Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-451/2022 14.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə olan yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə olan yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 55/57 saylı evin, 97 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 55/57 saylı evin, 97 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzili o, 01.05.2013-cü il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən, X1 almışdır. Həmin mənzilə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına 10.05.2013-cü il tarixli, ******* saylı çıxarış verilmişdir. X3 ona mənzili satanda bildirmişdir ki, mənzildə qeydiyyatda heç kəs yoxdur, lakin Asan 5 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın oldu ki, Cavabdeh pasport qeydiyyatında qalıbdır. Cavabdehin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmağı səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, onların evdə cavabdehin qeydiyyatda olmasından xəbərləri olmamışdır. Bu mənzildə qeydiyyatda oğlu və özü olmuş və həmişə onlara ev pulu 2 nəfər üçün gəlirdi. Sentyabr ayında polis onların qapısına gəlmiş və “belə bir adam bu mənzildə yayayır?” deyə soruşmuşdur. Onlar həmin mənzildə 2013-cü ildən yaşayırlar və belə bir adam burda yaşamayıb. O, Asan Xidmətdən maraqlanmış, cavabdehin qeydiyyatının onların mənzildə olduğunu demişdirlər. Alqı-satqı vaxtı notariusun onlara verdiyi sənədin 12-ci bəndində bu mənzildə heç kəsin qeydiyyatda olmaması yazılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AN-İ № ******* saylı, 01.05.2013-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 ona məxsus olan Bəhruz Nuriyev küçəsi, ev 55/57, 97 saylı mənzili İddiaçı satmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 10.05.2013-cü il tarixli, ******* saylı Çıxarışın surətindən görünür ki, Bəhruz Nuriyev küçəsi, ev 55/57, 97 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 10.05.2013-cü il tarixdə qeydə alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 26.11.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bəhruz Nuriyev küçəsi, ev 55/57, 97 saylı qeydiyyatdadır. - 121 saylı MKİS-in 06.01.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bəhruz Nuriyev küçəsi, 55/57 saylı ev, 97 saylı mənzildə qeydiyyatdadır, lakin yaşamır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi,3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 15.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarında olan sənədlər cavabdehin qeyd olunan mənzilə qeydiyyatlarının formal xarakter daşıdığını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425--ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, iddiaçı Bəhruz Nuriyev küçəsi, 55/57 saylı ev, 97 saylı mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdeh mənzildə yaşamadığı üçün həmin evdə istifadə hüquqlarını itirmiş və o həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh Bəhruz Nuriyev küçəsi, 55/57 saylı ev, 97 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 100,0 manat dövlət rüsumu ona aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bəhruz Nuriyev küçəsi, 55/57 saylı ev, 97 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmə xərcləri qismində ödənilmiş 100,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-451/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-451/2022
14.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver