Məhkəmə qərarları › İş №2(007)-535/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-535/2024

26.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-535/2024 26.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “X10” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı barəsində "Əmək Müqaviləsi"nə xitam verilməsi barədə 1538 saylı, 13 sentyabr 2023-cü il tarixli əmrini qanunsuz və əsassız hesab edərək iddiaçının işə bərpa edilməsi, iddiaçının qanunsuz işdən azad olunduğu gündən başlayaraq qətnamə icra olunacaq günə kimi məcburi iş buraxmasına görə əmək haqqının ödənilməsi, habelə iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 17.000 manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 200 manat xərcin və Bakı 9 saylı mediasiya Təşkilatının hesabına ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdehndən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 03 may 2018-ci il tarixdə "Əmək müqaviləsi" bağlanmış, həmin əmək müqaviləsinə əsasən iddiaçı cəmiyyətə xəstə məsləhətçi vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh 1538 saylı, 13 sentyabr 2023-cii il tarixli Əmrinə əsasən iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının cavabdehlə arasında olan əmək mübahisəsi ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin təklifə cavabdeh tərəfindən müsbət cavab verilməmiş, bundan sonra iddiaçı Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət etmiş, Bakı 9 saylı Mediasiya Təşkilatı iddiaçının əmək mübahisəsinə baxmaq üçün mediator X1 təyin etmişdir. Onun tərəfindən ilkin mediasiya sessiyası 23 oktyabr 2023-cü il tarixdə təyin olunmuşdur. İlkin mediasiya sessiyasında iddiaçı iştirak etsə də cavabdeh tərəfindən iştirak olmamış, bu səbəbdən mediator X2 tərəfindən ilkin mediasiya sessiyasında cavabdehin iştirak edilməməsi barədə MŞB/9/2023-02006 nömrəli, 23 oktyabr 2023-cü il tarixli Arayış verilmişdir. Cavabdeh hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddi hüquq normalarını pozmaqla iddiaçının əmək hüquqlarını pozmuşdur. Bu səbəbdən iddiaçı pozulmuş əmək hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən açıq aydın görünür ki, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə hüquqi əsasından aslı olmayaraq, xitam vermək niyyətində olduğunu ifadə etmişdir. Bu bir daha o faktı təsdiq edir ki, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunla müəyyən edilmiş əsaslar əsasında deyil yalnız öz istəyi səbəbindən xitam vermişdir. Göründüyü kimi qeyd olunan maddi hüquq normasının məzmunda işçinin əmək vəzifələrinin kobud pozuntusunun halları dəqiq ifadə olunmuşdur. Qeyd olunan əmək vəzifələrinin kobud pozuntusunun törədilməsini təsdiq edən isə heç bir hüquqi sənəd yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsinə əsasən işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin. Cavabdeh isə məlumatlı idi ki, iddiaçının 02 sentyabr 2022-ci il təvəllüdlü uşağı var və qanunun bu tələbinə də cavabdeh tərəfindən əməl olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, İddiaçı vəzifəsi xəstəxanaya müraciət edən şəxslərə kömək etmək olmuşdur. O, da heç bir qanunsuz hərəkət etməmişdir. Aparat vasitəsi ilə ödəniş edə bilməyən yaşlı və xəstə adamlara kömək məqsədi ilə ödənilməli olan vəsaiti öz bank kartından ödəməklə köməklik etmişdir. Bu hal heç də mənimsəmə demək deyil və İddiaçı tərəfindən ona məxsus bank kartından ödəniş etməsi nəticəsində müəssiəyə maddi ziyan vurulmamışdır. Xəstənin ödəniş etdiyi məbləği sadəcə öz bank hesabından ödəmişdir. Bunu səsi yazılan zaman da demişdir. Bundan başqa işə götürən iddiaçının işdən çıxarma səbəbini Əmək Məcəlləsinin tələbinə görə əsaslandırmamışdır. Həmçinin cavabdeh xəstəxana iddiaçını işdən çıxarda bilməzdi çünki onun xx.xx.2022-ci il təvəllüdlü 3 yaşınadək uşağı var. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiklərini bildirmişdir. Əlavə olaraq bildirdi ki, İddiaçı müəssiyə ziyan vurmuşdur. Xəstələrin ödənişlərini öz bank kartına yükləyib ödənişi oradan edirdi. Özü də bunu etiraf etmişdir bu özünə məlumat verilməklə yazılmış səs yazısında öz əksini tapır. Bununla bağlı prokurorluğa müraciət olunmuşdur və Ş. Nəzərova barəsində araşdırma gedir. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 2 aylıq sınaq müddəti müəyyən edilməklə Cavabdeh MMC-də “xəstə məsləhətçisi” vəzifəsinə işə qəbul edilmişdir. İşə başlama tarixi xx.xx.2018-ci il müəyyən edilmişdir. Müqavilədə əmək münasibətlərinin müddəti 1 il göstərilmişdir. - xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, əmək müqaviləsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək bağlanmışdır. - xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, işəgötürən işçiyə əmək müqaviləsi üzrə öhdəliklərinin icrası ilə əlaqədar işəgötürənin daxili qaydalarına uyğun olaraq əmlak, maddi və ya digər sərvətləri etibar edir, işçi isə ona etibar edilmiş əmlak, maddi və ya digər sərvətlərin salamatlığının təmin olunmasını və bununla bağlı tam maddi məsuliyyəti öhdəsinə götürür. - Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixdə təklif göndərilmişdir. - xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 50 manat ilkin mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. - xx.xx.2023-cü il tarixli 1538 saylı əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrdə əsas: rəhbərliyin göstərişi qeyd edilmişdir. - ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-yə xəstə məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. - Xəstəxanın xidmətləri şöbəsinin xəstə məsləhətçisi İddiaçı izahatından görünür ki, bundan öncə onun razılığı ilə səsini yazıblar. Demək istədiklərini izahat vermək istədiyi səs yazısında olduğu üçün burada yazmağa ehtiyac duymur. - AZ-İV seriyalı, 795675 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 02 sentyabr 2022-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X4, ana qrafasında X5 qeyd edilmişdir. - 1 ədəd CD diskdən görünür ki, İddiaçı səs yazılarını və xəstəxanadakı video görüntülərini əks etdirir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2018-ci il tarixdə “X10” MMCdə “xəstə məsləhətçisi” vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli 1538 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Hazırda İddiaçı cavabdeh “X10” MMC-nin xx.xx.2023-cü il tarixli 1538 nömrəli əmrinin ləğv edilməsini, işə bərpa edilməsini, qanunsuz işdən azad olunduğu gündən başlayaraq qətnamə icra olunacaq günə kimi məcburi iş buraxmasına görə əmək haqqının ödənilməsini, habelə, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 17.000 manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 200 manat xərcin və Bakı 9 saylı mediasiya təşkilatının hesabına ödənilmiş 50 manat mediasiya xərcinin “X10” MMC-dən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi İddiaçı xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edildikdən sonra xx.xx.2023-cü il tarixdə əmək kitabçasını əldə etmişdir. O, fərdi əmək mübahisəsinin həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2023-cü il tarixdə “X10” MMCyə təklif göndərilmişdir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əməl etməklə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Məhkəmə iddia tələbinin cavabdeh “X10” MMC-nin xx.xx.2023-cü il tarixli 1538 nömrəli əmrinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hazırki işin hallarından müəyyən olunur ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə əsas kimi təqdim etdiyi sübutlar işin faktiki halları ilə uyğun gəlmir. xx.xx.2018-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin surətindən göründüyü kimi iddiaçının əmək funskiyalarının konkret dairəsi müəyyənləşdirilmişdir. Həmin əmək funksiyalarının dairəsinə görə iddiaçı müalicə müəssisəsinə tibbi yardım üçün müraciət edən xəstələrin qeydiyyatını aparmalı, xəstələrin tibb kartoçkalarının saxlanılmasını və həkimin kabinetinə çatdırılmasını təmin edir, tibbi sığorta da daxil olmaqla lazımi sənəd və blankların doldurulmasında xəstəyə yardım edir, sığorta şirkətləri tərəfindən daxil olan zənglər əsasında sığortalı şəxsin qeydiyyatını aparır, müayinə xərcləri də daxil olmaqla bütün informasiyaların düzgünlüyünü yoxlayır, klinikanın prosedur və qaydaları haqqında xəstəni məlumatlandırır, xəstə haqqında qeydlər aparır və məlumatlar bazasına daxil edir, xəstənin müəyyən olunmuş ardıcıllığa əsasən tibbi xidmətlərdən keçməsinə yardımçı olur və onu müşayiət edir, gələn zəngləri və sorğuları cavablandırır, zəngləri tələbə uyğun şəkildə yönləndirir, müəyyən olunmuş iş normalarını və istehsalat tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirir, sənədlərlə iş qaydasını, müəssisənin daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını bilməlidir kimi vəzifə öhdəlikləri daşımışdır. Göründüyü kimi iddiaçının tibbi yardım üçün müraciət edən şəxslərə köməklik göstərmək kimi vəzifə öhdəlikləri olmuşdur. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci ildə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi bildirmişdir ki, İddiaçı tərəfindən əmək şərtləri kobud şəkildə pozulduğu, yəni o vəzifədən sui-istifadə edərək vətəndaşlardan aldığı nağd pulları özünə məxsus kartlara ataraq xəstəxanın hesabına kart vasitəsilə köçürmüşdür. Bunun nəticəsində “X10” MMC ödəmələrində gecikmələr olmuş və xəstəxanaya ziyan dəymişdir. Bundan əlavə İddiaçı tutduğu əmələ görə xəstəxanaya əlavə olaraq komisyon haqqı ödəməyə məcbur olmuşdur. Eyni zamanda İddiaçı nağd şəkildə ödənilən məbləğlər sistemdə əks olunmur. Bu səbəbdən cavabdeh Nizami Rayon Prokurorluğuna müraciət etmişdir. Məhkəmə bu məsələyə münasibətdə qeyd edir ki, cavabdeh tərəf qeyd etdiyi ziyanın nədən ibarət olması, yəni xəstəxanın əlavə olaraq komisyon haqqı ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin İddiaçı tərəfindən xəstəxanaya hansı məbləğdə ziyan dəyməsini sübut edə bilməmişdir. Nizami Rayon Prokurorluğuna isə iddiaçını işdən azad etdikdən 9 ay sonra iddiaçı məhkəməyə müraciət edəndən sonra müraciət olunmuşdur. Cavabdeh tərəfin təqdim etdiyi CD diskə münasibətdə isə məhkəmə qeyd edir ki, səs yazısından da müəyyən olunur ki, iddiaçı sıxlıq olduğu dövrlərdə xəstələrə kömək etmək məqsədilə xəstələrdən aldığı pul vəsaitini özünə məxsus kartlara ataraq xəstəxanın hesabına köçürmüşdür. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2023-cü il tarixli 1538 nömrəli əmrdən görünür ki, əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) qeyd olunsa da əmrdə işçinin konkret hansı hüquq pozuntularına yol verməsi qeyd olunmamışdır. Halbuki, Əmək Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan başqa sözügedən əmrin verilməsinin əsası rəhbərliyin göstərişi qeyd olunmuşdur. Bundan belə nəticəyə gəlmək olar ki, iddiaçının işdən azad olunmasına ciddi səbəb olmamış, sadəcə rəhbərliyin göstərişi ilə Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsi üçün nəzərdə tutulmuş ən ağır maddəsi ilə iddiaçının karyerasına son qoyulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Bundan başqa “X10” MMC-nin vəkili və nümayəndəsi İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə səbəb əmək funksiyasını yerinə yetirməməsi olmasını bildirmişdir. Lakin əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilədə qeyd edilən əmək funksiyalarının pozulması ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunanlardan başqa cavabdeh xəstəxana Əmək Məcəlləsinin 79-cu maddəsinə zidd olaraq iddiaçının əmək müqaviləsini ləğv etmişdir. Belə ki, “X10” MMC İddiaçı 3 yaşına çatmamış uşağı olmasını nəzərə almamışdır. İş materiallarına əlavə olunmuş doğum haqqnda şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-ci maddəsinə əsasən işəgötürən tərəfindən üç yaşınadək uşağı olan qadınların Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə iddia tələbinin “iddiaçının əvvəlki vəzifəsinə bərpa olunmağı, qanunsuz işdən azad olunduğu gündən başlayaraq qətnamə icra olunacaq günə kimi məcburi iş buraxmasına görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2023-cü il tarixli 1538 nömrəli əmr ləğv edildiyindən İddiaçı “məşğulluq təsnifatı üzrə: qeydiyyatçı, əmək müqaviləsi üzrə: xəstə məsləhətçisi” vəzifəsinə bərpa olunmalıdır. Əmək Məcəlləsinin 74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Məhkəmə iddia tələbinin “işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqının İddiaçı ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı “məşğulluq təsnifatı üzrə: qeydiyyatçı, əmək müqaviləsi üzrə: xəstə məsləhətçisi” vəzifəsinə qəbul olunmuşdur. Beləliklə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 1538 nömrəli əmri qanunsuz və əsassız olduğundan məhkəmə hesab edir ki, cavabdehin təqsiri üzündən iddiaçı əmək haqqı almamışdır. Ona görə iddia həmin hissədə təmin edilməli, işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132.1-ci maddəsinə əsasən məzuniyyət hüququ verən əmək stajı hesablanarkən əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü daxil edilir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçiyə əmək haqqı işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin “d” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. 132-ci maddəsinə əsasən məzuniyyət hüququ verən əmək stajı hesablanarkən əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü daxil edilir. 154-cü maddəsinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Odur ki, xx.xx.2023-cü il tarixli 1538 nömrəli əmr ləğv edildiyindən və işçi əvvəlki vəzifəsinə işə bərpa edildiyindən İddiaçı işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Məhkəmə iddia tələbində qeyd edilən “qətnamə icra olunacaq günə kimi məcburi iş buraxmasına görə əmək haqqının ödənilməsi” dedikdə işçinin işə bərpa olunduğu gün nəzərdə tutulur. Yəni işçinin işə bərpa olunması barədə qətnamə qanuni qüvvəsini aldıqda işçi əvvəlki vəzifəsinə bərpa ediləcəkdir. Məhkəmə iddia tələbinin “iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 17.000 manat məbləğində pulun ödənilməsi” hissəinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzinin ödənilməsi üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir. Məhkəmə qeyd edir ki, İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, ona mənəvi ziyan dəyməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 4 nömrəli qərarının 6-cı bəndinə əsasən iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Məhkəmə iddia tələbinin “hüquqi yardıma çəkilmiş 200 manat xərcin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı hüquqi yardım üçün etdiyi ödənişə dair hər hansı qəbz təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə 50 manat mediasiya xərcinin cavabdeh “X10” MMC-dən tutularaq, İddiaçı ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ödədiyi rüsumla bağlı məhkəməyə sübut təqdim etdiyindən iddia bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli 1538 nömrəli əmr ləğv edilməli, İddiaçı “məşğulluq təsnifatı üzrə: qeydiyyatçı, əmək müqaviləsi üzrə: xəstə məsləhətçisi” vəzifəsinə bərpa olunmalı, işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan dövlət rüsumu Cavabdeh MMC-dən tutulub dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli 1538 nömrəli əmr ləğv edilsin. İddiaçı “məşğulluq təsnifatı üzrə: qeydiyyatçı, əmək müqaviləsi üzrə: xəstə məsləhətçisi” vəzifəsinə bərpa olunsun. İşdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilsin. “X10” MMC-dən ödənilmiş 50 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar