Məhkəmə qərarları › İş №2(007)-484/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-484/2025

08.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-484/2025 08.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Rzabala oğlu, Cavabdeh2, Cavabdeh3 qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (əmlak, yaşayış sahəsi, payın ayrılması və s.) X9 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Rzabala oğlu, Cavabdeh2, Cavabdeh3 qarşı “payın naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 Rzabala oğlu, Cavabdeh2, Cavabdeh3 və X7 qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Qurban Sadıq ev 2 saylı fərdi yaşayış evinin İddiaçı 1/8 hissəsinə dair payının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək X5 vəfat etməsi səbəbindən cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Qurban Sadıq ev 2 saylı fərdi yaşayış evinin 1/8 hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 1 ünvanında yerləşən evin digər paylı hissələri müxtəlif şəxslərin adına qeydiyyatdan keçirildiyindən, müstəqil surətdə mülkiyyətində olan evə dair müstəqil sərəncam verə bilmir. Digər mülkiyyətçilərin bir neçəsi həmin ünvanda qeydiyyatda deyildir və həmin ünvanda yaşamır. Hal-hazırda isə mülkiyyətində olan hissəyə dair ayrıca çıxarış almaq istəsə də, mümkün olmamışdır. Mülkiyyətində olan əmlaka dair müstəqil sərəncam vermək hüququnu məhdudlaşdırır. Hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Qurban Sadıq ev 2 saylı fərdi yaşayış evinin İddiaçı 1/8 hissəsinə dair payının naturada ayrılması barədə qətnamə qəbul edilməlidir. Cavabdehin etirazı: Cavabehlər Cavabdeh2 Ağamirzə qızı və Cavabdeh3 iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı ”Paylı mülkiyyətdən payın naturada ayrılması tələbinə dair“ qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində göstərmişdir ki, digər mülkiyyətçilər həmin ünvanda qeydiyyatda deyildir və həmin ünvanda yaşamırlar. İddiaçı Züleyxa da digərləri kimi, qeyydiyyatda deyil, həmdə yaşamır. Həmin iş hal-hazırda icraatdadır. İddiaçı onlara qarşı, iddia ərizəsi versə də o, Simanın və Mehribanın payı birlikdə olaraq tam ayrıdır, suyu, qazı, işığı, giriş və çıxış qapısı, hətta aralarında uca hasar vardır. İddiaçı Züleyxanın və cavabdeh Rəhimin payları birgədir, payları ayırmaları üçün ortaq məxrəcə gəlməlidirlər. Etiraz və mülahizələrində aşağıda göstərilənlərə əsasən onun və Mehribanın payının ayrılması ilə heç bir problem olmadığını hesab edir. Onun adına olan çıxarışda yazılıb, iddiaçı Züleyxanın 1/8 hissə payı, cavabdeh Rəhimin 1/8 hissə payı, cavabdeh Mehribanın 3/16 hissə payı, cavabdeh Rzaxanın 1/8 hissə payı və o cavabdehin 7/16 hissə payı olması yazılıb. Ona və digər vərəsələrin adına Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə xx.xx.1990-cı ildə verilib. Digər Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə isə 27 yanvar 2005-ci ildə verilib. Onun və qızı Mehribanın payı olan tikili 1967-ci ildən tam ayrıdır, hətta aralarında hasar vardır. Ekspertiza mərkəzindən nümayəndə gəldi, işini gördükcə iddaçı tərəfdən yorucu sözlərdən bezdi. Ekspert Rəyindədə yazılıb ki, “’Evlərin bölgüsü zamanı məişət təyinatlı tikililər (hamam, tualet və s.) tərəflərdən birinin sərancamında qaldığından, digər tərəflərin sərancamında qalan torpaq sahəsində həmin təyinatla tikililərin yaradılmasına texniki imkan olmadıqda” mümkün deyildir. Ona görədə iddaçı Züleyxaya məxsus 1/8 hissə payın digər payçılardan naturada təcrid mənzillər şəklində ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Ekspert düzgün yazmamışdır. Çünki, hər vərəsənin özünə aid məişət təyinatlı tikililər (hamam,tualet və s.) vardır. O, mübahisəli evə 18 avqust 1990-cı ildə Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. Həyat yoldaşı vəfat etdikdən sonra, öz adlarına yazdırmışlar. Belə olan halda iddiaçı Züleyxanın payı Cavabdeh1 Rzabala oğlunun payları bir olduğu üçün, öz aralarında həll etsinlər, hər kəsin payı naturada ayrılsın. Ekspertiza Rəyinin 5-ci səhifəsində yazılıb. Onların payının yəni, ünvan 2 ünvanında yerləşən, qonşu hissədə yerləşdiyi, eyni zamanda iş materiallarında hüquqmüəyyənedici və texniki sənədlərin olmadığı və eləcədə, neçə hissə paylara bölünməsi barədə məlumat olmadığı səbəbindən bu sual üzrə təhqiqat aparılmır. Yəni onların payından söhbət gedir. İddiaçı və Cavabdeh1 Rzabala oğlunun payları birdir, onun və Mehribanın payı birdir. Onlara qarşı yazılan iddia ərizəsinin heç bir hüquqi əsası olmadığından, onlara qarşı verilmiş iddia ərizəsi əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edəsiniz. İş materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh2 və Cavabdeh3dır. Miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən X3 verilmiş **********57-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən mərhuma məxsus olan 2/8 hissəsindən ibarətdir. Daşınmaz əmlakın dövlət reyestrindən 0076585**********57-10301 nömrəli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 56 kv.m, torpaq sahəsi 0.0205 ha olan ünvan 3 ünvanında yerləşən əmlakdan 1/8 hissə pay xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Həmçinin Cavabdeh2, Cavabdeh1 Rzabala oğlu, Cavabdeh3 hər biri sözügedən əmlakın paylı mülkiyyətçiləridir. Bundan başqa Cavabdeh4 (X3) məxsus 1/8 hissə açıq saxlanılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 56 kv.m, torpaq sahəsi 0.0084 ha olan ünvan 3 (Yeni qaydalarla: AZ 1031, ünvan 4 ünvanında yerləşən əmlakdan 1/8 hissə xx.xx.2021-ci il tarixdə istifadə hüququ üzrə İddiaçı, 3/16 hissə xx.xx.2025-ci il tarixdə Cavabdeh3, 7/16 hissə xx.xx.2025-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/2311 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 56.0 kvadrametr olan fərdi yaşayış evinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci, 2.4-cü, 2.9-cu bəndlərinə və metodik əsasların Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə uyğun qaydada payçıların payları üzrə bölünməsinin, eləcə də, İddiaçı məxsus 1/8 hissə payın digər payçılardan naturada təcrid mənzillər şəkildə ayrılmasının texniki cəhətdən mümkün olmadıı müəyyən edilmişdir. xx.xx.2024-cü tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin maddəyə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digər şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəyyən edir. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ərarvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Qanunvercilik normalarından da göründüyü kimi, payın naturada bölünməsi ya tərəflərin razılığı ilə, razılıq olmadıqda isə məhkəmənin qətnaməsi ilə həyata keçirilir. Həmçinin qanunvercilik belə bölünmənin həyata keçirilməsini yalnız o halda mümkün hesab edir ki, bu bölünmə qanunla yol verilə bilən olsun və ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz surətdə ziyan vurmadan mümkün olsun. Məhkəmə hesab edir ki, vahid daşınmaz əmlak üzrə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmaması bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. Payın ayrılması tələbinə baxılarkən ümumi mülkiyyət rejiminin mahiyyəti, habelə payın ayrılmasının xüsusiyyətləri, yaranmış vəziyyətdə vahid daşınmaz əmlaka aid olan fərdi yaşayış evinin ayrılıqda bölünmə predmeti ola bilməsi, belə bölgünün aparılmasının mümkünlüyü ilkin olaraq araşdırılmalı olan haldır. Vahid daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planının da tərtib edilməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. O da qeyd edilməlidir ki, fərdi yaşayış evinə artırılmış özbaşına tikililər olarsa, daşınmaz əşyanın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün bölgüdə nəzərə alınması və ya onlar üzərində sərəncam verilməsi mümkün deyil. Yuxarıda qeyd edilmiş normaların mənasından aydın olur ki, ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir (tərkib) hissəsinin mülkiyyətçisi deyil, əşyanın tamamı üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir. Buna görə də, əşyanın tərkibinə daxil olan hissə(lər) hansısa pay sahibinin mülkiyyət hüququndakı payına uyğun gəlsə belə, həmin qismi tərkib hissə statusunu itirmədən, yəni ayrıca və müstəqil əşya halına gəlmədən fərdi mülkiyyət predmeti ola bilməz. Əgər həmin reyestrdə qeydə alınmış daşınmaz əşyanın sərhədləri nəzərə alınmaqla belə ayrılma texniki cəhətdən mümkün deyilsə, hətta bu mümkün olsa belə ayrılma əşyaya tənasübsüz surətdə zərər vurarsa və ya digər paydaşların hüququnu əhəmiyyətli şəkildə pozarsa ayrılmaya yol verilmir. Hazırki iddia tələbinin əsasını iddiaçıya məxsus olan 1/8 hissə payın ayrılması təşkil edir. Məhkəmə işin faktiki hallarını, habelə ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, iş üzrə tərəflər arasında payın ayrılması üsulu və şərtləri haqqında razılıq əldə olunmamışdır. Ekspert rəyi ilə də mübahisə predmeti olan evə dair iddiaçının payının naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılmaması və onların qanuni mənafelərinin nəzərə alınmadan göstərilən bölgünün aparılması isə qanuni və əsaslı sayıla bilməz. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Rzabala oğlu, Cavabdeh2, Cavabdeh3 qarşı “payın naturada ayrılması” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 Rzabala oğlu, Cavabdeh2, Cavabdeh3 qarşı “payın naturada ayrılması" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar