Məhkəmə qərarları › İş №2(007)-753/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-753/2023

14.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-753/2023 14.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firidun oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə ilə İddiaçı Cavabdeh qarşı nikaha etibarsız hesab edilməklə xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı nikaha etibarsız hesab edilməklə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxs 28 may 1990-cı ildə Bakı şəhərinə qeydiyyata düşmək üçün formal olaraq Bakı şəhərində evi olan Cavabdeh ilə Şərur rayon Nigah evində 37 saylı nikah akt qeydi ilə formal nigaha daxil olub. Bundan sonra Bakı şəhərinə cavabdehin evinə qeydiyyata düşə bilib. Sonradan indi ailəli olduğu xanım, yəni X3 ilə 18 oktyabr 1998-ci ildə əvvəlki nikaha xitam vermədən Bakı şəhəri Səadət Sarayında 1648 nigah akt qeydi ilə nikaha daxil olub. İndi də nikahdadır və bu nikahdan 2 övladı, xx.xx.2000-ci il təvəllüdlü X2 və xx.xx.2001-ci il təvəllüdlü X4 doğulub.Cavabdehlə hər hansı faktiki ər-arvad münasibəti olmayıb, nikahdan az sonra rus milliyyətndən olduğu və məlum hadisələrlə bağlı birdəfəlik Rusiyaya köçüb gedib. O ərəfələrdə yəni evlənmək öncəsi nikaha xitam verilməsi prosesi uzun müddət alacağını və xitam veriləcəyi təqdirdə qeydiyyatının ləğv ediləcəyindən çəkindiyi üçün cavabdehlə nikaha xitam vermək barədə iddia verməyib və bu nikahı tamamən unudub.Hazırda hesab edir ki, cavabdehlə nikahları etibarsız olduğundan və qeydiyyatla bağlı zərurət də aradan qalxdığından, həmçinin faktiki xitam verilmə əsasları da olduğundan cavabdehə nikahın etibarsızlığı iddiası irəli sürməkdə haqlıdır və onunla bu əsasla nikaha xitam verilməsini xahiş edir. Belə ki, əks halda cavabdehin varislərinin və ya vərəsələrinin gələcəkdə iddiaçıya qarşı sonradan xoşagəlməz iddia tələbləri irəli sürmək imkanı da istisna deyil.Qeyd olunanlara əsasən İddiaçı ilə Cavabdeh arasında 28 may 1990-cı il tarixdə Naxçıvan MR-nın Şərur rayonu Yengicə kənd İcra Nümayələndiyində bağlanmış və 37 saylı qeydlə rəsmiləşdirilmiş nikaha etibarsız hesab edilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan V-JQ seriyalı,377067 saylı nikah haqqında şəhadətnamənin kserosurətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah 28 may 1990-cı il tarixdə Naxçıvan MR-nın Şərur rayonu Yengicə kənd İcra Nümayələndiyində bağlanmış və 37 saylı qeydlə rəsmiləşdirilmişdir. İş materiallarında olan Vİ ЖГ seriyalı, 482752 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X3 arasında nikah 18 oktyabr 1998-ci ildə Bakı şəhərindəki Səadət sarayında bağlanmışdır. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı ilə X1 birgə nikahından 15 aprel 2000-ci il tarixdə X2,15 aprel 2001-ci il tarixdə X5 doğulmuşlar. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Şərur rayon Nikah evindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla İddiaçı Cavabdeh bağladığı nikahın etibarsız hesab olunması barədə ərizənin təmin olunmasından imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. 121 saylı MKİB-dən iddiaçıya ünvanlanmış “məlumat”da bildirilir ki, Cavabdeh xx.xx.1970-ci il tarixdən 121 saylı MKİS-nin xidməti ərazisi olan ünvan 2 ünvanda qeydiyyatda olmuş xx.xx.2000-ci il tarixdə qeydiyyatdan çıxmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 25.1.Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. (10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. 10.2. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. 11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər 13.7. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər) 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3. Məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. İşin hallarından görünür ki, İddiaçı Cavabdeh ilə 28 may 2090-cı il tarixdə Naxçıvan MR-nın Şərur rayonu Yengicə kənd İcra Nümayələndiyində nikah bağlamış, lakin həmin nikaha xitam verilmədən X3 18 oktyabr 1998-ci ildə Bakı şəhərindəki Səadət sarayında yeni nikah bağlayaraq rəsmiləşdirmişdir. Lakin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.3-cü (İkisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər yeni nikah bağlaya bilməzlər) maddəsinə əsasən bu hal birinci nikahın deyil ikinci nikahın etibarsız hesab olunması üçün əsas yaradır. İddiaçının qeyd etdiyi digər əsaslar (nikahın formal bağlanması və s.) iş materialları ilə öz təsdiqini tapmır. Ona görə də məhkəmə hesab edir ki,iddia tələbinin qanuni əsası mövcud olmadığından iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı nikaha etibarsız hesab edilməklə xitam verilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar