Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-754/2025 04.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Açar sözlər: “mənzilə olan istifadə hüquqlarının olmayan hesab edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh2, onun vəkili və nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüquqlarının olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 38 saylı evin 56 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, mənzilin hüquq sahibləri 2/3 payı İddiaçı1, 1/3 payı Cavabdeh2 göstərilmişdir. Mənzilin hüquq sahibləri 2/3 payı İddiaçı1, 1/3 payı İddiaçı2 kimi nəzərə alınmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 56 saylı mənzili anaları X1 mülkiyyətində olmuşdur. Anaları vəfat etdikdən sonra vərəsəliyi qəbul edərək həmin mənzilin mülkiyyətçisi onlar oldular. Mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixli, ********** nömrəli çıxarış almışdılar. Həmin mənzilin hüquq sahibləri 2/3 payı İddiaçı1, 1/3 payı İddiaçı2dur. Cavabdeh1 İddiaçı2 keçmiş həyat yoldaşı olub. Cavabdeh2 isə Şahinin oğludur. Cavabdeh1 ilə İddiaçı2 arasında baş vermiş narazılıqlar nəticəsində nikahları pozulmuşdur. Cavabdeh1 2003-cü ildə məhkəməyə iddia ərizəsi verərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 56 saylı mənzilə köçürülməsi və yaşayış hüququnun tanınmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 fevral 2003-cü il tarixli, 2-253/2003 saylı qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh1 azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 56 saylı mənzilinə köçürülməsi və onun həmin mənzilə yaşayış hüququ tanınması qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 dekabr 2004-cü il tarixli, 2-954/2004 saylı qətnaməsi ilə iddia təmin edilmiş və Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 56 saylı mənzilinin sahəsi 12 m2 olan otağından Cavabdeh1 istifadə qaydası müəyyən edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsinə baxmayaraq cavabdehlər artıq 20 ildir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 56 saylı mənzilində yaşamırlar. Onlar Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən yeni tikili evdən mənzil alaraq orada yaşayırlar. Cavabdehlərə məxsus heç bir əşya onların mənzilində yoxdur. Cavabdehlərin onların mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və bildirdi ki, Gülxarə ilə qardaşı İddiaçı2 1997-ci ildə nikaha daxil olublar. Azər 1999-cu ildə anadan olmuşdur. Uşağın bir yaşı olmamış Cavabdeh1 evdən gedib. Həmin vaxtdan heç vaxt orada yaşamayıb. 2003-cü ildə onların arasında nikah pozulmuşdur. Gülxarənin qətnamə ilə həmin mənzilə istifadə hüququ müəyyən edilsə də o, mənzildən heç vaxt istifadə etməyib. Odur ki, iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı2 İddiaçı1 ilə eyniməzmunlu izahat verdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, iddia tələbini qəbul etmir. Anası ümumiyyətlə o mənzildə yaşamayıb. O balaca olanda anasını evdən qovublar.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili X5, Cavabdeh2 vəkili və nümayəndəsi X5 bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçılar cavabdehə kompensasiya verməlidirlər. Qətnamə olsa da cavabdehə yaşamağa imkan verməyiblər. Onu döyüblər, evə buraxmayıblar uşaqla birlikdə köçüb həmin mənzildə yaşamağa şərait yaratmadıqlarına görə qətnamə icrasız qalmışdır.
İş materialları:
8. 120 saylı MKİS tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 365 nömrəli arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 56 saylı mənzilində qeydiyyatdadırlar və uzun müddətdir ki, orada yaşamırlar.
9. AZ-İ seriyalı, 588547 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 19 dekabr 2012-ci il tarixdə Bakı şəhərində ölmüşdür.
10. AZ-İ seriyalı 024182 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış nikah Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 noyabr 2003-cü il tarixdə 326 nömrəli qeydlə pozulmuşdur.
11. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********00-05101-093026 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 56 saylı mənzil İddiaçı1 adına xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə 2/3 pay haqqı ilə qeydiyyata alınmışdır. 1/3 hissədə pay İddiaçı2 məxsusdur.
12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 56 saylı mənzilində qeydiyyatdadırlar.
13. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 fevral 2003-cü il tarixli, 2-253/2003 saylı qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh1 azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 56 saylı mənzilinə köçürülməsi və onun həmin mənzilə yaşayış hüququ tanınması qət edilmişdir.
14. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 dekabr 2004-cü il tarixli 2-954/2004 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş və Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 56 saylı mənzilinin sahəsi 12 m2 olan otağından Cavabdeh1 istifadə qaydası müəyyən edilməsi qət edilmişdir.
15. Aktdan görünür ki, Cavabdeh1 və övladı Cavabdeh2 21 ildən artıqdır ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 56 saylı mənzilində yaşamırlar.
İşin faktiki halları:
16. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 56 saylı mənzili 2/3 pay haqqı ilə İddiaçı1, 1/3 pay haqqı ilə İddiaçı2 xüsusi mülkiyyətindədir. Cavabdeh1 İddiaçı2 keçmiş arvadı, Cavabdeh2 isə oğludur. Cavabdehlərin məhkəmə qaydasında mənzilə köçürülmələri və həmin mənzilə yaşayış hüquqlarının tanınması qət edilsə də Cavabdeh1 və Cavabdeh2 2000-ci ildən artıq həmin mənzildə yaşamırlar. Bununla da cavabdehlərin iddiaçıların xüsusi mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmaları iddiaçıların sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.4-cü maddəsinin tələbinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:
2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
20. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işi:
Belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.
21. Avropa Konvensiyasının 1 saylı protokolunun:
1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”.
22. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarı:
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun:
9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:
Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.
Məhkəmənin mövqeyi:
25. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
27. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur.
28. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır.
29. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir.
30. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 56 saylı mənzili 2/3 pay haqqı ilə İddiaçı1, 1/3 pay haqqı ilə İddiaçı2 xüsusi mülkiyyətindədir. İddiaçı1 mülkiyyət hüququ xx.xx.2013-cü ildə reyestrdə qeydə alınıb. Cavabdeh1 İddiaçı2 keçmiş arvadıdır. İddiaçı2 ilə Cavabdeh1 1997-ci ildə nikaha daxil olmuşlar və onların nikahı 2003-cü ildə pozulmuşdur. Cavabdehlər 2000-ci ilə qədər həmin mənzildə yaşayıblar. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 fevral 2003-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 56 saylı mənzilinə köçürülməsi və onun həmin mənzilə yaşayış hüququ tanınması qət edilmişdir. Lakin cavabdeh həmin mənzilə köçməmiş və yaşamamışdır. Cavabdehlər onların həmin mənzildə 20 ildir yaşamamalarını məhkəmə iclasında etiraf etmişlər.
31. Məhkəmə hesab edir ki, belə olan halda cavabdehlər mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüquqlarını itirmişlər. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir.
Məhkəmə baxışının hədləri:
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmə xərcləri:
33. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan və iddiaçılar tələb etmədiyindən məhkəmə xərci olan dövlət rüsumu iddiaçılara aid edilməlidir. Nəticə:
34. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 38 saylı evin, 56 saylı mənzilinə istifadə hüquqları olmayan hesab edilməlidirlər.
35. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 38 saylı evin, 56 saylı mənzilinə istifadə hüquqları olmayan hesab edilsinlər. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova