Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-621/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh X1 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı İddiaçı cavabdeh X1 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı oğlu iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh X1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərar ilə müəyyən olunmuşdur ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yaşayış sahəsinə əmlak hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı işlərə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bir daha təsbit etməklə,əslində oxşar mübahisələrin həll olunması qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Mülkiyyətçinin razılığı ilə formal olaraq yaşayış sahələrinə qeydiyyata alınmış şəxslərin,alqı-satqıdan sonra yaşayış sahəsini satan şəxslərin,onların ailə üzvlərinin və yaşayış sahəsində qeydiyyatda olan digər şəxslərin istifadə hüququna xitam verilməsi və ya həmin şəxslərin istifadə hüququnun olmamasının müəyyən olunması barədə iddialar bir qayda olaraq ümumi məhkəmələrə verilir və məhkəmələr iddianı təmin etməklə iddiaçıların həmin mübahisə üzrə əsas tələbini,yəni qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılması tələbini dolayısı ilə təmin edirlər.Məhz bu cür qətnamələr qanuni qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı bu şəxsləri qeydiyyatdan çıxarır. Halbuki,mövcud qanunvericilik bu cür tələbləri məhkəmədə baxılmalı olmayan tələblərə aid etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı İddiaçı cavabdeh X1 qarşı ona mülkiyyət hüququ ilə məxsus olan Baakı şəhəri,M.Şərifli küçəsindəki 94B saylı evin 56 saylı mənzilə mülkiyyət hüququ əldə etdikdən sonra mənzildə formal olaraq qeydiyyatda olan cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı analoji mübahisələrin həll olunmasının dəqiq mexanizmini bir daha müəyyən etmişdir. Belə ki,yaşayış sahəsinə əmlak hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılması ilə əlaqədar subyektiv hüquqa malik iddiaçılar ilk olaraq müvafiq icra hakimiyyəti orqanlarına(rayon polis idarələrinə) bu barədə rəsmi ərizə verməlidirlər. Məhkəmə hesab edir ki,həmin ərizələrin müvafiq icra hakimiyyəti orqanları(rayon polis idarələri) tərəfindən təmin olunmaması üçün hər hansı bir hüquqi əsas mövcud deyil. Lakin belə bir imtina olarsa həmin imtina yalnız inzibati icraat qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası MPM-nin 261.0-cı maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; Məhkəmə yuxarıda şərh olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, İddiaçı İddiaçı cavabdeh X1 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə tələbi hazırkı halda məhkəmədə baxılmalı olan tələblərə aid oluna bilməz. Ona gərə də 2(007)-621/2021 saylı işin icraatına xitam verilməli,iddiaçıya izah olunmalıdır ki,onun həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına(rayon polis idarəsinə) rəsmi ərizə ilə müraciət etmək,imtina olduqda isə inzibati icraat qaydasında aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
İddiaçı İddiaçı cavabdeh X1 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair 2 (007)-621 /2021 saylı işin mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki,onun həmin şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına (rayon polis idarələrinə) rəsmi ərizə ilə müraciət etmək,imtina olduqda isə inzibati icraat qaydasında aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Fikrət Mirzəyev