən, cavabdeh 20 oktyabr 2020-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəlik götürmüşdür. Lakin, cavabdehlər öhdəliklərini icra etməmişlər. 29 sentyabr 2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayış aldıqda ona məlum olmuşdur ki, cavabdehlər hələ də mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Bunun nəticəsində mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Hesab edir ki, cavabdehlər faktiki olaraq müqavilə bağlanan andan mənzildən istifadə etmək hüququnu itirmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 160E, 80 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 09 dekabr 2021-ci il tarixdə İddiaçı nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, göstərmişdir ki, 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin arayışına əsasən iddiaçının mülkiyyətində olan mənzildə hazırda sadəcə Cavabdeh1 qeydiyyatda qalmışdır, digər Cavabdeh2 isə qeydiyyatdan çıxmışdır. Buna görə də, Cavabdeh1 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 160E, 80 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını, eyni zamanda məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 ünvanlanmış zərf “Bu ünvanda yaşamır” poçt qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Belə olan halda, məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Cavabdeh2 ilə İddiaçı arasında 01 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-711 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki 160E saylı evin 80 saylı mənzilini İddiaçı sataraq, onun mülkiyyətinə vermişdir; Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 109.000 manata satmış, alıcı isə həmin qiymətə almışdır; Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə 20 oktyabr 2020-ci il tarixədək alıcının faktiki sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 13-cü bəndinə əsasən satıcı 20 oktyabr 2020-ci il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki 160E saylı evin 80 saylı mənzil 07 sentyabr 2020-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır; - 6 saylı Bakı “ASAN xidmət” mərkəzindən verilmiş 07 dekabr 2021-ci il tarixli, ******* saylı arayışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki 160E saylı evin 80 saylı mənzilində qeydiyyatdadır; - Notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki 160E saylı evin 80 saylı mənzilin satılmasına etiraz etməmiş və razılıq vermişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki 160E saylı evin 80 saylı mənzili Cavabdeh2 mülkiyyətində olmuşdur. Cavabdeh2 01 sentyabr 2020-ci il tarixdə İddiaçı ilə daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilə bağlayıb, mülkiyyətində olan həmin mənzili İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Alqı-satqı müqaviləsinin bağlanmasından sonra həmin mənzilə İddiaçı mülkiyyət hüququ tanınmış və mənzil üzərində bu mülkiyyət hüququ 07 sentyabr 2020-ci il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilin satılmasına və müvafiq qaydada öhdəlik götürməsinə baxmayaraq, cavabdehlər qeydiyyatdan çıxmamışlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 01 sentyabr 2020-ci il tarixdə bağladığı daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqaviləyə əsasən mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki 160E saylı evin 80 saylı mənzilini İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Alqı-satqı müqaviləsinin bağlanmasından sonra mənzil üzərində mülkiyyət hüququ 07 sentyabr 2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış və bu hüquq barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Alqı-satqı müqaviləsinin bağlanmasından dərhal sonra mənzil iddiaçıya təhvil verilmiş, cavabdeh həmin vaxtdan mənzildə yaşamamışdır. Bundan əlavə, mənzilin satılmasına və müvafiq qaydada öhdəlik götürməsinə baxmayaraq, Cavabdeh1 qeydiyyatdan çıxmamışdır. Cavabdehin mənzildə qeydiyyatda qalması mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının tələbi əsaslıdır, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki 160E saylı evin 80 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamə cavabdehin sözügedən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki 160E saylı evin 80 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki 160E saylı evin 80 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar