Məhkəmə qərarları › İş №2(007)-700/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-700/2024

15.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-700/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı X4, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı X4 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 Cavabdeh qarşı “yaşayış hüququnun tanınması, yaşayış sahəsinə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı uşaqları xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X6 ünvan 4-yə yaşamaq hüququnun tanınması, yaşayış sahəsinə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X9 və-azyaşlı uşaqları xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X11 Bakı şəhəri, Nizami rayonu, C.Naxcıvanski küçəsi, ev 78, mənzil 72-də pasport qeydiyyatdadırlar. Cavabdehla nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X11 anadan olmuşlar. Hal-hazırda nikahın pozulması haqqında şəhadətnaməyə əsasən o, cavabdehlə 12 iyul 2023-cü il tarixdə nikahları pozulmuşdur. Bir müddəti bundan əvvəl cavabdeh onu və azyaşlı uşaqlarını xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X7 ünvan 4-dən qovmuşdur. Yaşamağa başqa mənzil və evi yoxdur. Hal-hazırda o və azyaşlı uşaqları xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X11 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 78, mənzil 72-yə qayıtmaq və orada yaşamaq istəyirlər, lakin cavabdeh buna maneəçilik törədir. Mənzildən çıxarılması nəticəsində onlar qeydiyyatda olduqları mənzildə yaşamaq hüququndan qanunsuz olaraq məhrum edilmişlər. Buna görə də onların həmin mənzilə yaşamaq hüququ tanınmalı, yaşayış sahəsinə istifadə hüququ müəyyən edilməli və mənzilə köçürülməlidirlər. xx.xx.2024-cü ildə iddiaçı X9 MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun və azyaşlı uşaqları xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X6 ünvan 4-yə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə qarşı etirazını təqdim edərək bildirmişdir ki, X9 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşam. Nikahları xx.xx.2016-cı ildə 4 saylı Bakı “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsində 629 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X11 dünyaya gəlmişlər. Tərəflər arasında ailə münasibətləri korlandığından və ailə münasibətlərinin bərpası qeyri-mümkün olduğundan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-395/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Rashad X1 arasında bağlanmış nikahın pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X2 Fatma Elşad qızının yanında saxlanılmışdır. İddiaçı ilə cavabdeh arasında münasibətlər normal olduğu dövrdə iddiaçı X3 qayınatası Bədal Kələşova məxsus olan və ünvan 1 ünvanında yerləşən mənzilə köçmüşdür və hal-hazırda qeyd edilən ünvanda yaşayır. Yəni, iddiaçını heç kim ünvan 2 ünvanında yerləşən qovmamışdır. İddiaçı öz istəyi ilə, mübahisəli mənzildən çıxmışdır. Hal-hazırda mübahisəli mənzildə iddiaçıya məxsus olan heç bir əşya yoxdur. Yəni, iddiaçının “Cavabdeh onları mübahisəli mənzildən qovması” arqumenti heç bir mötəbər sübutla öz təsdiqini tapmır. Evə istifadə hüququnun tanınması tələbinə münasibətdə bildirir ki, tələb əsassızdır. İlk olaraq bildirir ki, mübahisə predmeti olan və ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə cavabdeh Rəşad Kələşova məxsusdur. Mənzil tərəflərin nikahından öncə əldə edilmiş, mənzil üzərində mülkiyyət hüququ xx.xx.2010-cu il tarixində dövlət qeydiyyatına alınmışdır. Cavabdeh mübahisəli mənzilə 2016-2017-ci il arası pasport qeydiyyatına alınmışdır. İş materiallarından da göründüyü kimi, Cavabdeh ilə iddiaçı X9 arasında nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-395/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. Yəni, tərəflər arasında ailə münasibətlərinə xitam verildiyindən, cavabdehin ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bu o deməkdir ki, hətta iddiaçı X4 mübahisəli mənzilə istifadə hüququ olsaydı belə, ailə münasibətlərinə xitam verildiyindən mübahisənin həlli Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin təsiri altına düşəcəkdi. Qeyd edilən halla bağlı yekun olaraq bildirir ki, iddiaçının mübahisəli evə istifadə hüququ yoxdur, olsaydı belə həmin hüquq ailə münasibətlərinə xitam verilməsi səbəbində saxlanılmayacaqdı. Mənzilə köçürülmə hissəsində iddia tələbi əsassızdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən mənzilə köçürmə barədə iddiaya baxan zaman ilk növbədə aşağıdakı hallar araşdırılmalıdır: 1) İddiaçı köçmək istədiyi mənzildə yaşamışdırmı? 2) İddiaçı yaşadığı yerdən məhrum edilmişdirmi? 3) Məhrum edilmə varsa, bu məhrumetmə qanunidirmi? İddia ərizəsində qeyd edilən 1-ci hal mövcuddur. 2-ci hala gəldikdə iddiaçı bildirir ki, X9 hazırda köçürülməsini istədiyi evi öz istəyiilə, heç bir məcburiyyət olmadan tərk etmişdir. İddiaçının hal-hazırda keçmiş qayınatası Bədal Kələşova məxsus olan mənzildə yaşaması bunun sübutudur. Əgər ailə münasibətlərinin pozulması səbəbindən iddiaçı cavabdeh tərəfindən qovulsaydı, məntiqi nəticə olaraq iddiaçı Cavabdeh valideyninin evinə deyil, qeydi mənzilə köçərdi. Lakin, göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında münasibətlər normal olanda iddiaçı öz istəyi ilə və heç bir məcburiyyət olmadan keçmiş qayınatası Bədal Kələşova məxsus olan mənzilə köçüb orada yaşamışdır və bu gün də yaşayır. Yəni iddiaçının iddia ərizəsinin 1-ci abzasının son cümləsində qeyd etdiyi “yaşamağa başqa mənzilimiz və evimiz yoxdur” arqumenti açıq yalandır. 3-cü hala gəldikdə isə göründüyü kimi, məhrumetmə yoxdur və mövcud olmayan məhrumetmənin qanuniliyi də müzakirə oluna bilməz. Ona görə də 3-cü halın mövcud olub-olmaması ümumiyyətlə aydınlaşdırılmamalıdır. Yekun olaraq bildirir ki, iddiaçı mübahisəli mənzildən uzun müddətdir könüllü surətdə çıxmış, mübahisəli mənzildən yaşamamış, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür. İddiaçı Fatma Kalashova mübahisəli mənzildə yaşamamaqla və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Onun mübahisəli yaşayış sahəsi ilə daimi bağlılıq yaratmaq niyyəti olmamışdır. Odur ki, iddiaçının uzun bir müddət ərzində mübahisəli evdə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də, iddiaçının mübahisəli mənzildə istifadə hüququ yaranmış olsa belə, bu hüquqa xitam verilmişdir. İddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı X9 iddia tələbini müdafiə edib əlavə olaraq izahatında bildirmişdir ki, o, Suraxanı rayonu ərazisində qayınata evində yaşayır. Qeydiyyatda olduğu ünvana köçürülməyini xahiş edir. Cavabdeh Gürcüstandadır, 9 aydır ki, aliment kəsilib, lakin aliment borcunu da ödəmir. Bununla bağlı, o şikayət də etmişdir. Qayınatası ona evdən çıxmağı üçün vaxt qoyub. Qeydiyyatda olduğu ev Rəşadın evidir. Məhkəməyə kifayət qədər sübutlar təqdim etmişdir. Keçmiş qayınatası hazırda evdən onu çıxarır. O isə keçmiş yoldaşı Rəşadın evində qeydiyyatdadır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyib, etirazında göstərilənlərlə eyni məzmunlu izahat vermiş və izahatında əlavə olaraq göstərmişdir ki, mənzil tərəflərin nikahından öncə əldə edilib. Onlar nikaha 2016-cı ildə daxil olub. Lakin mənzilə mülkiyyət hüququ 2010-cu ildə yaranıb. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-395/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X9 arasında Bakı «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 629 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X6 anaları X4 yanında qalmaları qət edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2010-cu il tarixdə Cavabdeh adına ********** qeydiyyat nömrəsi altında dövlət qeydiyyatına alınmışdır. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı mediasiya prosesində iştirak etmiş və 50 manat mediasiya xərci ödəmişdir. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün X9 tərəfindən xx.xx.2023-cü il tarixdə 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında mübahisə predmeti olan ünvan 4 tərəflər nikaha daxil olarkən yəni, xx.xx.2016-cı il tarixdə cavabdehin mülkiyyətində olmuşdur. Bundan sonra iddiaçı həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı X9 ilə Cavabdeh arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2016-cı ildən sonra yarandığından, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi müddəaları tətbiq edilməlidir. Belə ki, məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı X9 ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin nikaha daxil olduqdan sonra bir müddət mübahisəli mənzildə yaşamaları işin mübahisəsiz halıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-395/2023 saylı qətnaməsi ilə tərəflər arasındakı nikaha xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 yanvar 2015-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslər ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Bundan başqa MM-in 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmin Məcəllənin 30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 395/2023 saylı qətnaməsi ilə X9 ilə Cavabdeh аrаsındа bağlanmış nikah pozulmuşdur. Yəni iddiaçı X9 Cavabdeh keçmiş həyat yoldaşıdır. Belə ki, Cavabdeh keçmiş həyat yoldaşı onun ailə üzvü deyil. Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisidir, iddiaçı X9 isə onun ailə üzvü hesab edilən şəxslər dairəsinə aid olmadığından onun mübahisəli mənzilə istifadə hüququ yoxdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı X4 mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərdən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin mənzildə pasport qeydiyyatında olması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X4 ünvan 4 ünvanında yerləşən mənzildə pasport qeydiyyatında olması onun həmin yaşayış sahəsindən istifadə hüququna malik olmasının göstəricisi kimi qəbul olunmamalıdır. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Həmin konstitusion dəyərindən çıxış edərək məhkəmələr müraciətdə qaldırılan ikinci məsələsini - keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını həll etməlidirlər. Bu konstitusion dəyərin məqsədi konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmamasıdır. Bunun reallaşdırması üçün məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması vacibdir. Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Məhkəmə qeyd edir ki, iddiaçının istifadə hüququna faktiki olaraq ailə münasibətləri pozulduğu andan xitam verilmişdir. Hazırki işin halları baxımından itirilmiş hüququn müəyyən müddətə saxlanılması ilə bağlı məsələ həll oluna bilər. Məhkəmə hesab edir ki, iddiaçının itirilmiş istifadə hüququnun saxlanması üçün əsaslar yoxdur. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuş işin hallarından görünür ki, iddiaçı uşaqları ilə birlikdə mübahisəli mənzildən özü könüllü şəkildə çıxaraq qayınatasının evinə getmişdir. Halhazırda uşaqları ilə birlikdə orada yaşayır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməmlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X4 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar