Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-650/2023 02.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-yə 5266,80 manat əsas borc, 4662 manat peniya olmaqla ümumilikdə 9928,80 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X7 xx.xx.2019-cu il tarixdə payçı olduğu Yasamal rayonu, Yeni Yasamal, Xarici dairəvi küçəsi, ev 38A binasında 420 m2 sahədən ibarət qeyri-yaşayış sahəsini Cavabdeh satmışdır. "xxxx" MTK-nın payçısı Cavabdeh payçısı olduğu 420 m2 qeyri-yaşayış sahəsinin xx.xx.2019-cu il tarixdən hal-hazıra kimi payçısıdır. Lakin payçı olduğu müddətdən kommunal xidmət haqqını ödəmir. "xxxx" MTK 2009-cu ildən tikintini bitirmiş və İddiaçı MMC yaradılmışdır. Qeyd olunan qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdən müqavilə əsasında Cavabdeh istifadəsinə verilmişdir. "xxxx" MMC AR Vergilər Məcəlləsi çərçivəsində yaşayış sahələrinə göstərilən xidmətə görə hər kvadrat metr üçün 0,33 qəpik xidmət haqqı yığılır. Yığılan xidmət haqqından, Vergilər Nazirliyinə illik mənfəət Vergisinin Bəyannaməsi 6 nəfər işçilərə hesablanan əmək haqqı ödənişi, DSMF İcbari Tibbi sığorta, Elektrik enerji haqqı, binanın təmir xərcləri, su nasoslarının təmirinə xərclənir. Payçı Cavabdeh dəfələrlə şifahi və yazılı xəbırdarlıq edilməsinə baxmayaraq hər dəfə xidmət haqqının ödənilməsində heç bir reaksiya verməyib, bir bəhanə ilə ödənişdən yayınır. xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi payçı Cavabdeh 5266,8 manat borcu yaranmışdır. Müqavilədə də göstərilib hər gecikən günə 0.1% peniya hesablanması payçıya bildirilmişdir. Kommunal xidmət haqqına görə "xxxx" MMC-yə ümumilikdə 9928,8 manat borcu yaranmışdır. Borcun alınıb "xxxx" MMC-nin bank hesabına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia tələbinə dair məhkəməyə yazılı qaydada etiraz verərək iddia əsassız olduğu üçün onun rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Şəmsəddin qızı arasında hər hansı müqavilə mövcud deyil. İddiada qeyd edilən qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli müqavilə əsasında "xxxx" MTK-dan alınmış, onun borcunun olmaması ilə bağlı qeyd göstərilmiş və maliyyə arayışı verilmişdir. Qeyd olunan çoxmənzilli binaya İddiaçı MMC tərəfindən hər hansı xidmət göstərilməsi ilə bağlı müqavilə mövcu deyil. Qeyd edildiyi kimi, "xxxx" MTK-nın yerində hər hansı MMC yaranmamışdır. Belə ki, təqdim etdikləri çıxarışdan görünür ki, "xxxx" MTK hal-hazırda fəaliyyət göstərir. Mənzil məcəlləsinin qüvvədə olan normalarına görə çoxmənzilli binanın sahə mülkiyyətşiləri ümumi əmlakın saxlanılması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, oranın binasının torpağı "xxxx" MMC-nindir, orada "xxxx" MTK podratçı təşkilat olaraq tikinti işi aparmış və bina tikmişdir. İddiaçı MMC komunal xidmətləri göstərir, həyətin, binanın təmizlənməsinə, binanın işıqlandırılıması və təmirinə xidmət edir. Hər hansı bir hadisə baş verən kimi vətəndaşlar onların üstlərinə gəlirlər. Orada mühafizəçi var, amma mühafizə obyektə xidmət göstərmir. Həmin ərazidə onlar xidmət göstərirlər, hətta Gülnarə xanımın əvəzinə obyektə görə vergi ödəyirlər, hətta bu vergi borcuna görə onların direktorunun ölkədən çıxışına qadağa qoyulmuşdur. 2016-cı ildə vergidən gəlib yoxlama etmişlər. Onlar tərəfindən sakinlər arasında da iclas keçirilir. Onların nizamnamələri, kommunal xidmətlərin göstərilməsinə görə orada yaşayan sakinlərlə, o cümlədən cavabdehlə müqavilələri var. Düzdür onların cavabdehlə bağladıqları müqavilədə Gülnarə xanımın imzası yoxdur, lakin cavabdeh söz vermişdir ki, gəlib müqaviləyə qol çəkəcək. Cavabdeh obyekti başqasından almışdır. Obyekti satan vətəndaş oranı satana qədər kommunal xərcləri ödəmişdir. Lakin cavabdeh obyekti alandan, yəni 2019-cu ilin sentyabr ayından kommunal xərcləri ödəməmişdir. Sözügedən obyekt 2019-cu ilə qədər qorunub yaxşı vəziyyətdə olmuş, amma Gülnar alandan sonra oralar pis vəziyyətə düşmüşdür. Hal-hazırda həmin obyektin vəziyyəti pis haldadır, orada pəncərələr narkomanlar tərəfindən pis vəziyyətə salınmış və onların mühafizəçisi orada bıçaqlanmışdır. Həmin obyektə Gülnarə xanım gəlməmiş, Qafur müəllim gəlmiş və Gülnarə xanımın ora gəlib müqaviləni imzalayacağını bildirmişdir. Onların Gülnarə xanımla, Qafur müəllimlə danışıqları olmuş, Gülnarə xanım onlara məhkəmədə iddia qaldırmamalarını, onlara yaxınlaşacağını bildirmiş, oranı qaydasına qoyması üçün vaxt istəmiş, amma 6 ay keçsə də heç kəs onlara yaxınlaşmamışdır. Sonra onların üstünə adam göndəriblər və həmin adamlar onlara hədə qorxu gəlmişlər. Onların binasında cavabdehdən başqa bütün obyektlər və evlər çıxarış almışlar. Həmçinin, Gülnarə xanım onun nə obyektindən bəhs olunduğundan başı çıxmadığını, onun adına keçirdiklərini demişdir. Hal-hazırda "xxxx" MTK başqa bir binanın tikintisinə başlamışdır. Yaşayış sahəsi özəlləşməyə gedəndə "xxxx" MMC-nin, "xxxx" MTK-nın, İddiaçı MMC-nin möhürü istənilir. Qarşı tərəf obyektə sahiblənsin və borclarını ödəsin. "xxxx" MTK-nın mübahisəli yaşayış sahəsində kommunal xidmətlərin göstərilməsi barədə İddiaçı MMC-yə həvalə edilməsi ilə bağlı əmri və yığıncaqla bağlı da protokol olmuşdur. "xxxx" MİK "xxxx" MTK və İddiaçı MMC eyni şirkətlərdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, MMC yardılmış, Mənzil Müştərək Cəmiyyəti yaradılmamışdır. Xidmət göstərməsi ilə bağlı MMC yaradılırsa MMC ilə həmin MTK-nın xidmət göstərməsi ilə bağlı müqaviləsi olmalıdır. Həmçinin, MMC də vətəndaşlarla müqavilə bağlamalıdır ki, xidmət göstərsin. Amma bu MMC-nin mübahisəli binada yaşayan vətəndaşlarla xidmət göstərməsi ilə bağlı müqaviləsi yoxdur. Bəlkə cavabdeh heç ona xidmət göstərilməsini istəmir. Onlara heç bir xidmət göstərilmirsə onlar nə üçün xidmət haqqı verməlidir, onlar oradan istifadə etməmişlərsə, onlara xidmət göstərilməmişdirsə onlar heç bir xidmət haqqı ödəməməlidirlər. Həmin obyekt 2019-cu ildə cavabdeh tərəfindən alınmış, hələ ki oranın alınması ilə bağlı cavabdehin borcu qalmışdır və cavabdeh borc ödənildikdən sonra obyekti təmir edib işlətmək istəyir. Onların obyeklə bağlı çıxarışı yoxdur, həmin bina onlara təhvil verilməmişdir. Cavabdeh oranı işlədəndən sonra kommunalı, xidmətlə bağlı ödənişləri etməyə razıdır. İddiaçı tərəf xidmət etdiklərini özləri deyirlər. Bəs nə yaxşı oranı qorumamışlar, pəncərələr sındırılmış, ora zibil atılmış, onların obyektinin pəncərənin qarşısında tikinti tikilmişdir. O, həmçinin qeyd etdi ki, özləri 2008-ci il tarixli əmr təqdim edirlər ki, kommunal xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir, həmin tarixdə İddiaçı MMC yaradılmamışdır. Həmin MMC 2017-ci ildə yaradılmışdır. Əmr yeni tərtib edilmiş, 2017-ci il ildə təsis edilmiş şirkətə necə 2008-ci ildə MTK öz səlahiyyətinin verilməsi barədə əmir verə bilərdi. "xxxx" MTK isə 2009-cu ildə yaradılmışdır. Beləliklə, təqdim edilən əmr qanunsuzdur. İddiaçı saxta sənədlər təqdim etmişdir. Onlar konkret göstərsin ki, bu adamlar bu binaya xidmət göstərir. İddianı MTK qaldırmamış, MMC-nin də belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. Onlar iddiaçı Mənzil Müştək Cəmiyət olsaydı başa düşərdilər, lakin MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olan kommersiya təşkilatıdır. Həmçinin, əmlak vergisini ödəmək vətəndaşın borcudur, MMC tərəfindən ödənilən əmlak vergisinin vətandaşların əmlakına aidiyyəti yoxdur. Verginin gəlib MMCdən vergi istəməsi başqa məsələdir. Onlarınqeyri-yaşayış sahəsinə görə şirkət heç bir vergi vermir. Qanunvericilikdə nəzərdə tutulmamışdır ki, müqavilə bir tərəfli qaydada bağlanıla bilər. Əmlak vergisini ödəmək o vaxtı yaranır ki, vətəndaş əmlakdan istifadə etsin. Buna görə MTK-nın konkret vergi öhdəliyi yoxdur. Qarşı tərəfin "xxxx" MMC-yə görə vergi ödəməsinin onlara aidiyyəti yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -K/Q-05 nömrəli xx.xx.2008-ci il tarixli əmrdən görünür ki, "xxxx" MTK-nın mübahisəli yaşayış sahəsində kommunal xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. - Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X12 Qrupunun xx.xx.2015-ci il tarixli, 592 nömrəli rəydən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 xarici dairəvi küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş 2 ədəd, 1 girişli, 2 səviyyəli zirzəmili, 18 mərtəbəli yaşayış binasının təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. - Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2008-ci il tarixli, 17 nömrəli qərardan görünür ki, "xxxx" MTK tərəfindən vergilərin və digər icbari ödənişlərin az hesablandığı müəyyən edilmişdir. - "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən 420 m2 sahədən ibarət qeyri-yaşayış sahəsinə dair pay haqqının Cavabdeh Şəmsəddin qızına satılması müəyyən edilmişdir. - "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli vəsait mədaxil qəbzindən görünür ki, ünvan 1 ünvanında yerləşən 420 m2 sahədən ibarət qeyri-yaşayış sahəsinə dair pay haqqının satın alınmasına dair 200000 manat məbləğində vəsaitin Cavabdeh Şəmsəddin qızı tərəfindən X6 ödənilməsi müəyyən edilmişdir. - "xxxx" MTK-nın Nizamnaməsindən görünür ki, "xxxx" MTK xx.xx.2009-cu il tarixdə ********** nömrə qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İddiaçı MMC-nin Nizamnaməsindən və Azərbaycan respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və təsisçisi X2r. - İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli, 1736 nömrəli mədaxil qəbzindən görünür ki, X4 mübahisəli qeyri-yaşayış sahəsi üzrə 2019-cu ilin yanvar-sentyabr ayları 1247 manat ödəniş edilmişdir. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kommunal xidmət haqqında müqavilədən görünür ki, MMC ünvan 2 ünvanında binanın daxilində içməli suyun 24 saat verilməsinə, binanın işıqlandırmasına, binanın həyətininsahələrinin təmizlənməsi və süpürülməsinə və s. xidmət göstərir. X1 tərəfindən imzalanmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş materiallar əsasında müəyyən edildi ki, iddiaçı "xxxx" MTK ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən 420 m2 sahədən ibarət qeyri-yaşayış sahəsinə dair pay haqqının satılmasına dair müqavilə bağlanmışdır. Cavabdeh həmin qeyri-yaşayış sahəsini 2019-cu il sentyabr ayında 200000 manat məbləğində vəsait ödəməklə X3 almışdır. İddiaçı MMC tərəfindən təqdim edilən 1736 nömrəli xx.xx.2019-cu il tarixli qəbzə əsasən X4 2019-cu il sentyabr ayı daxil olmaqla kommunal xidmət haqqına görə borcu yoxdur. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, "xxxx" MTK xx.xx.2009-cu il tarixdə, İddiaçı MMC isə xx.xx.2017-ci il tarixdə təsis edilmişdir. Həmçinin məhkəmə iclasında tərəflər izahatında "xxxx" MTK-nın hal-hazırda iş başa çatmadığından fəaliyyətini davam etdirdiyi qeyd edilmişdir. Qeyd edilənlər baxılan işin mübahisəsiz hallarıdır. Mübahisələndirilən hal isə İddiaçı MMC-nin ünvan 2 ünvanında yerləşən binadacavabdehə məxsus obyektə xidmət göstətilməsi ilə bağlı fəaliyyət göstərməsinin qanuni əsasının olub-olmaması, "xxxx" MTK ilə İddiaçı MMC arasında binaya xidmət göstərilməsinə dair səlahiyyətlərin ötürülməsi və sonuncu ilə cavabdeh arasında xidmət göstərilməsi ilə bağlı müqavilənin olub-olmamasıdır. Məhkəmə hazırki mübahisə ilə bağlı ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. İddia ərizəsində iddiaçı iddia tələbini irəli sürərkən xidmət göstərilməsinə görə 5266,80 manat əsas borc, 4662 manat peniya olmaqla ümumilikdə 9928,80 manat vəsaitin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Lakin iddiaçının cavabdehə qarşı belə bir iddianı qaldırmasına əsas verən subyektiv hüququnun olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi iddia ərizəsi ilə müraciət etmək hüququ hələ iddia etmək hüququna malik olmaq demək deyildir. Belə ki, Cavabdeh mübahisəli obyektin satılması barədə müqaviləsi xx.xx.2019-cu il tarixdə "xxxx" MTK ilə bağlanılmış və MTK-nın verdiyi mədaxil qəbzi ilə qeyri-yaşayış sahəsinə dair pay haqqının satın alınmasına dair 200.000 manat məbləğində vəsaitin Cavabdeh Şəmsəddin qızı tərəfindən X6 ödənilməsi müəyyən edilmişdir. "xxxx" MTK-nın mübahisəli yaşayış sahəsində kommunal xidmətlərin göstərilməsinin İddiaçı MMC-yə həvalə edilməsi barədə K/Q-05 nömrəli xx.xx.2008-ci il tarixli əmr məhkəməyə təqdim edilsə də, məhkəməyə təqdim edilmiş Nizamnamələr əsasında "xxxx" MTK xx.xx.2009-cu il tarixdə təsis edilməsi təsisçilərindən birinin X5 olması "xxxx" MMC-nin isə xx.xx.2017-ci il tarixdə X5 tərəfindən təsis edilməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş K/Q-05 nömrəli xx.xx.2008-ci il tarixli əmr bu baxımdan mötəbər sübut olaraq iş üzrə qəbul edilməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizələrinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin “b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Qeyd olunan normalardan göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli kommunal xidmət haqqında müqavilə bağlanılması barədə məhkəməyə müqavilə təqdim edilsədə həmin müqavilə Cavabdeh tərəfindən imzalanmamışdır. Göstərilənlərə əsasən də iddiaçının iddia tələbi əsaslı hesab edilərək təmin edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin : 37.1-ci maddəsinə əsasən çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindənistifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çocmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqında qərar qəbul etmək və çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. 44-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlələrlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. 44.6-cı maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. 141.2-ci maddəsində çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın idarə edilməsi üsullarından birini seçmək vəzifəsi müəyyən edilmişdir. Həmin maddədə çoxmənzilli binanın idarə edilmə üsulu üç formada nəzərdə tutulmuşdur: binanın sahə mülkiyyətçiləri tərəfindən biləvasitə idarə edilməsi; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən tərəfindən idarə edilməsi; idarəedici təşkilat tərəfindən idarə edilməsi. 141.3-cü maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsasla təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Məhkəmə eyni zamanda qeyd edir ki, yuxarıda qeyd edilən mənzil qanunvericiliyinə əsasən iddiaçının iddiası təmin edilməməlidir. Belə ki, mənzil qanunvericiliyinin normalarına əsasən çoxmənzilli binanın idarəetmə orqanı sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri öz idarəetmə üsullarını seçməyə borcludurlar. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yğıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ümumi yğıncağın qərarında göstərilən şərtlərlə idarəetmə müqaviləsi bağlanmalıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın idarəetmə üsulunu seçmədiyi halda çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi 6 ay ərzində həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən 1 il müddətində idarəetmə üsulu seçilmədiyi halda və ya seçilməsi barədə qərar həyata keçirilmədiyi halda idarəedici təşilatın seçilməsi üçün açıq müsabiqə keçirməli və açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. İş materialları və məhkəmə iclasında tərəflərin izahatları əsasında müəyyən edildi ki, binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı keçirilməmişdir. Bu onu göstərir ki, binanın idarəetmə üsulu sahə mülkiyyətçiləri tərəfindən seçilməmişdir. Göründüyü kimi, "xxxx" MTK hazırda fəaliyyətini davam etdirir, ləğv edilməmiş, xidmət göstərilməsi ilə bağlı səlahiyyətlərini İddiaçı MMC-yə ötürməmiş bununla bağlı onlar arasında hər hansı razılaşma olmamış, "xxxx" MTK tərəfindən binaya kommunal xidmətlərin göstərilməsinin İddiaçı MMC-yə həvalə olunması barədə əmr isə MMC-nin yaradıldığı vaxtdan əvvəlki tarixə təsadüf etdiyi üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir. Göründüyü kimi İddiaçı MMC cavabdehdən onun payçısı olduğu obyektinə xidmət göstərilməsi ilə bağlı xidmət haqqını tələb etməkdə mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi əsasının olmasını məhkəmədə sübut edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. Belə ki, V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında qeyd olunur ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Həmin qərarda qeyd edilir ki, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Bu Məcəlləsinin 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Lakin işdə olan materiallar, cavadehin təqdim etdiyi fotoşəkillər, tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, cavabdehə məxsus olan qeyri-yaşayış sahəsinə faktiki kommunal xidmət göstərilməsi də öz təsdiqini tapmamışdır. Cavabdeh İddiaçı MMC-nin cavabdehdən xidmət haqqının tutulmasını tələb etməkdə subyektiv hüququ olmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh "xxxx" MMC-yə 5266,80 manat əsas borc, 4662 manat peniya olmaqla ümumilikdə 9928,80 manat borcun ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 125 manat məbləğində dövlət rüsumu iddia rədd edildiyində iddaiçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh "xxxx" MMC-yə 5266,80 manat əsas borc, 4662 manat peniya olmaqla ümumilikdə 9928,80 manat borcun ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 125 manat məbləğində dövlət rüsumu iddaiçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-650/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-650/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver