Məhkəmə qərarları › İş №2(007)-539/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-539/2025

06.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-539/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Cavabdehin nümayəndələri Nümayəndə2, Nümayəndə3 və X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin “Təzə qida və qeyri-qida kateqoriyaları üzrə direktor” vəzifəsi üzrə işçisi olduğu dövrdə xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 1868- 23 nömrəli əmrlə onunla olan əmək müqaviləsinə xitam verilib. İşdən çıxma əsası kimi qeyd edilən normanın tətbiq edilmə əsası işçinin işəgötürənə ziyan vurması olsa da, heç bir sübutla təsdiq edilmədiyindən, habelə işdən çıxandan sonra işə qəbul olunmaqda çətinlik çəkdiyinə görə barəsində cavabdeh tərəfindən xx.xx.2023-cü ildə verilmiş 1868-23 nömrəli əmrin əsasının ləğvi və ya dəyişdirilməsi tələbi ilə X7 müraciət edib. Müfəttişliyə verilən izahatında qeyd etdiyi kimi, mübahisəli işdən çıxma barədə əmri 1 ay müddətində mübahisələndirməməyinin səbəbi ötən dövrdə şirkət rəhbərliyi ilə görüşməyə çalışmaq, xəstəlik və xaricdə əlavə təhsillə əlaqədar ölkə xaricində olması olub. Bu il yenidən işdən çıxarılma barədə əmrin əsasının ləğvi və ya dəyişdirilməsi üçün şirkət rəhbərliyi ilə görüşməyə çalışsa da, cavabdeh tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmaya cəlb olunub. Orada isə hər hansı cinayət törətməkdə təqsirli hesab olunmağı üçün sübut tapılmadığından iş baxılmamış saxlanıb. Prokurorluq qədər heç qərar təqdim etmədiyindən, rəsmi müraciət edib. Lakin yenə rəsmi qərar verilməyib. Bir halda ki, cinayət əməli olmayıb, işə götürənə ziyan vurmayıb, deməli işdən çıxma barədə əmrin əsası mövcud deyil. Qeyd edilənləri nəzərə alaraq mediasiyaya müraciət edib. Şirkətin nümayəndəsi məsələni həll etmək üçün çalışacağını bildirsə də, sonda barışıqla məsələnin həll edilməsindən imtina edilib. Belə olan halda, məhkəməyə müraciət etməkdən və barəsində qəbul edilmiş qanunsuz əmrin ləğv edilərək, işə bərpa olunmağını istəməkdən çıxış yolu qalmır. Qeyd edilənlərə əsasən barəsində cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 1868-23 nömrəli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa edilməyi və məcburi işdən çıxarılma ilə əlaqədar ona ödənilməli olan əmək haqqının hesablanaraq verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin Nümayəndə1 xx.xx.2024-cü ildə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsinin 1-ci bəndinə münasibətdə: iddiaçı 14 may 2018-ci il tarixində ASL646 nömrəli əmək müqaviləsi (bundan sonra “Müqavilə”) əsasında Cəmiyyətdə kateqoriya üzrə böyük menecer vəzifəsinə qəbul edilib, 03 aprel 2023-cü il tarixdə isə təzə qida və qeyri-qida kateqoriyaları üzrə direktor vəzifəsinə keçirilib. 21 iyul 2023-cü il tarixdə T1868-23 nömrəli əmr əsasında, iddiaçı ilə bağlanmış ASL646 saylı Müqaviləyə qanunvericiliyin bütün tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi ilə xitam verilib. İddia ərizəsinin 2-ci bəndinə münasibətdə: İddiaçı ilə bağlanmış Müqavilənin 3.2-ci bəndində işçinin biznes fəaliyyətinin həyata keçirilməsi, təhlükəsizliyi və məxfiliyi üzrə işəgötürənin standartlarına riayət etməli olduğu, bu standartlara riayət olunmadığı təqdirdə, işçiyə münasibətdə işəgötürən tərəfindən intizam qaydalarının tətbiq ediləcəyi müəyyənləşdirilib. O cümlədən, həmin Müqavilənin 9.4 və 9.6-cı bəndlərinə əsasən, işçi belə bir təqdimat vermək hüququ olmadığı halda, üçüncü tərəflərə işəgötürən adından hər hansı vasitə ilə fəaliyyət həyata keçirmək, yaxud fəaliyyətsizlik hüququna malik olduğunu bildirdikdə bununla bağlı üçüncü tərəfin çəkdiyi ziyana münasibətdə məsuliyyət daşıyır. Bununla yanaşı, işçi razılaşır ki, bu Müqaviləyə müvafiq olaraq özünün funksiyalarını yerinə yetirərkən qanunvericiliyə əsasən qeyriqanuni hesab edilən hər hansı bir fəaliyyət aparmır və ya aparılmasına təkan, yaxud icazə vermir. Müqavilədən göründüyü kimi, iddiaçı belə hüququ olmadığı halda, cəmiyyətin adından üçüncü şəxslərə hər hansı vasitə ilə fəaliyyət və ya fəaliyyətsizlik hüququna malik olduğunu bildirməsi onun məsuliyyətinə səbəb olmaqla, cəmiyyətin biznes fəaliyyətinin həyata keçirilməsi üzrə standartlarının pozuntusuna yol açır. Bu isə öz növbəsində, Cəmiyyət tərəfindən iddiaçı barəsində intizam qaydalarının tətbiq edilməsi üçün əsasdır. Bildirirlər ki, cəmiyyətdə Daxili nəzarət və araşdırma, Audit komandaları tərəfindən cəmiyyətin maraqlarının və mənafeyinin müdafiəsi məqsədilə ofis daxilində və mağazalarda (“Bravo” marketlərdə) mütəmadi olaraq araşdırma (yoxlanış) keçirilərək bu araşdırmaların nəticəsində aşkar olunmuş uyğunsuzluq və pozuntular müvafiq aktla rəsmiləşdirilir. 2023-cü ilin may-iyul aylarında sözügedən komandalar tərəfindən ofısdaxili araşdırma aparılıb və nəticədə satınalma komandasının əməkdaşı - təzə qida və qeyriqida kateqoriyaları üzrə direktor vəzifəsində çalışan X9 fəaliyyəti dövründə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cəmiyyətin maraqlarından və biznes fəaliyyətinin həyata keçirilməsi üzrə standartlarından kənara çıxdığı, belə hüququ olmadan üçüncü şəxslərə münasibətdə qanunsuz formada cəmiyyət adından istifadə etdiyi, o cümlədən müxtəlif üsullarla cəmiyyətə maddi ziyan vurduğu aşkarlanıb. Araşdırma nəticələri “Təzə qida və qeyri-qida kateqoriyaları üzrə direktor Rəfiyev Rəfıyev tərəfindən törədilmiş uyğunsuzluq və fırıldaqçılıq halları” haqqında aktla rəsmiləşdirilib. Araşdırma nəticəsində iddiaçının Cəmiyyətin adından sui-istifadə edərək təchizatçı X4 məhsullarının Cəmiyyətə aid “Bravo” əmtəə nişanı altında fəaliyyət göstərən marketlərdə satışının artırılması və Cəmiyyətin sistemində aktiv qalması üçün iddiaçının birbaşa rəhbərliyi altında kateqoriya meneceri vəzifəsində çalışan Ağayev Nurlan vasitəsilə 30000 manat rüşvət istəməsi faktı aşkarlanıb. X6 (Təchizatçı) 2023-cü ilin may ayınadək müəyyən məhsullar təchiz etməklə cəmiyyətlə əməkdaşlıq edib, daha sonra 2023-cü ilin may ayının əvvəlində cəmiyyətin nümayəndəsi Ağayev Nurlan təchizatçı ilə apardığı danışıqlarda əməkdaşlığın yalnız rüşvət müqabilində davam etdirilə biləcəyini bildirməklə ondan sözügedən məbləği istəyib. X1 əməkdaşlığın davam etdirilməsi məqsədilə 30000 manat məbləğində rüşvət alınması üçün İddiaçı göstəriş aldığını və həmin məbləğin ödənilməyəcəyi təqdirdə, təchizatçının məhsullarının blok olunacağı bildirilib. Təchizatçı müvafiq məbləği 10 may 2023-cü il tarixinədək ödəyəcəyini bildirsə də, Ağayev Nurlan gözləyə bilməyəcəyini qeyd edib. Təchizatçı bu danışığın Ağayev Nurlanın şəxsi nömrəsi ilə “whatsapp” tətbiqi üzərindən 2023-cü ilin may ayının əvvəlində aparıldığını bildirib. 24 may 2023-cü il tarixində Ağayev Nurlan tərəfindən göndərilən daxili e-mailə əsəsən, təchizatçının məhsullarının sifarişləri dayandırılıb. 2023-cü ilin may ayından etibarən sözügedən təchizatçının məhsullarının bloklanması cəmiyyətdə ümumi məhsul satışının azalmasına səbəb olub, bu isə cəmiyyətin 2023-cü ilin iyun ayı üzrə 6798 manat daha az gəlir əldə etməsi ilə nəticələnib. Əlavə olaraq, araşdırma zamanı aşkar olunan faktla əlaqədar Ağayev Nurlanın izahatı alınıb və o, öz izahatında Təchizatçıdan 30000 manat rüşvət tələb etmə səbəbinin İddiaçı göstərişi olduğunu və həmin tələbi İddiaçı məcburi göstərişi əsasında irəli sürdüyünü etiraf edib. Bununla yanaşı, Ağayev Nurlan öz izahatında qeyd edib ki, o, İddiaçı tələbi ilə sözügedən təchizatçının məhsullarını bloklayıb ehtiyac olmadığı halda, “Hacı Turqay” adlı digər təchizatçının “saçaq pendiri” məhsullarını aktiv etməyə məcbur olub. Diqqətə çatdırmaq istəyirlər ki, həmin məhsulların “keyfiyyət nəzarət nəticəsi” cəmi 23% uyğunluq (77% uyğunsuzluq) ilə qiymətləndirilib, bu səbəbdən Keyfiyyətə nəzarət komandası tərəfindən həmin məhsulların qeydiyyata alınmasından imtina edilib, lakin İddiaçı “mailinə” əsasən, məhsulların tanıdılmasına Baş Kommersiya İnzibatçısı Luis Canton tərəfindən təsdiq verilib. 2023-cü ilin may ayında Cəmiyyətin araşdırma şöbəsinə daxil olan məlumatlar əsasında İddiaçı əməkdaşlıq etdiyi “Brend Agro” şirkəti haqqında da araşdırılma aparılıb. Daxil olan məlumata əsasən, bu şirkətin tanıdılması və məhsullarının aktiv olması üçün də 30000 (otuz min) manat qeyri-rəsmi ödəniş alınıb. Qeyri-rəsmi ödənişin alınması ilə bağlı araşdırma kamandası tərəfindən “Brend Agro” şirkətinin maliyyə və satış rəqəmləri analiz olunaraq “Brend Agro” şirkətinin Cəmiyyətə meyvətərəvəz, südlük və dondurulmuş məhsullar kateqoriyasında məhsullar təchiz etdiyi məlum olub. Südlük qolunun araşdırılması zamanı müəyyən olunub ki, məhsulların hamısı Selman İbrahim adlı istehsalçı tərəfindən istehsal olunur. Hansı ki, İddiaçı də məlumatlı olduğu kimi, Selman İbrahim adlı təchizatçı Cəmiyyətə həmin məhsulları birbaşa öz brendi adı altında daha ucuz qiymətlə və daha sərfəli şərtlərlə təchiz edir. “Brend Agro” şirkəti isə eyni məhsulları sözügedən Selman İbrahim adlı təchizatçıya “Qafqaz taamı” brendi adı altında istehsal etdirərək Cəmiyyətə daha yüksək qiymətlərlə təchiz edib. İddiaçının bu barədə məlumatlı olmasına baxmayaraq, o, “Brend Agro” şirkətindən sözügedən məhsulların alışını dayandırmayıb, əksinə əməkdaşlığı davam etdirmək üçün həmin şirkətdən Cəmiyyət adından sui-istifadə edərək 30000 manat rüşvət alıb. Bundan əlavə olaraq, araşdırma kamandasının əldə etdiyi məlumata əsasən, İddiaçı özünün qohumluq əlaqəsi olan X10 2023-cü ilin may ayından Cəmiyyətin satış sisteminə aktiv təchizatçı kimi tanıdılmasını təmin edib, lakin eyni məhsulları satan və daha yaxşı dövriyyəsi olan digər təchizatçının məhsulları isə sistemdə blok edilib. Beləliklə, Rauf Rəfıyev burada da süni yolla prosedur tətbiq edərək, Şirkətin maddi maraqlarına cavab vermədiyi halda, öz qohumu olan şəxsin mənafeyini irəli çəkib. Bildirirlər ki, Rauf Rəfıyev həmçinin, “Az Trade” şirkətinə məxsus bir sıra yeni məhsulları Cəmiyyətin Keyfiyyətə Nəzarət komandasının məlumatı olmadan sistemə tanıdılıb. Belə ki, İNS-CM-002 nömrəli “Məhsul çeşidinin təklif edilməsi və seçilməsinə dair təlimat’’-m 4.3-cü bəndindəki “Yeni məhsulun təqdim edilmə qaydası” pozulub və Alıcılar tərəfindən Keyfiyyət Təminatı Departamentinə FRM-CM-004 X19 Forması təqdim olunmayıb. Qeyd olunan uyğunsuzluq barəsində intizam tədbiri görülməsi üçün İnsan Resursları departamentinə müraciət olunsa da, həmin dövrdə Rauf Rəfıyevin birbaşa müdiri olan Luis Canton tərəfindən rəsmi mail vasitəsi ilə hazırda İddiaçı barəsində heç bir intizam tədbirinin görülməsinə ehtiyac olmadığını və gələcəkdə prosedur qayda pozuntusunun İddiaçı tərəfindən bir də təkrarlanmayacağı bildirilib. Beləliklə, Luis Cantonun “qayda pozuntusunun gələcəkdə bir də təkrarlanmayacığını” qeyd etməsi onun Rauf Rəfıyevin törətdiyi qayda pozuntusundan xəbərdar olduğunu göstərməklə faktın təsdiqidir. Diqqətə çatdırırlar ki, iddiaçının məhkəməyə “sübut” qismində təqdim etdiyi Luis Canton tərəfindən xx.xx.2023-cü il tarixində iddiaçı barəsində verilmiş xasiyyətnamədə X23 Rəfiyevin işlədiyi dövrdə guya ki, heç bir daxili qayda pozuntusuna yol vermədiyini qeyd edib. Lakin yuxarıda da qeyd edildiyi kimi, Luis Canton özü rəsmi mail vasitəsilə İddiaçı törətdiyi qayda pozuntusunu təsdiq edib. Əlavə olaraq bildirirlər ki, xasiyyətnamənin verildiyi dövrdə artıq Luis Canton ilə Cəmiyyət arasında olan əmək münasibətlərinə xitam verilib. Beləliklə, İddiaçı məhkəməyə sübut qismində təqdim edə bilmək üçün sözügedən xasiyyətnamənin öz mənafeyinə uyğun şəkildə yazılmasım istəyib, Luis Canton isə həmin dövrdə artıq cəmiyyətlə olan əmək münasibətlərinə son verildiyindən cəmiyyətin mənafeyinə laqeyd yanaşaraq, həqiqəti əks etdirməyən xasiyyətnamə təqdim edib. Nəticədə, iddiaçının əməlləri cəmiyyətə maddi ziyan vurulması ilə yanaşı, cəmiyyətin işgüzar nüfuzunun ləkələnməsi və təchizatçılar arasında reputasiyasının zədələnməsinə gətirib çıxarıbr. İddiaçı ilə bağlanılan əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 83-cü maddəsinə uyğun formada sənədləşdirilib, habelə xitam əmri Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə tam uyğun şəkildə tərtib edilib. Xitam əmrində akta istinad edilib ki, bu aktda da 2023-cü ilin may-iyul ayları üzrə aparılmış araşdırmalar nəticəsində İddiaçı tərəfindən cəmiyyət adından istifadə etməklə törədilmiş hüquqazidd əməllər qeyd edilərək faktlarla əsaslandırılıb. İddiaçı ərizəsində iddia müddətini ötürmə səbəbi qismində xəstəlik və təhsillə əlaqədar xaricdə olmasını qeyd edib. Diqqətə çatdırırlar ki, iddiaçı ilə cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında T1868-23 saylı əmr ilə xitam verilib. İddiaçı ilə əmək münasibətlərinə xitam verildikdən sonra, iddiaçı 2023-cü ilin oktyabr ayınadək, yəni 2 aydan artıq müddətə ölkə daxilində olub, lakin bu müddət ərzində o, hazırki tələblərinin təmini məqsədilə heç bir hərəkət icra etməyib. İddiaçı bununla bağlı ərizəsinə xəstəliklə əlaqədar Epikriz əlavə edib. Həmin sənədə baxdıqda aydın olur ki, İddiaçı xəstəliyi ilə əlaqədar yalnız 2 gün, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində xəstəxanada olub. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixində xəstəxanaya giriş edib, həmin gün ona əməliyyat icra olunaraq xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə evə buraxılıb və 10 gün sonra kontrol baxışa gəlməsi təyin olunubr. Əvvəlcə qeyd edək ki, iddiaçı xəstəliyi ilə əlaqədar xəstəxanaya giriş etməzdən 1 həftə öncə, xx.xx.2023-cü il tarixində keçmiş rəhbəri Luis Cantondan iş dövrü üzrə xasiyyətnamə alıb. Buradan aydın olur ki, xasiyyətnamənin alındığı dövrdə iddiaçının səhhətində onun mediasiya təklifi ünvanlamasına maneə törədə biləcək hər hansı narahatlığı olmayıb, o, heç bir üzrlü səbəb olmadan iddia müddətini ötürüb. Qanunvericiliyə əsasən iddia müddətinin yalnız ağır xəstəlik, köməksiz vəziyyət və s. bu kimi ciddi səbəblər olduqda və bu səbəblər iddia müddətinin aldı aydan az olduğu hallara münasibətdə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Lakin İddiaçının iddia müddətinin ötürülməsi ilə bağlı gətirdiyi əsaslar bu maddədə sadalanan hallardan kənara çıxmaqla yanaşı, həmin əsaslar iddia müddəti ərzində yaranmayıb. Belə ki, iddiaçı xəstəliyi ilə əlaqədar xəstəxanaya giriş etdiyi tarixdə artıq iddia müddəti 24 gün ötürülüb. Bununla yanaşı, iddiaçı iddia müddətinin ötürülməsinə digər əsas kimi, təhsillə əlaqədar xaricdə olduğunu qeyd edib və buna uyğun sənədləri iddia ərizəsinə əlavə edib. Sənədlərdən göründüyü kimi, iddiaçının qəbul aldığı proqramın ön qeydiyyat tarixi xx.xx.2023-cü il, proqramın başlama tarixi isə xx.xx.2023-cü il olub. Müvafiq olaraq, iddiaçı xx.xx.2023-cü il tarixdə “təhsil məqsədilə” xx.xx.2024-cü il tarixinədək Viza alıb. Diqqətə çatdırılar ki, iddiaçının təhsil aldığı proqramın xx.xx.2024-cü il tarixində yekunlaşmasına baxmayaraq, iddiaçı yalnız 4 ay sonra, xx.xx.2024-cü il tarixində cəmiyyətə mediasiya təklifi ünvanlayaraq əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsini tələb edib. Beləliklə, iddia müddəti iddiaçının xaricə getməsindən öncə bitib, hətta xaricdə təhsil proqramının yekunlaşmasından sonra da iddiaçı mediasiya təklifinin göndərilməsi üçün heç bir üzrlü səbəb olmadan 4 ay gözləyib. Bütün faktlardan aydın olduğu kimi, iddiaçının ölkədə olduğu müddətdə məhkəməyə müraciət üçün kifayət qədər vaxtı olub, lakin iddiaçı əmək mübahisələri üzrə iddia verilməsinə görə nəzərdə tutulmuş müddətin 1 ayla məhdudlaşdığından xəbərdar olmasına baxmayaraq, hər hansı əsas olmadan, həmin müddəti ötürüb. Qeyd edilənlərlə yanaşı, iddiaçının mediasiya təklifi ünvanlamasından sonra xx.xx.2024-cü il tarixli ilkin Mediasiya bildirişinə əsasən, xx.xx.2024-cü il tarixinə ilkin mediasiya sessiyası təyin olunub və tərəflər arasında barışıq əldə olunmadığından iddiaçıya xx.xx.2024-cü il tarixli MSB/2-00957/2024 saylı arayış təqdim edilibr. İddiaçı burada da yenidən iddia müddətinə laqeyd yanaşaraq, arayışı aldıqdan sonra 1 aydan çox müddət buraxıb, xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Yuxarıda göstərilənləri ümumiləşdirərək bildirirlər ki, iddiaçının iddia müddətinin ötürülmə səbəbi kimi göstərdiyi əsaslar iddia müddətinin bitməsindən sonra yaranıb və iddiaçı tərəfindən məhkəməyə müraciət üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddətdən ümumilikdə 1 ildən artıq müddət ötürülüb. Onu da məhkəmənin diqqətinə çatdıraq ki, hətta iddia müddətinin ötürülmə səbəbi həqiqətən iddiaçının qeyd etdiyi əsaslar olsaydı belə, bu “əsasların” da yaranması və aradan qalxması tarixləri ilə məhkəməyə müraciət edilən tarixədək olan müddət aralığını təhlil etdikdə, ümumilikdə 6 ay müddət ötürülmüş olacaqdı. Nəticədə, məsələyə ətraflı şəkildə nəzər yetirdikdə aydın olur ki, iddiaçı iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürüb, lakin məhkəməyə müraciət edə bilmək üçün süni şəkildə əsaslar uydurmağa çalışıb. İddia ərizəsinin 4 və 5-ci bəndlərinə münasibətdə bildirirlər ki, iddiaçı barəsində cəmiyyət tərəfindən iddiaçı barəsində cinayət işinin açılması məqsədilə müvafiq X14 ərizə ünvanlanıb, lakin İddiaçı Cinayət Məcəlləsinin müvafiq maddəsində göstərilən vəzifəli şəxs anlayışına uyğun olmadığı və onun əməlində cinayət tərkibinin bütün əlamətlərinin (subyekt) olmadığı qənaətinə gəlinərək, ərizəyə baxılmamış saxlanılıb. İddiaçıya qarşı cinayət işinin açılması barədə ünvanlanmış ərizəyə baxılmamış saxlanılması, yaxud iddiaçının əməllərində cinayət tərkibinin mövcud olmaması onun cəmiyyətə vurduğu maddi ziyanı istisna elməməklə, işəgötürəni (cəmiyyət) işçiyə (iddiaçıya) Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq etmək hüququndan məhrum etmir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı tərəfindən cəmiyyətin maraqlarına və mənafeyinə zidd olaraq cəmiyyətin adından qanunsuz istifadə etməklə üçüncü şəxslərdən (təchizatçılardan) əməkdaşlığın davam etdirilməsi məqsədilə yüksək miqdarda maddi vəsait istənilməsi, həmin məbləği verməyən təchizatçıları cəmiyyətin sistemində bloklayaraq daha az satış göstəriciləri olan təchizatçıların sistemdə aktiv edilməsi və s. bu kimi digər hərəkətlər cəmiyyətin satışlarının azalmasına səbəb olaraq cəmiyyətə maddi ziyan vurulması ilə nəticələnib. Bu səbəbdən, cəmiyyət tərəfindən qanunvericiliyin bütün tələblərinə ciddi şəkildə əməl olunaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq maddəsi ilə xitam verilib. İddia ərizəsinin 6-cı bəndinə münasibətdə: İddiaçı onunla əmək münasibətlərinə xitam verilməsindən 1 il sonra, 22 avqust 2024-cü il tarixində Cəmiyyətə “əmək müqaviləsində 70-ci maddənin “ç” bəndinin silinməsi və son rəhbər xasiyyətnaməsinin təsdiqi” tələbi üzrə mediasiya prosesinin tətbiqi barədə təklif ünvanlayıv və həmin təklif üzrə 26 sentyabr 2024-cü il tarixində ilkin mediasiya sessiyası keçirilib. Mediasiya sessiyasında barışıq əldə edilmədiyindən mediasiya təşkilatı tərəfindən iddiaçıya “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2024-cü il tarixli, MSB/2- 00957/2024 saylı arayış təqdim edilib. Bundan sonra iddiaçı tələbinin təmini məqsədilə heç bir əsası olmadan xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Yuxanda qeyd edilənləri ümumiləşdirərək bildirmək istəyirlər ki, iddiaçı qanunvericilik və müqavilə üzrə öhdəliklərini pozub, cəmiyyətə faktiki maddi ziyan vurub, habelə cəmiyyətin işgüzar nüfuzunun ləkələnməsi və təchizatçılar arasında reputasiyasının zədələnməsinə səbəb olub. Ziyanın məbləği izahatlarda da öz təsdiqini tapıb və müvafiq aktla rəsmiləşdirilərək əmək müqaviləsinə xitam əmrində həmin akta istinad edilib. Nəticədə, cəmiyyət tərəfindən bütün faktlar nəzərə alınmaqla əmək müqaviləsinin ləğv edilməsinin qanunvericiliklə tələb olunan bütün qaydalarına dəqiqliklə və obyektivliklə əməl olunub. Beləliklə, Əmək Məcəlləsinin əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri haqqında 300-cü maddəsində istinad edilən bütün hallar cəmiyyət tərəfindən araşdırılmaqla bütün tələblərə dəqiq riayət edilib. Qeyd edilənlərə əsasən iddianın tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin Nümayəndə1 iddia müdətinin tətbiqi barədə vəsatətlə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsi verilən zaman işə bərpa tələbi hissəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd edilən iddia müddəti ötürülüb. İddiaçı ilə Cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında T1868-23 saylı əmr ilə xitam verilib və həmin xitam əmrinin surəti iddiaçıya təqdim edilib. İddiaçı ilə əmək münasibətlərinə xitam verildikdən sonra, 2023-cü ilin oktyabr ayınadək, yəni 2 aydan artıq müddətə ölkə daxilində olub, lakin bu müddət ərzində o, hazırki tələblərinin təmini məqsədilə heç bir hərəkət icra etməyib. İddiaçı bununla bağlı ərizəsinə xəstəliklə əlaqədar epikriz əlavə edib. Həmin sənədə baxdıqda aydın olur ki, iddiaçı xəstəliyi ilə əlaqədar yalnız 2 gün, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində xəstəxanada olub. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixində xəstəxanaya giriş edib, həmin gün ona əməliyyat icra olunaraq xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə evə buraxılıb və 10 gün sonra kontrol baxışa gəlməsi təyin olunub. Əvvəlcə qeyd edirlər ki, iddiaçı xəstəliyi ilə əlaqədar xəstəxanaya giriş etməzdən 1 həftə öncə, xx.xx.2023-cü il tarixində keçmiş rəhbəri Luis Cantondan iş dövrü üzrə xasiyyətnamə alıb. Buradan aydın olur ki, xasiyyətnamənin alındığı dövrdə iddiaçının səhhətində onun mediasiya təklifi ünvanlamasına maneə törədə biləcək hər hansı narahatlığı olmayıb, o, heç bir üzrlü səbəb olmadan iddia müddətini ötürüb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. İstinad edilən maddədən aydın olduğu kimi, iddia müddətinin yalnız ağır xəstəlik, köməksiz vəziyyət və s. bu kimi ciddi səbəblər olduqda və bu səbəblər iddia müddətinin aldı aydan az olduğu hallara münasibətdə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Lakin iddiaçının iddia müddətinin ötürülməsi ilə bağlı gətirdiyi əsaslar bu maddədə sadalanan hallardan kənara çıxmaqla yanaşı, həmin əsaslar iddia müddəti ərzində yaranmayıb. Belə ki, iddiaçı xəstəliyi ilə əlaqədar xəstəxanaya giriş etdiyi tarixdə artıq iddia müddəti 24 gün ötürülüb. Bununla yanaşı, İddiaçı iddia müddətinin ötürülməsinə digər əsas kimi, təhsillə əlaqədar xaricdə olduğunu qeyd edib və buna uyğun sənədləri iddia ərizəsinə əlavə edib. Sənədlərdən göründüyü kimi, iddiaçının qəbul aldığı proqramın ön qeydiyyat tarixi xx.xx.2023-cü il, proqramın başlama tarixi isə xx.xx.2023-cü il olub. Müvafiq olaraq, iddiaçı xx.xx.2023-cü il tarixdə “təhsil məqsədilə” xx.xx.2024-cü il tarixinədək Viza alıb. İddiaçının təhsil aldığı proqramın xx.xx.2024-cü il tarixində yekunlaşmasına baxmayaraq, iddiaçı yalnız 4 ay sonra, xx.xx.2024-cü il tarixində cəmiyyətə mediasiya təklifi ünvanlayaraq əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsini tələb edib. Beləliklə, iddia müddəti iddiaçının xaricə getməsindən öncə bitib, hətta xaricdə təhsil proqramının yekunlaşmasından sonra da iddiaçı mediasiya təklifinin göndərilməsi üçün heç bir üzrlü səbəb olmadan 4 ay gözləyib. Bütün faktlardan aydın olduğu kimi, iddiaçının ölkədə olduğu müddətdə məhkəməyə müraciət üçün kifayət qədər vaxtı olub, lakin iddiaçı əmək mübahisələri üzrə iddia verilməsinə görə nəzərdə tutulmuş müddətin 1 ayla məhdudlaşdığından xəbərdar olmasına baxmayaraq, hər hansı əsas olmadan, həmin müddəti ötürüb. Qeyd edilənlərlə yanaşı, iddiaçının mediasiya təklifi ünvanlamasından sonra xx.xx.2024-cü il tarixli ilkin mediasiya bildirişinə əsasən, xx.xx.2024-cü il tarixinə ilkin mediasiya sessiyası təyin olunub və tərəflər arasında barışıq əldə olunmadığından iddiaçıya xx.xx.2024-cü il tarixli MSB/2-00957/2024 saylı aayış təqdim edilib. İddiaçı burada da yenidən iddia müddətinə laqeyd yanaşaraq, arayışı aldıqdan sonra 1 aydan çox müddət buraxıb, 07.11,2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Yuxarıda göstərilənləri ümumiləşdirərək bildirirlər ki, iddiaçının iddia müddətinin ötürülmə səbəbi kimi göstərdiyi əsaslar iddia müddətinin bitməsindən sonra yaranıb və iddiaçı tərəfindən məhkəməyə müraciət üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddətdən ümumilikdə 1 ildən artıq müddət ötürülüb. Hətta iddia müddətinin ötürülmə səbəbi həqiqətən iddiaçının qeyd etdiyi əsaslar olsaydı belə, bu “əsasların” da yaranması və aradan qalxması tarixləri ilə məhkəməyə müraciət edilən tarixədək olan müddət aralığını təhlil etdikdə, ümumilikdə 6 ay müddət ötürülmüş olacaqdı. Nəticədə, məsələyə ətraflı şəkildə nəzər yetirdikdə aydın olur ki, iddiaçı iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürüb, lakin məhkəməyə müraciət edə bilmək üçün süni şəkildə əsaslar uydurmağa çalışıb. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd edilən iddia müddətini tətbiq edib mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ailə vəziyyətinə görə məhkəmədə iştirak edə bilməyəcəyindən məkəmə iclasının növbəti tarixə keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyib, etirazının dəlillərinə uyğun izahat verərək göstərdi ki, iddiaçı iş üzrə iddia müddətini ötürüb, məhkəməyə təqdim edilmiş ərizədə hər şey əhatəli qeyd edilib, iddiaçı iddia müddətinin buraxılmasının üzürlü hesab edilməsi üçün ərizə təqdim etməyib, həmçinin iddiaçının ərizəsində göstərdiyi əsaslar iddia müddəti buraxıldıqdan sonra yaranıb. İyulda iddiaçı əmək müqaviləsinin xitam verildiyini bilib, haqq-hesab edilib. Aparılmış araşdırma zamanı müqayisələr aparılıb, cəmiyyətin dondurma gəlirlərinin faizinin azaldığı müəyyən edilib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyib, etirazının dəlillərinə uyğun izahat verərək göstərdi ki, əmək müqaviləsinə xitam verilənədək, iddiaçının hərəkətləri barədə akt tərtib edilib, iddiaçının təchizatçıdan 30000 manat tələb etməsi öz əksini tapıb, həmin təchizatçı da öz izahatında bunu təsdiq edir. İddiaçı 30000 manat ödəniş edilmədiyi üçün təchizatçını bloklayıb, nəticədə cavabdehə hər ay 17000 manat az gəlir daxil olub. Əmək Məcəlləsinə əsasən işçi əmək funksiyalarını vicdanla icra etməlidir. İddiaçı isə işəgötürənə maddi ziyan vurub. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 iddia tələbini qəbul etməyib, etirazının dəlillərinə uyğun izahat iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı məxsus olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci ildə Cavabdeh MMC-yə kateqoriya üzrə böyük menecer vəzifəsinə qəbul olunub, xx.xx.2021-ci ildə qeyri-qida departamentinin rəhbəri vəzifəsinə keçirilib, xx.xx.2021-ci ildə şəxsi gigiyena və kosmetika məhsullarının alışı və bizneslərarası əlaqə üzrə şöbə rəhbəri vəzifəsinə keçirilib, xx.xx.2022-ci ildə işçi təzə qida kateqoriyası və bizneslərarası əlaqə üzrə şöbənin rəhbəri vəzifəsinə keçirilib, xx.xx.2023-cü ildə təzə qida və qeyri-qida kateqoriyaları üzrə direktor vəzifəsinə keçirilib, xx.xx.2023-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilib, xx.xx.2023-cü ildə "xxxx" ASC-də kommersiya direktoru vəzifəsinə qəbul edilib və xx.xx.2024-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilib. - xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh MMC (İşəgötürən) ilə İddiaçı (İşçi) arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, böyük menecer vəzifəsinə işə qəbul edilmişdir. - ASL646 nömrəli “Əmək müqaviləsi”nin: 1.1. İşçı razılaşır ki, onun əsas iş yeri Cavabdeh MMC-nin iş sahələri və ya vaxtaşırı olaraq işəgötürən tərəfindən işçinin təyin olunduğu digər yer(lər)də yerləşəcək; 1.2. İşçi böyük menecer vəzifəsinə qəbul edilir; 2.1. Bu müqavilə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minir və aşağıda verilmiş 2.2 bəndində təsvir edilmiş sınaq müddətini müvəffəqiyyətlə başa vurulmasına yaxud bu müqavilənin qüvvəsinə onun özünü yaxud Məcəllənin müddəlarına müvafiq olaraq xitam verilməsi hallarına müvafiq 12 ay müddətinə bağlanılır; 2.2. Bu müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 3 ay sınaq müddəti hesab edilir və sinaq müddəti ərzində işəgötürən, işçinin özünü doğrultmadığına görə, ən azı 1 gün əvvəl yazılı şəkildə xəbərdarlıq etməklə bu müqaviləyə xitam verə bilər. Eyni zamanda, işçi də sınaq müddəti ərzində ən azı 3 gün əvvəl yazılı şəkildə xəbərdarlıq etməklə müqaviləyə xitam vermək hüququndan istifadə edə bilər; 8.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. - “Buta Clinic” tərəfindən tərtib edilmiş epikrizdən görünür ki, İddiaçı xx.xx.2023-cü ildə spinal anesteziya altında əməliyyat icra olunub, o, xx.xx.2023-cü ildə klinikadan çıxıb, 1 ay ərzində ağır fiziki işdən imtina etməsi, 10 gün sonra kontrol baxış gəlmək tövsiyyə olunub. - Məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, İddiaçı X2 San Diego LSİ Berkeley adlı tədris müəssisəsində xx.xx.2023-xx.xx.2024-cü il üzrə təhsil alıb. - LSİ Education tərəfindən tərtib edilmiş Bitirmə sertifikatından görünür ki, İddiaçı “ümumi ingilis dili 20” kursu bitirmiş və “CEFR B2-ORTADAN YUXARİ” səviyyəsinə çatmışdır. Başlanma tarixi: xx.xx.2023, bitirmə tarixi: xx.xx.2024-cü il. - Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “intizam pozuntusunun aşkar edilməsi barədə” aktın surətindən görünür ki, tərtib olunmuş sənədin 1-ci bəndində Rauf Rəfıyevin tələbi əsasında Nurlan Ağayev tərəfindən X11 adlı təchizatçıdan 30000 AZN rüşvət istənilməsi faktı sübuta yetirilmişdir. - İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, 12 iyul tarixində komanta yoldaşı Nurlan tərəfindən aprel ayında Selina dondurma brendindən 30000 manat pul tələbi olub. Qeyd edilən ödənişi komanda yanında əməkdaşa bütün firmalardan tələb etməyi təlimat verib. Təlimat zamanı komanda hamısı bir yerdə olub. Komandadan Hüseyn, Sevinc və Sənan toplantıda olub. Əlavə bildirmək istəyir ki, tələb edilən ödənişlər son 1 ildə qeyri-rəsmi bütün firmalardan tələb edilir və emaillə yazılır. Dövr koteqoriyasında son 1 ildə kəsilən qeyri-rəsmi morj dəstəklər çıxarılıb yoxlanıla bilər. Bugünə kimi morj hədəflərinin vurulması üçün firmadan qeyri-rəsmi müqavilədən kənar 500k irəli edilib. Bildirir ki, Selina firmasından apreldə ödəniş tələb edilir və firma ilə iyul ayına kimi iş birliyinə davam etdirilib. Firma aktiv olan dövrə kimi iş birliyinə davam edib. 10 məhsul X18 aktiv edilib. Qeyd edilən firma tapşırılma səbəbi ilə aktlb edilib və hörməkti Səidə xanımın bilgisi daxilindədir. Bu günə kimi şirkətə aktiv olan Selina brendinə sifarişin verilməmə səbəbə araşdırılsın. - Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli T1868-23 saylı əmrin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin a) bəndinə görə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; ç) bəndinə görə işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir. Bu Məcəllənin 72-ci maddəsinin ç) bəndinə əsasən isə təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Cavabdeh MMC-nin Təzə qida şöbəsinin Təzə qida və qeyri-qida kateqoriyaları üzrə direktor vəzifəsində işləyən işçisi İddiaçı tutduğu vəzifədən sui-istifadə edərək tabeliyində çalışan Ağayev Nurlan vasitəsilə dondurma təchizatçısı olan və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X3 "Bravo" marketləri ilə çalışmağı davam etdirmək istədiyi təqdirdə 30000 (otuz min) manat pul verməlidir tələbini çatdırmışdır. S.Yusifova sözügedən tələblə razılaşmadığı üçün bu sahibkardan dondurma alışı dayandırılmışdır. Təchizatın dayandırılması "Bravo" marketlərdə dondurma satışından əldə olunan gəlirlərə mənfi təsir göstərmiş və nəticədə mülkiyyətçiyə maddi ziyan dəymişdir. Bununla bağlı aidiyyəti işçilərdən izahat alınmış və qeyd edilən faktları öz izahatlarında təsdiq etmişlər. Yuxarıda qeyd edilənləri, Əmək Məcəlləsinin 72-ci maddəsinin ç) bəndini və 186-cı maddəsini rəhbər tutaraq, Azərbaycan Supermarket MMC-nin Təzə qida şöbəsinin Təzə qida və qeyri-qida kateqoriyaları üzrə direktor vəzifəsində işləyən işçisi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. - “Mediasiya Şurası” Bakı 2 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/2- 00957/2024 nömrəli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər, mediasiya prosessinin davam etdirməyə razılıq verilməmişdir, İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. - Məhkəməyə iddiaçı tərəfindən 1 ədəd və cavabdeh tərəfindən 2 ədəd disk təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2018-ci ildə Cavabdeh MMC-yə böyük menecer vəzifəsinə qəbul olunub, xx.xx.2021-ci ildə qeyri-qida departamentinin rəhbəri vəzifəsinə keçirilib, xx.xx.2021-ci ildə şəxsi gigiyena və kosmetika məhsullarının alışı və bizneslərarası əlaqə üzrə şöbə rəhbəri vəzifəsinə keçirilib, xx.xx.2022-ci ildə işçi təzə qida kateqoriyası və bizneslərarası əlaqə üzrə şöbənin rəhbəri vəzifəsinə keçirilib, xx.xx.2023-cü ildə təzə qida və qeyri-qida kateqoriyaları üzrə direktor vəzifəsinə keçirilib, xx.xx.2023-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilib, o, xx.xx.2023-cü ildə "xxxx" ASCdə kommersiya direktoru vəzifəsinə qəbul edilib və xx.xx.2024-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilib. Hazırda iddiaçı Cavabdeh MMC-nin işdən azad olunması barədə əmrin ləğv edilməsi və digər tələblərlə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli SL646 nömrəli “Əmək müqaviləsi”nə əsasən İddiaçı böyük menecer vəzifəsinə qəbul edilmişdir. Sonuncu dəfə xx.xx.2023-cü ildə təzə qida və qeyri-qida kateqoriyaları üzrə direktor vəzifəsinə keçirilib və xx.xx.2023-cü il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72ci maddəsinin “c” bəndi rəhbər tutularaq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdehlə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv edilmiş və iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətdə həmin əmri mübahisələndirməmişdir. Qeyd edilənlərə əsasən müddəti tətbiq etməklə iddianın rədd edilməsi xahiş edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci, 3cü və 4-cü hissələrinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Bu qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İş materiallarına əlavə edilmiş sənədlərlə iddiaçının əmək müqaviləsi barədə əmri nə vaxt aldığını müəyyən etmək mümkün olmasa da, iddiaçı xx.xx.2023-cü ildə başqa bir cəmiyyətdə işə qəbul olması, cavabdehin əmrindən xəbərdar olmasını təsdiq edir. İddiaçı cavabdehlə əlaqə saxladığı, müalicə olunduğu və təhsil alması səbəbindən əmri vaxtında mübahisələndirmədiyini qeyd etmişdir. Lakin bununla belə göstərilən hallar baş verənədək iddiaçı artıq iddia müddətini ötürüb. Belə ki, iddiaçı əməliyyatı ilə əlaqədar 2 gün, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində Buta klinikasında olub, o, xx.xx.2023-cü il tarixində xəstəxanaya giriş edib, həmin gün ona əməliyyat icra olunaraq xx.xx.2023-cü il tarixdə evə buraxılıb və 10 gün sonra kontrol baxışa gəlməsi təyin olunub. Həmçinin, o, X2 San Diego LSİ Berkeley adlı tədris müəssisəsində xx.xx.2023-xx.xx.2024-cü il üzrə təhsil alıb. Təhsili xx.xx.2024-cü ildə yekunlaşıb. Bundan sonra iddiaçı xx.xx.2024-cü ildə mövcud mübahisə ilə bağlı mediasiya təşkilatına müraciət edib, mediasiya təşkilatı tərəfindən “ilkin mediasiya prosesinin davam etdirilə bilməməsi barədə” arayış xx.xx.2024-cü ildə tərtib edilməsinə baxmayaraq, xx.xx.2024-cü ildə məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı işə bərpa tələbi ilə 01 aylıq iddia müddətini ötürdükdən sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdiyindən, iddia tələbi haqqlı olaraq “xx.xx.2023-cü il tarixi 1868-23 №-li əmrin ləğv edilməsi” hissəsində təmin edilməməlidir. Hazırkı iş üzrə iddia müddətinin ötürülməsi səbəbinin üzrlü hesab edilməsi üçün əsas müəyyən edilməmişdir. Həmçinin “iddiaçının işə bərpa edilməyi, bütün məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən alınaraq ona verilməsi” tələbi, ilkin tələbdən törəmə tələb olduğundan və ilkin hissədə iddia təmin edilmədiyindən digər hissələrdə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmə iddiaçının dövlət rüsumu ödəməkdən azad olunduğunu və tələbinin təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar