Məhkəmə qərarları › İş №2(007)-43/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-43/2022

01.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-43/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (xx.xx.1981-ci il təvəllüdlü), ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 78,6 kv.m olan mənzil iddiaçının mülkiyyətinə verilmiş və xx.xx.2000-ci il tarixində DƏDRX-də hüquqları mülkiyyətçi olaraq (№ 3M- 063623) qeydiyyata alınmışdır. Göründüyü kimi, mənzildə hal-hazırda forma xarakterdə qeydiyyatda olan (istifadə hüququ olan) Cavabdeh hüququ mövcuddur. Hansı ki, Cavabdeh heç bir zaman sözügedən mənzildə yaşamamış, 2003-cü ildən xərçəng xəstəliyindən əziyyət çəkən atası X6 xəstə vəziyyətində tərk etmişdir. Bundan əlavə halhazırda cavabdeh ailəlidir. Həyat yoldaşına məxsus şəraitli mənzildə yaşayır. O, əlavə olaraq bildirir ki, Cavabdeh heç bir zaman sözüegedən mənzilə dair kommunal ödəniş etməmiş, mülkiyyətçi olaraq onun mülkiyyət üzərində hüquqlarının realizə etməyinə maneə yaratmışdır. Qonşular tərəfindən təqdim edilən və reyestrdə 8İ2734 №-si ilə qeydiyyatdan keçən sənədin məzmunundan da görünür ki, uzun müddət qonşuluqda yaşayan hər üç şəxs - X4, X7, X1 Cavabdeh sözügedən mənzildə uzun illərdir yaşamadığı və atasını 2006-cı ildə ağır xəstəlik ərəfəsində tərk etdiyi qeyd edilmişdir. Əlavə olaraq 120 saylı MKİS tərəfindən təqdim edilmiş arayışın məzmunundan da görünür ki, cavabdeh X3 əvəzinə kommunal xərclər iddiaçı tərəfindən ödənilmişdir. Bundan əlavə iş materialına əlavə edilmiş xx.xx.2003-cü il tarixli 120 saylı MKİS-ə ünvanlanmış ərizənin məzmununda iddiaçının cavabdehin həmin ünvanda yaşamadığı üçün kommunal ödənişlərindən azad olunması qeyd edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, qardaşı cavabdehi qeydiyyatdan çıxarmağı desə də cavabdeh qardaşı qızı olduğu üçün qeydiyyatdan çıxartmamışdır. Qardaşının sağlığında gərək o, cavabdehi qeydiyyatdan çıxardardı. Qardaşı ilə həyat yoldaşı ayrılmış, cavabdeh 2003-cü ildə anası ilə çıxıb getmiş, atası ilə əlaqə saxlamamış və maraqlanmamışdır. Qardaşı rəhmətə gedəndə dəfn mərasiminə cavabdehi bacısı zorla gətirmişdir. Cavabdeh dəfnə heç gəlmək də istəməmişdi. Cavabdeh ona borcludur ki, atasına baxmış və dəfnində bütün xərcləri çəkmişdir. Atasının harada dəfn olunması ilə bağlı cavabdeh 1-2 il bundan qabaq maraqlanmışdır. Buradan da görünür ki, cavabdeh evə görə maraqlanırdı. Həmin ev 1974cü ildə ev alınmış, 1990-cı ildə özəlləşmiş, mənzil özəlləşəndə cavabdehin 9 yaşı olmuş, 1997-ci ildə atası onun adına vəsiyyətnamə yazmışdır. 1999-cu ildə atası rəhmətə getmiş, 2000-ci ildə evi o, adına keçirtmişdir. Həmin vaxt anası və qardaşı da sağ idi. Bütün qonşular təccüblənir ki, cavabdeh burada yaşamadığı halda onu çıxartmaq olmur. O, cavabdehin özünün qeydiyyatdan çıxacağını gözləmişdir. Qonşular da deyirlər ki, o, nə vaxtdan çıxıb getmiş, heç atasına baxmamışdır. Tamella xanım hal-hazırda Bakıxanov qəsəbəsində yaşayır. Ona qeydiyyatdan çıxmama səbəbini soruşanda demişdir ki, ev ona deyil, onun uşaqlarına lazımdır. O da uşaqlarının atası olduğunu, 2 mərtəbəli evi olduğunu bildirmiş və cavabdeh də yoldaşı ilə məsləhətləşəcəyini demişdir. Tamillanın yoldaşı da Tamillanın qeydiyyatdan çıxması üçün 65.000 manat pul istəyir. O, bu ev üçün heç nə etməmiş, 2003-cü ildən də köçüb getmişdir. O, cavabdehə ev verməyəcəyini, Tamellanın onun ailə üzvü olmadığını bildirmişdir. Əgər o istəsəydi, onu çoxdan ərizə yazıb qeydiyyatdan çıxardardı. İndi zəmanə, qanunlar başqadır, bundan başqa onların ona borcları var. Tamillanın atası qardaşı ankoloji xəstə olanda bütün müalicə xərcini çəkmişdi. Bu evin ev pulunu da neçə illərdi o vermişdir. Atası evi ona qardaşı küçədə qalmaması üçün vəsiyyət etmişdir. Amma ev onlara qalsaydı, onlar qardaşını küçəyə atardılar. O, həmçinin binanın yerində qaldığını, plana düşmədiyini, belə bir şeyin olmasının 10 ilə baş verəcəyini, cavabdehin Razin qəsəbəsində 2 mərtəbəli evdə yaşadığını, 2008-ci ildən ailəli olduğunu, kompensasiya verməyə razı olmadığını qeyd etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil3 iddia tələbini qəbul etmədiyini,Tamella xanımın köhnə Mənzil Məcəlləsinə görə ailə üzvi sayıldığını, halhazırda onun işinə kompessasiya verilməsiylə xitam verilə biləcəyini, cavabdehin həmin mənzildə doğulduğunu, qeydiyyata alındığını və babasının vaxtından istifadə hüququ yarandığını, Tamilla xanımın hal-hazırda həmin ünvanda yaşamadığını, onu və yoldaşını tanıdığını bildirdi və iddia tələbinin təmin edilməməsini, yekun verilərkən köhnə Mənzil Məcəlləsinin nəzərə alınmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, iddiaçı Tamella xanımı atasına baxmadığını bildirmiş, amma Tamella xanım elə adamdır ki, nəinki atası, başqa adam da olsa ona laqeyid yanaşmaz. O binalar hələki plana düşməmişdir. Nailə xanım istəyir ki, plana düşəndə onlara ev düşməsin. İddiaçı bu günə qədər nə üçün iddia qaldırmırdı? Ev plana düşdüyünə görə iddiaçı iddia qaldırmışdır. Tamilla xanımın atasının razılıq kağızı var idi, amma notarius onu kitaba işləməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. O həmçinin qeyd etmişdir ki, qardaş qızı kompessasiya ödənilən kateqoriyaya aid deyil. Həmin kataqoriyaya ata, ana və övladlar aiddir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, 17 ildir ki, orada yaşamır. 13 ildir ki, oradan çıxmışdır. Orada atası, anası və bibisi yaşamış, anası və atası boşanmış, 2003-cü ilə kimi orada yaşamışdır. O, onda qayınanası ilə Bakıxanovda yaşayır, indi onun oradan qeydiyyatdan çıxmasını istəyirlər. Onu qayınanası evə qeydiyyata salmadığı üçün o da bir otaq ya da kv.metrin qiymətini istəyir ki, ev alıb qeydiyyata düşsün. 2 oğlu var, yoldaşı da hökümət işində işləyir və 300 manat əmək haqqı alır. Özü ona 20 kv.metr və ya pul verməsini demişdir. Yoldaşını adına da ev yoxdur. O evə onu qeydiyyata salmır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş seriya ÖM 063623 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 6 A, 24 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2012-ci il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Novruzov Nağı muxtaroviçin vəsiyyətnamədə göstərdiyi əmlakın vərəsəsi İddiaçıdır və miras əmlakdan pay almalıdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli Arayışdan görünür ki, İddiaçı xx.xx.2004-cü ildən ünvan 1 ünvanında qeydiyyatdadır. - 120 saylı MKİS-nin 435 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 1997-ci il tarixdə, Cavabdeh 1998-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 6 A, 24 saylı mənzilində qeydiyyatda düşmüşlər. - Sabunçu rayon İcra Hakimiyyəti Başçısının A.Bakıxanov qəsəbəsi üzrə Nümayəndəliyinin 562 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh A.Bakıxanov qəsəbəsi, H.Balakişiyev küçəsi, 1 saylı fərdi yaşayış evində 2014-cü ildən qeydiyyatsız yaşayır. - Sabunçu rayon İcra Hakimiyyəti Başçısının A.Bakıxanov qəsəbəsi üzrə Nümayəndəliyinin 562 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh A.Bakıxanov qəsəbəsi, H.Balakişiyev küçəsi, 1 saylı fərdi yaşayış evində qeydiyyatsız yaşayır. - 120 saylı MKİS-nin 264 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı və Cavabdeh Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 6 A, 24 saylı mənzilində qeydiyyatdadırlar, - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-616/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı, ünvan 3 Notariat ofisinə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən mənzilə dair cavabdeh İddiaçı adına ünvan 3 Notariat ofisi tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsinin, xx.xx.2000-ci il tarixli 063623 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, əmlakın miras kütləyə daxil edilməsi, miras əmlakdan ½ hissədə miras payının müəyyən edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-9329/2021 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-616/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 1997-ci il tarixdə, Cavabdeh 1998-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 6 A, 24 saylı mənzilində qeydiyyatda düşmüşlər. Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 6 A, 24 saylı mənzil İddiaçı mülkiyyətinə verilmiş və xx.xx.2000-ci il tarixində DƏDRX-də hüquqları mülkiyyətçi olaraq qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-616/2021 saylı qətnaməsində qeyd edilmişdir ki, iddiaçının 2000-ci il tarixdə mübahisəli mənzilə mülkiyyət hüququ qeydiyyata alınan zaman artıq Cavabdeh mənzilin kimin mülkiyyətində olması barədə məlumatlı olmalı imiş və onun məlumatlı olmamağını məhkəmə tərəfindən ağlabatan hesab edilməmişdir. Eyni zamanda ünvan 3 Notariat ofisi tərəfindən təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinə əlavə edilmiş X5 xx.xx.2020-ci il tarixli ərizəsindən görünmüşdür ki, xx.xx.1999-cu il tarixdə vəfat etmiş Nağı Novruzov Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 6 A, 24 saylı mənzilini xx.xx.1995-ci il tarixli vəsiyyətnamə ilə qızı İddiaçı vəsiyyət etmiş, onun ölümündən sonra İddiaçı tərəfindən müraciət edilmiş, vərəsəlik işi açılmış, mərhumun digər vərəsəsi X8 xx.xx.2000-ci il tarixli ərizə ilə mənzildən ona düşən öz payından tamamilə imtina etmiş, vərəsəliyi qəbul etməyəcəyini və gələcəkdə narazıçılıq ola bilməyəcəyini qeyd etmişdir. Hazırda İddiaçı və Cavabdeh mübahisəli mənzildə qeydiyyatdadır. İddiaçı hazırda həmin mənzildə yaşayır, Cavabdeh isə qayınanasına məxsus A.Bakıxanov qəsəbəsi, H.Balakişiyev küçəsi, 1 saylı fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən- daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarının 1-ci bəndinə görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İş materiallarından görünür ki, İddiaçı həmin mənzilə 1997-ci il tarixdə qeydiyyata düşsə də, mübahisəli mənzil xüsusi mülkiyyət üzrə İddiaçı adına xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmışdır. Eyni zamanda Cavabdeh mənzilə 1998-ci ildə qeydiyyata düşsə də mənzili 2003-cü ildə anası və atası boşandıqdan sonra mübahisəli mənzili tərk etmiş və həmin mənzildə o vaxtdan yaşamamışdır. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 1998-ci ildən sonra yarandığından, hazırkı mübahisəyə Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikasının xx.xx.1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Qanunvericiliyin sadalanan normalarının məzmunundan göründüyü kimi, iddiaçının mübahisəli mənzilə istifadə hüququnu itirməsi üçün onun 6 aydan artıq müddətə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya başqa yaşayış sahəsinə köçməsi müəyyən edilməlidir. Cavabdeh 2003-cü il tarixdən mübahisəli mənzildən çıxmış, anası ilə birgə başqa yaşayış yerinə köçüb yaşamış, daha sonra digər daimi yaşayış sahəsinə A.Bakıxanov qəsəbəsi, H.Balakişiyev küçəsi, 1 saylı fərdi yaşayış evinə könüllü surətdə ailə quraraq həyat yoldaşının yaşadığı sonuncunun anasına məxsus yaşayış sahəsinə köçmüş, cavabdeh 2003-cü il tarixdən mübahisəli mənzildə yaşamamış, 2021-ci il tarixə kimi həmin mənzillə maraqlanmamışdır. Hazırda cavabdeh 2014-cü ildən həmin mənzildə qeydiyyatsız yaşayır. Belə olan halda, məhkəmə nəzərə alır ki, iddiaçı 2003-cü ildən sonrakı 19 il ərzində də davamlı olaraq mübahisəli mənzildə faktiki yaşamamış, o mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Qeyd olunan hallar Cavabdeh 2003-cü ildə mübahisəli mənzildən daimi yaşamaq üçün başqa mənzilə köçdüyü və həmin tarixdən 6 ay sonra mənzilə istifadə hüququnu itirdiyi barədə birmənalı qənaətə gəlməyə əsas verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxdığı hallara: keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi aid edilmişdir. Məhkəmə “iddiaçının kompensasiya təklif etməklə cavabdehin həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi”nə münasibətdə bildirir ki, İddiaçı ümumiyyətlə kompensasiya vermək niyyəti olmadığını bildirmişdir. Eyni zamanda cavabdehin həmin hüququn əldə edilməsini zəruri edən əsasın, yəni sözügedən yaşayış sahəsinə ehtiyacın aradan qalxmasını təsdiqləyən sübutları məhkəməyə təqdim edilmişdir. Bu mənada, diqqətə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxdığı hallara: keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi aid edilmişdir. Baxılan işdə Cavabdeh 2003-cü il tarixdən anası ilə birgə başqa yaşayış yerinə köçüb yaşaması, daha sonra digər daimi yaşayış sahəsinə könüllü surətdə ailə quraraq həyat yoldaşının yaşadığı sonuncunun anasına məxsus yaşayış sahəsinə köçməsi sübuta yetirilmişdir. Göründüyü kimi, Cavabdeh mübahisəli mənzilə istifadə hüququna həmin sahəyə ehtiyacı aradan qalxdığından, mənzildə formal qeydiyyatda qaldığından, uzun müddət ərzində orada yaşamadığından, onun mənzilə olan istifadə hüququna kompensasiya verilmədən itirilmiş hesab edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 6 A, 24 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməlidir. Məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ona aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 6 A, 24 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmə xərcləri qismində İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar