Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-486/2023 13.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı İsmayılbəyli Fariz Azər oğlunun iştirakı ilə, İddiaçı İsmayılbəyli Fariz Azər oğlunun cavabdeh “Nubel As Constraksen” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti müstəqil tələb irəli sürməyən üçünücü şəxs qismində cəlb edilməklə “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsmayılbəyli Fariz Azər oğlu cavabdeh “Nubel As Constraksen” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Məhərrəmov Cavid Ramiz oğluna qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı İsmayılbəyli Fariz Azər oğlu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Məhərrəmov Cavid Ramiz oğlunun cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı İsmayılbəyli Fariz Azər oğlu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İsmayılbəyli Fariz Azər oğlu ilə “Nubel As Constraksen” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 02 dekabr 2020-ci il tarixli, 52XGH27000100 saylı “əmək müqaviləsinin etibarsız hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məhkəmənin təşəbbüsü ilə müstəqil tələb irəli sürməyən üçünücü şəxs qismində cəlb edilmişdir. İddiaçı İsmayılbəyli Fariz Azər oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2022-ci ilin iyul ayında işə qəbul olmaq üçün bir neçə MMC-yə müraciət etmişdir. Həmin vaxt müəssisə rəhbəri ona “Nubel As Constraksen” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında əmək müqaviləsi olduğu halda onların müəssisəsində necə işləyəcəyini deyərkən o, həmin yoldaşa heç bir yerdə işləmədiyini bildirmişdir. Bundan sonra o, “my.gov.az” saytına daxil olub “Nubel As Constraksen” MMC ilə maraqlanmışdır. Həmin vaxt ona məlum oldu ki, 02.12.2020-ci il tarixdən “Nubel As Constrakşen” Məhdud Məsuliyyətli Cəmiyyəti 52XGH100 270001000 nömrəli müqavilə ilə 250 AZN əmək haqqı göstərilməklə aralarında əmək müqaviləsi bağlanmış, həmin müəssisə onu Ekspeditor vəzifəsinə işə qəbul etmişdir. 07.09.2022-ci il tarixdə isə fiziki şəxs Məhərrəmov Cavid Ramiz oğlu XGH27000200 nömrəli müqavilə ilə onunla əmək müqaviləsi bağlamış, müqavilədə 380 AZN əmək haqqı göstərilməklə guya ofis işinə qəbil olunduğu qeyd edilmişdir. Qeyd edir ki, yuxarıda adı qeyd olunan müəssisənin harada yerləşməsindən və həmin müəssisənin nə işlə məşğul olmasından məlumatı yoxdur, belə bir müəssisədə işləməmiş və heç vaxt həmin müəssisədən əmək haqqı almamışdır. Eyni zamanda fiziki şəxs Məhərrəmov Cavid Ramiz oğlunu tanımır, onun rəhbəri olduğu müəssisənin harada yerləşməsindən məlumatı yoxdur, onu işə götüməsi ilə əlaqədar aralarında hər hansı müqavilə olmamış və tərəfindən imzalanmamışdır. Yuxarıda qeyd olunan müəssisələrdə adına qeyd olunmuş saxta əmək müqavilələrinə xitam verilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar işəgötürənə müraciət edilməsini, işəgötürən bu vəzifəni icra etmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün olmadığı halda məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Məhkəmə iclasında iddiaçı İsmayılbəyli Fariz Azər oğlu oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında müstəqil tələb irəli sürməyən üçünücü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi Tağıyeva Esmira Azər qızı izahatında bildirdi ki, son zamanlar belə hallar baş verir, vətəndaşın şəxsi məlumatlarını əldə edib onun xəbəri olmadan müqavilə bağlayırlar. İddiaçı ərizə ilə Xidmətə müraciət edib və onlar ona rəsmi cavab verərək məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişini məhkəməyə təqdim etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və müstəqil tələb irəli sürməyən üçünücü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 12.08.2022-ci il tarixli, 22130322557 nömrəli məktubundan görünür ki, əmək müqaviləsinin olması barədə müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində baxılmışdır. Müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi və qanunverilicikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı hüquqi şəxs “Nubel As Constraksen” MMC-nin (Bakı şəhəri, Nizami rayonu, Yavər Səfərov, ev 28, mənzil 28) ünvanına rəsmi məktub göndərilmiş, lakin bugünədək cavab verilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından müraciətdə göstərilən halın yerində araşdırılması mümkün olmamışdır. Məlum edilir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə Dövlət Əmək Müfəttişliyi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Dövlət Əmək Müfəttişliyi Xidmətinə həvalə edilməlidir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 24 oktyabr 2022-ci il tarixli, № MŞB/5-03519 nömrəli arayışından görünür ki, “Nubel As Constraksen” MMC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. - Sosial arayışdan görünür ki, iddiaçı 02 dekabr 2020-ci il tarixli, 52XGH27000100 nömrəli əmək müqaviləsinə əsasən “Nubel As Constraksen” MMC-də agent, ekspeditor vəzifəsinə (əsas iş yeri) qəbul edilmiş və əmək müqaviləsi müddətsizdir. Məhkəmə iclasında müəyyən edildi ki, “Nubel As Constraksen” MMC tərəfindən 02 dekabr 2020-ci il tarixli, 52XGH27000100 nömrəli əmək müqaviləsi bağlanmış. Müaviləyə əsasən İsmayılbəyli Fariz Azər oğlu “Nubel As Constraksen” MMC-də agent, ekspeditor vəzifəsinə işə qəbul edilmişdir. Lakin iddiaçının əmək müqaviləsindən xəbəri olmamış və “Nubel As Constraksen” MMC-də işləməmiş, aralarında hər hansı əmək münasibətləri mövcud olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, “Nubel As Constraksen” MMC tərəfindən bağlanmış 02 dekabr 2020-ci il tarixli, 52XGH27000100 nömrəli əmək müqaviləsi İsmayılbəyli Fariz Azər oğlunun iradə ifadəsi olmadan birtərəfli qaydada bağlanmışdır. İddiaçı “Nubel As Constraksen” MMC-də müqavilədə qeyd olunan agent, ekspeditor vəzifəsində işləmədiyindən və əmək müqaviləsi Mülki Məcəllənin və Əmək Məcəlləsinin tələblərinə zidd bağlandığından etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 351.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.12.2019-cu il tarixli qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əmək Məcəlləsinin tələblərinə görə əmək müqaviləsi işə götürənlə işçi arasında əmək münasibətlərinin şərtlərini, tərəflərin hüquq və vəzifələrini obların iradə ifadəsinə uyğun olaraq əks etdirməlidir. Etibarsız hesab olunması tələb olunan müqavilə isə birtərəfli qaydada yalnız işə götürən tərəfindən bağlanmışdır. Yuxarıda qeyd olunan Plenum Qərarından da görünür ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi vacibdir. Göründüyü kimi 02 dekabr 2020-ci il tarixli, 52XGH27000100 nömrəli əmək müqaviləsi, müqavilənin hər iki sebyektinin yəni işə götürən və işçinin iştirakı olmadan bağlanmışdır. Beləliklə əmək müqaviləsi qanunvericiliyin tələbi pozulmaqla bağlandığından etibarsız əqddir. Həmçinin etibarsız əqdlər bağlandığı andan etibarsız olduğundan “Nubel As Constraksen” MMC tərəfindən bağlanmış 02 dekabr 2020-ci il tarixli, 52XGH27000100 nömrəli əmək müqaviləsi 02 dekabr 2020-ci il tarixdən etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İsmayılbəyli Fariz Azər oğlu ilə “Nubel As Constraksen” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 02 dekabr 2020-ci il tarixli, 52XGH27000100 nömrəli əmək müqaviləsi, etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, ona görə də məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İsmayılbəyli Fariz Azər oğlu ilə “Nubel As Constraksen” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 02 dekabr 2020-ci il tarixli, 52XGH27000100 nömrəli əmək müqaviləsi etibarsız hesab edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-486/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-486/2023
13.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver