Məhkəmə qərarları › İş №2(007)-574/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-574/2025

02.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-574/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Açar sözlər: mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Cavabdeh qarşı ”mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı evin 57 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı evin, 57 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, bildirir ki, anası X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Anasının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanki küçəsi, 37 saylı evin, 57 saylı mənzili vərəsəliklə tam hissədə hamının razılığı ilə onun mülkiyyətinə keçmişdir. Sonra həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarış almışdır. Cavabdeh isə onun qardaşıdır. O, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanki küçəsi, 37 saylı evin, 57 saylı mənzildə heç vaxt yaşamayıb. Cavabdeh rəhmətlik anası X1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi, 8 saylı evin 17 saylı mənzilində yaşamışdır. Hal-hazırda o, narkotik üstündə məhkum olaraq cəzasını AR ƏN PX-nin 6 saylı Cəzaçəkmə Müəssisəsində çəkir. Cavabdehə məxsus heç bir əşya onun mənzilində yoxdur. Cavabdehin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmağı səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırılır. Göründüyü kimi Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanki küçəsi, 37 saylı evin 57 saylı mənzili xüsusi mülkiyyətçisi o, olsa belə, mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ayrıca sərəncam vermək üçün cavabdehin də razılığı tələb olunur, bu da onun xüsusi mülkiyyətçi kimi hüquqlarını pozur.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmənin əvvəlki iclasında iştirak edən (videokonfrans vasitəsilə) Cavabdeh bildirdi ki, iddia tələbini qəbul edir və iddianın təmin olunmasına etiraz etmir.

6. Cavabdeh Azərbaycan Respublikası Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanki küçəsi, 37 saylı evin, 57 saylı mənzilində qeydiyyatdadır.

10. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********86-05101-093086 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanki küçəsi, 37 saylı evin, 57 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

11. AZ-İİ seriyalı 012197 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 750 nömrəsi ilə qeyd edilmişdir.

İşin faktiki halları:

12. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının anası X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Anasının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanki küçəsi, 37 saylı evin, 57 saylı mənzil vərəsəliklə tam hissədə hamının razılığı ilə onun mülkiyyətinə keçmişdir. Həmin mənzil xx.xx.2021-ci il tarixdə onun adına qeydiyyata alınmışdır. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanki küçəsi, 37 saylı evin, 57 saylı mənzilində heç vaxt yaşamayıb. Məhkəmənin əvvəlki iclasında (videokonfrans vasitəsilə) bildirmişdir ki, iddia tələbini qəbul edir və təmin edilməsinə etiraz etmir.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

15. Göründüyü kimi cavabdeh iddia tələbini qəbul edir və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

17. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə:

18. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı evin, 57 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir.

19. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı evin, 57 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar