Məhkəmə qərarları › İş №2(007)-451/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-451/2025

13.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-451/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı olan “mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi : 1.İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər-xx.xx.1987-ci il təvəllüdlü X12 və xx.xx.1994-cü il təvəllüdlü X1 xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 2ənzilindən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsində yerləşən 1 saylı yaşayış evinin ümumi sahəsi 30 kv.metr olan 23 saylı mənzil xx.xx.2004-cü ildən anası X9 məxsus olmuş və o, Bakı şəhəri 50 saylı notariat ofisində 4Ə-1242 saylı reyestrlə qeydə alınmış xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən həmin mənzili ona bağışlamışdır. Bu müqavilə əsasında xx.xx.2022-ci il tarixdə qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın barədə onun adına ********** saylı Çıxarış verilmişdir. Bundan bir neçə ay sonra ona məlum olmuşdur ki, xüsusi mülkiyyətində olan mənzili olan ünvanda hazırda cavabdeh olan şəxslər - xx.xx.1987-ci il təvəllüdlü X5 və xx.xx.1994-cü il təvəllüdlü X10 qeydiyyatda qalmışlar. Cavabdehlər həmin mənzili xx.xx.2004-cü ildə anasına satmış X2 uşaqlarıdır. O vaxt cavabdehlər yetkinlik yaşlarına çatmamışlar. Anaları qeydiyyatdan çıxsa da, yetkinlik yaşlarına çatmayan uşaqlarını qeydiyyatdan çıxarmamışdır. Bakı şəhəri 23 saylı DNK-da 4Ə/2-228 saylı reyestrlə qeydə alınmış və X11 ilə anası X13 arasında xx.xx.2004-cü ildə bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin 8- 9-cu bəndlərində qeyd olunmuşdur ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad evi verməyi öhdəsinə götürür. Satıcı həmin evlə əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 1 ay müddətində satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Lakin satıcı anası ilə bağlanmış müqavilənin şərtlərinə tam əməl etməmiş, özü qeydiyyatdan çıxsa da, uşaqlarını qeydiyyatdan çıxarmamışdır. 2004-cü ildə uşaq olan hazırkı cavabdehlər də qanuni nümayəndələri olan anaları X11 ilə birlikdə mənzildən çıxaraq köçüb getmişlər və mənzili anasına təhvil vermişlər. Onların hazırda hansı ünvanda yaşamaları barədə heç bir məlumatı yoxdur. Mülki qanunvericiliyə əsasən uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır, habelə şəxsin yaşayış yeri adətən onun olduğu yer hesab edilir. Hal-hazırda cavabdehlərin uşaqların mənzildə qeydiyyatda qalması nəticəsində mülkiyyətçi kimi hüquqları kobud şəkildə pozulur, xüsusi mülkiyyəti barədə onların razılığı olmadan sərəncam verə bilmir. Ona görə də məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir.

İş materialları :

3. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, ev 1, 23 nömrəli mənzil İddiaçı mülkiyyətindədir.

4. X13 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X13 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, ev 1, 23 nömrəli mənzili İddiaçıya bağışlanmışdır.

5. Bakı şəhəri 23 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli, xx.xx.2004-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1-də qeydiyyatda olan X11 tərəfindən Bakı şəhəri, Ə.Hacıyev küçəsi, ev 39-də qeydiyyatda olan X14 Bakı şəhəri, Nizami rayonu, ünvan 2ənzil satılmışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 1 ay müddətində satdığı evdən çıxmağı öhdəsinə götürmüşdür.

6. X11 ilə X16 arasında bağlanılmış xx.xx.2004-cü il tarixli 4Ə/2-228 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair notariat işi iş materiallarına əlavə edilmişdir.

7. Cavabdeh1 tərəfindən notariat ofisinə verilmiş xx.xx.2004-cu il tarixli, ərizədən görünür ki, o anasına məxsus Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsindən yerləşən 1 nömrəli evin 23 saylı mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir.

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1994-cü il təvəllüdlü X10 xx.xx.2003-cü il tarixdən hazırki vaxtadək Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatdadırlar.

9. “Elektron notariat” Avtomatlaşdırılmış informasiya Sistemi vasitəsilə “X8” AQİS-dən Çıxarışdan görünür ki, X10 xx.xx.1994-cü ildə doğulmuşdur, anası X11, atası X3r.

10. 397 nömrəli xx.xx.1988-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, Cavabdeh1 xx.xx.1987-ci il tarixdə doğulmuşdur, anası X11, atası X3r.

11. Mənzil Kommunal Təsərrüfat Departamenti tərəfindən X6 verilmiş arayışdan görünür ki, X2 ailəsi 3 nəfərdən ibarətdir, Bakı şəhəri, Nizami rayonu, ünvan 2ənzil ünvanında daimi qeydiyyatda olanlar : özü, oğlulları-Cavabdeh1, X7r.

12. xx.xx.2024-cü il tarixli, **********06 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

13. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və X10 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

15. İddiaçı X13 ilə X11 arasında xx.xx.2004-cü il tarixində daşınmaz əmlaka dair alqısatqı müqaviləsi bağlanılmış və həmin alqı-satqı müqaviləsi əsasında X13 Bakı şəhəri, Nizami rayonu, ünvan 1-də yerləşən mənzilə mülkiyyət hüququ əldə etmişdir.

16. Mənzil satıldığı zaman satıcı X2 ailə üzvləri - cavabdehlər Cavabdeh1 və X10 həmin ünvanda qeydiyyatda olmuşlar, cavabdehlərdən Cavabdeh1 notarial ərizə yazaraq müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 1 ay müddətində satdığı evdən çıxmağı öhdəsinə götürmüşdür. Müqavilə bağlanılan zaman digər cavabdeh X10 yetkinlik yaşına çatmamışdır.

17. X13 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən X13 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, ev 1, 23 nömrəli mənzili İddiaçıya bağışlanmışdır.

18. Cavabdehlər Cavabdeh1 və X10 mübahisəli mənzildən qeydiyyatdan çıxmadığı üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

20. Azərbaycan Respublikası Konstitusiyasının :

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1.Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun :

9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

24.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolu :

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi :

25. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

26. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbini X11 ilə bağlanmış xx.xx.2004-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi üzrə satıcı tərəfindən üzərinə götürülmüş öhdəliyin yerinə yetirilməməsi, satıcının ailə üzvləri olan cavabdehlər-Cavabdeh1 və X1 həmin mənzildən qeydiyyatdan çıxmaması ilə əsaslandırmışdır.

27. Məhkəmə cavabdehin mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüquqa xitam verilməsindən söhbət gedə bilməz.

28. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, 1 saylı evin 23 saylı mənzili xx.xx.2004-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi əsasında X11 tərəfindən X15 satılmışdır. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılan zaman satıcı X2 ailə üzvləri-övladları olan cavabdehlər həmin mənzildə daimi qeydiyyatda olmuşlar. Həmin mənzil daha sonra X18 tərəfindən İddiaçı bağışlanmışdır.

29. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və X1 mülkiyyətçi X2 ailə üzvü kimi mübahisəli mənzilə istifadə hüququ mövcud olmuşdur.

30. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

31. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəllənin 228.4-cü maddəsi çıxış edir.

32. Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

33. Maddənin məzmunu ona əsas verir ki, mənzil ilə bağlı istifadə hüququ olan şəxs mülkiyyət hüququndan imtina edərək mülkiyyət hüquqularını digər şəxsə keçməsi ilə əlaqədar notarial qaydada təsdiq olunmuş müqavilədən irəli gələn öhdəliyi olduğu halda həmin yaşayış yerinə istifadə hüququda itirilmiş sayılır.

34. İşin faktiki hallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılan zaman həmin mənzildə qeydiyyatda olan mülkiyyətçinin ailə üzvü olan Cavabdeh1 tərəfindən xx.xx.2004-cü il tarixli ərizə ilə notariat ofisinə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsindən yerləşən 1 saylı evin, 23 saylı mənzilinin satılmasına etirazı olmadığını bildirmiş və onun tərəfindən ərizədə həmin mənzilə olan istifadə hüququnun saxlanılmasına dair hər hansı bir qeyd edilməmişdir.

35. Odur ki, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsindən yerləşən 1 saylı evin, 23 saylı mənzilə olan qeydiyyatı formal xarakter daşıdığından, həmin mənzil satıldığı vaxtdan həmin mənzildə yaşamadığından o, istifadə hüququnu itirmişdir.

36. Həmçinin həmin müqavilə bağlanılan zaman X2 digər övladı olan cavabdeh X10 yetkinlik yaşına çatmadığından onun ərizəsi tələb edilməmişdir.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayıldığından və həmin alqı-satqı müqaviləsi üzrə satıcı X11 tərəfindən mübahisə predmeti olan mənzil satıldığı zaman cavabdeh X10 onun himayəsində olduğundan X1 həmin mənzildə olan qeydiyyatı formal olaraq qalmışdır. O həmin mənzil anası tərəfindən satıldığı zaman anasının himayəsində olduğundan və anası ilə birlikdə həmin mənzildən çıxdığından həmin mənzilə olan istifadə hüququnu itirmişdir.

38. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

39. Bu mənada vurğulamaq lazımdır ki, cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, 1 saylı, evin 23 saylı mənzilində qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını, həmçinin mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam və istifadə hüququnu məhdudlaşdırır. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehlərin mənzildə formal olaraq qeydiyyatda qalmaları mülkiyyətçi kimi onun iradəsinə ziddir.

40. Yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehin mülkiyyət hüququna xitam verilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ yaranmışdır.

41. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mənzilə mülkiyyət hüququ iddiaçıya keçdiyindən, cavabdehlər uzun müddətdir ki həmin mənzildə yaşamadıqlarından, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından, cavabdehin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir.

42. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehlər Cavabdeh1 və X1 Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsində yerləşən 1 saylı evin, 23 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi tələbi irəli sürülsədə, işin müəyyən edilmiş halı odur ki, cavabdehlər mübahisəli mənzilə olan istifadə hüquqlarını itirmişlər.

43. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsində məqsəd cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsində yerləşən 1 saylı evin, 23 saylı mənzilində formal qeydiyyatları səbəbindən mülkiyyətində olan mənzilə mülkiyyət hüquqlarını həyata keçirməsinə yaranmış məhdudiyyət olduğundan, hazırki iddia tələbi üzrə cavabdehlərin mənzilə olan istifadə hüquqularının ititrilmiş hesab edilməsi iddia tələbindən kənara çıxma olaraq qiymətləndirilməməlidir

44. Həmçinin məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.

Nəticə :

45. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və X1 Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, 1 saylı evin 23 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, 1 saylı evin, 23 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə cavabdehlər Cavabdeh1 və X1 Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar