Məhkəmə qərarları › İş №2(103)-2909/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2909/2022

24.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2909/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mülkiyyət hüququnu pozan hərəkətlərə son qoyulması və mənzildən çıxarılma tələbinə dai» ilk və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdeh İddiaçı qarşı «çıxarışın etibarsız hesab edilməsi barədə» qarşılıqlı iddia ərizələri ilə bağlı 2(011)- 7614/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evə dair mülkiyyət hüquqlarını həyata keçirməyə mane olan hərəkətlərə son qoyulması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, cavabdehlərin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən ev iddiaçının mülkiyyətindədir. Cavabdehlər iddiaçıya məxsus mənzili zəbt edərək onun hüquqlarını pozurlar. Cavabdehlər ər-arvad və övladlarıdır, onlar Füzuli rayonundan məcburi köçkündürlər. Onlara Füzuli rayonunun Şükürbəyli kəndində ev tikilərək verilsə də, hələ də iddiaçının evindən çıxmırlar. İddiaçı öz mülkiyyət hüquqlarından yararlana bilmir. Həmçinin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 03 avqust 2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçının doğma dayısı oğlu olmaqla yanaşı, doğma bacısının həyat yoldaşıdır. İddiaçılar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən birinci Qarabağ Müharibəsi zamanı yaşadıqları Füzuli rayonunun Şükürbəyli kəndi ermənilər tərəfindən işğal olunduğuna görə Respublikanın müxtəlif yerlərində məcburi köçkün kimi məskunlaşaraq köçkün həyatı sürmüşlər. Onlar Bakı şəhəri və ətraf ərazilərində torpaq sahəsi alıb fərdi yaşayış evi inşa etdirmək qərarına gəlmişlər. İddiaçılar mübahisəli evin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində 0,0322 ha torpaq sahəsini öz vəsaiti ilə alıb orada həmin mübahisəli evi öz vəsaiti hesabına inşa etdirərək köçüb orada yaşayırlar. İddiaçı torpaq sahəsini və evi dayısının oğlu və bacısının həyat yoldaşı olan İddiaçı verdiyi etibarnamə əsasında 03 avqust 2017-ci il tarixdə onun adına rəsmiləşdirmişdir. Lakin buna baxmayaraq İddiaçı aralarında olan münaqişəyə görə iddiaçını qorxutmaq üçün onların həmin evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, iddiaçının ünvan 2 ünvanda yerləşən evə dair mülkiyyət hüquqlarını həyata keçirməyə mane olan hərəkətlərə son qoyulması vəzifəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 üzərinə qoyulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdeh İddiaçı adına verilmiş 03 avqust 2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət olunmuşdur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasənda həyata keşirməmiş, onun məhkəmə prosesində iştirakını təmin etməmiş, buna görə də müdafiəsini təşkil edə bilməmişdir. Məhkəmə qətnamə qəbul edərkən təqdim olunan sübutları tam və hərtərəfli araşdırmadan düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün şərait yaratmamış, onlara prosessual hüquq və vəzifələrini lazımi qaydada izah etməmiş və prosessual hüquqlarını həyata keçməsinə kömək göstərməmiş, hüquqlarını kobud şəkildə pozaraq ziyanına qətnamə qəbul etmişdir. Hazırki iş üzrə onlara işin faktiki hallarının məhkəmənin nəzərinə çatdırılması üçün zəruri sübutların təqdim edilməsi, tələb edilməsinə şərait yaradılmamışdır. Məhkəmə mənzillə bağlı hüquq münasibətlərin dəqiq nə vaxtdan yaranmasını müəyyən edə bilmədiyindən, mənzilin rəsmi olaraq dövlət qeydiyyatından keçdiyini əsas götürərək sözügedən münasibətlərin tənzimlənməsi üçün 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsini tətbiq edərək səhv nəticəyə gəlmişdir. Belə ki, onlar mübahisəli fərdi yaşayış evini 1998- 1999-cu illərdə inşa edib, 2000-ci ilin mart ayında köçüb yaşamışlar. Apellyasiya baxışı zamanı iddiaçı L.Qaımov şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların, həmçinin 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədlərini ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 03 avqust 2017-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-9 küçəsində yerləşən 54F saylı ev İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, «Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi)». Həmin qərarda daha sonra qeyd olunmuşdur ki, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur». Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müddəalarında aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ər-arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mənzil hüquq münasibətinə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən mübahisəli evin hüquqi vəziyyətini nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, hazırkı mülki iş üzrə cavabdehlər iddiaçının ailə üzvü olmadıqlarından Ailə Məcəlləsinin 13 və 15ci fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxil olmadığından, mübahisəli mənzildən iddiaçı ilə birlikdə istifadə hüququna malik deyildirlər. Ona görə də, cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüquqları yaranmamışdır. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Göründüyü kimi, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlərin mübahisəli mənzildə qalmaları və mənzildən könüllü olaraq çıxmamaları nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Bu səbəbdən, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzilə dair mülkiyyət hüquqlarını həyata keçirməyə mane olan hərəkətlərə son qoyulması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını, cavabdehlərin həmin mənzildən çıxarılmalarını tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin dəlillərini araşdıraraq haqlı olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia əsassızdır və rədd edilməlidir. Çünki, qarşılqlı iddia üzrə iddiaçılar iddia tələblərinin əsasını təşkil edən hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişlər. Eyni zamanda, məhkəmə araşdırması zamanı mübahisəli evə dair cavabdeh İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Bundan başqa, qeyd olunmalıdır ki, qarşılıqlı iddia ərizəsində mübahisələndirilən çıxarışın inzibati orqan tərəfindən verilməsi qaydası mübahisələndirilmədiyindən, etibarsızlığın əsasını tərəflər arasında olan mülki hüquqla tənzimlənən münasibətlərdən yaranan mübahisə təşkil etdiyindən, hazırkı iddia tələbi ümumi məhkəmənin yurisdiksiyasına aiddir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İlk iddianın qismən təmin, qarşılıqlı iddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli, 2(011)-7614/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar