Məhkəmə qərarları › İş №2(007)-4588/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4588/2021

23.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4588/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı, 1993-cü ildən halhazıradək, Azərbaycan Respublikasında daimi olaraq yaşamağı ilə bağlı faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1962-ci il tarixində Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuş, 18 oktyabr 1993-cü il tarixində X7 ilə rəsmi nikaha girərək ailə qurmuş, elə həmin ildən də Azərbaycan Respublikasına köçərək ailəsilə birgə müxtəlif ünvanlarda yaşamışdır. 2010-cu ildən halhazıra qədər ünvan 1 ünvanında daimi olaraq həyat yoldaşı X7 və oğlu X5 ilə birgə yaşayır. Lakin o, Azərbaycan Respublikasında yaşadığı 30 ilə yaxın bir müddətdə hələ də Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edə bilməmişdir. Bunun bir səbəbi onun hüquqi savadsızlığı olsa da, digər bir səbəbi bəzi məmurların öz vəzifələrini düzgün icra etməməsi, hər hansı bir problemlə üzləşən vətəndaşı düzgün başa salıb, doğru istiqamətə yönləndirməməsi, bir sıra hallarda isə saxtakarlığa meyl etməsi olmuşdur. Nəticədə o, halhazırda heç bir ölkənin vətəndaşı deyil və bu səbəbdən də ailəsilə birgə bir sıra çətinliklər və problemlər yaşayır. Onun üçün ən dözülməz hal odur ki, o, bu illər ərzində doğulduğu torpağa, ata evinə gedə bilmir, doğmaları, qohumları ilə görüşə, heç bir xeyirdə, şərdə iştirak edə bilmir. Bütün bunlar ərizəçinin sağlamlığını da əlindən alıb. Bununla bağlı o, dəfələrlə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və oradan ona qanuna müvafiq qaydada, “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən olunmasına dair" ərizə ilə məhkəməyə müraciət etməyi və məhkəmə qərarını onlara təqdim etməyini məsləhət bilmişlər. Probleminin həlli yalnız bu halda mümkündür. Ona görə də ərizəçi ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. O əlavə olaraq bildirdi ki, o, Gürcüstanda nikaha daxil olmuş, Gürcüstan Respublikasının posportu ilə 1995-ci ildə Azərbaycana gəlmiş, 1995-ci ilə qədər Gürcüstan Respublikasının vətəndaşı olmuş, sonra 2000-ci ildə Azərbaycan Respublikasının pasportunu almış, sonra isə həmin pasport etibarsız sayılmışdır. Bundan sonra Gürcüstan Respublikasında da vətəndaşlığı dayandırılmışdır. O, yoldaşının Azərbaycan Respublikasının vətəndaşı, oğlunun isə Gürcüstan Respublikasının vətəndaşı olduğunu, onda Gürcüstan SSSR pasportu olduğunu, bundan başqa Gürcüstan Respublikasının hər hansı etibarlı sənədini əldə etmədiyini, ancaq Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi olduğunu, Gürcüstan SSR pasportunun Azərbaycanda şəxsiyyət vəsiqəsini alanda ondan aldıqlarını, 2000-ci ildə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini aldığını, əvvələr sərhədi şəxsiyyət vəsiqəsi ilə keçə bildiyini qeyd etdi. O, Miqrasiyaya müraciət etməsini, ona doğum şəhadətnaməsini Gürcüstan Respublikasından aldığı üçün oradan almalı olduğu, Gürcüstan Respublikasındanda Azərbaycanda yaşadığı üçün Azərbaycandan almalı olduğu bildirilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X6 oğlu məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 qeyd etmişdir ki, Məmmədova X1 Respublikasının vətəndaşı hesab edilməmişdir. Gürcüstan Respulkasından sərəncamla çıxarılan şəxslərə heç bir problem olmur. Əgər Abidə xanım da Gürcüstan Respublikasının hər hansı bir etbarlı sənədi yoxdursa ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X6 oğlu 20.12.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq 2(007)- 4588/2021 saylı iş üzrə verilmiş hüquqi faktın müəyyən edilməsinə Dövlət Miqrasiya Xidməti tərəfindən etiraz edilmədiyi bildirilmişdir. Məhkəmə, ərizəçinin, eyni zamanda maraqlı şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - X-TИ- 420877 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1962-ci il tarixdə Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuşdur. - İX-TИ-387012 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 13 iyul 1990-cu il tarixdə Gürcüstan Respublikasında anadan olmuşdur. X3, anası Ərizəçidır. - V-TИ-456025 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X7 18 oktyabr 1993-cü il tarixdə Gürcüstan Respublikasında nikaha daxil omuş, arvada Məmmədova, ərə Topalov soyadı verilmişdir. - N nömrəli hərbi hissənin komandiri polkovnik Səlim İsmayılov tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış Arayışdan görünür ki, X7 1955-ci il, Ərizəçi 1962-ci il tarixində anadan olmuş, 1995-ci ildən 2011-ci il tarixə kimi, X5 01.04.2016-cı ildən 2021-ci il tarixə kimi Bakı şəhəri, Moskva prospekti 105 küçəsi, 7 saylı evdə müvəqqəti qeydiyyatdadır. - Nizami rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 50 saylı Mənzil-Kommunal istismar sahəsi tərəfindən verilmiş 19.10.2018-ci il tarixli Arayışdan görünür ki, X7 04.08.2011-ci il, Ərizəçi 2011-ci il tarixdən bəri hal-hazıra kimi qonşuların aktına əsasən qeydiyyatsız ünvan 2 ünvanda yaşayır. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 18.03.2021ci il tarixli, ******* nömrəli Arayışdan görünür ki, Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. - Gürcüstan Səfirliyi tərəfindən verilmiş 23.08.2021-ci il tarixli azərbaycan dilinə tərcümə olunmuş Arayışdan görünür ki, Məmmədova X1 vətəndaşı hesab edilmir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 04.12.2021ci il tarixli məktubdan görünür ki, Ərizəçi 23.11.2018-ci il tarixdə daxil olmuş M-5748/1 nömrəli müraciətinə baxılmış, şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının məhkəmə tərəfindən müəyyən olunması bildirilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 12-ci bəndinə əsasən, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. 13-cü bəndinə əsasən, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx xxxxxxx 1962-ci il tarixində Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuş, 18 oktyabr 1993-cü il tarixində X7 ilə rəsmi nikaha girərək ailə qurmuş, elə həmin ildən də Azərbaycan Respublikasına köçərək ailəsilə birgə müxtəlif ünvanlarda yaşamışdır. O, 2010-cu ildən ünvan 3da daimi olaraq həyat yoldaşı X7 və oğlu X5 ilə birgə yaşayır. Həmçinin, 23.08.2021-ci il tarixdə X4 verərək Ərizəçi Gürcüstan vətəndaşı hesab edilmədiyini bildirmişdir. Ərizəçi onun heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı, Azərbaycan Respublikasında daimi olaraq yaşamağı faktının müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin bu faktın məhkəmə tərəfindən müəyyən olunması bildirilmiş və Dövlət Miqrasiya Xidməti tərəfindən imtina məktubu təqdim edilmişdir. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı, Azərbaycan Respublikasında daimi olaraq yaşamağı ilı bağlı faktın başqa qaydada müəyyən edilməsi qeyri-mümkündür, ona görə də ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Belə ki, işə əlavə olunmuş arayışlardan Ərizəçi 1993-cü ildən hal-hazıradək, Azərbaycan Respublikasında daimi olaraq yaşaması, heç bir dövlərin vətəndaşlığına mənsub olmaması faktı isə Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin və Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin məktubu ilə öz təsdiqini tapdığından həmin faktın məhkəmə tərəfindən müəyyən edilməsini mümkün edir. Belə olan halda isə, Ərizəçi Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşı olmaması faktı sübuta yetdiyindən, bu faktlar məhkəmə qaydasında təsdiq edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx xxxxxxx 1962-ci il tarixində Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuş Ərizəçi1993-cü ildən Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən olunmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxxx 1962-ci il tarixində Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuş Ərizəçi 1993-cü ildən Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən olunsun. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar