Məhkəmə qərarları › İş №2(007)-4474/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-4474/2025

26.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4474/2025 26.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə “əmək müqaviləsinə xitam verilməsi və bununla əlaqədar bildirişin Əmək və Məşğulluq altsisteminə daxil edilməsinin X1 Xidmətinə həvalə edilməsi” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və bununla əlaqədar bildirişin Əmək və Məşğulluq altsisteminə daxil edilməsinin X1 Xidmətinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC-də faktiki olaraq işləməmiş və tərəfindən həmin müəssisə ilə əmək münasibətləri qurulmamışdır. Buna baxmayaraq, cavabdeh tərəfindən adı əmək uçotu və elektron sistemlərdə işçi kimi göstərilmişdir. Bu hal onun əmək hüquqlarını pozur, gələcəkdə işə qəbul zamanı problemlər yaradır və rəsmi qeydiyyatlarda yanlış məlumatların mövcud olmasına səbəb olur. Məsələnin məhkəmədənkənar həlli məqsədilə Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. xx.xx.2025-d il tarixində təyin olunmuş mediasiya iclasında cavabdeh tərəf iştirak etməmiş, nəticədə mediasiya baş tutmamış və bu barədə rəsmi arayış təqdim edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. O əlavə olaraq bildirdi ki, iddia ərizəsində qeyd etdiyi şirkətdə işləməmiş, buna baxmayaraq adı şirkətin işçisi kimi sistemdə qeyd edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılmış, İddiaçı böyük mütəxəssis vəzifəsində işə düzəlmişdir. Daha sonra iddiaçı onun barəsində aktiv əmək müqaviləsinin olması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidmətinə müraciət etmiş və ona cavab məktubu ünvanlanaraq bildirilmişdir ki, araşdırmada iştirakı təmin etmək və əlavə izahat, müvafiq təsdiqləyici sənədlərin təqdim olunması məqsədi ilə iddiaçının ünvanına (ünvan 1 saylı xx.xx.2025-ci il tarixli, müraciəti ilə bağlı Cavabdeh MMC-nin ünvanına (AZ1030, ünvan 2025 nömrəli xx.xx.2025-ci il tarixli sorğu məktubu ünvanlanmışdır. Araşdırmaya təqdim etmiş olunan izahatında müəssisə ilə aralarında heç bir əlaqəsinin olmadığını və aktiv əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. “Zero Holdinq" MMC tərəfindən onunla bağlı müvafiq sənədlərin təqdim edilməsi üçün ünvanlanmış 3-17-5/2-78119/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubuna müvafiq qaydada cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Bu səbəbdən Cavabdeh MMC və işəgötürəni barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında şərti qərar qəbul olunmuşdur. Həmçinin qeyd olunan məsələ ilə bağlı xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli Qərardad tərtib olunaraq baxılması üçün Nizami Rayon Məhkəməsinə ünvanlanmışdır. Araşdırma zamanı tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən iddiaçı ilə “Zero Holdinq" MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin qüvvədə olduğu məlum olmuşdur. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” alt sistemində qeydlərin aparılması hüququ X1 Xidmətinə həvalə edilməlidir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2026-cı il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Müraciətidə qeyd edilən məsələlənin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması göstərilmişdir. İddiaçı məhəkməyə müraciət etməmişdən qabaq qanunvericiliyin tələbinə riayət edərək mediasiya təşkilatına müraciət etmiş və ona xx.xx.2025-ci il tarixdə “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayış verilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə, 11-ci maddəsinin b) bəndinə, 42.1-ci, 49.1-ci, 68-ci, 316.1-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etməyin işçinin əsas hüquqlarından biri olmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidmətinin cavab məktubunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidmətinə müraciət edilsə də, ona cavab məktubu ünvanlanaraq məhkəməyə müraciət edilməsi bildirilmişdir. Bundan sonra iddiaçı tərəfindən məsələnin başqa həll yolu olmadığı üçün məhkəməyə hazırki iddia tələbi ilə müraciət edilmişdir. Həmçinin, iddiaçı tərəfindən mediasiya təşkilatına müraciət edilmiş, lakin cavabdeh mediasiya prosesində də iştirak etməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X1 Xidmətinə həvalə edilməlidir. Məhkəmə xərcləri: Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş 60 manat mediasiya xərci ona aid edilməli, Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğundan və iddia tələbi təmin edildiyindən iddiaçının ödəməkdən azad olduğu 40 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X1 Xidmətinə həvalə edilsin. İddiaçı çəkdiyi 60 manat mediasiya xərci ona aid edilsin. İddiaçı ödəməkdən azad olduğu 40 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq Dövlət Büdcəsinə köçürülsün. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar