Məhkəmə qərarları › İş №2(007)-601/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-601/2023

18.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-601/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünücü şəxs qismində cəlb edilməklə “əmək müqaviləsinin ləğvi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2019cu il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünücü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh MMC tərəfindən xx.xx.2019-cu il tarixdə rəsmi əmək müqaviləsi bağlanmaqla işə qəbul edilmişdir. Həmin müəssisədə bir müddət çalışdıqdan sonra qarşılıqlı razılaşma ilə əmək müqaviləsinə xitam verilməsini istədi. Ona bildirildi ki, heç bir narahatlıq yoxdur, onunla bağlanmış əmək müqaviləsinə 2019-cu il noyabr ayından xitam veriləcək. Hazırda yeni işə qəbul olmaq üçün başqa bir müəssisəyə müraciət etdikdə ona bildirildi ki, adında əmək müqaviləsi var və hazırda qüvvədədir. Belə olan halda onunla rəsmi əmək müqaviləsinin bağlanması mümkünsüz oldu. Tərəfindən mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Bakı 11 saylı Mediasiya Təşkilatına müraciət etdi, lakin cavabdeh MMC-nin səlahiyyətli şəxsləri xx.xx.2022-ci il tarixə təyin edilmiş Mediasiya Sesiyasında iştirak etmədilər. Bununla bağlı Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən, MŞB/11- 01209 saylı, xx.xx.2022-ci il tarixli müvafiq arayış təqdim edildi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmənin 06 fevral 2023-cü il tarixli iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X1 izahatında bildirdi ki, təsisçi xarici vətəndaşdır ona görə şirkətin təsisçisinin ölkədə olub-olmaması ilə bağlı sorğu verilməsi məqsədəmüvafiqdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünücü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/11-01209 saylı arayışından görünür ki, Cavabdeh nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı 16 avqust 2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdehndə “satıcı” vəzifəsinə qəbul edilmiş və əmək müqaviləsi müddətsizdir. - “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” portaldan çıxarışdan görünür ki, Cavabdeh qanuni təmsilçisi X4 Din adlı şəxsdir. "xxxx" MMC 13 may 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. - Dövlət Miqrasiya Xidmətinin 20 fevral 2023-cü il tarixli, 3-37/2-41xx-xx/2023 nömrəli məktubundan görünür ki, Pakistan İslam Respublikası vətəndaşı, xx.xx.1982-ci il təvəllüdlü X4 Din (pasport № AA0197632) barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılma ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Sərhədkeçmə məlumatlarını əldə etmək üçün Azərbaycan Respublikası Dövlət Xidmətinə müraciət edilməsi tövsiyə olunur. - Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 21 fevral 2023-cü il tarixli, **********155300 nömrəli məktubundan görünür ki, idarədə olan reyestrdə xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh (VÖEN: **********) təşkilatı hüquqi formasının dəyişməsi və ya ləğv olunması barədə məlumat aşkar edilməmişdir. - Dövlət Sərhəd Xidmətinin 17 aprel 2023-cü il tarixli, 3-38-33/2-1357/23 nömrəli məktubundan görünür ki, X4 Din barəsində dəqiq təyinedici məlumatlar (doğum tarixi, pasport nömrəsi) olmadığından sorğunun cavablandırılması imkan xaricindədir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 16 avqust 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmışdır. 16 avqust 2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdehndə “satıcı” vəzifəsinə qəbul edilmişdir. Lakin hər iki tərəfin razılığı ilə əmək müqaviləsinə 2019-cu ilin noyabr ayından xitam vrilməli idi. İddiaçı 2019-cu ilin noyabr ayından faktiki olaraq qeyd olunan MMC-də işləmir. O, əmək müqaviləsinə elə həmin vaxtdan xitam verildiyini bilirdi, lakin sonradan başqa işə düzəlmək istəyən zaman əmək müqaviləsinin qüvvədə olduğu müəyyən olunub. Cavabdeh qanuni təmsilçisi X4 Din adlı şəxsdir. Şirkət və onun təsisçisi barədə aidiyyatı orqanlara sorğular verilmiş, lakin X4 Din barəsində və onun qanuni təmsilçisi olduğu Cavabdeh barəsində heç bir məlumat əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 9-cu maddəsinin “o” bəndinə əsasən elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək işçinin hüququdur. Həmin maddənin “b” bəndində əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək də işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. 12-ci maddəsinin “c” bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindəndir. 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Beləliklə, İddiaçı ilə Cavabdeh arasında 16 avqust 2019-cu il tarixdə qanunvericiliyin tələbinə riayət olunmaqla əmək müqaviləsi bağlanmışdır. İddiaçı Cavabdehndə müqavilədə qeyd olunan satıcı vəzifəsində işə qəbul edilmişdir. Şirkət tərəfindən iddiaçıya əmək müqaviləsinə 2019-cu il noyabr ayından xitam veriləcəyi bildirilsə də Əmək Məcəlləsində təsbit olunmuş qaydada işə götürən işçinin əmək müqaviləsinə xitam verməmişdir. Əmək müqaviləsi qüvvədə qalmış və iddiaçının hüquqları pozularaq heç bir yerdə işə qəbul edilə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Göründüyü kimi, əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulan qaydada xitam verilməsi və bu barədə bildirişin (əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi) elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxıl edilməsi işəgötürənin vəzifələrinə aid edilmişdir. Hazırki halda isə işəgötürən Əmək Məcəlləsində onun vəzifələri kimi təsbit edilmiş əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə göndərilməsinə dair müvafiq hərəkətləri həyata keçirmədiyindən iddiaçının qanunvericiliyə əsasən malik olduğu əmək hüquqlarının pozulmasına zəmin yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır, iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. E-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəsini saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır. Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir. Məhkəmə yuxarıda sadalananları nəzərdən keçirərək, qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından göründüyü kim, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlansa da, sonradan onlar arasında mövcud olmuş işçi-işəgötürən münasibətləri kəsilmiş, əmək müqaviləsi formal olaraq qüvvədə saxlanılmışdır. Əmək müqaviləsinin formal olaraq qüvvədə saxlanılması səbəbilə iddiaçı başqa işə düzələ bilməmiş və nəticə etibarı ilə onun qanunla təminat verilmiş hüquqları pozulmuşdur. İddiaçı cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etsə də, hər hansı bir müsbət nəticə əldə edə bilməmiş və sonda məhkəməyə müraciət etməklə, pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası əsaslı olduğundan iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2019-cu il tarixli əmək müqaviləsi ləğv edilməlidir. 16 avqust 2019-cu il tarixli əmək müqaviləsinin ləğv edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, ona görə də məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2019-cu il tarixli əmək müqaviləsi ləğv edilsin. 16 avqust 2019-cu il tarixli əmək müqaviləsinin ləğv edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar