Məhkəmə qərarları › İş №2(007)-767/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-767/2025

17.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-767/2025 17.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və yetkinlik yaşına çatmayan uşağı X1 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski, 49 saylı evin, 38 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 49 saylı evin, 38 saylı mənzili onun şəxsi mülkiyyətindədir. Həmin mənzilə dair Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış almışdır. Cavabdeh1 qardaşı X2 həyat yoldaşıdır. Cavabdeh2, Cavabdeh3 və X3 isə onların övladlarıdır. Cavabdehləri şəxsi mülkiyyətində olan mənzilinə qeydiyyata salmışdır. Lakin Cavabdeh1 özünə Yasamal rayonunda yerləşən yeni binadan mənzil alıbdır və ailə üzvləri ilə birlikdə orada yaşayırlar. Onlara məxsus heç bir əşya onun mənzilində yoxdur. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.

İş materialları :

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 49, mənzil 38 tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* №-li, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

5. xx.xx.2024 tarixli, **********7 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflərin izahatları :

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir.

7. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin könüllü olaraq mənzildən çıxdığı üçün iddia ərizəsi və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

10. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

11. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd :

Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Məhkəmənin mövqeyi :

12. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

13. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

14. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər.

15. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar).

16. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır.

17. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Nəticə :

18. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

19. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (ödəyici:İddiaçı, FİN:2DORGKW; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2024, saat:16:55) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (ödəyici:İddiaçı, FİN:2DORGKW; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2024, saat:16:55) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar