Məhkəmə qərarları › İş №2(007)-489/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-489/2025

23.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-489/2025 23.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” Hakim Yusifova Ülkər Bayram qzının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb

1. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə 03/06X nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, mediasiyaya ödənilmiş 50 manat dövlət rüsumu və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 06 noyabr 2023-cü il tarixində onunla "xxxx" MMC arasında əmək müqaviləsi bağlanılaraq usta vəzifəsinə təyin olunmuşdur. O, işlədiyi müddətdə heç bir əmək intizamını pozmamış, həmişə yaxşı işçilər sırasında olmuş, öhdəsinə düşən işi vaxtında və layiqincə yerinə yetirmişdir. Kollektiv arasında özünə görə hörməti olub. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərini (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək) tələblərini yerinə yetirmişdi. 18 iyun 2024-cü il tarixində özünü yaxşı hiss etmədiyinə görə həkimə müraciət etmişdi. Həkim onu yoxlayandan sonra bildirdi ki, belə vəziyyətdə işə gedə bilməz. Müalicə alınması üçün həkim ona 11 (on bir) gün müddətinə bülleten açdırdı. Müalicə alıb sağalandan sonra işə gəlib öz bülletenini “Dalyan" MMC-nin rəhbərliyinə təqdim edəndə ona bildirdi ki, “Səni artıq işdən azad etmişəm”. O, idarənin rəhbərliyinə bildirdi ki, onun ərizəsi olmadan, imza atmadan və eləcə də bülletendə olduğu müddətdə hansı əsaslara görə onu işdən azad edib? "xxxx" MMC-nin rəhbəri ona bildirdi ki, get kimə istəyirsən, şikayət elə. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinə müraciət edib. Məktubuna cavab olaraq bildirdilər ki, "xxxx" MMC-nin tərəfindən X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş işdənçıxma ərizəsinə əsasən Sizinlə Cavabdeh MMC-nin işəgötürəni arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində öz xahişinizlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə (tərəflərin birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olmuşdur. O, bu barədə Əmək Müfəttişliyinə bir daha bildirdi ki, işdən çıxması barədə o, ərizə yazmamış, imza atmamışdır. O, 19 iyun 2024-cü ildə bülletendə olmuşdur. Amma onun əmək kitabçasına 19 iyun 2024-cü ildə xitam veriblər. “Dalyan" MMC-nin rəhbəri onun adından saxta ərizə tərtib etməklə qanunsuz onu işdən çıxardıb. Belə ki, işdə ərizə ilə tanış olanda gördü ki, bu onun xətti deyil. Sözügedən məsələ ilə bağlı Əmək Müfəttişliyi cavab olaraq ona bildirdi ki, Sizin məhkəməyə müraciət etmək hüququnuz vardır.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 bildirdi ki, iddia tələbini qəbul etmirlər. İddiaçı xx.xx.2024-cü il tarixdə səhhətinə görə öz ərizəsi ilə işdən çıxmışdır.

İş materialları:

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin X3 ünvanladığı 12 avqust 2024-cü il tarixli məktubundan görünür ki, "Sizin "xxxx" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron- Xızı regional şöbəsinə ünvanladığınız müraciətə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Eyni zamanda müraciətinizdə qeyd etdiyiniz məsələlərlə əlaqədar əlavə izahatınızın alınması məqsədilə sizə yaxın olan DOST mərkəzinə və ya X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə gəlməyiniz 3-17-5/2-A-42816/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla (Sumqayıt şəhəri, 12-ci mikrorayon, mənzil 19 ev 30) xahiş olunsa da, gəlməmisiniz və araşdırmaya hər hansı sübut təqdim etməmisiniz. Müraciətinizlə əlaqədar "xxxx" MMC-nin ünvanına (ünvan 4-5/2-42817/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş və sizə aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. "xxxx" MMC tərəfindən X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş işdənçıxma ərizənizə əsasən sizinlə "xxxx" MMC-nin işəgötürəni arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində öz xahişinizlə Azərbaycan Respublikasınnın Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olmuşdur. Həmçinin, tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Sizinlə "xxxx" MMC-nin işəgötürəni arasında bağlanmış əmək müqaviləsinə dair bildirişin xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-cü maddəsinin 2-ci hissəsinin "a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsaslanmaqla qüvvədən salındığı məlum olmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, X6 Xidmətinin Bakı şəhər idarəsinə yaxınlaşaraq işdənçıxma ərizənizlə tanış ola bilərsiniz. "xxxx" MMC tərəfindən X6 Xidmətinin Bakı şəhər idarəsinə sənədlər tam təqdim edildiyi təqdirdə müraciətinizə yenidən baxılaraq cavab veriləcəkdir. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.”

6. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 18 oktyabr 2024-cü il tarixli, MŞB/18/2024-01094 nömrəli arayışdan görünür ki, hər iki tərəf 18 oktyabr 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etsə də mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 manat mediasiya xərcini ödəmişdir.

7. 01 iyul 2024-cü il tarixli müraciət vərəqəsinin surətindən görünür ki, müraciətin məzmunu: vətəndaş əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyini bildirdi və təsdiqedici sənədlər təqdim etdi.

8. 14 iyun tarixli ərizənin surətindən görünür ki, İddiaçı səhhəti ilə əlaqədar 14 iyun 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini və əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir.

9. 0012112 nömrəli əmək kitabçasının və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən surətindən görünür ki, İddiaçı Cavabdehndə 06 noyabr 2023-cü il tarixdə usta vəzifəsinə təyin olunmuşdur. Aylıq əmək haqqı 784 manatdır.

10. xx.xx.2024-cü-cü il tarixli, 03/06X nömrəli əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən işdən azad edilmişdir. İşçinin işlədiyi müddətdə (xx.xx.2023-xx.xx.2024) istifadə edilməmiş 18.3 gün əmək məzuniyyətinin son haqqhesabının hesablanıb ödənilməsi əmr edilmişdir.

11. Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2024xx.xx.2024, xx.xx.2024-xx.xx.2024-cü il tarixdə əmək qabiliyyəti olmamışdır. xx.xx.2024-cü il tarixdə işə başlamalıdır.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/20/2025 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı adından Cavabdehnə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə “imza” qrafasındakı imza- İddiaçı tərəfindən icra olunmuşdur. İşin faktiki halları:

13. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdehndə 06 noyabr 2023-cü il tarixdə usta vəzifəsinə təyin olunmuşdur. xx.xx.2024-cü il tarixdə ərizə yazaraq səhhəti ilə əlaqədar işdən çıxmışdır. xx.xx.2024-cü-cü il tarixli, 03/06X nömrəli əmrlə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən işdən azad edilmişdir. Hazırda iddiaçı xx.xx.2024-cü il tarixdə 03/06X nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, mediasiyaya ödənilmiş 50 manat dövlət rüsumu və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 73-cü maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

15. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

Əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə (bundan sonra – X6 Xidməti) müraciət edirlər. Bu isə fərdi əmək mübahisələri zamanı qeyd edilən X6 Xidmətinin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirir.

16. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar:

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı:

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia tələbi rədd edilməlidir.

19. Belə ki, İddiaçı Cavabdehndə 06 noyabr 2023-cü il tarixdə usta vəzifəsinə təyin olunmuşdur. xx.xx.2024-cü il tarixdə ərizə yazaraq səhhəti ilə əlaqədar işdən çıxmışdır. xx.xx.2024-cü-cü il tarixli, 03/06X nömrəli əmrlə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən işdən azad edilmişdir.

20. İddiaçı iddia edir ki, işdən çıxma barədə ərizəni o, yazmamışdır. Bununla bağlı məhkəmə xətşünaslıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/20/2025 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı adından Cavabdehnə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə “imza” qrafasındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Göründüyü kimi iddiaçı ərizəni yazmadığını iddia etsə də bunun əksini sübut edə bilməmişdir.

21. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı xx.xx.2024xx.xx.2024, xx.xx.2024-xx.xx.2024-cü il tarixdə əmək qabiliyyətinin olmaması vərəqəsi təqdim etsə də qanunvericiliyin tələbinə əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işəgötürən tərəfindən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İddiaçının əmək müqaviləsinə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir.

22. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbini yetəri qədər sübuta yetirməmişdir. Odur ki, iddia tələbi təmin edilə bilməz.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışının hədləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu:

9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmə xərcləri:

26. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

27. Məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 137 manat İddiaçı tutularaq X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

28. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərclərinə aid olan dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 137 manat İddiaçı tutularaq X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar