Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-447/2022 14.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının vəkili Vəkil, Cavabdeh6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, daşınmaz əmlakın alqı-satqısını 21 iyun 2021-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində AN-İ № ******* və AN-İ № 094458 saylı müqavilələrlə rəsmiləşdirməklə, satıcılar Cavabdeh1 və Cavabdeh6 məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 86,80 kv.m, yaşayış sahəsi 63,20 kv.m olan 4 otaqlı mənzili Cavabdeh1 və Cavabdeh6 satın almışdır. Onun mənzil üzərində mülkiyyət hüququ 10.07.2021-ci il tarixdə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********11-05101- 093066 olmaqla dövlət qeydiyyatına alınmış və bu barədə ona çıxarış verilmişdir. Müqavilələrin 4-cü bəndlərinə əsasən alıcı mənzili satıcılardan 120000 manat 00 qəpik (yüz iyirmi min manat sıfır qəpik) qiymətinə (60000+60000 manat) almış və müqavilələrin 5-ci bəndində nəzərdə tutulmuş qaydada həmin məbləği satıcılara notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəmişdir. Cavabdeh1 yetkinlik yaşında olan ailə üzvləri: Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzilin satılmasına notarial qaydada təsdiq edilmiş ərizələri ilə razılıq vermişlər və mənzili boşaldaraq qeydiyyatdan çıxacaqlarını öhdələrinə götürmüşlər. Müqavilələrin 11-ci və 13-cü bəndlərinə görə satıcılar mənzili 1 ay müddətində, yəni 21 iyul 2021-ci il tarixədək alıcının faktiki sahibliyinə verməyi və 21.07.2021-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Cavabdehlər Cavabdeh1 və ailə üzvləri, habelə Cavabdeh6 müqavilənin 11-ci bəndinin şərtlərini pozmuşlar və mənzilin boşaldılmasını və onun faktiki sahibliyinə verilməsini 2 aydan artıq gecikdirərək, mənzili 30 sentyabr 2021-ci il tarixdə alıcının faktiki sahibliyinə vermişlər. İndiyə qədər müqavilələrin 13-cü bəndinin şərtini icra etməmişlər. Mənzilin satıcıları və onun yetkilik yaşında olan ailə üzvləri mənzilin satıcısından 5 aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ də mənzildən qeydiyyatdan çıxmamışlar. Onlar 2021-ci ilin sentyabr ayının axırlarında mənzili boşaldıb ona təhvil vermişlər və faktiki olaraq orada yaşamırlar. Amma yaşayış yeri üzrə həmin mənzildən qeydiyyatdan çıxmamışlar və indi də müxtəlif bəhanələrlə bu işi uzadırlar. Bundan başqa, cavabdehlərin mənzilin kommunal xərclərinə görə keçmiş dövr üçün 10 saylı Mənzil Kommunal İstismar Sahəsinə 151 manat 20 qəpik, "xxxx" ASC-yə 85 manat 69 qəpik, "xxxx" ASC-yə 253 manat 62 qəpik, cəmi 490 manat 51 qəpik borcu qalmışdır. Mənzilin satışından sonrakı 3 ay ərzində Cavabdeh1 ailəsinin istifadə etdiyi elektrik enerjisinə görə o, 17.10.2021-ci il tarixdə 30 manat ödəmişdir. Beləliklə, kommunal xərclərə görə keçmiş dövr üçün borc qalığı və onun tərəfindən ödənilmiş məbləğ cəmi 520 manat 51 qəpik təşkil edir. Həmin məbləğ cavabdehlər tərəfindən vurulmuş maddi zərər kimi ona ödənilməlidir. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalmaları onun məzildən tam istifadəsinə və sahibliyinə mane olur və mənzilə dair sərəncam vermək imkanını məhdudlaşdırır. Bununla da, cavabdehlər onun qanuni hüquqlarının həyata keçirilməsini məhdudlaşdırırlar və mane olurlar. Ona görə də, o, cavabdehlərin mənzildə istifadə hüquqlarına xitam verilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırki mübahisədə onun hüquqlarına qəsd əşyanı götürmədən və ondan məhrum etmədən törədilir və bu hüquqların məhdudlaşdırılması ilə əlaqədardır. Onun Bakı şəhəri Nizami RPİ-yə cavabdehlərin qeydiyyatdan çıxarılmaları barədə ərizəsi təmin edilməmişdir. Cavabdehlərin ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılması üçün onların mənzili satana qədər mənzildə olmuş istifadə hüquqlarına məhkəmə qaydasında xitam verilməlidir. Ərazi adiyyəti üzrə mübahisəyə Bakı şəhərinin Nizami Rayonu Məhkəməsində baxımalıdır. Qanunvericiliyin tələblərinə görə 101 manat dövlət rüsumu və bank xidməti haqqı, vəkil xidməti üçün ödənilmiş 211 manat (bank xidməti haqqı ilə), nümayəndəyə etibarnamə verilməsi üçün 5 manat 75 qəpik, habelə uçota alınması mümkün olmayan xərclərə görə (nümayəndənin və iddiaçının vaxt itkisinə görə, Pirallahı qəsəbəsindən məhkəməyə gəlib-getmək üçün nəqliyyat xərcləri, mobil telefon rabitəsindən istifadəyə görə və sair) ağlabatan məbləğ hesab edilə biləcək 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh6 müştərək qaydada tutularaq (alınaraq) iddiaçıya ödənilməlidir (verilməlidir). Qeyd edilənlərə əsasən, işə mahiyyəti üzrə baxaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 onun mülkiyyətdə olan, ünvan 2 ünvanda yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi, kommunal xərclərə görə 520 manat 51 qəpik məbləğinin və məhkəmə xərclərinə görə 417 manat 75 qəpik məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh6 müştərək qaydada alınaraq (tutularaq) ona verilməsi (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək qeyd etmişdir ki, sonradan məlum olmuşdur ki, cavabdehlərin əmlak vergisinə görə Bakı şəhər Nizami Rayonu Nizami Bələdiyyəsinə 73 manat 08 qəpik borcu da vardır. Bundan başqa, mənzildən istifadə hüquqlarına xitam verilməli şəxslərin siyahısında azyaşlı X1 adı göstərilməmişdir. Qeyd edilənlərə əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onların yetkinlik yaşma çatmamış ailə üzvü X2 İddiaçı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi, kommunal xərclərinə görə 593 manat 59 qəpik məbləğinin və məhkəmə xərclərinə görə 417 manat 75 qəpik məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh6 müştərək qaydada alınaraq (tutularaq) İddiaçı verilməsi (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Vəkil iddianı müdafiə edib, iddia tələbinin həcminin artırılmasına dair ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh6 izahat verərək bildirdi ki, o, ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi ilə razıdır. Lakin, kommunal xərclərlə razılaşmır. 2007-ci il tarixdə valideynləri vəfat etdikdən sonra qardaşı ilə mübahisələri olmuş, 2008-ci il tarixdə məhkəmə mübahisələri də olmuşdur. Belə ki, o, 2013-cü il tarixində evlənmiş və yaşayış ünvanı dəyişmişdir. Qeyd edilənlərə əsasən iddianın qismən təmin edilməsi və kommunal xərclərlə bağlı hissədə iddianın rədd edilməsini xahiş etdi. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh6 ilə İddiaçı arasında 21 iyun 2021-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-1141 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh6 ünvan 5 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus olan 30 kv.m hissəsini İddiaçı sataraq, onun mülkiyyətinə vermişdir; Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 60000 manata satmış, alıcı isə həmin qiymətə almışdır; Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə 21.07.2021-ci il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 13-cü bəndinə əsasən satıcı 21.07.2021-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür; - Cavabdeh1 ilə İddiaçı arasında 21 iyun 2021-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-1142 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ünvan 5 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus olan 33.2 kv.m hissəsini İddiaçı sataraq, onun mülkiyyətinə vermişdir; Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 60000 manata satmış, alıcı isə həmin qiymətə almışdır; Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə 21.07.2021-ci il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 13-cü bəndinə əsasən satıcı 21.07.2021-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzili 10 iyul 2021-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır; - 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 21 oktyabr 2021-ci il tarixli, ******* aylı arayışdan görünür ki, İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, X3, Cavabdeh1, Cavabdeh5 və 20.09.2007-ci il təvəllüdlü X5 ünvan 5 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar; - Notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh2 qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 114 saylı evin 94 saylı mənzilinin satılmasına etiraz etmir, razıdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və daimi qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - Notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh4 qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 114 saylı evin 94 saylı mənzilinin satılmasına etiraz etmir, razıdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və daimi qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - Notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh5 qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 114 saylı evin 94 saylı mənzilinin satılmasına etiraz etmir, razıdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və daimi qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - Notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh3 qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 114 saylı evin 94 saylı mənzilinin satılmasına etiraz etmir, razıdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və daimi qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - 10 saylı MKİS-in 22.10.2021-ci il tarixli 473 saylı arayışından görünür ki, İddiaçı ünvan 5 ünvanında yerləşən mənzilin sahibidir. Həmin mənzilin köhnə sakini Cavabdeh1 bu mənzilə 2018, 2019, 2020 və 2021-ci ilə 151 manat 20 qəpik ödənilməmiş borcu qalmışdır. - "xxxx" ASC-nin Abunə haqqında məlumatından görünür ki, ünvan 5 ünvanında yerləşən mənzilin 17.03.2001-ci il-09.11.2008-ci il tarixləri üzrə cəmiyyətə 253,62 manat ödənilməmiş borcu qalmışdır. - 17.10.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin hesabına 30 manat ödəniş edilmişdir. - İddiaçı tərəfindən 21.10.2021-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində tərtib edilərək reyestrdə 7E-13101 nömrə ilə qeyd edilmiş etibarnamədən görünür ki, etibarnamə üzrə 5,75 manat haqq tutulmuşdur. - 17.11.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən hüquqi yardım göstərilməsi məqsədi ilə 6 saylı Vəkil Bürosunun hesabına 210 manat ödəniş edilmişdir. - 29.11.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 101 manat dövlət rüsumu ödənilmişdir. - Bakı şəhər Nizami Rayonu Nizami Bələdiyyəsi tərəfindən tərtib edilmiş xəbərdarlıqdan görünür ki, Cavabdeh1 oğlunun mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən yaşayış sahəsinin 2019-2021-ci illər üzrə Nizami Bələdiyyəsinə 73,08 manat əmlak (torpaq) vergisi borcu vardır. - "xxxx" ASC-nin 22.10.2021-ci il tarixli bildiriş-xəbərdarlığından görünür ki, ünvan 6 ünvanında yerləşən mənzilin 85,69 manat istilik enerjisi borcu vardır (əl yazı ilə 2012-ci ildən 2021-ci ilin yanvar aylarını əhatə etdiyi qeyd edilmişdir). - Azəristiliktəchizat" ASC-nin Abonent hərəkətləri barədə 30.11.2012-ci il və 01.02.2020-ci il tarixlərini əhatə edən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən mənzilin 85,69 manat borcu vardır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən mənzili 06 dekabr 2013-cü il tarixdə xüsusi mülkiyyət kimi tam payda X4 adına qeydiyyata alınmışdır; - AZ-İ seriyalı, 855489 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə Cavabdeh6 06 iyun 2013-cü il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 410 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abasov, arvada Şükürova soyadı verilmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 5 ünvanında yerləşən mənzili Cavabdeh6 və Cavabdeh1 paylı mülkiyyətində olmuşdur. Cavabdeh6 və Cavabdeh1 21 iyun 2021-ci il tarixdə İddiaçı ilə daşınmaz əmlakın alqı-satqısına müqavilə bağlayıb, mülkiyyətlərində olan həmin mənzili İddiaçı sataraq onun mülkiyyətinə vermişlər. Alqı-satqı müqavilələrinin bağlanmasından sonra həmin mənzilə İddiaçının mülkiyyət hüququ tanınmış və mənzil üzərində bu mülkiyyət hüququ 10 iyul 2021-ci il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilin köhnə sakinləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən köçsələr də, formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmışlar, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh6 və Cavabdeh1 21 iyun 2021-ci il tarixdə bağladıqları daşınmaz əmlakın alqı-satqısına dair müqavilələrə əsasən paylı mülkiyyətlərində olan ünvan 5 ünvanında yerləşən mənzili İddiaçı sataraq onun mülkiyyətinə vermişlər. Hazırda mənzil iddiaçının xüsusi mülkiyyətində olsa da, keçmiş mülkiyyətçilərin ailə üzvləri tərəfindən alqı-satqı müqavilələri əsasında öhdəlik götürülməsinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamışlar. Bununla yanaşı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzilin satılmasına razılıq verilməsinə dair notarial qaydada ərizə vermişlər. Hansı ki, alqı-satqı müqavilələrinin bağlanmasından sonra mənzil iddiaçıya təhvil verilmişdir, cavabdehlər həmin vaxtdan mənzildə yaşamamışlar. Cavabdehlərin hal-hazırda mənzildə qeydiyyatda qalmaları mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozur. MM-in: 27-ci maddəsinin 2-ci bəndinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan 20.09.2007-ci il təvəllüdlü X1 yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının tələbi “cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi” hissəsində əsaslıdır, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamə cavabdehlərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Məhkəmə iddia tələbinin digər, yəni “məhkəmə xərclərinə görə 417 manat 75 qəpik məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh6 müştərək qaydada alınaraq (tutularaq) iddiaçıya verilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı iddia tələbini əsaslandırarkən qeyd etmişdir ki, məhkəmə xərclərinə görə 417 manat 75 qəpik məbləğində vəsait sərf edilmişdir. Bundan 101 manat məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumu və bank xidməti haqqı, 211 manat vəkil xidməti üçün ödənilmiş pul, 5 manat 75 qəpik nümayəndəyə etibarnamə verilməsi üçün ödənilmiş pul, 100 manat uçota alınması mümkün olmayan xərclərə görə (nümayəndənin və iddiaçının vaxt itkisinə görə, Pirallahı qəsəbəsindən məhkəməyə gəlibgetmək üçün nəqliyyat xərcləri, mobil telefon rabitəsindən istifadəyə görə və sair) ağlabatan məbləğ hesab edilə biləcək məbləğ tələb edilmişdir. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi məhkəmə xərclərinə aid olan hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 101 manat məbləğində dövlət rüsumu, vəkil xidməti üçün ödənilmiş 211 manat məbləğində pul, nümayəndəyə etibarnamə verilməsi üçün ödənilmiş 5 manat 75 qəpik məbəğində haqq, cəmi 317 manat 75 qəpik məbləğində pul mənzilin keçmiş mülkiyyətçiləri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh6 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “nümayəndənin və iddiaçının vaxt itkisinə görə, Pirallahı qəsəbəsindən məhkəməyə gəlib-getmək üçün nəqliyyat xərcləri, mobil telefon rabitəsindən istifadəyə görə və sair görə 100 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən həmin xərclərə dair məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları mübashisələndirilən hissədə sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Məhkəmə iddia tələbinin “kommunal xərclərinə görə 593 manat 59 qəpik məbləğinin (10 saylı Mənzil Kommunal İstismar Sahəsinə 151 manat 20 qəpik, "xxxx" ASC-yə 85 manat 69 qəpik, "xxxx" ASC-yə 253 manat 62 qəpik, elektrik enerjisinə görə iddiaçı tərəfindən 17.10.2021-ci il tarixdə ödənilmiş 30 manat, Bakı şəhər Nizami Rayonu Nizami Bələdiyyəsinə 73 manat 08 qəpik) cavabdehlər Cavabdeh1 və Cavabdeh6 müştərək qaydada alınaraq (tutularaq) iddiaçıya verilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. MM-in 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Belə ki, iddiaçı 17.03.2001-09.11.2008-ci il tarixlər üzrə “Azərişıq" ASC-yə olan 283 manat 62 qəpik borcun, "xxxx" ASC-yə 85 manat 69 qəpik borcun tutulmasını xahiş etsə də, məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, kommunal xərclərin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli və 10 saylı Mənzil Kommunal İstismar Sahəsinə ödənilməli olan 151 manat 20 qəpik (2019-2021) və Bakı şəhər Nizami Rayonu Nizami Bələdiyyəsinə ödənilməli olan 73 manat 08 qəpik əmlak vergisi (2019-2021), cəmi 224 manat 28 qəpik cavabdehlər Cavabdeh1 və Cavabdeh6 müştərək qaydada alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və yetkinlik yaşına çatmayan X1 ünvan 5 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməli, iddiaçı tərəfindən ödənilmiş 101 manat məbləğində dövlət rüsumu, vəkil xidməti üçün ödənilmiş 211 manat məbləğində pul, nümayəndəyə etibarnamə verilməsi üçün ödənilmiş 5 manat 75 qəpik məbləğində pul, 10 saylı Mənzil Kommunal İstismar Sahəsinə ödənilməmiş 151 manat 20 qəpik məbləğində borc və Bakı şəhər Nizami Rayonu Nizami Bələdiyyəsinə ödənilməmiş 73 manat 08 qəpik əmlak vergisi borcu, cəmi 542 manat 03 qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh6 müştərək qaydada tutularaq İddiaçı ödənilməli, qətnamə Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və yetkinlik yaşına çatmayan X1 ünvan 5 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və yetkinlik yaşına çatmayan X1 ünvan 5 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 101 manat məbləğində dövlət rüsumu, vəkil xidməti üçün ödənilmiş 211 manat məbləğində pul, nümayəndəyə etibarnamə verilməsi üçün ödənilmiş 5 manat 75 qəpik məbləğində pul, 10 saylı Mənzil Kommunal İstismar Sahəsinə ödənilməmiş 151 manat 20 qəpik məbləğində borc və Bakı şəhər Nizami Rayonu Nizami Bələdiyyəsinə ödənilməmiş 73 manat 08 qəpik əmlak vergisi borcu, cəmi 542 manat 03 qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh6 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamə Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və yetkinlik yaşına çatmayan X1 ünvan 5 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-447/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-447/2022
14.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver