Məhkəmə qərarları › İş №2(007)-776/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-776/2022

15.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-776/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin edilməsi Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 21 saylı evin, 6 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 21 saylı evin, 6 saylı mənzili Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 22.11.2006-cı il tarixli çıxarışına əsasən onun xüsusi mülkiyyətindədir. Həmin mənzili əmisi qızı X3 18.02.1998-ci il tarixdə 031266 saylı müqaviləyə əsasən X4 almışdır. Həmin mənzili aldıqdan sonra qeydiyyatda olan bütün şəxslər qeydiyyatdan çıxmışdır. Sonra isə əmisi qızı X3 05.10.2006-cı il tarixli şəxsin mənzilin bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 21 saylı evin, 6 saylı mənzilini ona bağışlamışdır. Bağışlanma olarkən 28 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Forma 2 arayışı verilmişdir və həmin arayışda Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 21 saylı evin, 6 saylı mənzildə qeydiyyatda heç kim olmaması qeyd olunmuşdur. Lakin Asan 5 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın olmuşdur ki, bir nəfər qeydiyyatda qalıbdır. Cavabdehin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmağı səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehin mənzilinə 2017-ci il tarixdə necə qeydiyyata düşməsi barədə məlumatı yoxdur. Mənzildə qeydiyyatda olan köhnə sakinlər qeydiyyatdan çıxmışlar. O, MKS-də maraqlanmış, orada qeydiyyatı olmamışdır. Ona ASAN xidmətdə qeydiyyata düşdüyünü demişlər. Cavabdeh orada faktiki yaşamır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 18.02.1998-ci il tarixli, 031266 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, X6 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 21, 6 saylı mənzilini X1. - 05.10.2006-cı il tarixli şəxsi mənzilin bağışlanması müqaviləsindən görünür ki, X3 ünvan 1 ünvanında yerləşən 3 otaqlı şəxsi yaşayış mənzilini əmisi qızı İddiaçı bağışlamışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, 22.11.2006-cı il tarixli, ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına 22.11.2006-cı il tarixdə qeydə alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 47535650 nömrəli, 05.01.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 21, 6 saylı mənzildə qeydiyyatdadır. - 28 saylı MKİS-nin 24.11.2006-cı il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 21, 6 saylı mənzilində qeydiyyatsız yaşayır, 22.11.2006-cı ildə verilmiş qeydiyyat vəsiqəsinə əsasən ev sahibidir, həmin mənzildə qeydiyyatdadır və heç kim yoxdur. - 28 saylı MKİS-nin 22.02.2022-cı il tarixli aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 21, 6 saylı mənzilində İddiaçı həmin mənzili aldığı tarixdən bu günə qədər Cavabdeh yaşamamışdır. Məhkəmə iclasında müəyyən olundu ki, X3 ilə İddiaçı arasında bağlanmış 05.10.2006-cı il tarixli şəxsi mənzilin bağışlanması müqaviləsi ilə X3 ünvan 1 ünvanında yerləşən 3 otaqlı şəxsi yaşayış mənzilini əmisi qızı İddiaçı bağışlamış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, 22.11.2006-cı il tarixli, ******* saylı Çıxarışına əsasən həmin mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına 22.11.2006-cı il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 47535650 nömrəli, 05.01.2022-ci il tarixli arayışın əsasən, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 21, 6 saylı mənzildə qeydiyyatda olduğu müəyyən edilsə də, 28 saylı MKİS-nin 24.11.2006-cı il tarixli arayışında İddiaçı Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 21, 6 saylı mənzilində qeydiyyatsız yaşadığı, 22.11.2006-cı ildə verilmiş qeydiyyat vəsiqəsinə əsasən ev sahibi olduğu, həmin mənzildə qeydiyyatda olduğu və heç kimin olmadığı qeyd olunmuşdur. 22.02.2022-cı il tarixli akta əsasən, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 21, 6 saylı mənzili aldığı tarixdən bu günə qədər Cavabdeh yaşamadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi,3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 15.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarında olan sənədlər cavabdehin qeyd olunan mənzilə qeydiyyatlarının formal xarakter daşıdığını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 21, 6 saylı mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdeh mənzildə yaşamadığı üçün həmin evdə istifadə hüquqlarını itirmiş və o həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 21, 6 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 100,0 manat dövlət rüsumu ona aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən 21 saylı evin 6 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmə xərcləri qismində ödənilmiş 100,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar