Məhkəmə qərarları › İş №2(007)-69/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-69/2022

27.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-69/2022 27.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Həsənova Vəfa Oruc qızınnı katibliyi, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin iddiasına və Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və istifadə hüququna xitam verilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, iddiaçıların mənzildən istifadə hüquqları tanınmaqla, qeydiyyatda olduqları ünvan 1 ünvanına köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbini belə əsaslandırmışdırlar ki, İddiaçı1 01 dekabr 2018-ci il tarixdə oğlu Cavabdeh daşınmaz əmlakımın bağışlanmasına dair müqavilə imzalamışdır. Bu müqaviləyə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 64.9 kv.m sahəsi olan 3 otaqlı evi oğluna vermişdir. O və qızı həmin ünvanda qeydiyyatdadırlar. Mənzilə köçmək istəməklərinə baxmayaraq cavabdeh oğlu Cavabdeh buna maneə olur. Qeydiyyatları həmin ünvana olmasını nəzərə alaraq onların həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməlidir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı məhkəmədə qarşılıqlı iddia qaldıraraq, ilkin iddia tələbləri üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 ona qarşı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmə tələbinə dair ilkin iddia tələblərinin rədd edilməsi, qarşılıqlı iddia tələbləri üzrə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, bina 79, 26 saylı mənzilə cavabdeh İddiaçı2 istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin mənzilə cavabdeh İddiaçı1 istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzildə 80-ci illərdən atası, anası, bacısı və o köçərək yaşamağa başlamışlar və həmin vaxtdan da həmin mənzildə qeydiyyatdadırlar. Bacısı İddiaçı2 1997-ci il tarixdən X6 ilə ailə qurduqdan sonra Narizin atasına məxsus olmuş Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən (hal-hazırda qardaşına-X2 məxsus) evinə köçmüş, bir neçə ildən sonra isə həmin evin yaxınlığında özlərinə atasının köməyi ilə ev tikərək həmin evə köçmüşlər. Bundan sonra atası, anası və o bu mənzildə yaşamışlar. 2002-cü ildə o ailə qurduqdan bu günə kimi ailəsi ilə həmin evdə yaşayır. Atası ilə anası 2012-cu ildən anasına məxsus Xətai rayonu, Əhmədli y\sahəsi, X. Məmmədov küçəsi, ev 18, 3 saylı korpusun, В girişi, 4 saylı mənzilə köçmüş və mübahisəli mənzildə o ailəsi ilə birgə qalmış və həmin mənzilə faktiki sahibliyi və istifadəni o həyata keçirməyə başlamışdır. Bu müddətdə dəfələrlə mübahisəli mənzili təmir etmişdir. 2018-ci ildən mənzil onun mülkiyyətindədir. Atası, anası və bacısı ilə aralarında bu günə qədər mübahisələri olmayıb. Anası vəfat etdikdən sonra dəfələrlə atasına yaşlı və xəstə olduğunu nəzərə alaraq onunla birgə yaşamasını təkid etsə də, anasının ölümündən bir müddət keçdikdən sonra atası öz evindən köçərək bacısının evində yaşamağa başlamışdır. Müəyyən müddət keçdikdən sonra bacısı bu hərəkətlərinin hansı səbəblərdən olmasını başa düşmüşdür. (ata və anaya məxsus bütün əmlaklara sahib olmaq istəyi. Bunu ona qarşı məhkəmədə irəli sürülən çoxsaylı iddia tələbləri də sübüt edir). Bacısının hal-hazırada yaşadığı Sabunçu rayonu, ünvan 2 ünvanın yanında yerləşən fərdi yaşayış evindən (özbaşına tikili) əlavə analarının adında olan Xətai rayonu, Əhmədli y\sahəsi, X. Məmmədov küçəsi, ev 18, 3 saylı korpusun, В girişi, 4 saylı ünvanda yerləşən vərəsəlik hüququ əsasında İddiaçı2 məxsus olan (mülkiyyət hüququna gözləntisi olan) mənzil də mövcuddur (bu mənzilin açarları hal hazırda bacısındadır). Bütün qeyd edilənlərdən göründüyü kimi o, anasına məxsus mənzilə vərəsəlik hüququndan imtina etmədiyi üçün bu iddia ərizəsi ilə çıxış etmənin arxasında, bacısının özünün yaşamağa evi olduğu və analarından vərəsəlik qaydasında ona mənzilin qaldığı halda onun məzilinə köçürülmə tələbi ilə məhkəmə qaydasında mübahisə yaradılması ilə ona maneələr yaradaraq, hansısa əsassız güzəştlərə məcbur etmək istəyinin dayandığı açıq-aşkardır. Bu günə qədər qohumluq münasibətlərini nəzərə alaraq, məhkəməyə müraciət etmək fikrində deyildi. Lakin indiki halda, yəni, artıq bacısının və atasının ona qarşı çoxsaylı iddia tələblərini nəzərə alaraq və onların onun mənzilində qeydiyyatda olmaları mülkiyyət hüququnu məhdudlaşdırdığından hesab edir ki, İddiaçı2 mülkiyyətində olan Nizami rayonu, Şirin Mirzəyev küçəsi, bina 79, 26 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməli və İddiaçı1 həmin mənzilə istifadə hüququna xitam verilməlidir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu normalardan göründüyü kimi, hər iki cavabdeh könüllü şəkildə mübahisəli mənzilidən köçərək, özlərinə daimi yaşayış yeri seçmişlər və hər iki cavabdehin mülkiyyətində vərəsəlik hüququ əsasında əldə etdikləri mənzil var. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.1999-cu il tarixli Qərarında verilmiş şərhə uyğun qaydada daimi yaşamaq üçün başqa yaşayış məntəqsinə getdiklərindən və yaşamaq üçün sahibliklərində, istifadələrində başqa mənzil olduğundan mübahisələndirilən mənzildən istifadə hüquqları itirilmişdir. Qanunvericilik, hər iki cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsini mümkün sayır. Bu əsaslarla cavabdehlərin mülkiyyətimdə olan mənzilə istifadə hüquqlarına xitam verilməsi və istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı iddia tələblərini haqlı hesab edir. Hesab edir ki, məhkəmə, ilkin iddia ərizəsi üzrə iddia tələblərini əsassız olduğu səbəbindən rədd etməli, qarşılıqlı iddia tələbləini təmin etməlidir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. O, etirazını onunla əsaslandırmişdır ki, iddiaçıların hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqları yoxdur. “Mənzilə köçürülmə tələbinə dair” iddia qaldırılması üçün iddiaçının subyektiv hüququ - həmin mənzilə dair hər hansı əşya hüququ (məsələn, isifadə hüququ) və iddianın predmeti olan mənzildə yaşamağa ehtiyacı olmalıdır. Hər iki iddiaçının faktiki sahibliyində və mülkiyyətində ona məlum olan ən azı 2 mənzili var. Bu baxımdan iddiaçıların mübahisəli mənzilə köçüb yaşamalarına faktiki olaraq ehtiyacları yoxdur və iddia tələbi formal olaraq qaldırılıb. Belə ki, həmin mübahisə predmeti olan mənzilə 80-ci illərdə valideynləri və bacısı ilə birlikdə o da köçərək yaşamağa başlamışlar və həmin vaxtdan da həmin mənzildə qeydiyyatdadırlar. Bacısı İddiaçı2 1997-ci ildə X6 ilə ailə qurduqdan sonra Narizin atasına məxsus olmuş Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən (hal-hazırda qardaşına-X2 məxsus) evinə köçmüş, bir neçə ildən sonra isə həmin evin yaxınlığında bacısı İddiaçı2 və həyat yoldaşı N.Yaqubov özlərinə atasının maddi köməyi ilə fərdi yaşayış evi tikərək həmin evə köçüblər və hazırkı vaxtadək həmin evdə yaşayırlar. 2019-cu il sentyabr ayından atası hazırkı mülki iş üzrə İddiaçı1 da Sabunçu rayonu, ünvan 2 ünvanın yanında yerləşən İddiaçı2 və həyat yoldaşı N.Yaqubova məxsus fərdi yaşayış evinə köçüb onlarla birlikdə yaşayır. Bundan başqa mərhum anasının adında olan Xətai rayonu, Əhmədli y\sahəsi, X. Məmmədov küçəsi, ev 18, 3 saylı korpusun, В girişi, 4 saylı ünvanda yerləşən və vərəsəlik hüququ əsasında bacısı İddiaçı2 və atası İddiaçı1 məxsus olan (mülkiyyət hüququna gözləntisi olan) mənzil də mövcuddur (bu mənzilin açarları hal hazırda iş üzrə iddiaçı olan bacısı İddiaçı2dır). Hər iki mənzil İddiaçı2, Xətai rayonu, Əhmədli y/sahəsi, X. Məmmədov küçəsi, ev 18, 3 saylı korpusun, В girişi, 4 saylı ünvanda yerləşən mənzil isə həm də İddiaçı1 mülkiyyəti kimi qiymətləndirilməlidir. Bundan başqa anasından miras qalan evə münasibətdə qeyd etmək istəyir ki, Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Hər iki iddiaçı həmin mirası qəbul etdiklərindən onun mülkiyyətçisi hesab olunurlar.Göründüyü kimi iddiaçıların mənim mülkiyyətimdə olan mübahisə predmeti olan mənzilə köçüb yaşamağa ehtiyacları və bununla əlaqədar məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqları yoxdur. Hər iki iddiaçının mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələgələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarına əsasən iddiaçıların həmin hüququna xitam verilməlidir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin və ilkin iddiaya yazılı izahatının məzmununa iyğun izahat verərərk qaşılıqlı iddia tələbinin təmin olunması, ilkin iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. Məhkəmənin əvvəlki iclalarında iştirak etmiş ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 və İddiaçı1 ilkin iddianın məzmununa iyuğun izahat verərərk onun təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 məhkəmə iclasında iştirak etməməsi ilə bağlı bildirir ki, o, 18.11.2021-ci il tarixdə vəfat etmişdir. Hazırki mübahisənin mahiyyəti şəxsi xarakterli olduğundan və varislik qaydasında ötürüləcək hüquq olmadığından iş üzrə mübahisəyə həmin tərəfin prosessual hüquqi varisinin cəlb edilməməklə baxılmasını məhkəmə məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2(007)-1506\2020 saylı qətnaməsindən görünür ki, İddiaçı1 Cavabdeh qarşı “01 dekabr 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.9 kv/m, yaşayış sahəsi 37.04 kv/m olan 3 otaqlı mənzilinə dair bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2(103)2786\2021 saylı qətnaməsindən görünür ki, İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli 2(007)-1506\2020 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. - Ali Məhkəmənin 01.11.2021-ci il tarixli 2(102)5989\2021 saylı qərarından görünür ki, İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 09.03.2021-ci il tarixli 2(103)2786\2021 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli 2(007)-2230\2021 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və 4 saylı bakı “ASAN xidmət” mərkəzinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və.s” haqqında iddia tələbi qismən təmin edilmiş 4 saylı bakı “ASAN xidmət” mərkəzinin xüsusi notariusu X3 tərəfində verilmiş 2V-306 nömrə ilə qeyd edilmiş 29.03.2021-ci il tarixli və 2V-344 nömrə ilə qeyd edilmiş 15.04.2021-ci il tarixli “qanun üzrə vərəsəlik haqqında” Şəhadətnamlər ləğv edilmiş, bakı şəhəri ünvan 3 ünvanda yerləşən mənzilin 1\2 hissəsi üzrə İddiaçı1, 1\3 hissədə İddiaçı2, 1\3 hissədə Cavabdeh miras payı müəyyən edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 08.12.2021-ci il tarixli 2(103)10626\2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli 2(007)-2230\2021 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. - 01 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 79, 26 saylı mənzili Cavabdeh bağışlamışdır. - ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 79, 26 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 04 dekabr 2018-ci il tarixdə qeydə alınmışdır. - DİN-nin “Yaşayış yeri və qeydiyyat haqqında” 29.11.2018-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında Cavabdeh, İddiaçı1, İddiaçı2 qeydiyyatdadırlar. - İddiaçı2 tərəfindən notarial qaydada verilmiş 30.11.2018-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı2 İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 79 saylı evin, 26 saylı mənzilini Cavabdeh bağışlanılmasına etiraz etməmişdir. - Həsənova Xalidə, Əliyeva Sevil və Abdullayev Famil tərəfindən təsdiq edilmiş 17.11.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı2 1997-ci ildən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 79 saylı evin, 26 saylı mənzildə yaşamır. - "xxxx" ASC-nin 07.12.2020-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsi ev 59 ünvanında qeydiyyatda olan Yaqubov Naris Yaqub oğluna məxsus 14.02.2006-cı il tarixdən yaranmış abonent kodu aşkar edilmişdir. - "xxxx" ASC-nin 07.12.2020-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsi ev 59, ünvanında Novruz Yaqubovun adına 01.07.2007-ci il tarixdən **********000 saylı, ünvan 4 ünvanında qeydiyyatda olan Yaqubov Naris Yaqub oğlun adına 30.12.1999-cu il tarixdən açılan **********010 saylı abonent kodu aşkar edilmişdir. - AZ-İİ seriyalı, 204618 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı1 18.11.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 79 saylı evin, 26 saylı mənzil İddiaçı1 məxsus olmuşdur. İddiaçı1 özünə məxsus olan həmin mənzili 01 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında oğlu Cavabdeh bağışlamışdır. İş materiallarında olan İddiaçı2 tərəfindən İddiaçı1 mübahisəli mənzili Cavabdeh bağışlanılmasına etiraz edilməmişdir. İddiaçı1 və İddiaçı2 mübahisəli mənzildə qeydiyyatdadır. İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı məhkəmədə ilkin iddia qaldıraraq, iddiaçıların mənzildən istifadə hüquqları tanınmaqla, qeydiyyatda olduqları ünvan 1 ünvanına köçürülmələrinə dair, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə İddiaçı1 və İddiaçı2 qarşı məhkəmədə qarşılıqlı iddia qaldıraraq, ilkin iddia tələbi üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 ona qarşı ünvan 5 ünvanında yerləşən mənzilə köçürülmə tələbinə dair ilkin iddia tələblərinin rədd edilməsi, qarşılıqlı iddia tələbləri üzrə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, bina 79, 26 saylı mənzilə cavabdeh İddiaçı2 istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin mənzilə cavabdeh İddiaçı1 istififadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 18.11.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə İddiaçı1 18.11.2021-ci il tarixdə vəfat etməsini nəzərə alaraq hesab edir ki, onun ilkin iddia tələbində irəli sürdüyü “mənzilə köçürülmə” şəxsən özü ilə bağlı olduğundan və vərəsəlik qaydasında vərəsələrinə ötürülə bilən hüquq olmadığından onun Cavabdeh qarşı ilkin iddia tələbi təmin edilməməli, ona qarşı Cavabdeh tərəfindən irəli sürülən “istifadə hüquqlarına xitam verilməsi”nə dair qarşılıqlı iddiada tələbi isə İddiaçı1 18.11.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar onun mübahisəli mənzilə istifadə hüquqlarına avtomatik olaraq xitam verildiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun 27.07.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarının 1-ci bəndinə görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının 08.07.1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə İddiaçı2 Cavabdeh qarşı “ünvan 1 ünvanına köçürülməsinə” dair ilkin iddia tələbi və Cavabdeh İddiaçı2 qarşı sonuncunun “ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi ilə bağlı bildirir ki, hazırkı işdə Cavabdeh İddiaçı2 mübahisəli mənzilindən istifadə hüququnun müvafiq kompensasiya ödənilmədən itirilməsini tələb etmişdir. Sonuncunun həmin hüququn əldə edilməsini zəruri edən əsasın, yəni sözügedən yaşayış sahəsinə ehtiyacın aradan qalxmasını təsdiqləyən sübutları məhkəməyə təqdim edilmişdir. Bu mənada, diqqətə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxdığı hallara: keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi aid edilmişdir. Baxılan işdə qarşılıqlı iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 digər daimi yaşayış sahəsinə könüllü surətdə ailə quraraq həyat yoldaşının yaşadığı yaşayış sahəsinə köçməsi və eyni zamanda onun vərəsəlik qaydasında məxsus başqa yaşayış sahəsinə, yəni Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi, X.Məmmədov küçəsində yerləşən 18 saylı evin 4 saylı mənzilinə vərəsəlik üzrə payının mövcud olması sübuta yetirmişdir. Qanunvericilin sadalanan normalarının məzmunundan göründüyü kimi, iddiaçının mübahisəli mənzilə istifadə hüququnu itirməsi üçün onun 6 aydan artıq müddətə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya başqa yaşayış sahəsinə köçməsi müəyyən edilməlidir. İddiaçı2 1997-ci il tarixdən X6 ilə ailə qurduqdan sonra Narizin atasına məxsus olmuş Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən (hal-hazırda qardaşına-X2 məxsus) evinə köçmüş, bir neçə ildən sonra isə həmin evin yaxınlığında özlərinə atasının köməyi ilə ev tikərək həmin evə köçmüşlər. Məhkəmə nəzərə alır ki, iddiaçı 1997-ci ildən sonrakı 25 il ərzində də davamlı olaraq mübahisəli mənzildə faktiki yaşamamış, o mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Qeyd olunan hallar İddiaçı2 1997-ci ildə mübahisəli mənzildən daimi yaşamaq üçün başqa mənzilə köçdüyü və həmin tarixdən 6 ay sonra mənzilə istifadə hüququnu itirdiyi barədə birmənalı qənaətə gəlməyə əsas verir. Həmçinin məhkəmə qeyd edir ki, hazırda ilkin İddiaçı1 vəfat etməsi ilə əlaqədar İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi, X.Məmmədov küçəsində yerləşən 18 saylı evin 4 saylı mənzilindən özünə məxus 1\3 paydan əlavə hazırda atasına məxsus hissədən də vərəsəlik qaydasında pay almaq hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında vurğulanmışdır ki, keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Göründüyü kimi, İddiaçı2 mübahisəli mənzilə istifadə hüququna həmin sahəyə ehtiyacı aradan qalxdığından, mənzildə formal qeydiyyatda qaldığından kompensasiya verilmədən istifadə hüququ itirilmiş hesab edilməli, onun mübahisəli mənzilə köçürülməsi ilə bağlı ilkin tələbi isə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddiaçıların mənzildən istifadə hüquqları tanınmaqla, qeydiyyatda olduqları ünvan 1 ünvanına köçürülmələrinə dair ilkin iddia tələbləri təmin edilməməli və Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, bina 79, 26 saylı mənzilə cavabdeh İddiaçı2 istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin mənzilə cavabdeh İddiaçı1 istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia tələbi qismən təmin edilməli, İddiaçı2 Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən 79 saylı evin 26 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu ilkin iddiaçılara, qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu isə qarşılıqlı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddiaçıların mənzildən istifadə hüquqları tanınmaqla, qeydiyyatda olduqları ünvan 6 ünvanına köçürülmələrinə dair ilkin iddia tələbləri təmin edilməməli və Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı ünvan 5 ünvanında yerləşən mənzilə köçürülmə tələbinə dair ilkin iddia tələbləri təmin olunmasın. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı2 Əhədülla qızının Bakı, şəhəri Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən 79 saylı evin 26 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ilkin iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu ilkin iddiaçılara, qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar