Məhkəmə qərarları › İş №2(007)-651/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-651/2021

02.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-651/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi publik hüquqi şəxs cəlb edilməklə “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0.1669 ha torpaq sahəsində yerləşən 30/42 nömrəli, 5 mərtəbəli binanın 6-cı girişində, 2-ci mərtəbəsində, 50.8 kv.m ümumi, 34.1 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 63 nömrəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0.1669 ha torpaq sahəsində yerləşən 30/42 nömrəli, 5 mərtəbəli binanın 6-cı girişində, 2-ci mərtəbəsində 50.8 kv.m ümumi 34.1 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 63 nömrəli mənzil 15.07.2008-ci il tarixli, №0165846 saylı Çıxarış əsasında tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Hazırda xx xxxx 1960-cı il təvəllüdlü bacısı Cavabdeh (bundan sonra cavabdeh) həmin mənzildə qeydiyyatdadır. Cavabdeh əqli gerilik nəticəsində öz hərəkətlərinin mənasını başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən 26 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş 04.02.2016-cı il tarixli 2974/76 saylı ambulator. stasionar xəstənin tibb kartasından Çıxarışla ona orta dərəcəli əqli gerilik, qeyri-kəskin imbisillik dərəcəsində naməlum mənşəli beyindaxili infeksiya nəticəsində qıcolma diaqnozu təyin edilmişdir və cavabdehə ikinci qrup əlillik təyin edilmişdir. Qeyd etmək istəyir ki, cavabdeh 2016-cı ilin 01 mart tarixindən ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə orta dərəcəli əqli gerilik, qeyri kəskin imbisillik dərəcəsi diaqnozu ilə yerləşdirilib və hal-hazırda həmin müəssisədə yaşayır. Cavabdehə həmin müəssisəyə yerləşdirildiyi tarixdən bu günə kimi müəssisə tərəfindən lazımi tibbi və sosial xidmətlər göstərilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi tərəfindən verilmiş 29 sentyabr 2020-ci il tarixli, №91 saylı arayışda qeyd olunmuşdur ki, cavabdeh həqiqətən 01.03.2016-cı il tarixdən 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinə orta dərəcəli əqli gerilik, qeyri-kəskin imbisillik dərəcəsi diaqnozu ilə qəbul olunub və hal-hazırda həmin müəssisədə yaşayır, müəssisə tərəfindən ona lazımi tibbi və sosial məişət xidmətlər göstərilir. Cavabdehin onun xüsusi mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda olması tərəfindən həmin mənzil üzərində mülkiyyət hüququnun tam şəkildə həyata keçirilməsini məhdudlaşdırır. Bir halda ki, cavabdehin adi ev şəraitində saxlanılması mümkün deyil və cavabdeh xüsusi tibb müəssisəsində xüsusi nəzarət altında saxlanılmalıdır və uzun müddətdir ki, psixonevroloji sosial xidmət müəssisəsində yaşayır, bu halda cavabdehin ona məxsus mənzildə qeydiyyatda olması formal xarakter daşımaqdan başqa bir şey deyildir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi publik hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında 19 avqust 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi tərəfindən verilmiş 29 sentyabr 2020-ci il tarixli, 91 saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən 01.03.2016-cı il tarixdən 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinə orta dərəcəli əqli gerilik, qeyri-kəskin imbisillik dərəcəsi diaqnozu ilə qəbul olunub və halhazırda həmin müəssisədə yaşayır, müəssisə tərəfindən ona lazımi tibbi və sosial məişət xidmətlər göstərilir. - Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 tam mülkiyyət hüququ üzrə İddiaçı adına 15 iyul 2008-ci il tarixdə qeydə alınmışdır. - Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 31 dekabr 1958-ci il tarixli 02540 nömrəli Orderin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 yaşaması və istifadəsi üçün X1 və onun ailə üzvlərinə verilmişdir. - “Azərdənizneftinşaat” tresti Mənzil Kommunal Kontorunun 27 may 1994-cü il tarixli 33 nömrəli əmrin surətindən görünür ki, ünvan 2 Cavabdeh adına dəyişdirilmişdir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər İdarəsi 04 sentyabr 2006-cı il tarixli 41 nömrəli əmrin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 üç nəfər ailə üzvü ilə İddiaçı adına dəyişdirilmiş və onunla icarə müqaviləsi bağlanmışdır. Bu zaman Cavabdeh notarial qaydada razılıq ərizəsi alınmışdır. - İş materiallarında olan Cavabdehn Ardaşınmaz Əmlakın Dövlət Reyestr Xidmətin bakı ərazi İdarəsinə ünvanlanmış olduğu ərizəsinin surətindən görünür ki, o Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 30/42, 63 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2 Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 31 dekabr 1958-ci il tarixli Orderlə, yaşaması və istifadəsi üçün X2 və onun ailə üzvlərinə verilmişdir. “Azərdənizneftinşaat” tresti Mənzil Kommunal Kontorunun 27 may 1994-cü il tarixli 33 nömrəli əmri ilə, ünvan 2 Cavabdeh adına dəyişdirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər İdarəsi 04 sentyabr 2006-cı il tarixli 41 nömrəli əmri ilə, ünvan 2 üç nəfər ailə üzvü ilə İddiaçı adına dəyişdirilmiş və onunla icarə müqaviləsi bağlanmışdır. Hazırda İddiaçı cavabdehin ona məxsus olan mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mübahisənin yaranlığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddibüluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 60- cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlanndan məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat 5 digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına görə yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsi yalnız iki haldan biri mövcud olduqda: birincisi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və digər qanunvericilik aktlarında göstərilən əsaslarla, yəni şəxs daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya daimi yaşamaq üçün həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə və ikincisi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda mümkündür. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh əqli gerilik nəticəsində öz hərəkətlərinin mənasını başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilmir və 2016-cı ilin 01 mart tarixindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə orta dərəcəli əqli gerilik, qeyri kəskin imbisillik dərəcəsi diaqnozu ilə yerləşdirilib və hal-hazırda həmin müəssisədə yaşayır. Cavabdehə həmin müəssisəyə yerləşdirildiyi tarixdən bu günə kimi müəssisə tərəfindən lazımi tibbi və sosial xidmətlər göstərilir. Cavabdehin adi ev şəraitində saxlanılması mümkün deyil və cavabdeh xüsusi tibb müəssisəsində xüsusi nəzarət altında saxlanılmalıdır və uzun müddətdir ki, psixonevroloji sosial xidmət müəssisəsində yaşayır, bu halda cavabdehin ona məxsus mənzildə qeydiyyatda olması formal xarakter daşımaqdan başqa bir şey deyildir. Məhkəmə iddiaçını həmin dəlillərini əsassız sayaraq qeyd edir ki, Cavabdeh sözügedən mənzildə anadan olub və anadan olduğu vaxtdan da həmin mənzildə yaşamışdır və hazırda da mübahisəli mənzildə qeydiyyatdadır. Cavabdehin 2016-cı ilin 01 mart tarixindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə orta dərəcəli əqli gerilik, qeyri kəskin imbisillik dərəcəsi diaqnozu ilə yerləşdirilib və halhazırda həmin müəssisədə yaşaması onun mübahisəli mənzilə istifadə hüququnun itirilməsi üçün əsas ola bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisəli mənzil özəlləşdirmə əsasında İddiaçı adına qeydə alınmışdır. Mənzilin özəlləşdirilməsi zamanı Cavabdeh mənzilin İddiaçı adına keçirilməsinə razı olduğunu bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı həmin mənzilə sahiblik, ondan istifadə və mənzil barəsində sərəncam verərkən yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı nəzərə alınmalıdır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən, mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçiril-məsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0.1669 ha torpaq sahəsində yerləşən 30/42 nömrəli, 5 mərtəbəli binanın 6-cı girişində, 2-ci mərtəbəsində, 50.8 kv.m ümumi, 34.1 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 63 nömrəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0.1669 ha torpaq sahəsində yerləşən 30/42 nömrəli, 5 mərtəbəli binanın 6-cı girişində, 2-ci mərtəbəsində, 50.8 kv.m ümumi, 34.1 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 63 nömrəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar