Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-479/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı MTK-nın nümayəndələri Nümayəndə və X4, Cavabdeh Cavabdeh vəkili və nümayəndəsi Vəkil Rrza oğlunun iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “mənzillərin sökülməsi, yeni mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi və sair” tələbinə dair mülki işə iddia icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı “mənzillərin sökülməsi, yeni mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Ə.Hacıyev 8 ünvanda yerləşən sökülməsi nəzərdə tutulmuş yaşayış binasında 61,4 kv.m sahəsi olan 8 saylı mənzilinin əvəzinə iddiaçının Bakı şəhəri Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan (61.4+12.28=73,68 kv.m) təmirli mənzil tikilib təhvil verilməklə və yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək hər ay 400 manat kirayə haqqı ödənilməsi və Cavabdeh söküləcək həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədi ilə Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 Apreli 2014-cü il tarixli 161 saylı saylı sərəncamı ilə Bakı şəhər, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə torpaq sahəsi İddiaçı MTK-nın istifadəsinə verilmişdir. Bakı şəhəri Nizami rayonu Əlif Hacıyev küçəsi 8 ünvandakı iki mərtəbəli 14 mənzilli ikimərtəbəli bina Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə İddiaçı MTK-ya ayrılmış torpaq sahəsində yerləşir. İddiaçı MTK-nın qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri Nizami rayonu, Əlif Hacıyev küçəsi 8 ünvanda mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi 8 ünvanda yerləşən on dörd mənzilli yaşayış binası 20-ci əsrin 50-ci illərində tikilib, köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitib, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat və səhhət üçün təhlükəldir, o, hər an uça və bədbəxt hadsələr törədə bilər. Bu barədə 16 fevral 2016-cı il tarixli akt tərtib edilib. İddiaçı cavabdehə onun Bakı şəhəri Nizami rayonu Ə.Hacıyev 8 ünvanda yerləşən binadakı 61,4 kv.m sahəsi olan 8 saylı mövcud mənzilinin əvəzinə həmin ünvanda yeni tikilən binada 20 faiz artıq sahəsi (61,4+12,28=73,68 kv.m) olan yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif edib. Lakin cavabdeh əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək daha artıq sahəsi olan mənzillər, yəni 102,0 kv.m üçotaqlı və 60,0 kv.m birotaqlı mənzillər tələb edib. Cavabdeh ünvan 7 ünvanda yerləşən yaşayış binasının sahə mülkiyyətçisi kimi razılığa gəlməkdən və yararsız binadan köçməkdən imtina edib. Cavabdeh qanunsuz hərəkətləri ilə tikinti işlərinin başlanmasına mane olur. Nəticədə isə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 161 saylı sərəncamın icrası və tikinti işlərinə başlanması mümkün olmayıb. Tikinti işlərinin yubanması mənzil tikintisi üçün İddiaçı MTK ilə müqavilələr bağlamış şəxslərin haqlı etiraz və narazılığına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.2-ci, 43.2.1-43.2.3-cü, 44.3-cü, 45.1-ci maddələrinin tələblərini və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 saylı qərarına əsasən Bakı şəhərində mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsinin nəzərdə tutulmasını əsas gətirərək iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə və X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin edilməsini xahiş etdilər. Həmçinin Nümayəndə bildirdi ki, hazırki mübahisənin mahiyyəti mənzilin qəzalı olması ilə əlaqəli olmamaqla cavabdehlə onun mənzilinin sökülməsi əvəzində veriləcək mənzil sahəsi ilə bağlı razılığa gələ bilməmələri ilə əlaqədardır. Cavabdeh ona məxsus olan 61.4 kv.m sahəsi olan mənzilə və heç bir icazə alınmadan qanunsuz üstü bağlanılmış eyvana görə 102,0 kv.m üçotaqlı və 60,0 kv.m birotaqlı mənzillər tələb edir ki, bunu vermək MTK-nın imkanı xaricindədir. Cavabdehin uzun müddət ərzində razılığa gəlməməsi, MTK tərəfindən üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməməsi, digər vətandaşların vaxtında yeni mənzillərlə təmin oluna bilməməsi və nəticədə onlar tərəfindən kirayə haqlarının ödənilməsi üçün əlavə vəsait ödəmələrinə şərait yaradır. Həmçinin onlar mübahisəli binanın qəzalı vəziyyətdə olmasının müəyyən edilməsi üçün iş üzrə ekspertiza keçirilməsi barədə cavabdeh tərəfin vəsatətinin təmin olunmamasını xahiş etdilər belə ki, onlar bildirdilər ki, tərəflər arasında mübahisənin mahiyyəti cavabdehə verilməsi nəzərdə tutulan sahə ilə bağlıdır. Mənzilin qəzalı olmasının müəyyən edilməsi hazırki halda mübahisə mövzusu deyildir. İddiaçı ilə cavabdeh arasında mübahisə məhs cavabdehə verilməsi nəzərdə tutulan sahədə razılığa gələ bilməmələri ilə bağlıdır. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilərək ona qarşı İddiaçı MTK tərəfindən irəli sürülmüş iddanın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MTK tərəfindən binanın köhnə və istismara yararsız olması, qəzalı vəziyyətdə olması binada yaşamaq həyat və səhət üçün təhlükəli olması hər an uça və bədbəxt hadisələr törədə bilməsinə dair sübutlar təqdim edilməmişdir. Buna dair altı il bundan öncə 16.02.2016-cı il tarixli akt tərtib edilmişdir ki, bina bu günədək həyat və səhət üçün təhlükə törətməmişdir. MTK iddia ərizəsində qeyd etdiyi kimi mənzillərin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılığı əsasında həyata keçirmir və yalnız öz kommersiya məqsədinə nail olmaq üçün məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edildiyi kimi o əsassız varlanmaq məqsədi ilə müqavilə bağlamaqdan və və mənzili təhvil verməkdən imtina etmir. Onun heç bir əsassız varlanmaq niyyəti yoxdur. İddiaçı onun mənzilinin 61.4 kv.m olaraq göstərmişdir. Hansı ki, onun mənzilinin qeydiyyat vəsiqəsi üzrə 62.3 kv.m, faktiki sahəsi isə 98.1 kv.m təşkil edir. Faktiki sahəsinin ölçüsü barədə 120 saylı MKİS tərəfindən texniki plan tərtib edilmiş və təsdiq edilərək ona təqdim edilmişdir. Mənzilin sahəsi 98.1 kv.m olduğu halda iddiaçının ona 73.68 kv.m sahəsi olan mənzil təklif etməsi qətiyyən ədalətli və qanuni deyildir. İddiaçının onun razılığı olmadan mülkiyyətində olan mənzilin sökülməsini tələb etmək hüququ yoxdur. İddiaçının niyyəti mübahisəni özünə sərfəli şərtlərlə həll etməkdir ki, bu da tamamilə yolverilıməzdir. İddiaçının iddia ərizəsində iddia tələbinin əsası kimi təqdim etdiyi sənədlər sürətdir. Sübut kimi qəbul edilə bilməz Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil Rrza oğlu yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Həmçinin o, məhkəməyə vəsatət verərək mübahisəli binanın qəzalı vəziyyətdə olması barədə rəyin olmamasını və binanın vəziyyətinin müəyyən edilməsi üçün iş üzrə ekspertiza keçirilməsini xahiş etmişdir. Bundan əlavə o bildirdi ki, iddiaçı tərəfindən cavabdehə 102,0 kv.m üçotaqlı mənzil təklif edilmişdir. Həmin mənzil və ondan əlavə təmirsiz əlavə 60,0 kv.m birotaqlı mənzil də təqdim edilərsə cavabdeh evinin sökülməsi ilə bağlı iddiaçı ilə razılığa gələ bilər. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15.04.2014-cü il tarixli, 161 saylı Sərəncamının surətindən görünür ki, İddiaçı MTK-nın 04.03.2014-cü il tarixli, 06 saylı müraciətini nəzərə alaraq, Bakı şəhər, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yerləşən mövcud və qeyri-yaşayış tikililərin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi, İddiaçı MTK-ya həvalə olunmuşdur. - Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş 27.11.2014-cü il tarixli 14\86 saylı ayrıcı aktdan görünür ki, İddiaçı MTK-ya Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə. M.Cəncəvi və Nəsimi küçələrinin kəsişməsində 2532-ci məhəllədə yerləşən 3.4771 hektar ərazidə yaşayış binalarının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. - ünvan 8 ünvanında yerləşən yaşayış evinə keçirilən texniki baxış haqqında 11.02.2016-cı il tarixli aktın surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Əsas Təmir və Tikinti şöbəsinin müdiri F.Əliyev, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin 1-ci müavini, Baş mühəndis R.Abdullayev, Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin mühəndisləri Ə.Əlibəyli, V.Cəfərov, «Bakımənzilkommunlayihə» Layihə İnstitutunun direktoru C.Quliyev, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi «Azərdövlətikintilayihə» Dövlət Layihə İnstitutunun texniki şöbəsinin aparıcı mühəndisi M.İsgəndərov, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma şöbəsinin mühəndisi C.Axundov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq X1 müdiri Y.Eminov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Mənzil- Kommunal Siyasəti şöbəsinin müdir müavini B.Rzayev, Nizami rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Q.Məmmədov, Nizami rayon MKTD-nin 1 №-li Xüsusi Təyinatlı MKTB-nin rəisi E.Talıbov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2015-ci il tarixli, 17/17/5185-12 saylı dərkənarı ilə yaşayış evlərinin texniki vəziyyətinin bir daha araşdırılması və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15.04.2014-cü il tarixi 161 №-li sərəncamının icrası ilə əlaqədar qeyd edilən ünvana baxış keçirilməsi və baxış zamanı binanın 1950-ci ildə inşa olunması, iki mərtəbəli 14 mənzildən ibarət olması, binanın bünövrəsinin lentvari dəmir betondan olması, divarların bəzi hissələrində çatların olması, pilləkənlərin qəfəs hissələrində yükdaşıyıcı konstruksiyada aşınmaların olması, eyvanların, karniz elementlərinin qəzalı vəziyyətdə olması halları nəzərə alınaraq bütövlükdə binaya dair istismar müddətinin bitməsi, texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, şəhərsalma və tikinti normalarına cavab verməməsi barədə rəy verilməsi qeyd edlmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhəri Memearlır və Şəhərsalma Baş idarəsi tərəfindən təsdiq edilmiş 19.10.2020-ci il tarixli 83 saylı və 16.05.2021-ci il tarixli ti-44\21 saylı “Obyektin tikintisinə İcazə”lərin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə. M.Cəncəvi və Nəsimi küçələrinin kəsişməsində 2532-ci məhəllədə yerləşən tikinti sahəsinin kordinatları təsdiq edilmişdir. - Bakı şəhəri İcra Hakimiyyətinin texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM 063726 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu Əlif Hacıyev küçəsində yerləşən 8 saylı evin, 62.3 kv.m ümumi sahədən ibarət 8 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X3 adına 21.12.2000-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Həmin Məcəllənin 4.2 və 4.2.1-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarədtdir. Məhkəmə qeyd edir ki, İddiaçı MTK Bakı şəhəri Nizami rayonu ərazisində apardığı tikinti işlərini Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 15.04.2014-cü il tarixli, 161 saylı sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.12.2019-cu il tarixli 482 saylı qərarına uyğun olaraq mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətlərini tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi ilə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına dair qərarın müddəlarına uyun olaraq həyata keçirir. Məhkəmə hesab edir ki, cavabdehin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə orada yaşayanlar üçün həyati vacib məsələdir. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehə mənzillərinin sahəsinə 20 faiz əlavə sahə olmaqla yeni mənzillər verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün 400 manat məbləğində kirayə haqqı ödənilməsi öhdəliyini İddiaçı MTK öz üzərinə götürür. Göründüyü kimi, tikinti işlərini aparan iddiaçı tərəfindən cavabdehə edilən həmin təkliflər, Sərəncamla İddiaçı MTK-nın üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MTK bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. İş materiallarında olan ünvan 5 ünvanında yerləşən yaşayış evinə keçirilən texniki baxış haqqında 11.02.2016-cı il tarixli aktdan da görünür ki, bütövlükdə həmin binaya dair istismar müddətinin bitməsi, texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, şəhərsalma və tikinti normalarına cavab verməməsi barədə rəy verilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Məhkəmə hesab edir ki, İddiaçı MTK-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərindən də artıqdır və kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MTK tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. Məhkəmə bu zaman xüsusilə qeyd edir ki, Sərəncamı icra edən İddiaçı MTK tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təkliflər edilir. Bu isə, cavabdehin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Cavabdeh tərəfindən də məhkəmə prosesi zamanı mənzillərinin sökülərək əvəzinə yeni tikiləcək müasir binada tam təmirli yeni mənzillərin verilməsinə etiraz edilməmiş, lakin veriləcək mənzillərin sahəsində mübahisələrinin olması bildirilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfin məhkəmə iclasında verdikləri izahatlarında razılıq üçün qeyd etdikləri tələblər, İddiaçı MTK-nın kifayət qədər əlverişli şərtlərlə və ağlabatan təklifləri ilə razılaşmamaları onların hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirilməlidir. Belə ki, İddiaçı MTK tərəfindən ərazidə yerləşən sahələrinin yaşayış sahələrinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi həyata keçirilsə də, ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehin mübahisəli mənzillərlə əlaqədar, faktiki olaraq ümumi sahəsindən 20 faiz artıq sahəsi olan mənzil, habelə mənzil hazır olanadək kirayə bazarına uyğun məbləğdə kirayə haqqının ödənilməsini təklif edən İddiaçı MTK ilə razılaşmaması onun hüquqdan sui-istifadə etmsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə, cavabdehin mənzillərə görə MTK-dan əsassız olaraq real olmayan sahə tələb etməsində və ya şərtlər irəli sürmələrində ifadə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdeh İddiaçı MTK tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən Sərəncamı icra edən iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onun bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). Məhkəmə cavabdehin iş üzrə mübahisəli binanın qəzalı vəziyyətdə olmasına dair ekspertiza keçirilməsinə dair vəsatətini əsassız hesab edərək qeyd edir ki, hazırki halda tərəflər arasında yaranmış mübahisəmin mahiyyəti onlar arasında söküləcək mənzilin əvəzində veriləcək mənzilin sahəsi ilə bağlı olduğundan və iş üzrə ekspertiza təyin edilməsinin işin lüzumsuz uzadılmasına, vaxtında qərar qəbul edilməməsi nəticəsində cavabdehdən savayı digər mənzil sahiblərinin mənzillə bağlı gözləntilərinin reallaşmasının yubadılmasına, MTK tərəfindən də kirayə haqqlarına görə əlavə kompensasiya məbləğlərinin verilməsi ilə bağlı maliyyə itkilərinin olmasına xidmət etdiyindən təmin edilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 8 saylı evin 62.3 kv.m sahə təşkil edən 8 saylı mənzilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu,B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 400 manat kirayə haqqının ödənilməsi İddiaçı MTK-ya həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlifir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edisin. Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 8 saylı evin 62.3 kv.m sahə təşkil edən 8 saylı mənzilinin sökülərək əvəzində İddiaçı MTKnın Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil verilsin, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 400 manat kirayə haqqının ödənilməsi İddiaçı MTK-ya həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-479/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-479/2022
18.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver