Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-66/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Həsənova (İsmayılova) Nərgiz Malik qızına, Cavabdeh2, Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Həsənova (İsmayılova) Nərgiz Malik qızına, Cavabdeh2, Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 4/1 hissədə olmaqla naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil2 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, iddia ərizəsinin “xahiş etdi” hissəsində texniki səhv olaraq 4/1 hissədə naturada bölünmə qeyd edilmişdir. Odur ki, iddia ərizəsinin “xahiş etdi” hissəsində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/4 hissədə naturada bölünməsi kimi oxunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə müraciət etməyinin səbəbi odur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində onun vərəsəlik payı var. X2 06 yanvar 2021-ci ildə Rusiya Federasiyası Novosibirski şəhərində vəfat edib. X1 vəfatından sonra Rusiya Federasiyasında vərəsəliklə bağlı Notariusa müraciət etmişdir. Belə ki, oğlu X5 Federasiyasının vətəndaşıdır. Rusiya vətəndaşı olmağına baxmayaraq, ünvan 2 ünvanında fərdi yaşayış evi vardır. Vərəsəlik şəhadətnaməsi aprel ayının 7-də veriləcək. Onun həmin evdə vərəsə kimi payı var. O, həmin evin 1/4-i çıxarışla xüsusi mülkiyyətindədir. Mərhum oğlunun həyat yoldaşı İnna Viktorovna və onun oğlu, yəni nəvəsi Cavabdeh3 və mərhum oğlunun birinci həyat yoldaşından olan qızı Nərgiz onu həmin evə buraxmırlar. Onun 90 yaşı var, ağır xəstədir. Onu neçə müddətdir ki, aldadırlar ki, ona pul verəcəklər, amma vermirlər. Özünün müalicə olunmağına böyük ehtiyacı var. Təqaüdçüdür, aldığı təqaüd dərmanlarının xərcini ödəmir. Bir sözlə onlar onun ölməyini gözləyirlər ki, o, öləndən sonra onun vərəsəlik payını da öz aralarında bölüşdürsünlər. Həmin ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportda göstərilən ölçüləri ilə sonradan tikilmiş 3 mərtəbəli villanın göstəriciləri üst-üstə düşmür. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, torpaq sahəsini qardaşı almışdır. Sonradan həmin torpaq sahəsində üç mərtəbəli villa tikilib. Villanın sahəsi 62.50 m2 deyil, çoxdur. O, bugünədək qardaşının evində yaşamışdır. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdeh Həsənova (İsmayılova) Nərgiz Malik qızının vəkili və nümayəndəsi Vəkil1 bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Çünki hazırda sözügedən ev yoxdur. Texniki pasportda evin sahəsi 62.50 m2 olaraq göstərilib. Lakin belə bir ev mövcud deyil hazırki ev üç mərtəbəli villadır. Ev paylı mülkiyyət olmaqla çıxarış var, amma çıxarışdakı ev faktiki yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********37-05101-093002 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 57 saylı ev ¼ hissədə İddiaçı xüsusi mülkiyyətindədir. Ev iddiaçının adına xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə ¼ pay haqqı ilə qeydiyyata alınmışdır. - 16.11.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizə ilə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/5059 saylı məktubuna əsasən, 2(007)-1018/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda mübahisə predmeti olan mənzilin ümumi sahəsinin 62.50 kv.m təşkil etdiyi qeyd olunmuşdur. Lakin, tədqiq olunan ünvanda baxış zamanı naturada təqdim edilən tikilinin 1 mətbəx, 5 yaşayış otağı, 3 sanitar qovşaq və 1 balkondan ibarət olmaqla ümumi sahəsi 177.65 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi olduğu müşahidə olunmuşdur. Həmçinin baxış zamanı iş üzrə tərəflər mübahisə predmeti olan tikilinin faktiki olaraq sökülərək yerində yuxarıda qeyd edilən fərdi yaşayış evinin inşa edildiyini bildirmişdirlər. Belə olan halda mübahisə predmetini təşkil edən 62.50 kv.m ümumi sahədən ibarət tikilinin tərəflərin paylarına uyğun olaraq naturada bölünüb-bölünməməsinin müəyyən edilməsi mümkün deyildir. Məhkəmə iclasında müəyyən olundu ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********37- 05101-093002 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 57 saylı ev ¼ hissədə İddiaçı xüsusi mülkiyyətindədir. Ev iddiaçının adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Lakin, qeyd olunan ev hazırda texniki pasportda gösrərilən kimi mövcud deyil. Belə ki, artırılaraq 3 mərtəbəli villa tikilmişdir. Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissədə olmaqla naturada bölünməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi əsaslı deyil və təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/5059 saylı məktubuna əsasən, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda mübahisə predmeti olan mənzilin ümumi sahəsinin 62.50 kv.m təşkil etdiyi qeyd olunmuşdur. Lakin, tədqiq olunan ünvanda baxış zamanı naturada təqdim edilən tikilinin 1 mətbəx, 5 yaşayış otağı, 3 sanitar qovşaq və 1 balkondan ibarət olmaqla ümumi sahəsi 177.65 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi olduğu müşahidə olunmuşdur. Həmçinin baxış zamanı iş üzrə tərəflər mübahisə predmeti olan tikilinin faktiki olaraq sökülərək yerində yuxarıda qeyd edilən fərdi yaşayış evinin inşa edildiyini bildirmişdirlər. Belə olan halda mübahisə predmetini təşkil edən 62.50 kv.m ümumi sahədən ibarət tikilinin tərəflərin paylarına uyğun olaraq naturada bölünübbölünməməsinin müəyyən edilməsi mümkün deyildir. Göründüyü kimi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölgüsü mümkün deyildir. Belə olan halda qanunveriliyin tələbinə əsasən əmlakın naturada bölünməsi mümkün olmadıqda iddiaçı öz payının dəyərini cavabdeh tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin məhkəmə tərəflərə izah etməyi zəruri hesab edir ki, cavabdehlərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Həsənova (İsmayılova) Nərgiz Malik qızına, Cavabdeh2, Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Həsənova (İsmayılova) Nərgiz Malik qızına, Cavabdeh2, Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-66/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-66/2024
18.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver