Məhkəmə qərarları › İş №2(007)-485/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-485/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-485/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 5000 ABŞ dolları pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia ərizənin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətilə bağladığı 14 iyul 2021-ci il tarixli müqaviləyə əsasən 5000 (beş min) ABŞ dolları investisiya yatırmışdır. Bu günə kimi nə pulunu ala bilir, nə qazancını. İllərlə qəpikqəpik yığdığı və dollara çevirdiyi pulu ölü yatırım kimi saxlamaq deyil, cavabdeh şəxsin “böyük işləri” üçün investisiya qoyaraq gəlir gətirən pula çevirmək istəyi puç oldu. Qoyduğu sərmayənin əlli faizi məbləğində gəlir vəd edən şirkət yalançı şirkətə çevrildi. Ofisi bağlayıb hara isə çəkildilər.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

4. Cavabdeh "xxxx" MMC-yə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. İddiaçı nümayəndəsi X2 cavabdehin məhkəmə iclasında iştirak etmədiyindən qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyi üçün, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli qərardadına əsasən, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

İş materialları:

8. 14.10.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün üçün 100 manat dövlət rüsumu ödəmişdir.

9. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 14 iyul 2021-ci il tarixli investisiya və tərəfdaşlıq müqaviləsinin surətindən görünür ki, tərəflər “OCOS” İnc icraçı, “İN.SUCCESS” partnyor (marketinq, investisiya agenti) və İddiaçı (AA 0659620) investor (müştəri) adlandırılacaq. Müqavilə investisiya fəaliyyəti sərmayəçi ilə müştəri arasındakı əlaqəni təsdiqləyir, eyni zamanda hüquq və vəzifələrini müəyyənləşdirir. İcraçı və investor müqavilənin bərabər tərəfləridir. Burada, icraçı layihəyə rəhbərlik edəndir. Ümumiyyətlə bu, fəaliyyəti investisiya tələb edən bir müəssisə və ya təşkilatın rəhbəridir. Alınan vəsait üçün bütün məsuliyyəti öz üzərinə götürən odur. İcraçı tərəfi müqavilənin bütün bəndlərinə əməl etmək məcburiyyətindədir və bunu öz imzası ilə təsdiqləyir. İnvestorun tərəfi həm hüquqi, həm də fiziki şəxs ola bilər. Vəsaitini icraçıya verir və razılaşdırılmış mənfəəti alacağını gözləyir. Müqaviləni 3-cü bəndinə əsasən İnvestor müəyyən edilmiş miqdarda sərmayəni icraçının müəyyən etdiyi formada və vaxtında ödəmək öhdəliyini daşıyır. İnvestor tərəfindən yatırılmış sərmayə üzrə gəlirlərini müəyyən edilmiş müddət tamam olduqda tələb etmək hüququ vardır. Tərəflər arasında müəyyən edilmiş müddətdən əvvəl investor sərmayəni geri tələb edərsə müəyyən gəlirdən imtina edilmiş kimi qəbul edilir və ancaq sərmayəni tələb etmək hüququ saxlanılır. İnvestor sərmayəni icraçı və ya partnyor vasitəsilə tələb edə bilər. 5.1-ci bəndinə əsasən investor tərəfindən 5000 ABŞ dolları ekvivalentində olan 8500 manat sərmayə yatırımı edir.

İşin faktiki halları:

10. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 14 iyul 2021-ci il tarixli investisiya və tərəfdaşlıq müqaviləsinin surətindən görünür ki, tərəflər “OCOS” İnc icraçı, “İN.SUCCESS” partnyor (marketinq, investisiya agenti) və İddiaçı (AA 0659620) investor (müştəri) adlandırılacaq. Müqavilə investisiya fəaliyyəti sərmayəçi ilə müştəri arasındakı əlaqəni təsdiqləyir, eyni zamanda hüquq və vəzifələrini müəyyənləşdirir. İcraçı və investor müqavilənin bərabər tərəfləridir. Burada, icraçı layihəyə rəhbərlik edəndir. Ümumiyyətlə bu, fəaliyyəti investisiya tələb edən bir müəssisə və ya təşkilatın rəhbəridir. Alınan vəsait üçün bütün məsuliyyəti öz üzərinə götürən odur. İcraçı tərəfi müqavilənin bütün bəndlərinə əməl etmək məcburiyyətindədir və bunu öz imzası ilə təsdiqləyir. İnvestorun tərəfi həm hüquqi, həm də fiziki şəxs ola bilər. Vəsaitini icraçıya verir və razılaşdırılmış mənfəəti alacağını gözləyir. Hazırda iddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 5000 ABŞ dolları pulun alınaraq ona ödənilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Məhkəmənin mövqeyi:

12. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

14. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır.

15. Qeyd olunanlarla müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. 14 iyul 2021-ci il tarixli müqavilənin 3-cü bəndinə əsasən İnvestor müəyyən edilmiş miqdarda sərmayəni icraçının müəyyən etdiyi formada və vaxtında ödəmək öhdəliyini daşıyır. İddiaçı, yəni investor İddiaçı tərəfindən "xxxx" MMC-yə 5000 ABŞ dolları məbləğində sərmayə yatırımı etmişdir. İnvestorun onun tərəfindən yatırılmış sərmayə üzrə gəlirlərini müəyyən edilmiş müddət tamam olduqda tələb etmək hüququ vardır. Tərəflər arasında müəyyən edilmiş müddətdən əvvəl investor sərmayəni geri tələb edərsə, müəyyən gəlirdən imtina edilmiş kimi qəbul edilir və ancaq sərmayəni tələb etmək hüququ saxlanılır. İnvestor sərmayəni icraçı və ya partnyor vasitəsilə tələb edə bilər. Hazırki halda isə cavabdeh "xxxx" MMC müqavilə şərtlərini pozmuşdur. Odur ki, cavabdeh "xxxx" MMC-dən 5000 ABŞ dolları məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.

Məhkəmə xərcləri:

17. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

18. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 5000 ABŞ dolları məbləğində pul (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) tutularaq İddiaçı ödənilməlidir.

19. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 5000 ABŞ dolları məbləğində pul (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar