Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-557/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclas katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın icraata qəbul edilməsi, işə mahiyyəti üzrə baxaraq, onun 3 azyaşlı uşaqları olan X11, X12, X13 ilə birlikdə Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən 54 №-li evin 11 №-li mənzilinə köçürülməsi, habelə məhkəmə xərcləri kimi 60 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun, 1 manat bank xərcinin, 500 manat vəkil xidməti haqqının, 17 manat 25 qəpik etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş məbləğin, cəmi 628 manat 25 qəpiyin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurub. Nikahları həmin tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanıb və nikahın bağlanması haqqında akt qeydləri kitabında 999 nömrə ilə qeyd edilib. O, nikaha daxil olduqdan sonra cavabdehin anasının mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Əlif Haciyev küçəsindəki 54 №-li evin 11 №-li mənzilə gəlin köçüb, yaşayış yeri üzrə həmin mənzildə rəsmi qeydiyyata alınıb və 2022-ci ilin sonuna qədər orada faktiki yaşayıb. Onların birgə nikahlarından 3 uşaqları: xx.xx.2015-ci il təvəllüdlü X11, xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X13 olub. Mənzilin əvvəlki mülkiyyətçisi olmuş cavabdehin anası 2021-ci ilin fevral ayının əvvəllərində vəfat edib, mənzil vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçib və ona xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın reyestr nömrəsi **********07-05101-093019, qeydiyyat nömrəsi ********** olmaqla Dövlət reyestrindən çıxarış verilib. Ər-arvad arasında münasibətlərin gərginləşməsi səbəbindən o, cavabdehlə nikahlarını pozmaq qərarına gəlib və 2022-ci ilin noyabr ayının axırlarında uşaqları da özü ilə götürüb atası evinə gedib. Daha sonra o, nikahlarının pozulması barədə iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edib. Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(007)-718/2023 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikah pozulub, azyaşlı uşaqlar hazırki işdə onun yanında saxlanması, xx.xx.2023-cü il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşlarına çatanadək onların hər biri üçün hər ay 220 manat olmaqla, ümumilikdə hər ay 660 manat məbləğində alimentin Cavabdeh tutulub, ona verilməsi qət edilib. Həmin qətnamə ilə eyni zamanda birgə nikah dövründə əldə edilmiş “Toyota Land-Cruiser” markalı, **-GO-*** dövlət qeydiyyat nömrəli və “Opel Astra” markalı **-HS-*** dövlət qeydiyyat nömrəli minik avtomobilləri üzərində onun və Cavabdeh hər birinin 1/2 hissədə payları müəyyən edilmişdir. O, 2022-ci ilin sonlarında uşaqları da götürüb mənzili tərk edəndən sonra 2 dəfə özünə aid olan bəzi geyimləri və xırda əşyaları götürmək üçün mənzilə gəlmiş, 2023-cü ilin fevral ayının əvvəllərində mənzilə gələndə görüb ki, Səid qapının qıfılını dəyişib. Bundan sonra cavabdeh onu mənzilə buraxmayıb və mənzilin açarının nüsxəsini ona verməyib, o, həmin vaxtdan 3 azyaşlı uşağı ilə atası evində yaşamaq məcburiyyətində qalıb, onlara da narahatlıq yaradır və özü də narahat vəziyyətdə yaşamaqda davam edir. Nikahları pozulduqdan sonra o, mənzildən istifadə etməyə şərait yaradılmasını və açarın nüsxəsini ona verilməsini dəfələrlə cavabdehdən tələb etsə də, cavabdeh sözdə buna etiraz etmədiyini bildirsə də, faktiki olaraq sözünə əməl etməyib. Hazırki iddia məhkəməyə təqdim edilənə qədər məsələyə ilkin mediasiya qaydasında baxılıb. Cavabdehlə nəinki barışığa nail olmaq mümkün olmayıb, o, hətta mediasiya xəclərini belə ödəməyib. Ona görə də, 60 manat mediasiya xərcini tam məbləğdə o ödəyib. xx.xx.2023-cü il tarixli arayışdan da göründüyü kimi mediasiya prosesinin həyata keçirilməsindən imtina edilib. O, başa düşür ki, onların yaşadığı, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsindəki 54 №-li evin 11 №-li mənzili onların birgə mülkiyyətində deyil və cavabdehə məxsusdur. Bununla bərabər o, həmin mənzildə 2014cü ildən faktiki yaşamış, orada 3 övladlarını dünyaya gətirib və orada rəsmi qeydiyatdadir. Onun cehiz əşyaları da hazırda həmin mənzildədir. Mənzil əvvəllər cavabdehin anasının mülkiyyətində olsa da, 2021-ci ilin fevral ayından vərəsəlik qaydasında cavabdeh tərəfindən qəbul edilib və 2021-ci ilin avqust ayından onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınıb. O, isə orada yaşamaqla, mənzildən istifadəsini davam etdirib. Beləliklə, o, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinə əsasən cavabdehin mülkiyyətində olan həmin mənzilə istifadə hüququ əldə edib. Cavabdeh ona mənzildən istifadə etməsinə şərait yaratmır və imkan vermir. Ona görə də, o, öz hüququnu məhkəmə qaydasında müdafiə etmək qərarına gəlib. Məhkəmə mübahisəsinin cavabdehin təqsiri üzündən yaranması nəzərə alınmaqla, məhkəmə xərcləri onun üzərinə qoyulmalıdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının verdiyi bir çox məlumatlar həqiqəti əks etdirmir və iddia tələbi özlüyündə əsassızdır, təmin oluna bilməz. İddiaçı cavabdehlə ailə qurub mübahisəli mənzilə gəlin gəldikdən bir il sonra onlar kirayədə yaşamaq üçün başqa mənzilə köçmüşlər. Bir neçə ildən, yəni 2019-cu ildə cavabdehin atasının ölümündən sonra, mübahisəli mənzilə qayıdaraq orada yaşamağa başlamışlar, iddiaçı mübahisəli mənzilə iki dəfə yaşamağa gəlib və hər iki dəfə də mənzil cavabdehə yox, onun anasına məxsus olub. İddiaçı özü də iddia ərizəsində etiraf etdiyi kimi onu mübahisəli mənzildən qovan olmayıb, o, öz xoşu ilə uşaqları da götürüb yaşamaq üçün atasının evinə gedib. Sonradan iddiaçının cavabdehin işdə olduğu vaxtlarda mənzildə heç kimin olmadığından istifadə edərək, xəbərdarlıq etmədən, cavabdehə də aid olan əşyaları aparması səbəbindən cavabdeh mənzilin qapısının açarlarını dəyişib. Cavabdeh mübahisəli mənzilin açarını dəyişməsi ilə iddiaçını atası evində yaşamaq məcburiyyətində qoymayıb, iddiaçı daha əvvəl öz xoşu ilə ora köçüb. İşin mübahisələndirilməyən halıdır ki, iddiaçı mübahisəli mənzilə gəlin gələrkən və ora pasport qeydiyyatına alınarkən mənzil cavabdehin anasına məxsus olub. Sonra mülkiyyətçinin ölümü ilə əmlak vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçib. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında ailə hüquq münasibətləri xx.xx.2014-cü ildə yaranıb və xx.xx.2023-cü il tarixində ləğv edilib. İddiaçının mübahisəli mənzillə bağlı münasibətləri 2014-cü ildən yarandığından bu mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. İddiaçı mübahisəli mənzilə köçərkən mənzilin mülkiyyətçisi cavabdehin anası olduğundan onun həmin mənzildən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunurdu. Bu şərtlərin isə heç biri mövcud deyildir. Bununla bağlı qeyd edilməlidir ki, hazırkı iddianın predmeti mübahisəli mənzil üzərində sərəncam vermək hüququna toxunmadığına, mənzildən istifadə hüququna aid olduğuna görə, hazırkı mübahisə ilə bağlı mənzilin hazırki sahibi Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığına görə onun mülkiyyət hüquqları müdafiə olunmalıdır. Bu səbəbdən, mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Məhz bu baxımdan, iddiaçı ilə mənzilin əvvəlki sahibi cavabdehin anası arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanılmadığına görə iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmayıb. Göstərilənlərə əsasən, belə qənaətə gəlinir ki, İddiaçı mübahisəli mənzildən istifadə hüququ olmadığından, azyaşlı uşaqlar isə məhkəmə qətnaməsi ilə onun himayəsində olduqlarından, iddiaçının Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 54 nömrəli evin 11 nömrəli mənzilinə köçürülməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmədən iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının azyaşlı uşaqları ilə birlikdə cavabdehin mülkiyyətində olan mənzilə köçürülməsi üçün iddiaçının həmin yaşayış sahəsinə istifadə hüququ tanınmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı X3 və azyaşlı uşaqları: X11, X12, X9 Cavabdeh oğunun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən 54 №-li evin 11 №-li mənzilinə istifadə hüququnun tanınması və onların həmin mənzilə köçürülmələri, habelə məhkəmə xərcləri kimi 60 manat mediasiya xərcinin, 50 manat dövlət rüsumunun, 1 manat bank xərcininin, 500 manat vəkil xidməti haqqının, 17 manat 25 qəpik etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş məbləğin, cəmi 628 manat 25 qəpiyin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı 2014-cü ildə mübahisəli mənzilə köçüb. Hazırda əmlak onun keçmiş ərinin mülkiyyətindədir. İddiaçı üç övladı ilə birliklə valideynlərinin evində yaşayır. Tərəflər arasında münasibət davam edən münasibət olub. İddiaçı mənzilə gəlin köçüb, sonra başqa mənzildə kirayədə yaşayıblar, sonra təkrar mənzilə köçüb. Hər iki halda mülkiyyətçi onun qayınanası olub. Amma iddiaçı mənzilə köçdükdən sonra mənzildə yaşamağa davam edib. İddiaçı həmin mənzildə yaşayarkən artıq mülkiyyətçi dəyişərək, əri olub. Bu səbəbdən iddiaçının mənzildən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddiaçı iki dəfə mənzilə köçüb, hər iki halda mənzil cavabdehin anasının mülkiyyətində olub. Bu səbəbdən iddiaçının mənzildə istifadə hüququnun olması üçün onunla mülkiyyətçi arasında notarial qaydada təsdiq olunmuş razılaşma olmalı idi. O, məhkəməyə iddiaçının mənzildə istifadə hüququnun qeydə alınmaması barədə rəsmi məlumat təqdim edib. Hazırda tərəflər arasında ailə münasibətləri pozulub. İddiaçı özü də ərizəsində qeyd etmişdir ki, mənzili könüllü qaydada tərk edib. Bundan sonra özü nikahın pozulması üçün məhkəməyə müraciət edərək, nikahın pozulmasına nail olub. Cavabdeh isə nikahın pozulmamasında israrlı olub. Hazırda tərəflər arasında heç bir ailə münasibətləri yoxdur və iddiaçının mübahisəli mənzilə köçürülməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması deməkdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh adına qeydiyyata alınmışdır; - AZ-İİİ seriyalı 591551, AZ-İİİ seriyalı 882837 və AZ-İV seriyalı 615420 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X11 xx.xx.2015-ci il tarixdə, X12 xx.xx.2016-cı il tarixdə və X13 xx.xx.2021-ci il tarixdə doğulmuşlar. Ataları Cavabdeh, anaları İddiaçıdır; -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-718/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 08 avqust 2014-cü il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 999 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X11, xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X9 anaları İddiaçı yanında qalmaları, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 660 manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı verilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X9 3 yaşına qədər hər ay 50 manat məbləğində alimentin tutulub, İddiaçı verilməsi, birgə nikah dövründə əldə edilmiş “Toyota Land- Cruiser” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı və “OPEL ASTRA” minik markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində İddiaçı və Cavabdeh hər birinin ½ hissədə paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənın alimentin alınmasına dair hissədə dərhal icra edilməsi, məhkəmə xərclərinin İddiaçı aid edilməsi qət edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundna görünür ki, İddiaçı ünvan 1 ünvanı üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Mədətova (Cavadzadə) Nəzrin Natiq qızı xx.xx.2008-ci il tarixdən 04. 01.2022-ci il tarixədək Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi, ev 63, mənzil 24-də, xx.xx.2022-ci il tarixdən hazırki vaxtadək ünvan 2 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi, ev 63, mənzil 24-də, xx.xx.2022-ci il tarixdən hazırki vaxtadək ünvan 2 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərdənizneftinşaat” trestinin 558 nömrəli xx.xx.1994-cü il tarixli qərarına və Bakı şəhəri 23 saylı notariat kontorunda təsdiq edilmiş 3M/3-762 reyestr nömrəli xx.xx.1995-ci il tarixli müqaviləyə əsasən xx.xx.1995-ci il tarixdə X6 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 15 saylı notariat kontorunun 3”M”/A-570 reyestr nömrəli xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyata alınmışdır və sonuncunun adı ilə bağlı xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Sonradan sözügedən qeydiyyat vəsiqəsi ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli çıxarış ilə əvəz edilmişdir. Həmçinin bildirirlər ki, sözügedən mənzil Bakı şəhəri 50 saylı notariat kontorunun 2V-140 reyestr nömrəli xx.xx.2021 -ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 08 avqust 2014-cü il tarixdə nikaha daxil olublar. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X11, xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X13 anadan olub. Tərəflər evləndikdən sonra iddiaçı həmin vaxt cavabdehin anası X2 məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilə gəlin köçüb, bir müddətdən sonra tərəflər başqa ünvana köçsələr də, daha sonra yenidən mübahisəli mənzildə yaşamağa başlayıblar. Hər iki halda mülkiyyətçi cavabdehin anası X5 olub. X1 vəfatından sonra mənzil vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçib və xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda cavabdehin adına dövlət qeydiyyatına alınıb. Bu müddətdə tərəflər mənzildə birlikdə yaşayıblar. İddiaçı xx.xx.2022ci il tarixdə həmin ünvana pasport qeydiyyatına alınıb. Lakin daha sonra, 2022-ci ilin sonlarında tərəflər arasında ailə münasibətləri pisləşdiyindən iddiaçı övladları ilə birlikdə mübahisəli mənzili könüllü qaydada tərk edib. Qeyd edilənlərə işin mübahisəsiz hallarıdır. Tərəflər həmin halları mübahisələndirməyib, iş materialları ilə öz təsdiqini tapıb. Hazırda isə iddiaçı onun və övladlarının mübahisəli mənzilə istifadə hüququnun tanınmasını və onların mənzilə köçürülmələri ilə bağlı məhkəmədə iddia qaldırıb. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: MPM-in 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2021-cı ildən sonra, yəni mübahisəli mənzil cavabdehin mülkiyyətinə keçdikdən sonra yarandığından, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olublar. Tərəflərin nikaha daxil olduqdan sonra həmin vaxt cavabdehin anasına məxsus olan ünvan 2 ünvanında yerləşən mənzildə yaşamağa başlayıb, bundan sonra tərəflər bir müddət başqa bir ünvanda kirayədə yaşayıb, daha sonra yenidən mübahisə predmeti olan evdə yaşayıblar. Həmin vaxt da mənzil cavabdehin anasının mülkiyyətində olub. İddiaçı ilə cavabdehin anası arasında istifadə hüququnun yaranmasına dair notarial qaydada təsdiq olunan yazılı razılaşma yoxdur. Daha sonra mübahisəli mənzil cavabdehin mülkiyyətinə vərəsəlik qaydasında xx.xx.2021-ci il tarixdə keçib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-718/2023 saylı qətnaməsi ilə tərəflər arasındakı nikaha xitam verilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; Qeyd olunan maddi hüquq normalarının məzmunundan da aydın olur ki, iddiaçının mübahisəli mənzilin cavabdehin anasının mülkiyyətində olduğu dövrdə köçüb yaşaması onun həmin mənzildən istifadə hüququnun olması demək deyil. Belə ki, mənzildən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruri idi. Belə bir razılaşmanın olmaması mənzilin cavabdehin anasının mülkiyyətində olduğu vaxt cavabdehin mübahisəli mənzildə istifadə hüququnun olması faktını istisna edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdehin anası arasında, iddiaçının ünvan 2 ünvanında yerləşən mənzildə istifadə hüququnun yaranmasına dair notarial qaydada təsdiq olunmuş yazılı razılaşma olmadığından mənzil cavabdehin anasının mülkiyyətində olduğu vaxt iddiaçının mənzildə istifadə hüququ olmamışdır. Həmin mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh mülkiyyətinə verildikdən sonra iddiaçının mübahisəli mənzilə cavabdehin ailə üzvü kimi istifadə hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 yanvar 2015-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslər ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Bundan başqa, MM-in 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Belə ki, iddiaçı uşaqları ilə birlikdə mübahisəli mənzildən özü könüllü şəkildə çıxaraq atasının evinə gedib. Hal-hazırda uşaqları ilə birlikdə orada yaşayır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-718/2023 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh аrаsındа xx.xx.2014-cü il tаriхdə bağlanmış nikah pozulub. Yəni İddiaçı Cavabdeh keçmiş həyat yoldaşıdır. Belə ki, Cavabdeh keçmiş həyat yoldaşı İddiaçı onun ailə üzvü deyil və hazırda da tərəflər arasında mübahisəli mənzildən istifadə hüququ haqqında razılıq yoxdur. Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisidir, İddiaçı isə onun ailə üzvü hesab edilən şəxslər dairəsinə aid olmadığından onun artıq mübahisəli mənzilə istifadə hüququ yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçının istifadə hüququna faktiki olaraq ailə münasibətləri pozulduğu andan xitam verilib. Bundan başqa, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərdən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin mənzildə pasport qeydiyyatında olması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzildə xx.xx.2022-ci il tarixdə pasport qeydiyyatında olması onun həmin yaşayış sahəsindən istifadə hüququna malik olmasının göstəricisi kimi qəbul olunmamalıdır. Belə olan halda məhkəmə tərəflər arasında mübahisəli mənzildən istifadə hüququ haqqında razılaşma olmadığını və tərəflər arasında ailə müasibətlərinə xitam verildiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “onun və azyaşlı uşaqlarının ünvan 2 ünvanında yerləşən mənzildə istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülmələri” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, mediasiya xərci kimi ödənilmiş pul vəsaiti və iş üzrə məhkəmə xərcləri (dövlət rüsumu, dövlət rüsumunun ödənilməsi üçün xidmət haqqı, vəkilə etdiyi kömək üçün ödənilən xərclər və s.) iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “onun və azyaşlı uşaqlarının ünvan 2 ünvanında yerləşən mənzildə istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülmələri” tələbinə dair iddiası təmin edilməsin. Mediasiya xərci və məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-557/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-557/2024
16.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver