Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7614/2021 25.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mülkiyyət hüququnu pozan hərəkətlərə son qoyulması və mənzildən çıxarılma” barədə ilkin iddiasına; Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə dair mülkiyyət hüquqlarını həyata keçirməyə mane olan hərəkətlərə son qoyulması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, cavabdehlərin həmin mənzildən çıxarılmaları qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev iddiaçının mülkiyyətindədir. Cavabdehlər iddiaçıya məxsus mənzili zəbt edərək onun hüquqlarını pozurlar. Cavabdehlər ər-arvad və övladlarıdır, onlar Füzuli rayonundan məcburi köçkündürlər. Onlara Füzuli rayonunun Şükürbəyli kəndində ev tikilərək verilsə də, hələ də iddiaçının evindən çıxmırlar. İddiaçı öz mülkiyyət hüquqlarından yararlana bilmir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş 03 avqust 2017-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçının doğma dayısı oğlu olmaqla yanaşı, doğma bacısının həyat yoldaşıdır. İddiaçılar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən birinci Qarabağ Müharibəsi zamanı yaşadıqları Füzuli rayonunun Şükürbəyli kəndi ermənilər tərəfindən işğal olunduğuna görə Respublikanın müxtəlif yerlərində məcburi köçkün kimi məskunlaşaraq köçkün həyatı sürmüşlər. Onlar Bakı şəhəri və ətraf ərazilərində torpaq sahəsi alıb fərdi yaşayış evi inşa etdirmək qərarına gəlmişlər. İddiaçılar mübahisəli evin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində 0.0322 ha torpaq sahəsini öz vəsaiti ilə alıb orada həmin mübahisəli evi öz vəsaiti hesabına inşa etdirərək köçüb orada yaşayırlar. İddiaçı torpaq sahəsini və evi dayısının oğlu və bacısının həyat yoldaşı olan İddiaçı verdiyi etibarnamə əsasında 03 avqust 2017-ci il tarixdə onun adına rəsmiləşdirmişdir. Lakin buna baxmayaraq İddiaçı aralarında olan münaqişəyə görə iddiaçını qorxutmaq üçün onların həmin evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ilkin iddia tələbini müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin iddia üzrə İddiaçı izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 03 avqust 2017-ci il tarixdə verilmiş Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-9 küçəsi, ev 54F İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzillə bağlı hüquq münasibətlərin dəgig nə vaxtdan yaranması müəyyən edilə bilmədiyindən, məhkəmə hesab edir ki, mənzilin rəsmi olaraq dövlət qeydiyyatından keçdiyi vaxt əsas götürülməli və sözügedən münasibətlərinin tənzimləməsi üçün 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi)”. Daha sonra qeyd olunan qərarda göstərilir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ər-arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Məhkəmə sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mənzil hüquq münasibətinə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən mübahisəli evin hüquqi vəziyyətini nəzərə alıb hesab edir ki, hazırkı mülki iş üzrə cavabdehlər iddiaçının ailə üzvü olmadıqlarından Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxil olmadığından, mübahisəli mənzildən iddiaçı ilə birlikdə istifadə hüququna malik deyildirlər. Ona görə də cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüquqları yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlərin mübahisəli mənzildə qalmaları və mənzildən könüllü olaraq çıxmamaları nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzilə dair mülkiyyət hüquqlarını həyata keçirməyə mane olan hərəkətlərə son qoyulması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını, cavabdehlərin həmin mənzildən çıxarılmalarını tələb etməkdə haqlıdır. Məhkəmə qarşılıqlı iddia tələbinin dəlillərini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia əsassızdır və rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbini araşdırarkən belə qənaətə gəlir ki, iddiaçılar cavabdeh İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş 03 avqust 2017-ci il tarixli Çıxarışın etibarsız olmasını bildirsələr də, onlar məhkəmə iclaslarında iştirak etməmiş, qarşılıqlı iddia tələbinin əsasını təşkil edən hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişlər. Eyni zamanda bu hal məhkəmə iclasında işin hər hansı halı ilə aşkarlanmamışdır. Məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, qarşılıqlı iddia ərizəsində mübahisələndirilən çıxarışın inzibati orqan tərəfindən verilməsi qaydası mübahisələndirilmədiyindən, etibarsızlığın əsasının tərəflər arasında olan mülki hüquqla tənzimlənən münasibətlərdən yaranan mübahisə təşkil etdiyindən hazırkı iddia tələbi ümumi məhkəmənin yurisdiksiyasına aiddir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, qarşılıqlı iddia tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin olunmalı, iddiaçının ünvan 1 ünvanında yerləşən evə dair mülkiyyət hüquqlarını həyata keçirməyə mane olan hərəkətlərə son qoyulması vəzifəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 üzərinə qoyulmalı, cavabdehlər həmin mənzildən çıxarılmalı, qarşılıqlı iddia isə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, ilkin iddia üzrə İddiaçı 20 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan vəsiqələrdən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçılar Füzuli rayonundan məcburi köçkündürlər. “Dövlət rüsumu haqqında” AR Qanununun 9-cu maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə - qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı işdə qarşılıqlı iddia üzrə iddiaçılar məcburi köçkün olduğu üçün onlar qanunvericiliklə müəyyən edilmiş qaydada rüsum ödəməkdən azad edilmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia tələbi təmin edilsin. İddiaçının ünvan 1 ünvanında yerləşən evə dair mülkiyyət hüquqlarını həyata keçirməyə mane olan hərəkətlərə son qoyulması vəzifəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 üzərinə qoyulsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı qarşı - cavabdeh İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş 03 avqust 2017-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7614/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7614/2021
25.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver