Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-559/2022 06.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun atası X1 fəaliyyəti ilə məşğul olurmuş. 2018-ci il tarixində cavabdeh atası sahibkarlıq fəaliyyətini həyata keçirdiyi dükana gələrək 8500 manat dəyərində mal (geyim əşyaları) nisyə götürmüşdür. Cavabdeh götürdüyü malın müqabilində cəmi 500 manat ödəniş etmişdir. Atası xəstələndikdən sonra dünyasını dəyişmişdir. Buna baxmayaraq cavabdeh hazırki dövrədək qalan borc məbləğini qaytarmağa heç bir cəhd göstərməmişdir. O, cavabdehə dəfələrlə zəng edərək pulun qaytarılmasını xahiş etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulun qaytarılmasından boyun qaçırtmışdır. Məcburiyyət qarşısında qalaraq Bakı şəhəri Nərimanov rayonunun 18 saylı Polis şöbəsinə ərizəsi ilə müraciət etmişdir. İşə baxdıqdan sonra mülki iş olduğunu qənaətinə gələrək ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. O, cavabdehdən atasına olan borcu ala bilmədiyinə görə hazırda məhkəməyə müraciət etməli olur. Qeyd edilənlərə əsasən atası X4 cavabdehə verdiyi malın dəyərini 8500 manatdan 500 manat çıxmaqla qalan 8000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh atasından 8500 manat dəyərində mal almış, Polis Şöbəsindən də qeyd edilənləri etiraf etmiş və borcunu qaytaracağını bildirmişdir. Cavabdeh həmin borc puldan cəmi 500 manat ödəniş etmişdir. Qalan borc pul geri qaytarılmamışdır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xİİİ-ЖГ seriyalı 458816 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 09 avqust 1989-cu il tarixdə doğulmuşdur. X2r. - 14 yanvar 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 29 dekabr 2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 yanvar 2020-ci il tarixdə 107 nömrəsi ilə qeyd edilmişdir. - Bakı şəhəri 9 saylı Notariat Ofisinin 15.12.2021-ci il tarixli 3220 saylı məlumatından görünür ki, 29.12.2019-cu il tarixdə vəfat etmiş, ünvan 1 ünvanında qeydiyyatda olmuş X4 vərəsəlik işi ilə əlaqədar olaraq mərhumun oğlu İddiaçı miras əmlakın qəbulu üçün yazılı ərizə ilə müraciət etmiş vərəsəsidir. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 16.12.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 8000 manat borcun qaytarılması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barəsində xəbərdar olunmuşdur. - Cavabdeh Nərimanov RPİ-nin 18-ci PŞ-də vermiş olduğu izahatından görünür ki, onun İsmayılov Rövşənlə 40 ilə yaxındır ki, iş yoldaşı, sonradan isə dost münasibətləri olmuşdur. 2018-ci ildə Rövşən rəhmətə getməmişdən qabaq gəlir əldə etmək məqsədilə ondan geyim əşyəlarını alıb əvəzində isə ona beton maşınlarla əvəz edirdi. İsmayılov Rövşən 2019-cu ildə rəhmətə getməmişdən qabaq həqiqətəndə onun Rövşənə 8500 manat borcu qalmışdır Borcun 2500 manatını Rövşən xəstə olanda onun işlədiyi “Elit” t/mə gedərək qaradaşı X8 ilə birlikdə özünə vermişdir. Qalan 5500 manat borcu isə Rövşənin işlədiyi “Elit” t/m-də arendaya görə borcu olduğuna görə qardaşı X8 və onun dostu Ramin ilə birlikdə t/m-nin pul yığanı Məzahir adlı şəxsə verdikdən sonra onun skladda olan mallarını Rövşənin özünə qaytardılar. Əlavə olaraq bildirmək istiyir ki, Rövşənlə onun aralarında həmişə xoş münasibətlər olmuş, əvvəllərdə işlədilkəri zavoda ona böyük qayğısı olmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı atası X6 götürdüyü malların dəyəri olan 8500 manat borcu olmuşdur. X3 vəfat etmiş və onun vərəsəsi, hazırkı iş üzrə iddiaçı cavabdehdən borcun tutulması məqsədi ilə məhkəməyə müracaiət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1243.2-ci maddəsinə əsaəs vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı atası X6 8500 manat borcu olmuşdur. İddiaçı cavabdehin borcundan 500 manat ödədiyini və hazırda 8000 manat borcunun olduğunu bildirmişdir. Cavabdeh isə Nərimanov RPİ-nin 18-ci PŞ-də vermiş olduğu izahatında göstərmişdir ki, onun iddiaçının atasına 8500 manat borcu vardır və o borcunu 2500 manat və 5500 manat olmaqla ödəmişdir. Nəticədə, cavabdeh iddiaçının atasına 8500 manat borcu olduğunu qəbul etmiş, lakin borcunu qaytardığını iddia etmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh məhkəmə proseslərinə iştirak etməyərək məhkəməyə borcun ödənilməsinə dair heç bir sübut təqdim edilməmiş və məhkəmə tətqiqi zamanı qeyd edilən hal öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçının atasında aldığı malların dəyəri olan 8500 manat məbləğində pulun qaytarılması halını sübut edə bilməmiş, borcun ödənilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş və həmin hallar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən cavabdeh tərəfindən borcun ödəməsi halı müəyyən edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borcun qaytarılması ilə bağlı öhdəlik götürdüyündən və cavabdeh həmin öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsaəsn hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırda iddiaçı cavabdeh tərəfindən borcdan 500 manat ödəniş edildiyini bildirərək 8000 manat pulun cavabdehdən tutulmasını xahiş etdiyindən və cavabdeh tərəfindən borcun ödənilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, tələb etmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-559/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-559/2022
06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver