Məhkəmə qərarları › İş №2(007)-500/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-500/2024

05.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-500/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “Asan Xidmət” X2rşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “doğum akt qeydinin bərpası” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili X3 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “Asan Xidmət” X2rşı “doğum haqqında akt qeydinin bərpası” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :

1. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “Asan Xidmət” X2rşı “doğum haqqında akt qeydinin bərpası” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun doğum tarixinin doğum haqqında şəhadətnamədə göstərildiyi kimi xx.xx.1957-ci il tarixi qeyd olunaraq doğum haqqında akt qeydinin bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, o xx.xx.1957-ci il tarixdə keçmiş Ermənistan SSRnin Əzizbəyov rayonun Her-Her kəndində anadan olmuşdur. Bu barədə ona doğum haqqında şəhadətnamə verilmişdir və şəhadətnamə Ermənistan SSR-nin Əzizbəyov rayonun Her-Her kəndində sovetində qeydiyyata alınmışdır. Həmin doğum haqqında şəhadətnamədə atasının adı X9, anasının adı X1 olduğu qeyd edilmişdir. Lakin ona xx.xx.2011-ci il tarixdə Bakı Şəhəri Nizami RPİ-tərəfındən verilmiş şəxsiyyət vəsiqəsində səhvən doğum tarixi xx.xx.1959-cu il kimi göstərilmişdir. Doğum haqqında şəhadətnamənin tərcümə olunmuş və notariat qaydada təsdiq olunmuş surətini cavabdeh təşkilata təqdim edərək doğum tarixinin doğum haqqında şəhadətnamədə göstərildiyi kimi qeyd olunaraq yeni şəxsiyyət vəsiqəsi verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ona verilmiş rəsmi cavabda qeyd edilmişdir ki, "sizin doğum tarixiniz şəxsiyyət vəsiqəsində xx.xx.1959-cu il olduğu halda doğum haqqında şəhadətnamədə xx.xx.1957-ci il kimi qeyd edilmişdir. Əlavə edilmişdir ki, doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində olan məlumatlar ziddiyyətli olduğundan doğum haqqında akt qeydinin bərpası tərəflərindən mümkün olmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Buna görə də, onun doğum haqqında akt qeydinin bərpasına heç bir zərurət olmadığı qənaətinə gələrək, doğum tarixinin düzgün göstərilməklə ona yeni şəxsiyyət vəsiqəsi verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə yuxarıda qeyd olunan mübahisəyə adi məhkəmələrdə baxılmalı olması əsası ilə həmin iddia mümkün sayılmamışdır. Bu onunla əsaslandırılmışdır ki, onun doğumunun qeydə alınmasına dair akt qeydi aşkar olunmamışdır, təqdim etdiyi sənəddə isə ziddiyyət vardır, belə ki, şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.1959-cu il, doğum şəhadətnaməsində isə xx.xx.1957- ci il kimi qeyd edilmişdir və o faktiki olaraq, doğum tarixinin xx.xx.1957-ci il kimi qeyd olunaraq akt qeydinin bərpasını tələb edir. Buna görə də akt qeydinin bərpası üçün məhkəmə qaydasında doğumun qeyd edilmə faktı müəyyən edilməlidir. Onu da bildirir ki, onun doğum tarixi doğum haqqında şəhadətnamədə qeyd olunmuş kimi yəni xx.xx.1957-ci il kimi qeyd olunaraq doğum haqqında akt qeydinin bərpa olunması onun üçün ona görə zəruridir ki, 65 yaşı tamam olduğu gündən ona yaşa görə əmək pensiyası təyin olunsun. Hazırda şəxsiyyət vəsiqəsində səhvən qeyd olunmuş doğum tarixi onun pensiya hüquqlarının pozulmasına səbəb olur. Ona görə də hesab edir ki, onun hüquqlarının təmin olunması üçün onun doğum tarixi xx.xx.1957-ci il kimi qeyd olunaraq doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməlidir.

İş materialları :

3. İ-seriyalı, 010615 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə olunmuş və notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə Ermənistan SSR Əzizbəyov rayonu Her-Her kəndində anadan olmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.1957-ci il tarixdə 58 saylı qeydiyyat aparılmışdır. Doğum haqqında şəhadətnamə xx.xx.1957-ci il tarixdə Əzizbəyov rayonu, Her-Her kənd soveti tərəfindən qeydə alınmışdır.

4. Bakı şəhəri, Nizami RPİ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, seriya AZE № 0*******-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi şəxsiyyət vəsiqəsində doğulduğu yer olaraq Ermənistan Əzizbəyov rayonu, doğum tarixi olaraq xx.xx.1959-cu il tarixi qeyd edilmişdir.

5. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayonu MKTB-nin 57 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 235 nömrəli arayışından görünür ki, Ərizəçi Qara Qarayev küçəsi 61 saylı evin 101 nömrəli mənzilində qeydiyyatdadır.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN Xidmət” X4 Ərizəçi ünvanlandırdığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, həmin məktubda sənədlərin yoxlanılması zamanı şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.1959-cu il olduğu halda, doğum haqqında şəhadətnamədə xx.xx.1957-ci il qeyd edildiyi aşkar edildiyi və doğum haqqında şəhadətnamə ilə şəxsiyyət vəsiqəsində məlumatların ziddiyyətli olduğundan doğum haqında akt qeydinin bərpasının mümkün olmadığı və məhkəməyə müraciət etməsinin tövsiyə olunduğu bildirilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11730/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, iddiaçı Ərizəçi cavabdeh 5 saylı Bakı “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı “doğum aktı qeydinə düzəliş edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.

8. Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, həmin məktubda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Ərizəçi doğumu haqqında hər hansı məlumatın aşkar olunmadığı bildirilmişdir.

9. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

10. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq ərizəçi izahatında doğum haqqında şəhadətnamənin əslinin özündə olduğunu bildirmişdir.

11. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X6 ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ərizəçinin doğum haqqında şəhadətnaməsinin mötəbərliyi şübhə doğura bilməz. Ərizəçi şəxsiyyət vəsiqəsindən çox da istifadə etmədiyindən şəxsiyyət vəsiqəsində doğum tarixinin səhv qeyd edildiyi yalnız pensiya yaşının çatması ilə əlaqədar pensiya təyin edilməsi üçün aidiyyəti orqana müraciət edərkən ona məlum olmuşdur.

Şahid ifadələri:

12. Məhkəmə iclasında iştirak edən şahid X11 izahatında ərizəçini tanıdığını, ərizəçi onun əmisi nəvəsi olduğunu bildirmişdir. X11 onuda bildirmişdir ki, o ərizəçidən 5-6 yaş böyükdür və ərizəçinin böyük bacısı ilə məktəbdə birlikdə oxumuşdur. Ərizəçi ilə eyni məktəbə getmişdir, ərizəçi ondan 5-6 sinif aşağı sinifdə oxumuşdur. 2017-ci il tarixində ərizəçinin 60 illik yubileyində iştirak etmiş, ərizəçinin ad günlərinə dəvət edildiyi zaman getmiş və ad günü soyuq aylarda, təxmini noyabr ayının əvvəlində olmuşdur.

13. Məhkəmə iclasında iştirak edən şahid X8 izahatında ərizəçinin onun qardaşı olduğunu və münasibətlərinin yaxşı olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, onlar ailədə 6 uşaq olmuşlar, o evin böyük övladıdır, ərizəçi ikinci uşaqdır, üçüncü uşaq olan bacısı Nailə 1962-ci il tarixində doğulmuşdur. O, 1959-ci ildə birinci sinifə başlamışdır və bu zaman ərizəçinin 2 yaşı olmuşdur.

14. Məhkəmə iclasında iştirak edən şahid X12 izahatında o ərizəçinin onun həyat yoldaşının qardaşı olduğunu və münasibətlərinin yaxşı olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o 1946-cı il tarixində anadan olmuşdur. O, 2017-ci il tarixində ərizəçinin 60 illik yubleyində iştirak etmişdir. Ad günündə həmçinin Camalov Vaqif də iştirak etmişdir.

Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsi :

158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın:

13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

19. Vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün itirilmiş qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.

20. Rəy toplanmış bütün materiallarla birlikdə itirilmiş qeydin olduğu yerdəki qeydiyyat şöbələrində və konsulluq idarələrində bərpa qeydiyyat kitabında qeydə alınır.

21. Vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildikdə, qeydiyyat şöbələri və konsulluq idarələri vətəndaşlıq vəziyyəti aktının qeydinin bərpasını məhkəmənin qətnaməsinə əsasən qərar qəbul etmədən qeydə alır.

19. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının:

1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

İşin faktiki halı :

20. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1957-ci ildə Ermənistan SSR Əzizbəyov rayonu Her-Her kəndində anadan olmuşdur, lakin onun şəxsiyyət vəsiqəsində doğum tarixi olaraq xx.xx.1959-cu il tarixi qeyd edilmişdir. Ərizəçi pensiya yaşı tamam olduğu gündən ona yaşa görə əmək pensiyası təyin olunması məqsədi ilə doğum tarixini doğum haqqında şəhadətnaməmdə qeyd olunduğu kimi, yəni xx.xx.1957-ci il tarixi olaraq qeyd edilməklə doğum haqqında akt qeydinin bərpa olunmasını istəyir. Bunun ilə əlaqədar ərizəçi 5 saylı Bakı “ASAN Xidmət” X5 müraciət etsədə, doğum akt qeydinin bərpasına nail ola bilməmişdir.

21. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpasının məhkəmədən kənar müəyyən edilməsi mümkün deyildir.

22. Məhkəmə qeyd edir ki, Ərizəçi Ermənistan SSR Əzizbəyov rayonu Her-Her kəndində xx.xx.1957-ci il tarixində anadan olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.

Məhkəmənin mövqeyi :

23. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi şərtlərinə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyətli faktlar olması və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməsi daxildir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə, isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır.

25. Mülki işin materiallarından da görünür ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum haqqında şəhadətnamədəki doğum tarixi ilə şəxsiyyət vəsiqəsində qeyd edilən doğum tarixi arasında ziddiyyətlərin olması səbəbindən doğum haqında akt qeydinin bərpası mümkün olmamışdır. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

27. Qeyd etmək lazımdır ki, Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş rayonlarda həmin sənədləri qeydə alan müvafiq orqanın (VVAQ orqanı, notariat kontoru və s.) arxivinin yanması, itirilməsi nəticəsində hüquqmüəyyənedici sənədin bərpası hazırki vəziyyətdə qeyri-mümkündür. Göründüyü kimi, Ərizəçi doğum haqında akt qeydinin bərpası mümkün olmadığından həmin fakt yalnız məhkəmə tərəfindən müəyyən edilə bilər.

28. Yuxarıda qeyd etdiyimiz Plenum qərarına əsasən doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

29. Ərizəçi tərəfindən təqdim edilən Əzizbəyov rayonu, Her-Her kənd soveti tərəfindən xx.xx.1957-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçi xx.xx.1957-ci il tarixdə doğulmuşdur.

30. Məhkəmə işin faktiki hallarını araşdırıb hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur. Ərizəçinin pensiya ilə bağlı hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktının müəyyən edilməsindən birbaşa asılıdır.

31. Belə ki, ərizəçinin doğum tarixində ziddiyyətlərin olması onun pensiya təminatı ilə bağlı hüquqlarının pozulmasına səbəb olur. Buna görə də ərizəçinin doğum haqında akt qeydinin bərpasına dair tələbini məhkəmə əsaslı hesab edir.

32. Məhkəmə qeyd edir ki, ərizəçinin izahatı, şahidlərin ifadələri, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlarla Ərizəçi Ermənistan SSR Əzizbəyov rayonu Her-Her kəndində xx.xx.1957-ci il tarixində doğulması faktı tam sübuta yetirilir. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir.

33. Odur ki, ərizəçinin doğumu haqqında akt qeydinin bərpasının hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmişdir və onun doğum haqında akt qeydi bərpa olunmalıdır.

Nəticə :

34. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və Ərizəçi doğum tarixi Əzizbəyov rayonu, Her-Her kənd soveti tərəfindən xx.xx.1957-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədə qeyd edildiyi kimi xx.xx.1957-ci il (iki noyabr min doqquz yüz əlli yeddinci il) olaraq qeyd olunmalıdır.

35. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi :

Ərizə təmin edilsin. Ərizəçi doğum tarixi Əzizbəyov rayonu, Her-Her kənd soveti tərəfindən xx.xx.1957-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədə qeyd edildiyi kimi xx.xx.1957-ci il (iki noyabr min doqquz yüz əlli yeddinci il) olaraq qeyd olunmaqla doğum akt qeydi bərpa olunsun. Doğum akt qeydinin bərpa edilməsi doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar