Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4473/2025 19.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılma və 9000 manat məbləğində itirmiş qazancın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılma və 9000 manat məbləğində itirilmiş qazancın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsi, cavabdehdən itirilmiş qazancın 90000 manat məbləğin 5 faizi olmaqla 9000 manat (iki il ərzində) məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi :
3. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
4. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının tələbi aydın şəkildə göstərilməli olmasına baxmayaraq, hazırki iddia tələbi aydın deyildir.
5. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh ünvan 1 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini və cavabdehdən itirilmiş qazancın 90000 manat məbləğin 5 faizi olmaqla 9000 manat (iki il ərzində) məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, cavabdeh mübashiə obyekti olan mənzildə yaşamamışdır, onun qeydiyyatı formal xarakter daşıyır. Həmçinin qeyd etmişdir ki, o cavabdehə yeni mənzilin 2/3 hissəsinin onun adına rəsmiləşdirilməsini təklif etmişdir.
6. İddiaçı cavabdehin onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını istədiyindən və qeyd edilən tələblərə işin faktiki hallarından asılı olaraq ümumi məhkəmə və ya inzibati məhkəmələr tərəfindən baxıldığından hazırki iddia tələbi üzrə işə hansı məhkəmə icraatı çərçivəsində baxılmalı olmasını müəyyən etmək mümkün olmamışdır.
7. Həmçinin nəzərə alınmalıdır ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. İddiaçı məhkəməyə həmçinin cavabdehdən əldən çıxmış fayda qismində 9000 manat məbləğində pul vəsaitinin tutulması tələbini irəli sürmüşdür ki, əldən çıxmış fayda qismində dəymiş ziyanın ödənilməsi ilə bağlı mübahisələr ilə şəxsin mənzilə olan istifadə hüququ ilə bağlı mübahisələr bir-birilə əlaqəli olmayan, hüquqi əsasları fərqli olan tələblər olduğundan bir icraatda baxılması mülki prosessual qanunvericiliyin tələblərinə ziddir.
9. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Nəticə :
10. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılma və 9000 manat məbləğində itirmiş qazancın ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılma və 9000 manat məbləğində itirmiş qazancın ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva