Məhkəmə qərarları › İş №2(007)-437/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-437/2021

15.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-437/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Abdullayev Rafiq Nimət oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 69 saylı binanın 23 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Mənzili o alqı-satqı və ipoteka müqaviləsi ilə almışdır. Bu barədə ona qeydiyyat vəsiqəsi də verilmişdir. Mənzildə onlardan başqa mənzilin əvvəlki sakinləri- Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan qohumları X2 və X3 da qeydiyyatdadırlar. Onlar bu mənzildə qeydiyyatda olsalar da, burada yaşamırlar və harada yaşamaları məlum deyildir. O mənzili aldıqdan sonra cavabdehlər özlərinə məxsus əmlakları götürərək mənzildən getmiş və tezliklə qeydiyyatdan çıxacağına söz versələr də indiyə kimi sözlərinə əməl etməmişlər. Onların mənzildə qeydiyyatda qalması bir mülkiyyətçi kimi onun mənzil hüquqlarını pozur. O məcbur qalıb onların da yerinə kommunal xərclərini ödəyir. Bu də onun maddi vəziyyətinin pisləşməsinə səbəb olur. Qeyd olunanlara əsasən cavabdehlər-Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan qohumları X2 və X1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 69, mənzil 23 üzrə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 29.12.2016-cı il tarixli 117 nömrəli saylı daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 69 saylı binanın 23 saylı mənzili 42000 manata İddiaçı satmışdır. . İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 69 saylı binanın 23 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 06.01.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 69 saylı binanın 23 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 06.01.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Cavabdehlər həmin mənzildən köçüb getsələr də qeydiyyatdan çıxmamışlar. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan qohumları, X2 və X1 iddiaçının mülkiyyətində olan mənzildən yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan qohumları, X2 və X1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 69 saylı evin, 23 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar