Məhkəmə qərarları › İş №2(007)-691/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-691/2024

06.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-691/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti cəlb olunmaqla, “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti cəlb olunmaqla, “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" MMC arasında xxxxxxx000100 nömrəli bildiriş əsasında, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişini mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X5 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx xxxxxx 1965-ci il təvəllüdlü olmaqla, Hacıqabul şəhərində anadan olmuşdur. Hal-hazırda Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 85-də qeydiyyatda olmaqla orada yaşayır. Qeyd edir ki, o, əlilliklə bağlı müvafiq qrup verilərkən bilmişdir ki, onunla ********** nömrəli VÖEN şəhadətnaməsi əsasında fəaliyyət göstərən "xxxx" MMC arasında 09 sentyabr 2019-cu il tarixli əmək müqaviləsi vardır. Həmin müqavilə xxxxxxx000100 nömrəli əmək bildirişi ilə təsdiq edilmişdir. Həmin müqavilə və bildirişdən onun heç bir xəbəri yoxdur. Bütün bunlardan sonra o, iş üzrə cavabdeh "xxxx" MMC-nin yerləşdiyi Bakı şəhəri, Nizami crayonu, Qara Qarayev prospekti, Ev 2, mənzil 73-ə gedib onu axtarsa da tapa bilməyib. Hal-hazırda adına əmək müqaviləsi olsa da, əmək haqqı almır və ya pensiyaya çıxa bilmir ki, adına əmək müqaviləsi var. Bundan sonra o, aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinə müraciət etdikdən sonra ona 24 avqust 2023-cü il tarixli, 3-17-5/2-P- 31652/2/2023 nömrəli məktubla bildirilmişdir ki, “sizin Cavabdeh MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinə ünvaniaoığınız müraciətinizə Nazirlik yanında X5 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar X5 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə təqdim etdiyiniz izahatınızda Cavabdeh MMC tərəfindən Sizə aid əmək müqaviləsinin bağlanmasına dair bildirişinin qüvvədən salınmasını tələb etmişsiniz. Bildiririk ki, müraciətinizlə bağlı Cavabdeh MMC-nin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 2, mənzil 73 ünvanına 3-17-5/2-27850/2023 nömrəli, xx.xx.2023-cü il tarixli (SS658840328AZ) məktubla müraciət olunaraq Sizə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin poçt xidmətinə məxsus F- 20 formasında “bu ünvanda yaşamır” qeydi edilərək məktub geri qaytarılmışdır. Nəzərinizə çatdırırıq ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətinizlə bağlı tərəfimizdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən Cavabdeh MMC tərəfindən Sizə aid əmək müqaviləsinin bağlanmasına dair bildirişin xx.xx.2019-cu il tarixində qeydiyyata alındığı və həmin bildirişin hazırda qüvvədə olduğu müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi X5 Xidmətinin səlahiyyətləri xaricindədir.” Qeyd edir ki, "xxxx" MMC-ni ümumiyyətlə tanımır və ora işə qəbul edilməyi üçün heç bir ərizə verməmişdir. Hal-hazırda adına qüvvədə olan əmək müqaviləsi olduğu üçün hər hansı bir işə qəbul edilə, əmək müqaviləsi bağlaya və ya pensiya çıxa bilmir. Odur ki, aidiyyatı üzrə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Əlavə olaraq qeyd edir ki, buna qədər aidiyyatı üzrə iş üzrə cavabdehə təklif göndərsə də heç bir nəticəsi olmamışdır. Daha sonra mediasiya şurasına müraciət etmiş və işə aidiyyatı üzrə Bakı şəhəri, 9 saylı mediasiya təşkilatının mediatoruna göndərilmişdir. Orada iştirak etmiş və qarşı tərəf gəlmədiyi üçün müvafiq arayış verilmişdir. Məhkəmə iclasında İddiaçının dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Həmin işə həmin şəxslərin səlahiyyətli nümayənlərinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı Cavabdeh MMC-də (VÖEN: **********) anbardar işləyir. - Kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, Cavabdeh MMC- nin (VÖEN: **********) hüquqi ünvanı ünvan 1si Nümayəndədur. - MŞB/9/2023-02263 nömrəli, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat ilkin mediasiya xərcini ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MMC Bakı şəhər Vergilər Departamentinin Kommersiya X6 Qeydiyyatı İdarəsində xx.xx.2020-ci il tarixdə, ********** saylı VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxsdir. İddiaçı həmin MMCdə anbardar vəzifəsində işçi ilə qeydə alınmışdır. İddiaçı qeyd olunan MMC-nin fəaliyyət göstərmədiyini, həmin MMC-də işləmədiyini və aidiyyatı qurumlara müraciət etməsinə baxmayaraq, sistemdə əmək müqaviləsinin aktiv qalmasını, buna görə də heç yerə işə qəbul oluna bilmədiyini qeyd etmək, həmin aktiv əmək müqaviləsinə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 49-cu maddəsinin 1 və 4-cü hissələrinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən olundu ki, iddiaçı əmək müqaviləsi bildirişində Cavabdeh MMC-nin işçisi kimi qalsa da, faktiki olaraq həmin MMCdə işləmir, nəticədə digər müəssisələrdə işlə təmin oluna bilmir. İddiaçı bu barədə müvafiq qurumlara aidiyyəti üzrə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və qanunvericiliyin yuxarıdakı tələbləri nəzərə alınmaqla, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar