Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-561/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 37, 114 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1zil 114 İddiaçı satılmışdır və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 11.08.2017 qeydiyyat tarixi No ******* saylı RX seriyalı çıxarışa əsasən qeyd edilən mənzil onun mülkiyyətindədir. Hal-hazırda mənzildə yuxarıda adları qeyd edilən şəxslər qeydiyyatdadır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1zil 114 mülkiyyətçisi olmuşdur və onun tərəfindən həmin mənzil ******* No-li 03 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satılan zaman müqavilənin 13-cü bəndinə əsasən o üzərinə öhdəlik götürmüşdür ki, müqavilə notariat qaydada təsdiq edilən andan 60 gün müddətində o satdığı mənzildən qeydiyyatdan çıxacaqdır. Buna onun ailə üzvləri də razılığını bildirmişdir. Lakin cavabdehlər indiyə kimi iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan mənzildən qeydiyyatdan çıxmamışlar. Mənzili satdığı vaxtdan sonra 02.10.2017-ci ilədək həmin mənzildə yaşamışlar və yaşayış ünvanını dəyişmişlər. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən məhkəməyə ünvanlanmış ərizədə qeydiyyatda olduqları ünvan 1zil 114-ün mülkiyyətçisi İddiaçı onlara qarşı qaldırdığı iddiasına heç bir etirazları olmadığı bildirilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 03.08.2017-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 37, 114 saylı mənzili İddiaçı satmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı, 11.08.2017-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 37, 114 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 11.08.2017-ci il tarixdə qeydə alınmışdır. - Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 16.12.2021-ci il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 37, 114 saylı mənzildə qeydiyyatdadır. - 34 saylı MKTB-nin 894 saylı 04.03.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 37, 114 saylı mənzildə yaşayır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 37, 114 saylı mənzilində qeydiyyatdadırlar, lakin yaşamırlar. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 03.08.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 37, 114 saylı mənzili İddiaçı satmış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı, 11.08.2017-ci il tarixli Çıxarışına əsasən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 37, 114 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 11.08.2017-ci il tarixdə qeydə alınmışdır. 34 saylı MKTB-nin 894 saylı 04.03.2021-ci il tarixli arayışından görünür ki, cavabdehlər hazırda həmin ünvanda qeydiyyatda olsalar da həmin mənzildə faktiki yaşamırlar. Həmçinin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəməyə ərizə təqdim edərək qeydiyyatda olduqları ünvan 1zil 114-ün mülkiyyətçisi İddiaçı onlara qarşı qaldırdığı iddiasına heç bir etirazları olmadığı bildirilmişlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 15.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. 178.1-ci maddəsinə əsasən- daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 37, 114 saylı mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdehlər mənzildə yaşamadığı üçün həmin evdə istifadə hüquqlarını itirmiş və həmin mənzildə formal olaraq qeydiyyatda qalmışlar. Məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 37, 114 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 37, 114 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-561/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-561/2022
21.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver