Məhkəmə qərarları › İş №2(007)-675/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-675/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-675/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “öhdəliyin icra edilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək məhkəmədən, cavabdeh "xxxx" MMC-dən xx.xx.2016-cı il tarixli, 26 nömrəli müqavilə üzrə kirayə haqqı kimi yaranmış 6600 (altı min altı yüz) manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və həmin müqavilədə nəzədə tutulmuş mənzil iddiaçıya təhvil verilənə qədər hər ay 300 (üç yüz) manat olmaqla kirayə haqqının cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixində 26 nömrəli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən həmin MMC onun Bakı şəhəri, Nizami rayonu, Əzimzadə 22 ünvanında yerləşən 2 mərtəbəli müvəqqəti yaşadığı evi sökərək tikinti işləri apracağını, həmin evin əvəzində ona ümumi sahəsinə 20 % əlavə edilməklə yeni tikiləcək binada təmirli mənzil verəcəyini, həmçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 1 otaqlı mənzil üçün hər ay 300 manat kirayə haqqı verəcəyini öhdəsinə götürmüşdür. Həmin məbləğ onun bank hesabına ("xxxx") köçürülməli idi. Lakin MMC müqavilə üzrə öhdəliyini vaxtı-vaxtında icra etmədiyinə görə o müvafiq iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qətnaməsinə əsasən, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əzimzadə 22 ünvanında yerləşən ev 22, 24 saylı mənzilin sökülməsinə görə həmin mənzilin ümumi sahəsinə 20% əlavə edilməklə bu sahədə yeni tikilməsi nəzərdə tutulan yaşayış binasında yeni mənzilin təhvil verilməsi və kirayə haqqı qismində cavabdehdən 2400 manat vəsaitin əvəzinin tutulması qət edilmişdir. Həmin qətnaməyə əsasən, cavabdeh şirkət 2016-cı ilin iyun ayından 2022-ci ilin fevral ayına kimi ona kirayə haqqı ödəməli idi. Qətnamə üzrə müəyyən edilmiş borc hissə-hissə ödənilsə də cavabdeh sonrakı müddət üçün ona kirayə haqqının ödənilməsini dayandırmışdır. Hazırda cavabdeh 2022-ci ilin fevral, mart, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr,dekabr ayları, 2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, noyabr ayları olmaqla, ümumilikdə 19 ay kirayə haqqını ödəməlidir. Nəticədə ona cavabvdeh tərəfindən 2022-ci ilin fevral ayından bu günə kimi ümumilikdə 5700 manat borc ödənilməlidir. Onu da qeyd edir ki, o hələ də mənzillə təmin olunmamışdır. MMC-yə dəfələrlə müraciət etsə də onlar onun müraciətinə müsbət yanaşmamış və ödənişləri hər ay vaxtında etdiklərini bildirmişlər. Halbuki, hesabdan çıxarışı var və çıxarışda hansı aylar üzrə ödənişlərin edilməməsi aydın şəkildə görünür. Cavabdeh müqavilə öhdəliklərini icra etmədiyinə görə o 7 ildir ki, evsiz qalmışdır. Binanın çoxdan hazır olduğuna və orada yaşayış olduğuna baxmayaraq, onu müvafiq mənzillə təmin etmirlər. Onun kirayə haqqı ödəməyə gücü çatmır, maddi imkanı çox pisdir. Məcburi köçkündür, yaşlı, tənha, xəstə insandır, 85 yaşı var. Aldığı pensiya dərmanlarına belə çatmır. Bu yaşında çox çətin vəziyyətdədir. Həmçinin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə bildirmişdir ki, cavabdehdən kirayə haqqı kimi 2022-ci ilin fevral ayından 2023-cü ilin noyabr ayına qədər yaranmış borcun ödənilməsini tələb etsə də, 2023-cü ilin dekabr ayı da yenə MMC tərəfindən ona müvafiq kirayə haqqı ödənişi edilməmişdir. Həmçinin bank hesabından çıxarışlara nəzər salarkən məlum olmuşdur ki, 2021-ci ilin iyun və iyul ayları üçün də kirayə haqqı ödənişi müvafiq MMC tərəfindən edilməmişdir.

İş materialları :

3. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il il tarixli, 26 nömrəli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsi 22-də yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli, mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçi İddiaçı söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20% əlavə edilməklə təmirli mənzilin mülkiyyətçi İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüş, mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan nənzil söküntü üçün “MMC”-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Mülkiyyətçi İddiaçı yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 1 otaqlı mənzil üçün aylıq 300 manat kirayə haqqı və müqavilədə göstərilən müddətdə MMC-dən müqavilə ilə razılışdırılmış şərtlərə uyğun şəkildə mənzil tələb etmək hüququ, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi”yə mənzili təmir edib təhvil verilməsi, bu binada məskunlaşmış məcburi köçkünlər öz yerlərinə qayıtdıqdan və yaxud dövlət tərəfindən digər başqa bir mənzillə təmin edildikdən sonra bu mənzili qeyri-şərtsiz MMC-yə təhvil verilməsi müəyyən edilmişdir.

4. Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən verilmiş AA seriyalı 453346 nömrəli Məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı yaşayış yeri olan ünvan 2 ünvanında müvəqqəti olaraq məskunlaşmışdır.

5. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1143/2022 saylı qətnaməsinə əsasən müəyyən edilir ki, həmin qətnamə ilə iddia tələbi təmin edilərək "xxxx" MMC tərəfindən İddiaçı ilə aralarında bağlanılmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə İddiaçı Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsində yerləşən ev 22, 24 saylı mənzilin sökülməsinə görə həmin mənzilin ümumi sahəsinə 20% əlavə edilməklə bu sahədə yeni tikilməsi nəzərdə tutulan yaşayış binasında yeni mənzil təhvil verilməsi, "xxxx" MMC-dən İddiaçı xeyrinə kirayə haqqı qismində 2400 manat vəsaitin əvəzi tutulması, "xxxx" MMC-dən İddiaçı azad olduğu dövlət rüsumuna görə 144 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur.

6. Bank hesabından çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən 2022-ci ildə aprel ayında 300 manat ödəniş edilmişdir.

Tərəflərin izahatları :

7. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin qətnaməsi ilə qət edilmiş 2400 manat pul vəsaiti cavabdeh tərəfindən ödənilmişdir. Həmin məbləğin 1500 manatını icra məmuru tərəfindən alınaraq ona ödənilmiş, qalan 900 manat isə cavabdeh tərəfindən onun nəvəsinin kart hesabına köçürülmüşdür və bu barədə icra məmuru tərəfindən həmin ödənişlər qətnamə ilə müəyyən edilmiş borca hesablanmaqla, bu barədə ondan qəbz alınmışdır.

8. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, mülki işə müvafiq prosessual maraq göstərməmişlər. lər.

9. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

10. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 26 nömrəli müqaviləyə əsasən cavabdeh "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsi 22-də yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada İddiaçı söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20% əlavə edilməklə təmirli mənzili İddiaçı mülkiyyətinə verməyi, həmçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 1 otaqlı mənzil üçün aylıq 300 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq iddiaçıya mənzil təhvil verməmiş və 2022-ci ilin fevral ayından 22 ay kirayə haqqını ödənilməmişdir.

Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi :

385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin mövqeyi :

14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

15. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin müqavilə azadlığı adlanan 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar.

16. Mülki Məcəllənin 6.2 və 390.5-ci maddələrinə görə, fiziki və hüquqi şəxslər öz mənafelərini gerçəkləşdirmək üçün sərbəst iradə ifadələri olan müqavilə əsasında hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Müvafiq müqavilə şərtinin məzmununun Mülki Məcəllə ilə göstərildiyi hallar istisna olmaqla, müqavilənin şərtləri tərəflərin istəyi ilə müəyyən olunur.

17. İşin faktiki hallarından görünür ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 26 nömrəli müqavilə üzrə iddiaçı üzərinə mülkiyyətində olan mənzili söküntü üçün “MMC”-yə təhvil vermək, cavabdeh isə mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20% əlavə edilməklə təmirli mənzili İddiaçı mülkiyyətinə vermək, habelə yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 1 otaqlı mənzil üçün aylıq 300 manat kirayə haqqı ödəmək öhdəliyi götürmüşdür.

18. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq iddiaçıya mənzil təhvil verməmiş və 2022-ci ilin fevral ayından 22 ay kirayə haqqını ödəməmişdir.

19. Belə ki, işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1143/2022 saylı qətnaməsi ilə 2022-ci ilin fevral ayınadək ödənilməmiş kirayə haqqı olaraq 5400 manat borc müəyyən edilmişdir. 2022-ci ilin fevral ayından sonra cavabdeh 2022-ci ilin aprel ayında 300 manat kirayə haqqı ödənişi etmişdir. Beləlilkə, cavabdeh tərəfindən 2022-ci ilin fevral ayından 2024-cü ilin yanvar ayınadək 22 ay üçün hər ay 300 manat kirayə haqqı olmaqla, ümumilikdə 6600 manat kirayə haqqı ödənilməmişdir.

20. Mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" MMC-nin üzərinə düşən öhdəliyi yerinə yetirməməsi işin tədqiq edilmiş halları ilə müəyyən edilidyindən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

22. İddia tələbinin cavabdeh "xxxx" MMC-dən xx.xx.2016-cı il tarixli, 26 nömrəli müqavilə üzrə kirayə haqqı kimi yaranmış 6600 (altı min altı yüz) manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin olunmalıdır.

23. Məhkəmə iddia tələbinin həmin müqavilədə nəzədə tutulmuş mənzil iddiaçıya təhvil verilənə qədər hər ay 300 (üç yüz) manat olmaqla kirayə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri davam etdiyindən və cavabdeh "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək mənzili təhvil verənədək hər ay 300 manat kirayə haqqı ödəmək öhdəliyi daşıdığından məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

Məhkəmə xərcləri :

24. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

25. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

26. Həmçinin 8.1.2-ci maddəyə əssən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir.

27. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı ödəməkdən azad edildiyi 86 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

Nəticə :

28. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən xx.xx.2016-cı il tarixli, 26 nömrəli müqavilə üzrə kirayə haqqı kimi yaranmış 6600 (altı min altı yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

29. İddiaçı ödəməkdən azad edildiyi 86 manat dövlət rüsumu cavabdeh "xxxx" MMCdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2016-cı il tarixli, 26 nömrəli müqavilə üzrə kirayə haqqı kimi yaranmış 6600 (altı min altı yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 86 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar