Məhkəmə qərarları › İş №2(007)-4688/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-4688/2021

23.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4688/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili- fərdi qaydada fəaliyyət göstərən Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 aprel 2021-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 709 nömrəli akt qeydi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah və AZ-İİ seriyalı 436517 nömrəli nikah haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 aprel 2021-ci il tarixdə 709 nömrəli qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında göstərdi ki, iddiaçı xəstəliyi ilə bağlı uzaq məsafələrə gedə bilmədiyi üçün MPM-nin 36.5-ci maddəsinə əsasən iddianı hazırkı məhkəməyə vermişlər və hesab edir ki, qanunun analogiyası üzrə işə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Çünki, qanunvericilikdə nikahın etibarsızlığı ilə bağlı aidiyyət məsələsinə dair müddəa yoxdur. Bununla yanaşı, o, iddiaçının nümayəndəsi və vəkili olmaqla, məhkəmə proseslərində özü iştirak edəcəkdir. Göstərilənləri nəzərə alaraq, işin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında göstərdi ki, o, hal-hazırda Salyan rayonunda yaşayır, məhkəmə prosesinə Salyan rayonundan gəlmişdir. Aidiyyət məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mülki iş hazırlıq iclası mərhələsində baxılması üçün aidiyyəti məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.5-ci maddəsinə əsasən, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər; 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır; 44.2.2-ci maddəsinə əsasən işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir; 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “nikahın etibarsız hesab edilməsi” tələbi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, qanunvericilikdə müəyyən edilmiş qaydada Salyan rayonu, Dayıkənd kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh rəsmi qeydiyyata alındığı yerin məhkəməsinə deyil, aidiyyət qaydalarına əməl etməməklə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, buna səbəb kimi isə Azərbaycan Respublikası MPM-nin 36.5-ci maddəsinə istinad etməklə səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkməsini göstərmişdir. Hansı ki, sözügedən maddənin mahiyyətindən də aydın olur ki, iddiaçı yalnız “nikahın pozulması” tələbinə dair iddialar üzrə səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə, yaşadığı yerə görə iddia verə bilər. İddia tələbindən isə göründüyü kimi, iddiaçı “nikahın pozulması” tələbi ilə deyil, “nikahın etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir, cavabdeh isə Salyan rayonu, Dayıkənd kəndində qeydiyyatda olmaqla yaşayır. Əlavə hal kimi qeyd edilməlidir ki, iddiaçı qeyd olunan ərizəsində səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkməsini göstərsə də, onun özü məhkəmə hazırlıq iclasına gəlməmiş, onun məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili isə verilmiş suallara cavab olaraq, iddiaçını məhkəmə proseslərində özünün təmsil edəcəyini, zərurət olarsa iddiaçının iştirakının da təmin edilə biləcəyini bildirmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırlıq iclası mərhələsində aidiyyət məsələsi həll edilməli, mülki iş ərazi aidiyyəti qaydasında baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35.1, 44.2.2, 45.1, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair 2(007)-4688/2021 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar