Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-692/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh direktoru Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh «Süleymanoğlu Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında dövlət Əmək Müfəttişliyi Xidməti cəlb olunmaqla, “əmrin ləğv edilməsi, işə çıxılan bayram günlərinə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərər” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Süleymanoğlu Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə çıxılan bayram günlərinə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 05 yanvar 2023-cü ildə "xxxx" MMC-yə hüquqşünas vəzifəsinə işə qəbul olunmuşdur. Sonralar, yəni 26 iyun 2023-cü ildə ona əmək müqaviləsini verilməsini tələb etdikdən sonra məlum oldu ki, əmək müqaviləsi xx.xx.2023-cü il tarixlidir. İşəgötürənlə ilkin razılığa əsasən o, işə 05 yanvar 2023-cü ildə başlamışdır, onunla əmək müqaviləsi isə bundan 18 gün sonra, yəni 23 yanvar 2023-cü ildə bağlanmışdır. Beləliklə, onun əmək müqaviləsi 05 yanvar 2023-cü il tarixindən bağlanmış hesab edilməlidir. 05 iyun 2023-cü il tarixdə işdə olarkən MMC-nin işçiləri ona bildirmişlər ki, o, vəzifəsindən azad olunmuşdur. O, işdən azad olunmağının əsasını və nə üçün əvvəlcədən bu barədə xəbərdar edilmədiyini öyrənmək üçün direktor Nümayəndə müraciət etmişdir. Onun bütün suallarına cavabdeh bildirmişdir ki, MMC-nin rəhbəridir, şirkət özəldir və ona heç bir pul ödənişi düşmür. Eyni zamanda cavabdeh tərəfindən onun işdən azad olma əmri ona təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə müvafiq olaraq əmək müqaviləsinin xitamı zamanı zəruri olan pul ödənişləri verilməmişdir. Bununla əlaqədar o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinə rəsmi müraciət etmişdir. 07 avqust 2023-cü il tarixli cavabda bildirilmişdir: “...Sizinlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyi məlum olmuşdur”. Sonra göstərilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” AR Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Həmin qanun sahibkarlıq, təsərrüfat fəaliyyəti sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutur, onun əmək hüquqlarının pozulması barədə ərizəsi isə sahibkarlıq sahəsi anlayışına aid deyildir. Cavabla razı olmayaraq, təkrarən yazılı ərizə ilə müraciət etmişdir. 30 oktyabr 2023-cü ildə elə həmin məzmunlu 3-17-5/2-S-41160/7/2023 N-li 17 oktyabr 2023-cü il tarixli cavab almışdır. O işdən AR Əmək Məcəlləsinin 68.2-ci maddəsi “a” bəndinə əsasən azad olunmuşdur, bu bənd isə əmək müqaviləsinin tərəflərdən birinin təşəbbüsü ilə xitamını nəzərdə tutur. O, əmək müqaviləsinin xitamı barədə MMC-yə müraciət etməmişdir və əmək müqaviləsi onun təşəbbüsü ilə xitam edilməmişdir. İşdən çıxarılmasının səbəbinin araşdırılması prosesində cavabdeh tərəfindən ona qarşı kobudluq və yekəxanalıq edilib. Ona qarşı belə təhqiramiz münasibət işçilər arasında yayılmış, bu isə onun işgüzar nüfuzunu ləkələyir. Bununla bağlı o, stress keçirmişdir. Göstərilənlərə əsasən, Cavabdeh MMC-nin müdriyyətinin üzərinə onun tutduğu vəzifədən azad edilməsi barədə əmri ləğv etməsi vəzifəsinin qoyulması, müdriyyəti işə qəbul günündən işdən çıxdığı günə qədər müddət ərzində işə çıxdığı bütün bayram günlərinə görə 350 (üç yüz əlli) manat əmək haqqını ödənilməsi, AR Əmək Məcəlləsinin 290.3-cü maddəsinə müvafiq olaraq, cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyana görə onun xeyrinə 1500 manat məbləğində təzminatın tutulması, cavabdehin üzərinə ona xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər müddətdə məcburi iş buraxmağına görə 3800 manat (üç min səkkiz yüz) əmək haqqının ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, ali təhsilli hüquqşünasdır. Hər gün vaxtında işə gedib-gəlmişdir. Ona verilmiş siyahı əsasında o, əmək funksiyalarını yerinə yetirmişdir. O, müəssisəyə bildirmişdir ki, o hüquqşünasdır və kredit götürən vətəndaşlarla danışmaq onun işi deyil. 05 iyun 2023-cü il tarixdə işə getmiş və görmüşdür ki, onun komputerini yığışdırmışlar. Həmin müəssisədə işləyən xanım yaxınlaşaraq ona, işdən azad olduğunu bildirmişdir. Bundan sonra o, direktorun gəlməsini gözləmiş, direktora onu qanunsuz olaraq işdən çıxardığını bildirmişdir. Cavabdeh ona, müəssisənin rəhbəri olduğunu və onu işdən çıxardığını bildirmişdir. Ona işdən çıxarıldığı günədək işini icra edə bilməməsi ilə bağlı heç bir söz deyilməmişdir. Onu bilərəkdən işdən çıxarmışlar. O, dəfələrlə cavabdehlə danışmağa cəhd etmişdir. Lakin bu mümkün olmamışdır. Aylıq əmək haqqı ona 600 manat demişlər, lakin müqavilədə əmək haqqı 400 manat kimi qeyd olunmuşdur. Onu heç bir əsas olmadan işdən çıxarmışlar. İfadə verən şahidlərdən X5 tanımır və o işləyən zaman Teymur adlı şəxs orada işləməmişdir. Buna görə də, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh direktoru Nümayəndə iddia tələbini qəbul etməyib, izahat verərək göstərdi ki, o, müəssisənin direktorudur. Müəssisə təkərlərin ölkəyə gətirilməsi işi ilə məşğuldur. O, bir tanışı vasitəsi ilə İddiaçı işə götürmüşdür. Daha sonra onun işi bacarmadığını görmüş və bunu iddiaçıya bildirmişdir. Absəlimi işə üç aylıq sınaq müddəti tətbiq edilməklə işə götürmüşdür. Absəlim oğlunun Almaniyada olduğunu və sistemdə maaş məbləğinin çox görünməsi üçün maaşın artıq yazılmasını müəssiədən xahiş etmişdir. Onlar komputer sistemi ilə işləmir və hər bir şey dəftərdə qeyd edilmişdir. O, dəfələrlə Absəlimin işdən çıxarılması ilə bağlı göstəriş vermişdir. Lakin Absəlimin xahişi ilə müddəti uzatmışdır. İddiaçı iş funksiyasını yerinə yetirməyi bacarmamış və problemli müştərilərlə vaxtında zəng edərək danışmamış, onlara borcu ödəmələrini bildirməmiş və nəticədə müəssisəyə zərər dəymişdir. Bununla bağlı iddiaçıya dəfələrlə şifahi xəbərdarlıq edilmişdir. Müəssisənin işçiləri hər gün işləyir, lakin o, iddiaçıya bazar günü gəlməməsi üçün icazə vermişdir. Göstərdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında dövlət Əmək Müfəttişliyi Xidməti məhkəmə iclaslarının yeri və vaxtı barəsində xəbardar edilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh direktoru Nümayəndə vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o müəssisədə usta kimi fəaliyyət göstərir. Absəlim müəllim müəssisədə problemli işlərlə bağlı şöbədə işləmişdir. Asif müəllim onların yanında Absəlim müəllimin müştərilərdən pulu ala bilmədiyini, işi bacarmadığını bildirmişdir. Müəssisənin ofis hissəsində iki nəfər Absəlim və Ayişə işləmişdir. Cavabdeh direktoru Nümayəndə vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o müəssisədə qeyri-rəsmi olaraq usta kimi fəaliyyət göstərir. Absəlim müştərilərdən pulu ala bilməmişdir. Absəlim müəllim problemli işlərlə məşğul olmuşdur. Asif müəllim onların yanında Absəlimdən narazı olduğunu bildirmişdir. Cavabdeh direktoru Nümayəndə vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, müəssisədə icraçı direktor kimi fəaliyyət göstərir. Asif müəllim işdə olmayan zaman bütün işlərə o, nəzarət edir. Absəlim müəllim müəssisəyə hüquqşünas kimi gəlmişdir. Onun iş funksiyası problemli müştərilərlə danışmaq və onların vaxtında ödəniş etməsini təmin etmək olmuşdur. Lakin Absəlim müştərilərdən pulu ala bilməmişdir. Bu səbəbdən banklar reqres qaydada həmin pulları müəssisədən tutmuşdur. Beləliklə müəssisəyədə zərər dəymişdir. Absəlim müəllim işə qəbul edilərkən bu işlərlə məşğul olacağını bilmişdir. Müəssisənin məhkəmə işləri üçün ayrı vəkili olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və məhkəmə iclasından iştirak etmiş şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Cavabdehnə ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı əmək haqqının ona ödənilməsi ilə bağlı müəssisəyə müraciət etmişdir. - Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin 07 avqust 2023-cü il tarixli, 3-17-5/2-S- 29095/2023 nömrəli və 17 oktyabr 2023-cü il tarixli, 3-17-5/2-S-41160/8/2023 nömrəli məktubların surətindən görünür ki, İddiaçı müraciətinə baxılmış və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -Bakı 8 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-02201 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. -Cavabdeh direktoru Nümayəndə ilə İddiaçı arasında imzalanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı müəssisədə hüquqşünas vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin 4.1-ci maddəsinə əsasən işçiyə hər ay 400 manat məbləğdə əmək haqqı ödənilir, 4.16-cı maddəsinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir, 4.17-ci maddəsinə əsasən iş saatı 09:00-da başlanır, saat 18:00-da qurtarır, 4.18-ci maddəsinə əsasən nahar vaxtı saat 13:00-dan saat 15:00-dəkdir, 4.19-cu maddəsinə əsasən işçi hər gün 4 saat natamam iş günü işləyir, 4.20-ci maddəsinə əsasən, işçi həftədə 1 gün natamam iş həftəsi ilə işləyir, 4.23-cü maddəsinə əsasən istirahət günləri hər həftənin bazar günləridir, 4.26-cı maddəsinə əsasən işçinin iş ili xx.xx.2023-xx.xx.2023-cü il tarixini əhatə edir, 4.27-ci maddəsinə əsasən əsas məzuniyyətinin müddəti 46 təqvim günüdür. -xx.xx.2023-cü il tarixli, 05 nömrəli əmrdən görünür ki, Cavabdehndə “hüquqşünas” vəzifəsində işləyən İddiaçı Əlibala oğlu ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2. “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İşçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilmişdir. Əmrdə işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə müqavilə bağlayaraq həmin müəssisədə “hüquqşünas” vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqının məbləği tərəflər arasında 400 manat məbləğində müəyyənləşdirilmişdir. İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq, hər gün 4 saat natamam iş günü, həftədə 1 gün natamam iş həftəsi ilə işləmişdir. İstirahət günləri hər həftənin bazar günləri, əsas məzuniyyətinin müddəti 46 təqvim günü müəyyən edilmişdir. İşçinin iş ili xx.xx.2023-xx.xx.2023-cü il tarixini əhatə etmişdir. xx.xx.2023-cü il tarixli, 05 nömrəli əmr ilə Cavabdehndə “hüquqşünas” vəzifəsində işləyən İddiaçı Əlibala oğlu ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2. “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İşçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilmişdir. Hazırda iddiaçı işdən azad olunması barədə əmrin ləğv edilməsi və digər tələblərlə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 9-cu maddəsinin “d” və “x” bəndlərinə əsasən əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək hüquqları vardır; 56-cı maddəsinin 1-ci hissəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir; 60-cı maddəsinə əsasən işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir; 68-ci maddəsinin 1-ci hissəsinin əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71-ci maddəsinə əsasən işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Qanunvericiliyin yuxarıda sadalanan tələblərindən göründüyü kimi, əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada, o cümlədən tərəflərdən birinin təşəbbüsü əsasında xitam verilə bilər. Əmək müqaviləsi işəgötürən tərəfindən müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda həmin əsaslarla ləğv edilə bilər. Habelə, tərəflər arasında bağlanmış 23 yanvar 2023-cü il tarixli əmək müqaviləsinin 9.1 və 9.2-ci bəndlərinə nəzər yetirdikdə isə müəyyən olunur ki, tərəflər əmək müqaviləsinə xitam verilməsi şərtləri aşağıdakıları müəyyənləşdirmişlər: 9.1. Bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalarla ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər; 9.2. İşəgötürən tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir. Lakin, işəgötürən Cavabdeh MMC-nin direktoru Nümayəndə tərəfindən verilmiş və məhkəməyə təqdim edilmiş Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 05 nömrəli əmrin surətindən isə görünür ki, işəgötürən həmin əmrdə yalnız İddiaçı ilə MMC arasında bağlanmış müqaviləyə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsini, əmrin verildiyi tarixədək son haqq-hesabın qanunvericiliyə uyğun hesablanaraq ödənilməsini və əmək kitabçasının işçiyə təqdim edilməsini göstərmiş, lakin əmrin verilməsinə əsas olan, yəni işçi ilə əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş səbəbi konkret şəkildə göstərməmiş, ümumi qaydada Əmək Məcəlləsinin 68-ci maddəsinə istinad etməklə əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq əmr vermişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı da işəgötürən müvafiq əmrin verilməsinə əsas olan mötəbər sübutlarını sübutetmə yükü əmək mübahisəsi üzrə onun üzərinə düşməsinə baxmayaraq, sübut edə bilməmiş, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması ilə müşayiət olunan hərəkətlərin konkret nədə ifadə olunduğunu (başqa sözlə, tərəflərdən birinin təşəbbüsünün nədə ifadə olunduğunu), müsbət halda isə bunu təsdiq edə biləcək dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. O cümlədən qeyd olunmalıdır ki, «Süleymanoğlu Group” MMC-də hüquqşünas işləyən İddiaçı ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyini müəyyən etmək üçün səlahiyyətli orqan tərəfindən komissiya təşkil edilməmiş və yoxlama aparılmamışdır. Yalnız «Süleymanoğlu Group” MMC-nin xx.xx.2023-cü il tarixli 05 nömrəli əmrlə tərəflərdən birinin təşəbbüsü əsası ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iddia tələbinin əmrin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi “əmrin ləğv edilməsi” hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi hissəsi əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, «Süleymanoğlu Group” MMC tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadığına görə işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödəməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi işburaxmaya görə, əmr verildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən iddia ərizəsi məhkəməyə verildiyi günə qədər, yəni xx.xx.2023-cü il tarixədək aylıq 600 manat olmaqla, cəmi 3800 manat əməkhaqqının cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə münasibətdə qeyd edir ki, Cavabdeh direktoru Nümayəndə ilə İddiaçı arasında imzalanmış xx.xx.2023cü il tarixli əmək müqaviləsinə əsasən işçiyə hər ay 400 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək aylıq 400 manat olmaqla, cəmi 2546.66 manat əmək haqqı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddia tələbinin dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 1500 manat pulun tutularaq iddiaçıya ödənilməsi ilə bağlı göstərilənlərə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçının qənaətinə görə mənəvi ziyan məhz onun işdən azad olunmasından irəli gəlmişdir. Məhkəmə iddianın dəymiş mənəvi zərərin tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, mənəvi zərər olaraq 1500 manat pulun iddiaçıya ödənilməsi tələbi əsas tələbdən törəmə tələb olduğundan, iddiaçı iş yerini itirdiyindən, əsas iddia təmin edildiyindən, ona iş yerini itirməklə mənəvi zərər dəyməsi sübuta yetirilir. Belə olan halda, məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı iddia tələbi qismən təmin edilməli, ziyanın məbləği ağlabatan həcmdə tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “işə qəbul günündən işdən çıxdığı günədək müddət ərzində işə çıxdığı bayram günlərinə görə 350 manat əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı tələbin həmin hissəsinə münasibətdə məhz bayram günləri əmək fəaliyyəti göstərdiyini qeyd etsə də, bu hal məhkəmə iclasında sübuta yetirilməmişdir, buna görə də həmin hissədə iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, «Süleymanoğlu Group” MMC-nin xx.xx.2023-cü il tarixli 05 nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə - «Süleymanoğlu Group” MMC-nə hüquqşünas vəzifəsinə bərpa olunmalı, qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmış 2546.66 manat əmək haqqı verilməli və İddiaçı mənəvi zərər qismində 500 manat pul məbləğində vəsait ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə dövlət rüsumunun tutulması ilə bağlı qeyd edir ki, iddiaçı əmək mübahisəsi üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi üçün dövlət rüsumu ödəməkdən azad edilmişdir, tutulmalı olan dövlət rüsumu isə ödənilmiş 60 manat mediasiya xərcindən az olduğundan cavabdehdən tutula bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 05 nömrəli əmr ləğv edilsin. İddiaçı X4 işə- Cavabdeh MMC-yə hüquqşünas vəzifəsinə işə bərpa edilsin. Məcburi iş buraxmaya görə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmış 2546.66 manat əmək haqqı və 500 manat məbləğində mənəvi zərər Cavabdeh MMC-dən tutularaq iddiaçı X2 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-692/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-692/2024
15.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver