Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4745/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə, X2 və cavabdehin nümayəndələri X3, Vəkil (vəkil) iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı MTK Cavabdeh qarşı “mənziln sökülməsi, əvəzinə yeni mənzil verilməsi, kirayə haqqı ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Ə.Hacıyev 8 ünvanda yerləşən sökülməsi nəzərdə tutulmuş yaşayış binasında 61,4 kv.m sahəsi olan 8 saylı mənzilin əvəzinə iddiaçının Bakı şəhəri Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan (61.4+12.28=73,68 kv.m) təmirli mənzil tikilib təhvil verilməklə və yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək hər ay 400 manat kirayə haqqı ödənilməsi və cavabdehin söküləcək həmin mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova, iş № 2(007)-479/22) iddia tələbi qismən təmin edilərək cavabdehə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 8 saylı evin 62.3 kv.m sahə təşkil edən 8-ci mənzilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 400 manat kirayə haqqının ödənilməsinin iddiaçıya həvalə olunması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 161 saylı saylı sərəncamı ilə Bakı şəhər, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədəki torpaq sahəsi çoxmənzilli yaşayış binasının tikintisi üçün iddiaçının istifadəsinə verilmişdir. Sərəncamın icrası ilə bağlı ünvan 2 ünvanda mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. ünvan 3 ünvanda yerləşən on dörd mənzilli yaşayış binası 20-ci əsrin 50-ci illərində tikilib, köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitib, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat və səhhət üçün təhlükəlidir, o, hər an uça və bədbəxt hadisələr törədə bilər. İddiaçı cavabdehə onun mənzilinin əvəzinə həmin ünvanda yeni tikilən binada 20 faiz artıq sahəsi (61,4+12,28=73,68 kv.m) olan yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif edib. Lakin cavabdeh əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək daha artıq sahəsi olan mənzillər, yəni 102,0 kv.m üçotaqlı və 60,0 kv.m birotaqlı mənzillər tələb edib. Cavabdeh ünvan 4 ünvanda yerləşən yaşayış binasının sahə mülkiyyətçisi kimi razılığa gəlməkdən və yararsız binadan köçməkdən imtina edib. Cavabdeh qanunsuz hərəkətləri ilə tikinti işlərinin başlanmasına mane olur. Tikinti işlərinin yubanması mənzil tikintisi üçün İddiaçı MTK ilə müqavilələr bağlamış şəxslərin haqlı etiraz və narazılığına səbəb olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, binanın qəzalı vəziyyətdə, habelə həyat və sağlamlıq üçün təhlükəli olması, hər an uçması və bədbəxt hadisələr törədə bilməsi barədə guya hələ 6 (altı) il bundan əvvəl, yəni 11 fevral 2016-cı il tarixli akt tərtib edilmiş olsa da, bina bu günədək həyat və sağlamlıq üçün hər hansı təhlükə törətməmiş və uçmamışdır. İddiaçı yalnız öz kommersiya məqsədinə nail olmaq üçün məhkəməyə müraciət etmişdir, hansı ki, onun heç bir əsassız varlanmaq niyyəti yoxdur, sadəcə məsələnin ədalətli həllinin tərəfdarıdır. İddiaçı öz iddia ərizəsində mənzilin sahəsini 61,4 kv.m olaraq göstərsə də mənzilin 063726 saylı Qeydiyyat Vəsiqəsi üzrə sahəsi 62,3 kv.m, faktiki sahəsi isə 98,1 kv.m təşkil edir və faktiki sahənin ölçüsü barədə vaxtilə 120 saylı MKİS tərəfindən texniki plan tərtib edilmiş və təsdiq edilərək ona təqdim edilmişdir. Belə olan halda, iddiaçının ona sahəsi 73,68 kv.m olan mənzil təklif etməsi qətiyyən ədalətli və qanuni deyildir. İddiaçının öz iddia tələbinin əsası kimi, iddia ərizəsinə əlavə etdiyi sənədlər sübut qismində qəbul edilə bilməz, belə ki, həmin sənədlər yalnız surətdir. İddiaçının binanın qəzalı vəziyyətdə olması barədə iddia ərizəsinə əlavə etdiyi 11 fevral 2016-cı il tarixli akt saxtadır, yəni belə bir akt mövcud deyildir. Vəsatət verərək binanın qəzalı vəziyyətdə olub-olmamasını, habelə istifadəyə yararlı olub-olmamasını müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizasının təyin olunmasını xahiş etsə də məhkəmə həmin vəsatət təmin edilməmişdir. Məhkəmə həmin aktın saxta olduğu barədə cavabdehin dəlillərinə əhəmiyyət verməmiş, digər tərəfdən, həmin aktın əsli məhkəməyə təqdim edilməmiş, iş üzrə keçirilən sonuncu - xx.xx.2022-ci il tarixli iclasda cavabdehin nümayəndəsi Vəkil həmin aktın əslinin tədqiqat üçün məhkəməyə təqdim olunmasını bir daha tələb etsə də iddiaçı tərəfin nümayəndələri belə bir aktın olmadığını etiraf etmişlər. Lakin buna baxmayaraq məhkəmə, həmin saxta sənədi iş materiallarından çıxarmamış, əksinə, həmin aktda göstərilən hallara əsaslanaraq iddianı təmin etmişdir. Cavabdehin nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. İddiaçı MTK-nın nümayəndələri apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. Onlar məhkəmə kollegiyasının iclasında izahat verərkən bildirdilər ki, bina sakinlərinin bir hissəsi ilə razılıq əldə edilmiş, cavabdehə isə ağlabatan təklif edilmiş olsa da, nəticəsi olmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin məhkəmə baxışında araşdırılmış sübutlarla müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 161 saylı Sərəncamı ilə İddiaçı MTK-nın xx.xx.2014-cü il tarixli, 06 saylı müraciətini nəzərə alaraq, Bakı şəhər, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yerləşən mövcud və qeyri-yaşayış tikililərin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi, İddiaçı MTK-ya həvalə olunmuşdur. İddiaçı MTK-ya Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə. M.Cəncəvi və Nəsimi küçələrinin kəsişməsində 2532-ci məhəllədə yerləşən 3.4771 hektar ərazidə yaşayış binalarının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı MTK Bakı şəhəri Nizami rayonu Əlif Hacıyev küçəsində yerləşən 8 saylı 14 mənzilli binanın də həmin əraziyə düşməklə istismara yararsız vəziyyətdə olduğunu, mənzillərin boşaldılması ilə bağlı sakinlərin bir qismi ilə razılıq əldə olunduğunu, lakin cavabdehlə ümumi razılıq əldə etməyin mümkün olmadığını əsas gətirərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. Cavabdehin mülkiyyətində olan 8 saylı mənzilin ümumi sahəsi hüquqmüəyyənedici sənədlərə əsasən 62.3 kv.m-dir. İddiaçının tələbi sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan (61.4+12.28=73,68 kv.m) təmirli mənzilin tikilib təhvil verilməklə və yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək hər ay 400 manat kirayə haqqının ödənilməklə cavabdehin söküləcək həmin mənzildən çıxarılması barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Cavabdehin iddiaçının faktiki olaraq ümumi sahəsindən 20 faiz artıq sahəsi olan mənzil, habelə mənzil hazır olanadək kirayə bazarına uyğun məbləğdə kirayə haqqının ödənilməsini təklif edən İddiaçı MTK ilə razılaşmaması hüquqdan sui-istifadə etmə kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarına istinad etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfındən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunda nəzərdə tutulmuş hallarda dövlət xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafızəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya yaşayış binalarının tikintisi üçün torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 161 saylı Sərəncamı ilə ayrılmışdır. Sərəncamın məzmunundan görünür ki, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin bina sakinləri ilə razılaşdırılmaqla həyata keçirilməsi İddiaçı MTK-ya həvalə olunmuşdur. Lakin işdən göründüyü kimi, tərəflər rasında bununla bağlı razılıq əldə olunmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarında da sakinlərin yalnız onlarla razılaşdırılmaqla köçürülməsi nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin adı çəkilən Qərarı da insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi məqsədini daşıyır. Bu istiqamətdə hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması tikinti şirkətlərinin üzərinə bir vəzifə kimi qoyulur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə görə, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ya ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Həmin Məcəllənin 4.2-ci maddəsində Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri kimi göstərilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 17.5-ci maddəsinə əsasən, ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AzərbaycanRespublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə hər hansı müdaxiləsinin qanuni olmasını tələb edir. Həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir (İatridis Yunanıstana qarşı iş üzrə 1999-cu il 25 mart tarixli Qərar § 58; Yunanıstanın keçmiş kralı və digərləri Yunanıstana qarşı iş üzrə 2000-ci il 23 noyabr tarixli Qərar; Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar). Mülkiyyətə müdaxilənin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmə şərti dövlətdaxili hüquq normalarında özbaşınalıqdan müdafiəni təmin edən kifayət qədər əlçatan və dəqiq normaların mövcud olmasını və onlara riayət edilməsini tələb edir (X1rşı iş üzrə 1986-cı il 8 iyul tarixli Qərar § 110; Vistins və Perepjolkins Latviyaya qarşı iş üzrə 2012-ci il 25 oktyabr tarixli Qərar § 95). Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi isə özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərar § 93). Beləliklə, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisi ilə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə qeyd olunan maddə baxımından müdaxilənin mülkiyyət hüququnun pozuntusunu yaradıb-yaratmadığını müəyyən etmək üçün aşağıdakı məsələlər qiymətləndirilməlidir: iş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ sayıla bilərmi; mülkiyyətə müdaxilə mövcuddurmu və əgər varsa belə müdaxilə qanunda nəzərdə tutulmuşdurmu; müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi, yəni cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazılığa nail olunması məqsədlərinə xidmət edirmi? Göstərilən yoxlama testinə müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia təmin edildiyi halda mülkiyyət hüququna müdaxilə mövcuddur. Çünki mübahisəli mənzil Cavabdeh mülkiyyətindədir, Konstitusiya və mülki qanunvericiliyə əsasən həmin hüququn müdafiəsinə dövlət tərəfindən təminat verilmişdir. Baxılan iş üzrə iddiaçı mübahisəli mənzilin boşaldılıb ona təhvil verilməsi və əvəzində iddiaçıya yeni tikiləcək binadan 73,68 kv.m mənzil verilməsini tələb edir. Beləliklə tələb edilən müdaxilənin yolverilən olması, yəni iddiaçının tələbinin təmin olunması üçün ilk növbədə buna icazə verən qanunvericılik aktı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 482 nömrəli Qərarında 2018-ci ilin avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə cavabdehin mülkiyyətində olan tikili qəzalı vəziyyətdə olduğu üçün mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə sökülərək yerində yeni binanın tikilməsi və mülkiyyətçilərin həmin binada müvafiq sahələrlə təmin edilməsi nəzərdə tutulmuşdur. Qərardan, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamlarından, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin obyektin tikintisinə icazədən, habelə Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı ilə iddiaçı arasında bağlanmış müqavilənin tələblərindən (hazırkı iş üzrə həmin müqavilənin surəti işə əlavə olunmasa da, qeyd olunan Qərarın icrası ilə bağlı bütün şirkətlərlə birtipli müqavilələr bağlandığı üçün həmin müqavilənin şərtləri hamıya bəlli olan haldır) də görünür ki, mübahisəli əmlakın sökülməsinə və cavabdehlərin köçürülməsinə yalnız qanunvericiliyə uyğun olaraq mülkiyyətçilərin və ya qanuni istifadəçilərlə qarşılıqlı razılıq əsasında müvafiq müqavilələr bağlandıqdan sonra yol verilir. Həmin akt və müqaviləyə əsasən iddiaçı müvafiq ərazidə yerləşən mülkiyyətçilərə söküntü ərazisində inşa ediləcək binalarda sökülən sahədən 20 faiz artıq sahəsi olan təmirli sahəsi ilə təmin etmək öhdəliyi daşıyır. Qeyd olunan aktlara (sənədlərə) əsasən mülkiyyətçilərin əmlaklarına bazar dəyəri məbləğində kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsi, mülkiyyətçilərin mülkiyyət hüquqlarına qarşılıqlı razılıq olmadan xitam verilməsi və əvəzləşdirilməsi müəyyən edilməmişdir. Həmçinin iş materiallarından göründüyü kimi mübahisəli əmlakın dövlət ehtiyacları üçün alınması barədə qanunvericiliyə uyğun hər hansı prosedur başlanmamışdır. Bundan əlavə, binanın qanunla müəyyən olunmuş qaydada qəzalı vəziyyətdə olmasını təsdiq edən hər hansı mötəbər sübut yoxdur. İddiaçı bununla bağlı xx.xx.2016-cı il tarixli aktın kserosurətinə istinad etsə də, cavabdehin tələb etməsinə baxmayaraq həmin aktın əslini, yaxud qanunla müəyyən edilmiş qaydada təsdiq olunmuş surətini nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində təqdim edə bilməmişdir. İşdə olan akt isə yalnız iddiaçının özünün möhürü və səlahiyyəti bəlli olmayan şəxsin imzası ilə təsdiq olunmuşdur. Beləliklə, cavabdehlərin mülkiyyət hüququna iddia tələbində irəli sürülən şəkildə müdaxilə üçün qanuni əsas müəyyən edilmir, başqa sözlə belə müdaxilə qanunda nəzərdə tutulmamışdır. Belə olan vəziyyətdə iddiaçı tərəfindən cavabdehin mülkiyyət (əmlak) hüquqlarına müdaxilə ilə bağlı tələb əsassızdır və təmin oluna bilməz. Ona görə də şikayət təmin edilməli, qətnamə ləğv edilməli və iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MTK-nın Cavabdeh qarşı “mənziln sökülməsi, əvəzinə yeni mənzil verilməsi, kirayə haqqı ödənilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4745/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4745/2022
07.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver