Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-522/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 45, 29 saylı mənzil tam pay hüququ ilə onun xüsusi mülkiyyətindədir. Belə ki, həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən onun adına tam mülkiyyət hüququ ilə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və 01.10.2020-ci il tarixdə bu barədə reyestr kitabında ********** qeydiyyat nömrəsi ilə qeydiyyat aparılmışdır. Məlumat üçün qeyd edir ki, o, 16.09.2021-ci il tarixdə 14 saylı notariat ofisində notarial qaydada rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında dəyərini tam ödəməklə sözügedən mənzili Cavabdeh almış və sonuncu alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən 16.12.2020-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, təəssüf ki, könüllü olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Eyni zamanda qeyd edir ki, cavabdehlə onun və ya ailə üzvlərinin hər hansı qohumluq münasibəti yoxdur. Cavabdeh 16.09.2020-ci il tarixdən hazırki günədək onun mənzilində yaşamamış və istifadə etməmişdir. Ona görə də cavabdehin ona məxsus mənzilə dair pasport qeydiyyatında olması ona həm maddi ziyan vurmaqla, həmçinin onun mənzilindən sərbəst istifadə və sərəncam vermək kimi hüquqlarını kobud surətdə məhdudlaşdırır. Cavabdehdən mənzilindən pasport qeydiyyatından çıxmasını xahiş etsə də, onun könüllü olaraq mənzildən çıxması mümkün olmamışdır. Hesab edir ki, cavabdehin onun xüsusi mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi məhkəmə qaydasında həll edilməlidir. Qeyd edilənlərə əsasən, Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 45, 29 saylı mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh ilə İddiaçı arasında 16 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-1066 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 29 saylı mənzilini İddiaçı sataraq, onun mülkiyyətinə vermişdir; Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 95500 manata satmış, alıcı isə həmin qiymətə almışdır; Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə 10 oktyabr 2020-ci il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 13-cü bəndinə əsasən satıcı 16 dekabr 2020-ci il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 29 saylı mənzili 01 oktyabr 2020-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır; - 6 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı, X3, X1, X2 və Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Bəkir Çoban-Zadə küçəsindəki 45 saylı evin 29 saylı mənzilində qeydiyyatdadırlar; Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 29 saylı mənzili Cavabdeh mülkiyyətində olmuşdur. Cavabdeh 16 sentyabr 2020-ci il tarixdə İddiaçı ilə daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilə bağlayıb, mülkiyyətində olan həmin mənzili İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Alqı-satqı müqaviləsinin bağlanmasından sonra həmin mənzilə İddiaçı mülkiyyət hüququ tanınmış və mənzil üzərində bu mülkiyyət hüququ 01 oktyabr 2020-ci il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilin satılmasına və müvafiq qaydada öhdəlik götürməsinə baxmayaraq, cavabdeh qeydiyyatdan çıxmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 16 sentyabr 2020-ci il tarixdə bağladığı daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqaviləyə əsasən mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 29 saylı mənzilini İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Hazırda mənzil iddiaçının xüsusi mülkiyyətində olsa da, keçmiş mülkiyyətçi alqı-satqı müqaviləsi əsasında öhdəlik götürülməsinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdehin mənzildə qeydiyyatda qalması mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının tələbi əsaslıdır, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 29 saylı mənzilindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 29 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-522/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-522/2022
17.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver