Məhkəmə qərarları › İş №2(007)-681/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-681/2024

09.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-681/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X6 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə köçürmə” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh X5, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdeh X6 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun azyaşlı övladı X9 ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi, qapı kilidinin açarının bir nüsxəsinin də ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o ünvan 1 ünvanında daimi olaraq rəsmi qeydiyyatda olmaqla yaşamışdır. Ailə həyatı qurduqdan sonra da həyat yoldaşı və övladı ilə birlikdə həmin ünvanda daimi yaşamış və təsərrüfatı idarə etmişdir. Sonradan atası İsayev Abil Bayram oğlu ilə anası X12 aralarında ailə münasibətləri pozulmuş və aralarında bir neçə məhkəmə prosesləri baş vermişdir. Həmin məhkəmə proseslərindən sonra anası X12 müxtəlif qanunsuz yollarla atası İsayev Abil Bayram oğlunun, onun və ailə üzvlərinin həmin mənzili tərk etməyi üçün hüquq mühafizə orqanlarına əsassız şikayətlər etmiş və həmin şikayətlər əsasında aparılmış araşdırmalar nəticəsində aydın olmuşdur ki, cavabdeh X5 əsl niyyəti onları həmin mənzildən çıxarmaqdır. Həyat yoldaşı ilə ailə qurarkən onun başqa yaşayış yeri olmadığına görə onun cehiz əşyalarını da həmin mənzilə yığmışlar. Bundan başqa, övladı X9 da həmin mənzildə dünyaya gəlmişdir və halhazırda da həmin ünvanda rəsmi qeydiyytadadır. Anası ilə atası arasında olan məhkəmə mübahisələrinin sonunda ünvan 1 ünvanında yerləşən mənzil üzərində İsayev Abil Bayram oğlu ilə X5 hərəsinin ½ olmaqla pay hüquqları tanınmış və buna müvafiq olaraq onlara mülkiyyət hüququnun təsdiq edilməsi barədə Çıxarışlar verilmişdir. Cavabdeh X12 evdə dəfələrlə süni şəkildə davalar salır, qonşulara guya onu incitməkləri barədə yalan söhbətlər edir və onu və ailə üzvlərini müxtəlif vasitələrlə bezdirir və dava etməyə sövq edir ki, onların evdən çıxmaqlarıı üçün zəmin yaratmış olsun. Bütün bunlara nail ola bilmədiyini görən X12 avqust ayının sonunda atası İsayev Abil Bayram oğlunu onkoloji xəstəliyi ilə əlaqədar olaraq “Məlhəm” klinikasına apararkən o və ailə üzvləri də onun yanında olmuşdur. Sonradan evə qayıdarkən ona məlum olmuşdur ki, X12 giriş qapısının kilidini dəyişmiş və onları evə buraxmamışdır. Bununla əlaqədar olaraq, AR DİN “102” Qaynar Xəttinə, Nizami rayon Polis İdarəsinə və 24 Polis Şöbəsinə etdiyi şikayətlər aralarındakı mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Bundan başqa, onun və ailə üzvlərinin bütün pal-paltarı, qızıl-zinət əşyaları və pul vəsaitləri, cehiz əşyaları və gündəlik istifadə etdiyi bütün əşyaları həmin evdədir və hətta cavabdeh şərait yaratmır ki, paltarları da götürsünlər. Onun və ailə üzvlərinin həmin mənzilə istifadə hüquqları mövcud olduğuna görə, bundan başqa, həmin mənzildən başqa digər yaşayış evləri olmadığına, hal-hazırda kirayədə qaldıqlarına görə, həmin mənzilə köçürülməkləri barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Cavabdehin etirazı və etirazın əsaslandırıldığı hallar :

3. Cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə qarşı etiraz edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İsayev Abil Bayram oğlunun cavabdeh X6 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası tamamilə əsassızdır. İddiaçının mənzilə köçürülməsi mümkün deyildir. Çünki bunun üçün hüquqi əsaslar yoxdur. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 10 avqust 2020-ci tarixli, № 2(007)-72/2020 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, birgə nikah dövründə əldə olunmuş ** UZ *** nömrə nişanlı Opel-Astra markalı, ** HB *** nömrə nişanlı-Audi A4 markalı, ** GG *** nömrə nişanlı QAZ 2410 markalı avtomobillərə X5 payı ½ hissədə tanınması, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi Dekorotiv tingliyi 2/13 saylı torpaq sahəsində inşa edilmiş tikiliyə sərf olunan 70.000 manat pulun yarısı-35000 manat İsayev Abil Bayram oğlundan alınaraq X6 verilməsi, qalan hissədə ilk iddia təmin olunmaması, qarşılıqlı iddia qismən təmin olunması, Bakı şəhəri, Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilə İsayev Abil Bayram oğlunun payının ½ hissədə tanınması, qalan hissədə qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. Daha sonra həmin qətnamədən qarşı tərəf apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7903/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin rədd olunması, hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Daha sonra həmin qətnamədən qarşı tərəf kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-2355/2021 saylı qərarı ilə cavabdeh İsayev Abil Bayram oğlunun kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7903/2020 nömrəli iş üzrə 13 noyabr 2020-ci il tarixli qətnaməsinin qismən, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Dekorotiv tingliyi 2/13 saylı torpaq sahəsinə istifadə hüquqlarının bölünməsi və onun üzərindəki tikiliyə sərf edilmiş vəsaitin bölünməsi hissəsində ləğv olunaraq, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6494/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi ilə İsayev Abil Bayram oğlunun apellyasiya şikayəti təmin edilməməsi, hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-72/2020 saylı 10 avqust 2020-ci il tarixli qətnaməsi apellyasiya icraatının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Sonra həmin qətnamədən qarşı tərəf kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-2188/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6494/2022 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan sonra Nizami Rayon Məhkəməsinin 10 avqust 2020-ci tarixli, № 2(007)-72/2020 saylı qətnaməsi dərhal icraya yönəldilmişdir. Qətnamə icra olunması üçün Nizami Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsi icra olunmadığı üçün Nizami Rayon İcra Şöbəsi əmlakların üzərinə həbs qoyulması ilə bağlı təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(007)-27/2023 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-72/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə İsayev Abil Bayram oğluna məxsus olan ** UZ *** nömrə nişanlı Opel-Astra markalı, ** HB *** nömrə nişanlı-Audi A4 markalı, ** GG *** nömrə nişanlı QAZ 2410 markalı avtomobillərdən ona düşən payın ½ hissəsi və Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilinin ½ pay hissəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Daha sonra həbs qoyulmuş ½ hissə tələbkar X6 təklif olunmuşdur. Tələbkar həbs qoyulmuş ½ hissəni-təklifi qəbul etmiş, buna görə də Nizami Rayon İcra Şöbəsi Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilin tam tələbkarın mülkiyyətinə keçməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə müraciət etmişdir. Hazırki iddiaçı cavabdehə qarşı, yəni öz doğma anasına qarşı məişət zorakılığı törətdiyi üçün AR Bakı Şəhər Nizami Rayon İcra Başçısı aparatının “məişət zorakılığı haqqında” iş üzrə 25 fevral, 2022-ci il tarixli qərarı ilə İsayev Abil Bayram oğluna məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunmuş, X6 qabaqlayıcı tədbir olaraq 30 gün olmaqla qısamüddətli mühafizə orderi verilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1799/2022 saylı qətnaməsi ilə ərizənin qismən təmin edilməsi, məişət zorakılığından zərər çəkmiş şəxs X6 məişət zorakılığı törətmiş şəxslər İsayev Abil Bayram oğlunun və İddiaçı hərəkətlərindən mühafizə olunması üçün 30 (otuz) gün müddətinə uzunmüddətli mühafizə orderi verilməsi, məişət zorakılığı törətmiş şəxslər İsayev Abil Bayram oğluna və İddiaçı məişət zorakılığının təkrar törədilməsi və zərər çəkmiş X6 qarşı narahatlıq gətirən digər hərəkətlərin edilməsi qadağan olunması qət olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla məişət zorakılığı ilə bağlı hərəkəti törətmiş şəxslər İsayev Abil Bayram oğluna və İddiaçı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli qərarı ilə qısamüddətli mühafizə orderi qəbul edilməsinə və hüquq mühafizə orqanları tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq zərər çəkmiş şəxsə narahatlıq gətirən məişət zorakılığına dair hərəkətlər etmələri öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə qeyd etmişdir ki, hazırkı halda iş üzrə təqdim edilmiş sənədlərdən X1 əri İsayev Abil Bayram oğlu və oğlu İddiaçı tərəfindən məişət zəminində fiziki və psixi zorakılığa məruz qaldığı müəyyən edildiyindən məhkəmə ərizəni qismən təmin etmişdir. Cavabdeh X12 iddiaçı İsayev Abil Bayram oğlu və hazırki İddiaçı dəfələrlə HMO-na çoxsaylı şikayətlər etmişdir. MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə İsayev Abil Bayram oğlu vəfat etmişdir. İddiaçı vəfat edənin vərəsəsi kimi tanınmasa da, onun atasının nümayəndəsi kimi müxtəlif məhkəmələrdə qaldırdığı iddialar atasından qalan miras aktivinin qəbul etməkdə maraqlı olduğunu göstərir. Əgər miras aktivini qəbul edəcəksə, deməli atası İsayev Abil Bayram oğlunun iddiaçı X6 olan 35.000 AZN borcunu da, yəni miras passivini də qəbul edir. Həmin 35.000 AZN pul 4 ildir ki, ödənilmədiyindən İsayev Abil Bayram oğlunun payına tutma yönəldilmiş və tələbkar X12 həmin təklifi qəbul etmişdir. Yəni de fakto və de yure olaraq həmin ½ hissə artıq X6 məxsusdur. Köçürülmə tələb edilən mübahisəli mənzilin tam pay hüququ ilə potensial mülkiyyətçisi X7r. İsayev Abil Bayram oğlu atasından qalan mirası qəbul edirsə, demək ki, onun vəzifələrini də qəbul edir. Belə olanda halda İddiaçı artıq üzərinə həbs qoyulmuş və tutma yönəldilmiş əmlaka köçürülməsi ilə bağlı tələbi əsaslı ola bilməz. İddiaçının iddia tələbi tam absurddur. İddiaçı bütün məhkəmə iclaslarında atasının nümayəndəsi kimi gələcək potensial borclu kimi iştirak edib. İndi isə Azərbaycan Respublikası adından çıxan məhkəmə qərarlarını icra etmədən mənzilə köçürülmək istəyir. İsayev Abil Bayram oğlu mənzilə köçürülə bilməz. Bunun üçün hüquqi əsas olmamaqla yanaşı şəxsin əvvəlki hərəkətlərinə də qiymət verilməsi vacibdir. Belə ki, iddiaçının qanunsuz hərəkətləri barəsində həm uzunmüddətli, həm də qısamüddətli mühafizə orderləri qəbul edilmiş, məişət zorakılığı faktı öz təsdiqini tapmışdır. X3 Ailə, Qadın, Uşaq problemləri dövlət komitəsinə də müraciət etmişdir. Bundan əlavə X12 iddiaçının həyat yoldaşı 1986-cı təvəllüdlü, Rusiya vətəndaşı X2 da ona qarşı zorakılıq törətməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə də müraciət etmişdir. Qeyd olunan şəxslər arasında olan ailə münaqişəsi Nizami Rayon Polis İdarəsinin ciddi nəzarəti altındadır. Gələcəkdə iddiaçı mənzilə köçürülərsə, hər hansı bir cinayət hadisəsi baş verərsə, bunun cavabdehliyini kim daşıyacaq? Qeyd olunanlara əsasən, iddia ərizəsinə kəskin şəkildə etiraz edilərək təmin edilməməsi xahiş edilmişdir.

İş materialları :

5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, bina 65, 33 saylı mənzilin ½ hissəsinə İsayev Abil Bayram oğlunun pay hüququ olmaqla onun mülkiyyətindədir.

6. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-72/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, ilkin iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə olunmuş **-UZ-*** nömrə nişanlı Opel-Astra markalı, **-HB-*** nömrə nişanlı-Audi A4 markalı, **-GG-*** nömrə nişanlı QAZ 2410 markalı avtomobillərə X5 payı ½ hissədə tanınmış, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsbəsi Dekorativ tingliyi 2/13 saylı torpaq sahəsində inşa edilmiş tikiliyə sərf olunan 70000 manat pulun yarısı 35000 manat İsayev Abil Bayram oğlundan alınaraq X6 verilməsi və Bakı şəhəri Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilinə İsayev Abil Bayram oğlunun ½ hissədə payının tanınması qərara alınmışdır.

7. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(007)-27/2023 saylı qərardadına əsasən müəyyən olunur ki, təqdimat təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-72/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə İsayev Abil Bayram oğluna məxsus olan **-UZ-*** nömrə nişanlı Opel-Astra markalı, **-HB-*** nömrə nişanlı Audi A4 markalı, **-GG-*** nömrə nişanlı QAZ 2410 markalı avtomobillərdən ona düşən payın ½ hissəsi və Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilinin ½ pay hissəsinin üzərinə həbs qoyulmuşdur.

8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-72/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə icra edilmişdir.

9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)-27/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi icra edilmiş və Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilin üzərinə həbs qoyulmuşdur.

10. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(007)-417/2023 saylı qərardadına əsasən müəyyən olunur ki, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayevin Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilin İsayev Abil Bayram oğluna məxsus ½ hissəsi üzərində X5 mülkiyyət hüququnun tanınması və buna dair müvafiq tədbirlərin həyata keçirilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə təqdimatına dair iş üzrə icraata İsayev Abil Bayram oğlunun ölməsi ilə əlaqədar xitam verilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-2355/2021 saylı qərarına əsasən müəyyən edilir ki, cavabdeh İsayev Abil Bayram oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7903/2020 nömrəli iş üzrə 13 noyabr 2020-ci il tarixli qətnaməsi qismən, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Dekorativ tingliyi 2/13 saylı torpaq sahəsinə istifadə hüquqlarının bölünməsi və onun üzərindəki tikiliyə sərf edilmiş vəsaitin bölünməsi hissəsində ləğv olunaraq, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya baxışına göndərilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının ekspertinin 3-16-16/9-2-10/4737-9/4940 saylı, xx.xx.2023-cü il tarixli rəyinin nəticə hissəsindən görünür ki, ünvan 2 ünvanda yerləşən mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 73500.0 manat məbləğində, likvid dəyəri isə təqribən 71000 manat məbləğində müəyyən edilmişdir.

13. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1799/22 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, məişət zorakılığından zərər çəkmiş X6 məişət zorakılığı törətmiş şəxslər İsayev Abil Bayram oğlunun və İddiaçı hərəkətlərindən mühafizə olunması üçün 30 gün müddətinə uzunmüddətli mühafizə orderi verilmişdir.

14. Bakı Şəhəri 4 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İsayev Abil Bayram oğlu xx.xx.2023-cü il tarixdə ağciyər ödemindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 653 № ilə qeyd edilmişdir.

15. Bundan başqa iş materiallarına 15 ədəd foto şəkil surəti əlavə edilmişdir

16. xx.xx.2023-cü il tarixli 8”V”-429 reyestr nörməli açılmış vərəsəlik işinə dair notariat işinin təsdiq olunmuş ksero surətindən görünür ki, İsayev Abil Bayram oğlu barəsində 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmışdır və xx.xx.2023-cü il tarixində vəfat etmiş İsayev Abil Bayram oğlunun vərəsələri İddiaçı və X10 atalarından miras qalmış əmlakların qəbul edilməsi üçün ərizə ilə notariat ofisinə müraciət etmişlər.

17. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı qızı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçının atası ilə anası boşanmalarına baxmayaraq birgə yaşamışlar. İddiaçının atası onkoloji xəstə olmuşdur. İddiaçı atasını xəstəxanaya aparıb evə qayıtdıqda evin qapısının açarının dəyişdiyini görmüşdür. Cavabdeh iddiaçı və ailəsini evə buraxmamışdır. Həmçinin iddiaçının əşyaları da həmin mənzildə qalmış və cavabdeh onları götürmələrinə icazə verməmişdir. Ramanadakı ev yarımtikilidir. İddiaçı ev alınandan həmişə orada yaşamış, iddiaçının, onun ailəsinin şəxsi əşyaları, pulları, qızılları həmin evdə qalmışdır. İddiaçını övladı ilə birlikdə mübahisə predmeti olan evə köçürülməsini məhkəmədən xahiş etmişdir.

19. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, atası xəstə olduğundan onu “Məlhəm” klinikasına aparmışdır. Klinikadan qayıtdıqda cavabdeh evin açarını dəyişərək onları evə buraxmamışdır. Onların bütün əşyaları, pul və qızıl-zinət əşyaları həmin mənzildə qalmışdır. Cavabdeh onları götürmələrinə icazə verməmişdir. Cavabdeh onları evə buraxmadığı üçün 10 gün bibisinə məxsus mənzildə yaşamağa başlamışlar. Bibisinin evi balaca olduğu üçün məcbur olub kirayə ev tutmalı olmuşdur. Daha sonra atasının vəfat etməsindən öncə isə Ramanadkı evdə yaşamağa başlamışlar. Ramanadakı evin iki otağını təmir edib orda yaşamışlar. Həmçinin qeyd etmişdir ki, onun övladı mübahisəli evin arxasında yerləşən məktəbdə oxuyur. O məcbur olub hər gün uşağı Ramandan məktəbə taksi ilə göndərir. Həmçinin qeyd etmişdir ki, Ramanadakı evlə bağlı cavabdehə ödənilməli olan pul vəsaitini ödəyəcəkdir.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraz ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirişdir ki, Ramanadakı mənzilə çəkilmiş xərclərə görə İsayev Abildən alınaraq cavabdehə ödənilməli olan 35 min manatın əvəzi olaraq mübahisəli mənzilin İsayev Abilə məxsus olan ½ hissəsinin üzərinə həbs qoyulmuş, cavabdehə təklif edilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması əsaslarına icra məmurunun təklifi və təklifin qəbul edilməsi barədə tələbkarın ərizəsi daxil olmadığı üçün məhkəməyə müraciət edilmişdir. Lakin həmin iş üzrə borclu İsayev Abil Bayram oğlu vəfat etdiyi üçün iş üzrə icraata xitam verilmişdir. İddiaçının mübahisə predmeti olan evdə yaşaması qeyri-mümkündür. Mübahisəli mənzil borcun əvəzində Sara İsayevaya təklif olunmuş və o da təklifi qəbul edərək tam pay hüquqlu potensial mülkiyyətçiyə çevrilmişdir. Fotoşəkillərdən də göründüyü kimi Ramanadakı ev təmirlidir, yarım tikili deyildir. Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına uyğun olaraq mənzilə köçürülmə o halda olur ki, şəxsin yaşamaq üçün başqa yeri olmur. İddiaçının isə yaşamaq üçün Ramanada 3 mərtəbəli evi var. Həmin evə əmlakla bağlı tərəflər arasında olan digər məhkəmə mübahisəsi zamanı baxış keçirilmiş, evin yarım tikili olmadığı müəyyən edilmişdir. Həmçinin qeyd etmişdir ki, əgər iddiaçı vərəsə olaraq atasının hüquqlarını götürürsə, onun vəzifələrini də qəbul etdiyi deməkdir. Tərəflər arasında mübahisə olduğu üçün onlar birlikdə yaşaya bilməz.

21. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatından bildirmişdir ki, Ramanadakı ev təmirli, 3 mərtəbəli 10 otaqlı evdir. evdir. O iddiaçı və onun ailəsi ilə birlikdə yaşaya bilməz. İddiaçının yoldaşı qapağı atıb onun qolunu yaralamışdır. İddiaçı evə gələrsə, aralarında başqa münaqişələr nəticəsində bədbəxt hadisə baş verə bilər. Həmçinin qeyd etmişdir ki, o avqust ayında Kərbəla ziyarətinə getmiş, sentyabr ayında qayıtmış, qayıtdıqdan sonra evdəki bütün əşyaların dağıldığını, iddiaçı tərəfin evdən çıxıb getdiklərini və getdikləri zaman onun və öz əşyalarını özləri ilə apardıqlarını görmüşdür. Oğlu gəlib onu narahat etdiyi üçün isə qapının kilidini dəyişdirmişdir.

İşin faktiki halı :

22. İşin məhkəmə tərəfindən araşdırılan və mübahisələndirilməyən halları ondan ibarətdir ki, birgə nikah dövründə əldə edilmiş və hazırki mülki iş üzrə mübahisəli olan Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 65, 33 saylı mənzilə ½ hissədə cavabdeh X5, ½ hissədə isə İsayev Abil Bayram oğlunun pay hüququ müəyyən edilmişdir.

23. Həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Dekorativ tingliyi 2/13 saylı torpaq sahəsində inşa edilmiş tikiliyə sərf olunan 70 min manat pulun yarısı, 35 min manat pul vəsaiti İsayev Abil Bayram oğlundan tutularaq X6 ödənilməlidir.

24. Ekspert rəyi əsasında Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 65, 33 saylı mənzilin 71 min manat likvid dəyəri müəyyən edilmişdir.

25. İsayev Abil Bayram oğlu tərəfindən ödənilməli olan 35 min manat pul vəsaitinin tutulmasını təmin etmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 65, 33 saylı mənzilin İsayev Abil Bayram oğlunun mülkiyyətində olan ½ hissəsi üzərinə həbs qoyulmuşdur.

26. İsayev Abil Bayram oğlu vəfat etdiyi üçün Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 65, 33 saylı mənzilin üzərinə həbs qoyulmuş ½ hissəsi üzərində X5 mülkiyyət hüququnun tanınması mümkün olmamışdır.

27. İsayev Abil Bayram oğlunun adına xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmışdır. İsayev Abil Bayram oğlunun vərəsələri İddiaçı və X10 mirasın qəbulu barədə ərizə ilə notariat ofisinə müraciət etmişlər.

Məhkəmə baxışının hədləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

30. Azərbaycan Respublikası Konstitusiyasının :

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1267. Vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Məhkəmənin mövqeyi :

32. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

33. Hazırda İddiaçı cavabdeh X6 qarşı “mənzilə köçürülmə” tələbini mülkiyyətçinin ailə üzvü olaraq istifadə hüququ olduğu Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 65, 33 saylı mənzildə yaşamasına cavabdeh tərəfindən imkan verilməməsi ilə əsaslandırmışlar.

34. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

35. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

36. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

37. Məhkəmə qeyd edir ki, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürülmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri olduqda mümkündür: iddiçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa və.s

38. İşin faktiki hallarından görünür ki, İddiaçı atası İsayev Abil Bayram oğlundan miras qalan mübahisəli Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 65, 33 saylı mənzilin ½ hissəsini digər vərəsə X13 ilə birlikdə miras əmlak qismində qəbul etmiş, qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat ofisinə müraciət etmişdir.

39. Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi).

40. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir.

41. Həmçinin Mülki Məcəllənin 1267-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli qərarında qeyd edilir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

43. Həmçinin həmin Plenum Qərarında qeyd edilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir.

44. Həmçinin mülki qanunvericiliyə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

45. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, İddiaçı miras əmlakı qəbul etməsi işin mübahisəsiz halı olduğundan o, mübahisəli mənzilə mülkiyyət hüququna hüququna malikdir.

46. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən İddiaçı mirası qəbul etməsi ilə bağlı notariat ofisinə müraciət etdiyi üçün mirasdan imtina edə bilməz. Belə olan halda miras açıldığı andan onun mülkiyyəti sayılır (MM 1255m).

47. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli mənzilə olan payının rəsmiləşdirilməməsi onun öz miras payına sahiblik və istifadə hüququnun həyata keçirilməsinə mane deyildir.

48. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən ibarətdir. İddiaçının payının rəsmi reyestrdə qeydiyyata alınmaması onun həmin əmlak barəsində sərəncam hüququnun həyata keçirilməsinə maneədir, sahiblik və istifadə hüququnun deyil.

49. Həmçinin işin faktiki allarından görünür ki, məhkəmə prosesi dövründə vərəsəlik şəhadətnaməsi verilməsi üçün qanunla müəyyən edilmiş müddət başa çatmamışdır. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) başa çatmaması əsası ilə iddianın təmin edilməməsi Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.

50. Həmçinin məhkəmə cavabdehin izahatına (mübahisəli mənzilin ½ hissəsinin üzərinə həbs qoyulması, İsayeva Saraya təklif edilməsi, cavabdehin təklifi qəbul etməsi ilə əlaqədar mübahisəli mənzilin üzərinə həbs qoyulmuş ½ hissəsinin potensial mülkiyyətçisi olması) münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxil olduğundan İsayev Abilin vəzifələri (o cümlədən, 35 min manat pul vəsaitinin X11 ödənilməsinə dair öhdəliyi) də vərəsələr tərəfindən qəbul edilmiş sayılır.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il qərarında qeyd edilir ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur.

52. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarında qeyd edilir ki, vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.

53. Məhkəmə onu da nəzərə çatdırır ki, İddiaçı məhkəmə iclasında verdiyi izahatda (xx.xx.2024 tarixli) həmin pul vəsaitinin onun tərəfindən ödəniləcəyini bildirməklə miras tam qəbul etməsi ilə bağlı iradəsini bildirmişdir.

54. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. (MM 1306.1m).

55. Həmçinin icra haqqında qanunvericiliyə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir (İcra haqqında Qanun 31m).

56. Belə olan halda X8 vərəsəsi olaraq İddiaçı öhdəliyin ona aid olan hissəsini yerinə yetirmədiyi halda öhdəliyin icrası qanunla müəyyən edilmiş qaydada ondan tələb edilə bilər.

57. Məhkəmə iddia tələbinin İddiaçı azyaşlı övladı ilə birlikdə mübahisəli mənzilə köçürülməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq mülkiyyətçi öz payına yetkinlik yaşına çatmayan ailə üzvünü özü ilə birlikdə köçürə bilər. Həmçinin işin mübahisəsiz haldır ki, iddiaçı öz ailəsi ilə keçən ilin sentyabr-oktyabr aylarınadək cavabdeh ilə birlikdə həmin mənzildə yaşamışdır.

58. İddia tələbinin qapı kilidinin açarının bir nüsxəsinin iddiaçıya verilməsi hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, işin məhkəmə iclasında tədqiq edilən faktiki hallarına əsasən müəyyən olunmuşdur ki, cavabdeh X12 qapı kilidini dəyişdirmişdir (özü xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahatında da bildirmişdir ki, iddiaçı gəlib onu narahat etdiyi üçün qapı kilidini dəyişdirmişdir). Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir.

59. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Nəticə :

60. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, İddiaçı azyaşlı övladı X9 ilə birlikdə ünvan 3 ünvanına köçürülməli və qapı kilidinin açarının bir nüsxəsi ona verilməlidir.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi: İddia tələbi təmin edilsin. İddiaçı azyaşlı övladı X9 ilə birlikdə ünvan 3 ünvanına köçürülsün və qapı kilidinin açarının bir nüsxəsi ona verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar