Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-614/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsəova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Kamil Əyubov adına 12 №-li məktəbə qarşı “işə bərpa, əmək haqqının ödənilməsi və sair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Kamil Əyubov adına 12 №-li məktəbə qarşı “işə bərpa, əmək haqqının ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xidmətinə verilən maddənin götürülməsi, işə bərpa olunması, 17.09.2021-ci il tarixdən maaşının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Kamil Əyubov adına 12 №-li məktəbdə Azərbaycan dili Ədəbiyyat müəlliməsi kimi çalışırdı. 16.08.2021-ci il tarixində işlədiyi məktəbə gedib əmək məzuniyyətindən qayıtmağı barədə ərizə təqdim etmişdir. 17.08.2021-ci il tarixində COVİD virusundan xalası, 18.08.2021-ci il tarixində hərbiçi polkovnik qardaşı X2 vəfat etmişdir. O, bu barədə məktəbə Tədris üzrə direktor müavininə məlumat vermişdir. Başı yaslara qarışdığından psixoloji sarsıntı keçirmişdir. Bu zaman məktəb qrupunda bildirmişdirlər ki, peyvənd olunmayanlar məktəbə buraxılmırlar. Təbii olaraq, COVİD-dən yaxınlarını itirdiyi üçün qorxmuş, peyvənd olunmadığı üçün məktəbə gedə bilməmiş, 06.09.2021-ci il tarixində Pfizer peyvəndi olunmuşdur. Bu ona pis təsir etmiş, qolu şişmiş, təzyiqi qalxmış, qızdırması olmuşdur. Müalicə olunmuş və bu barədə Tədris işləri üzrə müavinə məlumat vermişdir. 13.09.2021-ci il tarixində işə çıxmışdır. Təbii olaraq günləri tutulmuş, əmək haqqı yazılmamış, amma o etiraz etməmişdir. Direktora işə gəlməməyini üz-üzə izah edərkən, bildirmişdir ki, onu maddə ilə işdən çıxardır. Ümumiyyətlə bununla bağlı ondan nə izahat alınıb, nə də ki bununla bağlı xəbərdarlıq edilib. O, direktora bildirmişdir ki, gəlmədiyi günlərin əmək haqqısı ondan tutulub, zatən dərs olmamış, ətrafda imzalanmalı tabel olmamışdır.. O, bir daha vəziyyəti izah etmiş, lakin direktor Novruzov Rahim israrla ona bildirmişdir ki, onu işdən azad edir. 06.09.2021ci il tarixində onlayn şəkildə pedeqoji şura keçirilmiş və o, bura dəvət olunmamışdır. İclasda qeyd olunub ki, məktəbin müəlliməsi maddə ilə işdən azad olunub. 28 illik müəlliməlik fəaliyyəti, qazandığı nailiyyətlər, cəmiyyətə bəxş etdiyi savadlı, nümunəvi insanlar nəzərə alınmadan onun haqsız yerə işdən azad olunması ona maddi mənəvi təsir etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil məhkəməyə etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvi barədə 17.09.2021-ci il tarixli əmrdən göründüyü kimi, Bakı şəhəri 12 nömrəli tam orta məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Natəvan Mustafayeva tərəfindən Bakı şəhəri 12 nömrəli tam orta məktəbin rəhbərliyinə ünvanlanmış 10.09.2021-ci il tarixli təqdimatda məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı 19.08.2021-ci il tarixdən 10.09.2021-ci il tarixə qədər heç bir səbəb göstərmədən işə gəlmədiyi göstərilmişdir. 13.09.2021-ci il tarixdə İddiaçı məktəbə gəlmiş, məktəbin direktoru məsələni araşdırmaq üçün onu iş otağına dəvət etmiş və işə gəlməməsinin səbəbini aydınlaşdırmaq üçün yazılı izahat tələb etmişdir. İddiaçı izahat yazmaqdan imtina etmiş, yüksək səslə məktəb direktorunu iş otağında təhqir etmiş “Sizi Allaha tapşırıram, pis günə düşəsiniz” deyərək iş otağının qapısını çırparaq məktəbi tərk etmişdir. İddiaçı 19.08.2021-ci il tarixdən 10.09.2021-ci il tarixədək 18 iş günü işə gəlməməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) və 10-cu maddəsinin “f” bəndinin (əmək qanunvericiliyinin tələblərinə əməl etmək) tələblərini pozmuşdur. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı məktəbin direktoru X3 qarşı qeyri-etik ifadələr işlədərək müəllim adına yaraşmayan hərəkətə yol vermiş, bununla da Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasinin 6 noyabr 2014-cü il, 1/2 №-li qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.1, 2.1.3, 2.1.5, 3.8 və 4.3.3 bəndlərinin tələblərini pozmuşdur. Belə ki, “Müəllimlərin etik davranış Qaydalan”nın 2.1.1-ci bəndinə əsasən, “müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur", 2.1.3.-cü bəndinə əsasən, “müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələr çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməməsinə görə intizam məsuliyyəti daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir”, 2.1.5-ci bəndinə əsasən, “müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır1’, 3.8-ci bəndinə əsasən, “müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir”, 4.3.3-cü bəndinə əsasən, “rəhbərin qanuni göstərişlərinin müəllimlər tərəfindən yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur”. Eyni zamanda, “Müəllimlərin etik davranış Qaydaları”nın 6.1-ci və 6.2-ci bəndlərində göstərilmişdir ki, “hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur. Müəllimlər tərəfindən etik davranış qaydalarına əməl olunması rəhbərlik tərəfindən müntəzəm təhlil edilir və bu Qaydalarla müəyyən edilmiş tədbirlər görülür”. Həmçinin Qaydaların 6.3.6-cı bəndində etik davranış qaydalarının pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsinin təşkil edilməsi və qayda pozmuş müəllimlərin qanunvericiliyə uyğun intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlərin görülməsi təhsil müəssisəsi rəhbərliyinin vəzifəsi kimi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə uyğun olaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq alınması üçün Baki şəhəri 12 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinə 13.09.2021-ci il tarixli təqdimatla müraciət olunmuşdur. Verilmiş təqdimata baxılmasının nəticəsi barədə Həmkarlar İttifaqı Komitəsindən Bakı şəhəri 12 nömrəli tam orta məktəbə 15.09.2021-ci il tarixli, 148 nömrəli məktub daxil olmuşdur. Məktubda 15.09.2021-ci il tarixdə Bakı şəhəri 12 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin iclasının keçirildiyi və əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara, müəllim adına yaraşmayan və nüfuzuna xələl gətirən davranışlara yol verməklə əmək vəzifələrinin kobud şəkildə pozulması və “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna görə Bakı şəhəri 12 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı mövcud qanunvericiliyin tələblərini pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verildiyi bildirilmişdir. Qeyd olunmalıdır ki, İddiaçı iclasın keçiriləcəyi vaxt və yer haqqında rəsmi qaydada məlumatlandırılsa da, iclasda iştirak etməmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq, onunla bağlanmış əmək müqaviləsi əmək qanunvericiliyinin tələblərinə uyğun ləğv edilmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil məhkəməyə 14.03.2022-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırkı iş üzrə iddiaçı tutduğu vəzifəyə bərpa edilməsi və dəymiş zərərə görə təzminatın ödənilməsinə dair iddia ərizəsini verərkən iddia müddəti barədə qanunvericiliyin tələblərinə riayət etməmiş və hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından müəyyən olunur ki cavabdeh, Bakı şəhəri 12 nömrəli tam orta məktəbin 17.09.2021-ci il tarixli, 107 nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi 17.09.2021-ci il tarixində ləğv edilmişdir. İddiaçı yaranmış hal üzrə hüquqların təmin edilməsi məqsədilə yuxarıda göstərilmiş halın ona məlum olmasından 3 aydan çox vaxt keçəndən sonra irəli sürmüşdür və iddia müddəti ötürülmüşdür. Beləliklə, mülki iş üzrə iddia müddətini tətbiq edərək, İddiaçı cavabdeh Bakı şəhəri 12 nömrəli tam orta məktəbə qarşı“ işə bərpa və məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, 30 ilin müəlliməsidir. Bütün məktəbin tədbirlərini keçirmişdir. Məktəbdə o, ən yüksək bal ilə Təhsil Nazirliyindən keçmişdir. Həmin vaxt o, 1 həftə dərsdə olmamışdır. Onun qardaşı, xalasının qızının əri, xalası, xalasıın qızı hamısı ardıcıl rəhmətə getmişlər. O, məktəbə gedəndə onun əmək haqqından 207 manatı tutmuşlar. Həmin vaxt məktəbdə tabel, dərs olmamış və pandemiya şəraiti olmuşdur. Müəllimlər pandemiya şəraitində 2 il dərs keçmişlər. Onlara məktəbdən sadəcə gəlib adlarını yazmaları deyilmişdir. O, məktəbdən pulunu tələb etməmişdir. O, avqustun 16-da məzunuyyətdən qayıtmış, ayın 17-də işdə olmuş və ayın 18 qardaşı, sonradan digər qohumları rəhmətə getdiyi üçün məktəbə gedə bilməmiş, amma məktəbə zəng edib bu barədə məlumat vermişdir. Həmin vaxt heç məktəb onunla maraqlanmamış, onu axtarmamışdı. O vaxt məktəbin 70% müəllimləri məktəbə gəlməmişdir. O, həmçinin ən yüksək bal toplasa da ona 7 saat dərs verdiklərini, lakin ondən qat-qat az bal toplayan müəllimə çox dərs yazıldığını, ona digər müəllimlər hörmət etdikləri üçün onlara çox dərs, o, hörmət etmədiyi üçün ona az dərs yazıldığını dediyini, o da məktəbin direktor müavinini çağırıb “təzə olduğu üçün ondan xəbəri olmadığını, bu məktəbin neçə illərdir müəllimi olduğunu, bu məktəbin bütün tədbirlərini keçirdiyini, namaz qılan adam olduğunu, dərs üçün heç kəsə pul verməyəcəyini bildirdiyini, onu məktəbin direktor müavini direktorun otağına göndərdiyini və bu işlərin hamısını direktor müavininin düzüb qoşduğunu və burada şəxsi qərəzlikdən başqa bir şey olmadığını, əmri gec aldığını, Məktəbdə Xətai və Nizamidə iki ünvanı olduğunu, məktəb əmrinin onun Nizamidəki evinə göndərildiyini, qonşusuna verildiyini, o isə Xətaidəki evdə yaşadığını və bundan məlumatı olmadığını, araşdırdığını və əmri 1 ay sonra aldığını, telefon nömrəsinin məktəbdə olduğunu, məktəb nəsə lazım olanda Xətaidəki evinə zəng etdiklərini, iddia müddətini ötürməməsini bildirdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etmədiyini bildirdi və məhkəməyə təqdim etdiyi etirazın məzmununa uyğun izahat verərərk iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, tərəf hər hansı bir sübut təqdim etmir və formal mülahizələr söylüyür. Pandemiya şəraitində də əmək qanunvericiliyinin normaları dayandırılmır. Pandemiya dövründə bütün müəllimlər məktəbə gəlirdilər. İddiaçı işə gəlməmiş və heç bir xəstəlik arayışı təqdim etməmişdir. Bundan başqa əmək qanunvericiliyində müəyyən olunub ki, işçi hüququnun pozulduğunu aşkar etdikdən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Tərəf 18 oktyabr 2021-ci ildə məhkəməyə müraciət etmişdir, yəni müddəti ötürmüşdür. İddiaçı 17.09.2021-ci ildə işdən çıxıb, 17.10.2021-ci ildə onun iddia müddəti bitmişdir. Onlardan əmr 17.09.2021-ci il tarixdə çıxmış və poçt qəbzi iş materiallarında var. Əmək müqaviləsini məktəb özü bağlayır. Məktəbin direktorları Bakı şəhər təhsil şöbəsinə bağlıdır. Qanunvericiliyin tələbi var ki, əmək Məcəlləsinin 70-ci maddəsinin işçi “ç” bəndi ilə işdən çıxarılanda məktəb tərəfindən həmkarlara müraciət edilməlidir. Bununla bağlı işə götürən tərəfindən müraciət edilmişdir. İddiaçı yaxın qohumunun rəhmətə getməsi ilə bağlı müraciət etməmiş, əgər belə bir müraciət edilsəydi əmək qanunvericiliyində nəzərdə tutulmuş məzuniyyət ona verilə bilərdi. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Kamil Əyyubov adına 12 №-li tam orta məktəbin direktor müavini Natəvan Mustafayeva tərəfindən verilmiş 10.09.2021-ci il tarixli təqdimatdan görünür ki, İddiaçı 19.08.2021-ci il tarixdən 10.09.2021-ci il tarixədək heç bir səbəb göstərmədən işə gəlmədiyi, avqust ayında onun işə çıxmadığı günlərin əmək haqqısının buraxılmadığını, müəllim kollektivinin işə gəlib gəlməmələrinə nəzarət etmək üçün hazırlanmış nəzarət cədvəlində həmin müddətdə İddiaçı imzası olmamağının da həmin günlərdə işə gəlmədiyini təsdiqlədiyini qeyd etmiş və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onun haqqında qanunvericiliyə uyğun tədbir görülməsini xahiş etmişdir. - Kamil Əyyubov adına 12 №-li tam orta məktəbi tərəfindən hazırlanmış 13.09.2021ci il tarixli aktdan görünür ki, İddiaçı 19.08.2021-ci il tarixdən 10.09.2021-ci il tarixədək heç bir səbəb göstərmədən işə gəlmədiyi, avqust ayında onun işə çıxmadığı günlərin əmək haqqısının buraxılmadığı, 13.09.2021-ci il tarixdə işə gəldiyi, rəhbərlik tərərfindən işə gəlmədiyi üçün izahat tələb edildiyi, onun izahat yazmaqdan imtina etdiyi və məktəbin direktorunu yüksək səslə təhqir və qarğış edərək kobudluq etdiyi, otağın qapısını möhkəm çırparaq məktəbi tərk etdiyi və bu hadisənin məktəbin işçilərinin gözü qarşısında baş verdiyi, həmçinin müəllimlərin işə gəlib gəlməmələrinə nəzarət cədvəlində həmin müəllimin imzası olmadığı qeyd edilmişdir. - Kamil Əyyubov adına 12 №-li tam orta məktəbin Həmkərlar Təşkilatının 15.09.2021-ci il tarixli 7 nömrəli protokoldan görünür ki, məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin qanunauyğun olması qərara alınmış, onun 19.08.2021-ci ildən 10.09.2021-ci il tarixdə işə gəlməməsinə müxtəlif bəhanələrlə doğrultmağa çalışaraq heç bir sənəd təqdim etməməsi və digər işçilərin də onun hərəkətini doğru hesab etmədiyini bildirmişlər. - Bakı şəhəri 12 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin 15.09.2021-ci il tarixli, 148 nömrəli məktubundan görünür ki, 13.09.2021-ci il tarixli təqdimata baxıldığını və İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin mövcud əmək qanunveriicliyinin tələblərinə uyğun olduğu bildirilmişdir. - 17.09.2021-ci il tarixli Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 17.09.2021-ci il tarixdə xitam verilmiş və həmin tarixdə də bildiriş elektron informasiya sistemində qeydiyyata alınmışdır. - 17.09.2021-ci il tarixli, 107 nömrəli əmrdən görünür ki, İddiaçı 19.08.2021-ci il tarixdən 10.09.2021-ci il tarixədək 18 iş günü işə gəlməməklə Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndinin (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) və 10-cu maddəsinin “f' bəndinin (əmək qanunvericiliyinin tələblərinə əməl etmək), Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı məktəbin direktoru X3 qarşı qeyri-etik ifadələr işlədərək müəllim adına yaraşmayan hərəkətə yol verərək Azərbaycan Respublikasi Təhsil Nazirliyinin Kollegiyasının 06.11.2014-cü il, 1/2 №-li qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.1, 2.1.3, 2.1.5, 3.8 və 4.3.3 bəndlərinin tələblərini pozmuşdur. Beləliklə, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə 17.09.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, Təlim - tərbiyə işləri üzrə direktor müavini (Mustafayeva N.Ə) İddiaçı ilə bağlı maliyyə əməliyyatlarına nəzarət etmək məqsədi ilə əmrdən çıxarışı 3 saylı Xidmət və Əməliyyat Mərkəzinə göndərilməsini təmin etməsi əmr edilmişdir. - 23.12.2021-ci il tarixli, 018/2021 nömrəli “X1 İştirak Edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sesiyasında iştirak etmiş, lakin Cavabdeh mediasiya sessiyası barədə xəbərdarlıq edilsə də iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Bakı şəhəri Kamil Əyyubov adına 12 №-li tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat fənn müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Kamil Əyyubov adına 12 №-li tam orta məktəbin Həmkərlar Təşkilatının 15.09.2021-ci il tarixli 7 nömrəli protokoldan görünür ki, məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin qanunauyğun olması qərara alınmış, onun 19.08.2021-ci ildən 10.09.2021-ci il tarixdə işə gəlməməsinə müxtəlif bəhanələrlə doğrultmağa çalışaraq heç bir sənəd təqdim etməməsi və digər işçilərin də onun hərəkətini doğru hesab etmədiyini bildirmişlər. Bakı şəhəri 12 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin 15.09.2021-ci il tarixli, 148 nömrəli məktubu ilə 13.09.2021-ci il tarixli təqdimata baxıldığını və İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin mövcud əmək qanunveriicliyinin tələblərinə uyğun olduğu bildirilmişdir. 17.09.2021-ci il tarixli, 107 nömrəli əmr ilə Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə 17.09.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmr edilmiş və 17.09.2021-ci il tarixli Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 17.09.2021-ci il tarixdə xitam verilmiş, həmin tarixdə də bildiriş elektron informasiya sistemində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır; 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasinin 6 noyabr 2014-cü il, 1/2 №-li qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.5-ci bəndinə əsasən mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır. 4.3.3-cü bəndinə əsasən rəhbərin qanuni göstərişlərinin müəllimlər tərəfindən yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. 6.3.6-cı bəndinə əsasən bu qaydaların pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini təşkil etməli və qayda pozmuş müəllimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq Cavabdeh-“İşəgötürən” ilə İddiaçı-“İşçi” arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsi bağlanmış və 09.08.1986-cı il tarixdə həmin məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi vəzifəsinə işə qəbul edilmişdir. İşçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi hüquqları olan “İşəgötürən”in “İşçi” ilə arasında olan həmin müqavilənin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. Məhkəmə İddiaçı “Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndini əsas götürüb onun xidmətinə verilən maddənin götürülməsi, işə bərpa olunması” tələbini əsassız sayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, işin materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, İddiaçı 19.08.2021-ci il tarixdən 10.09.2021-ci il tarixədək işə gəlməmiş, gəlməməsinin üzrlü olması ilə bağlı heç bir sübut göstərməmiş, işə gəldikdən sonra işə gəlməməsi ilə bağlı qeyd etdiklərinə dair də mötəbər sübut təqdim etməmişdir. Həmçinin məktəb direktoru tərəfindən işə gəlməməsi barədə izahat yazılması tələb edilsə də, iddiaçı yazılı izahat yazmaqdan imtina etmiş, məktib direktoruna təhqir və qarğışlar etmiş və bu hala da məktəbin digər işçiləri tərəfindən şahid olunmuş və bu barədə akt tərtib edilmişdir. İddiaçı tərəfindən eyni zamanda müəllimlərin etik davranış Qaydalarını pozmuş, peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməmiş, məktib direktoruna təhqir və qarğışlar etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Göründüyü kimi İddiaçı işə məlumat vermədən gəlməməklə əmək qanunvericiliyinin tələblərinə əməl etməmişdir. Beləliklə, Kamil Əyyubov adına 12 №-li tam orta məktəb “İşəgötürən” ilə İddiaçı “İşçi” arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və “işçi” işdən azad edilmişdir. Bu zaman “işəgötürən” tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilmişdir. Məhkəmə onu da qeyd edir ki, sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh Kamil Əyyubov adına 12 №-li tam orta məktəbin nümayəndəsi, məktəbin qəbul etdiyi əmrlərin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Məhkəmə iddia tələbinin “17.09.2021-ci il tarixdən əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin həmin hissəsi irəli sürülən “cavabdehin 04 noyabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının “onun xidmətinə verilən maddənin götürülməsi, işə bərpa olunması” tələbindən irəli gələn, törəmə tələbdir, əsas tələbin əsassız olması, təmin edilməməli olmaması müəyyən edildiyi halda törəmə tələbin də təmin edilməsi üçün əsaslar yoxdur, ona görə məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296.5-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə iddiaçının nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, 17.09.2021-ci il tarixli əmr iddiaçının Nizami rayonunda qeyd olunan ünvanına həmin gün göndərilmiş, lakin vabadeh tərəfindən iddiaçının həmin əmri nə vaxt alması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 17.09.2021-ci il tarixdə göndərilmiş poçt göndərişinin çatdırılması müddətinin 3-5 gün qəbul edilə bilən hal olması nəzərə alınmaqla iddiaçı tərəfindən 20.10.2021-ci il tarixdə məhkəməyə müraciət edilərkən iddia müddəti ötürülməmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-4405/2021 saylı, 25.10.2021 tarixli qərardadı ilə İddiaçı məhkəmədən qabaq mediasiya prosesindən keçmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Daha sonra iddiaçı tərəfindən qərardad rəsmi qaydada alındıqdan sonra mediasiya şurasına müraciət edilmiş və 23.12.2021-ci il tarixdə mediasiya prosesindən keçmiş və yenidən 27.12.2021-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi İddiaçı ilk dəfə məhkəməyə müraciət etdiyində 1 ay iddia müddətini ötürməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Kamil Əyubov adına 12 №-li məktəbə qarşı “İddiaçı xidmətinə verilən maddənin götürülməsi, işə bərpa olunması,17.09.2021-ci il tarixdən maaşının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə xərcləri qismində iddiaçının ödəməli olduğu dövlət rüsumu Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Kamil Əyubov adına 12 №-li məktəbə qarşı “İddiaçı xidmətinə verilən maddənin götürülməsi, işə bərpa olunması, 17.09.2021-ci il tarixdən maaşının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-614/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-614/2022
11.05.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver