Məhkəmə qərarları › İş №2(007)-471/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-471/2023

22.05.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-471/2023 22.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi 2 saylı Bakı “Asan xidmət” X8 maraqlı şəxs qismində cəlb olunmaqla “şəxsin ölmüş elan edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 2 saylı Bakı “Asan xidmət” X8 maraqlı şəxs qismində cəlb olunmaqla “şəxsin ölmüş elan edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 25 mart 1973-cü il tarixdə Goranboy rayonunun Xan Qərvənd kəndində anadan olmuş X7 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X11 25 mart 1973-cü il tarixdə Qasım İsmayılov rayonu, Xan Qərvənd kəndində (indiki Goranboy rayonu) anadan olmuşdur. Səyavuş Əsgərov xx.xx.1992-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. Həmin dövr Birinci Qarabağ müharibəsinə təsadüf etdiyi üçün X11 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak etmişdir. Lakin həmin vaxtdan oğlum barəsində hər hansı bir məlumat olmamışdır. xx.xx.2022-ci il tarixdə 573 nömrəli vəkil sorğusu ilə müraciət edilmiş və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 1311 nömrəli məktubuna əsasən bildirilmişdir ki, əsgər X11 xx.xx.1992-ci il tarixdə keçmiş Goranboy rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmiş və onun sonrakı xidməti barədə heç bir məlumat yoxdur. Həmçinin xx.xx.2022-ci il tarixdə “X7 ölüb-ölməməsi, ölübsə ölümün səbəbi barədə məlumat verilməsi və ölüm haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətinin təqdim edilməsi barədə” 631 nömrəli vəkil sorğusu ilə müraciət edilmiş və 2 Saylı Bakı "Asan xidmət" X5 xx.xx.2022-ci il tarixli 05/2126/75 nömrəli Arayışına əsasən bildirilmişdir ki, xx.xx.1973-cü ildə Goranboy rayonunun Xan Qərvənd kəndində anadan olmuş X7 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəsini müdafiə edib, ərizənin dəlillərinə uyğun, eyni məzmunlu izahat verdi və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, X7 ölmüş elan edilməsində məqsədləri şəhid statusu almaqdır. Maraqlı şəxs 2 Saylı Bakı "Asan xidmət" X12 poçt vasitəsilə ərizə verərək, işlərinin çoxluğunu nəzərə alaraq nümayəndələrinin məhkəmə iclasında iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmənin 15 may 2023-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X4 ifadəsində göstərmişdir ki, X11 onun qaynı olmuşdur. Çox vaxt Gəncə şəhərində onlarla qalırdı. Hansı ildə əsgər getməsi yadında deyil. Müharibə başlamamış əsgər getmişdir. Əsgərlikdə olan zaman onlarla bir dəfə əlaqə saxlamışdır. Əsgərlikdə xidmət edən zaman müharibə başladı. Təzə əsgər gedəndə Tovuz rayonunda xidmət edirdi, sonra hara getməsi barədə məlumatı olmamışdır. Qardaşı da xəstə olduğundan maraqlana bilməmişdir. Qaynanası maraqlanmış, lakin bir nəticəsi olmamışdır. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsinin izahatını və şahid ifadəsini dinləyib mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsinin 21 oktyabr 2022-ci il tarixli, 1311 nömrəli məktubundan görünür ki, 1973-cü il təvəllüdlü, X11 SHXÇDX-nin Goranboy rayon şöbəsində hərbi qeydiyyatda olmadığı üçün xidmət keçməsi haqqında məlumat verə bilmirlər. Əlavə olaraq məlumat verilir ki, əsgər X11 xx.xx.1992-ci il tarixdə keçmiş Goranboy rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmiş və onun sonrakı xidməti barədə heç bir məlumat yoxdur. Yuxarıda qeyd olunan məlumatları dəqiqləşdirmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi arxivinə sorğu edilməsi məqsədə uyğun hesab edilir. - "xxxx" MMC tərəfindən verilən 13 noyabr 2022-ci il tarixli, 11 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. - XXV-ЖГ seriyalı, 679636 nömrəli Sovet Sosialist Respublikaları İttifaqının vətəndaşının pasportundan görünür ki, X11 25 mart 1973-cü il tarixdə Azərbaycan SSR Qasım İsmayılov rayonu, Xan Qərvənd kəndində anadan olmuşdur. - 2 Saylı Bakı "Asan xidmət" X9 03 noyabr 2022-ci il tarixli arayışından görünür ki, 25 mart 1973-cü il tarixdə Goranboy rayonunda anadan olmuş X7 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsinin 01 mart 2023-cü il tarixli, 3-43-22/2-221/2023 nömrəli məktubundan görünür ki, 1973-cü il təvəllüdlü, X11 SHXÇDX-nin Goranboy rayon şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, 582 nömrəli komandaya təhvil verilmişdir. X7 itkin düşməsi, həlak olması (ölməsi) barədə SHXÇDX-nin Goranboy rayon şöbəsində heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 22 iyun 2022-ci il tarixli, 1/S-5936 nömrəli məktubundan görünür ki, məlumat üçün bildirilir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarının 1.2.6-cı yarımbəndinə əsasən. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasmın qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində. Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Həmin Qərarın 4.1-ci bəndinin 3-cü abzasına əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin Kadrlar İdarəsi, digər hərbi qulluqçulara qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. X2 barəsində elektron bazada məlumat tapmaq mümkün olmamışdır. - Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Goranboy Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 24 fevral 2023-cü il tarixli, 89 nömrəli məktubundan görünür ki, 1973-cü il təvəllüdlü, X11 adlı şəxs Goranboy Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində qeydiyyatda olmadığı üçün yaşayış yeri və yaşayış yerini nə zaman tərk etməsi barədə məlumat yoxdur. - Azərbaycan Respublikası Goranboy Rayon Polis Şöbəsinin 07 mart 2023-cü il tarixli, 3-13-75/2-4986/2023 nömrəli məktubundan görünür ki, 25 mart 1973-cü il tarixdə Goranboy rayonunda anadan olmuş X7 itkin düşməsi yaxud ölməsi barədə Goranboy Rayon Polis Şöbəsinə hər hansı məlumat daxil olmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 12 aprel 2023-cü il tarixli, 3-16-5/4-13-2660/2023 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən S.Əsgərovun ölümü haqqında məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 may 2023-cü il tarixli, 12/2-65654 nömrəli məktubundan görünür ki, X7 məhkumluğu barədə məlumat yoxdur. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 12 may 2023-cü il tarixli, 3-3- 6/2-30-4228/23 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 25 mart 1973-cü il tarixdə Qasım İsmayılov rayonu (indiki Goranboy rayonu), Xan Qərvənd kəndində anadan olmuş X11 barəsində cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi haqqında hər hansı məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 15 may 2023-cü il tarixli, DK/176 nömrəli məktubundan görünür ki, 25 mart 1973-cü il təvəllüdlü, Qasım İsmayılov rayonu (indiki Goranboy rayonu), Xan Qərvənd kəndində anadan olmuş X11 itkin düşmüş və ya əsir götürülmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qeydiyyatları üzrə keçmir. - Azərbaycan Respublikasının Dövlət X13 Nəzarətinin 15 may 2023-cü il tarixli 3- 38/33-2-1748/2023 saylı məlumatından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X7 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi oğlu X11 25 mart 1973-cü il təvəllüdlü, Qasım İsmayılov rayonu (indiki Goranboy rayonu), Xan Qərvənd kəndində anadan olmuşdur. X11 xx.xx.1992-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. Həmin dövr Birinci Qarabağ müharibəsinə təsadüf etdiyi üçün X11 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak etmişdir. Lakin sonralar onun barəsində heç bir məlumat aşkar edilməmişdir. Hal-hazıradək X7 axtarışları müsbət nəticə verməmişdir. Hazırda Ərizəçi oğlunun onun ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə istinad edilən qanunvericilik normalarına əsasən hesab edir ki, Ərizəçi oğlu X7 ölməsi faktı məhkəmədə tədqiq edilmiş yuxarıda istinad edilən sənədlərlə öz təsdiqini tapır. Məhkəmə baxılan məsələdə tədqiq edilmiş həmin sənədləri mötəbər sübut növü kimi qəbul edir və hesab edir ki, bu sənədlər qanunu pozmaqla əldə edilməmişdir, onlardan sübut kimi istifadə olunmasına yolverilməzlik yoxdur. 1992-ci il tarixdə hərbi xidmətə çağırılmış və 1-ci Qarabağ müharibəsinə getdikdən sonra X6 hər hansı bir məlumat olmamış, onun axtarışları müsbət nəticə verməmişdir. 31 il ərzində barəsində bir məlumat əldə edilə bilməməsi, həmçinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qeydiyyatlarından keçməməsi X7 ölməsini güman etməyə kifayət qədər əsas verir. Məhkəmədə tədqiq edilmiş sənədlərlə ərizənin əsaslı olması tam təsdiq edilir, habelə işin faktiki hallar ilə müəyyən olunur ki, ərizəçinin itkin düşmüş X7 ölməsi faktını təsdiq edən müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün yaşadığı yerin məhkəməsinə müraciət etmişdir, bu hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ərizəçiyə, şəhid statusunun alınmasına və digər sənədləşmə işlərinin aparılması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1 və 305.1.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə həmin ərizə təmin edilməli, 25 mart 1973-cü il tarixdə Goranboy rayonunda anadan olmuş X11 ölmüş elan edilməli, ölmüş elan edilmə haqqında qətnamənin qanuni qüvvəyə mindiyi gün X7 ölüm günü sayılmalıdır. Məhkəmə qeyd edir ki, hazırki qətnamə X7 ölüm haqqında akt qeydinin tərtib edilərək bu barədə şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 25 mart 1973-cü il tarixdə Goranboy rayonunda anadan olmuş X11 ölmüş elan edilsin, onun ölüm günü qətnamənin qanuni qüvvəyə mindiyi gün sayılsın. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar