Məhkəmə qərarları › İş №2(007)-78/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-78/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-78/2023 27.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən 64.200 manat pulun və ödənilmiş 282.6 manat dövlət rüsumunun tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC arasında 21 iyun 2021-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən (577 və 578 saylı) 0,12 ha torpaq sahəsində fərdi yaşayış evinin tikinti və təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Tərəfindən müqavilənin şərtlərinə müvafiq olaraq, "xxxx" MMC-nə xx.xx.2021-ci il tarixdə 500 (beş yüz) manat, xx.xx.2021-ci il tarixdə 43.000 (qırx üç min) manat, xx.xx.2021-ci il tarixdə 40.000 (qırx min) manat, xx.xx.2021-ci il tarixdə 5100 (beş min yüz) manat, xx.xx.2021-ci il tarixdə 34.000 (otuz dörd min) manat və xx.xx.2022-ci il tarixdə 1600 (bir min altı yüz) manat, ümumilikdə 124.200 (bir yüz iyirmi dörd min iki yüz) manat məbləğində vəsait ödənilmişdir. Qeyd olunan vəsaitinin ödənilməsinə baxmayaraq podratçı tərəfindən ümumilikdə 60.000 (altmış min) manat dəyərində işlər görülmüş və müqavilə üzrə öhdəliklərin icrası dayandırılmışdır, baxmayaraq ki, vəsaitin əsas hissəsi, yəni 122.600 manat tərəfindən xx.xx.2021-ci il tarixədək ödənilmişdir. Artıq 5-6 aydan çox müddət ərzində tikinti işlərinin dayandırılması və lazımınca icra edilməməsi müqavilə öhdəliklərinin podratçı tərəfindən pozulması sayılır. Öhdəliklərin icra edilməsi üçün tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş, lakin hər hansı nəticə əldə edə bilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı (sifarişçi) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (podratçı) arasında bağlanmış 21 iyun 2021-ci il tarixli podrat müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1, 1,3, 3.3, 3.4 və 3.5-ci bəndlərindən görünür ki, podratçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində sifarişçiyə məxsus 0.12 ha torpaq sahəsində ümumi sahəsi 200 kv.m olan bağ evinin tikinti və təmirini həyata keçirir. Sifarişçi fərdi yaşayış evinin tikintisi və təmiri üçün 143.050 manat ödəməyi öhdəsinə götürür. Sifarişçi fərdi yaşayış evinin tikintisi və təmiri üçün ilkin olaraq bu müqavilə bağlandığı anda ümumi məbləğin 30 faizini, yəni 42.915 manat ödəməlidir. Sifarişçi tərəfindən podratçıya ödəniləcək məbləğ tərəflərin razılığı ilə hissə-hissə və tikinti-təmir mərhələlərinə uyğun olaraq (30%, 30% 30% və son olaraq tikintinin son mərhələsində 10% olmaqla) həyata keçirilir. - 12 iyun 2021-ci il tarixli 018228 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı evin tikintisi üçün cavabdehə 500 manat ödənilmişdir. - 23 iyun 2021-ci il tarixli 018232 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı evin tikintisi üçün cavabdehə 43.000 manat ödəmişdir. - 09 avqust 2021-ci il tarixli 018243 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı evin tikintisi üçün cavabdehə 40.000 manat ödənilmişdir. - 13 oktyabr 2021-ci il tarixli 018256 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı evin tikintisi üçün cavabdehə 5100 manat ödənilmişdir. - 14 oktyabr 2021-ci il tarixli 018257 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı evin tikintisi üçün cavabdehə 34.000 manat ödəmişdir. - 31 yanvar 2022-ci il tarixli qəbzlərin surətlərindən görünür ki, İddiaçı evin tikintisi üçün cavabdehə cəmi 1600 manat ödənilmişdir. - xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 0.12 ha torpaq sahəsində yerləşən 577 saylı bağ sahəsi İddiaçı mülkiyyətindədir. - xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 0.12 ha torpaq sahəsində yerləşən 578 saylı bağ sahəsi İddiaçı mülkiyyətindədir. - pretenziya məktubundan görünür ki, iddiaçı 21 iyun 2021-ci il tarixli podrat müqaviləsinə xitam verilməsi və artıq ödənilmiş 64.200 manat pulun ödənilməsini cavabdehdən tələb etmiş, tələb 10 gün müddətində təmin edilmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 21 iyun 2021-ci il tarixli podrat müqaviləsinə əsasən təmir-tikinti işlərinin görülməsi üçün müqavilənin qiyməti 143.050 manat müəyyən edilmiş, ilkin olaraq ümumi məbləğin 30 faizinin, yəni 42.915 manatın müqavilə bağlanan anda, qalan məbləğin isə tərəflərin razılığı ilə hissə-hissə və tikintitəmir mərhələlərinə uyğun olaraq ödənilməsi razılaşdırılmışdır. İddiaçı qeyd olunan müqavilənin şərtlərinə uyğun olaraq, xx.xx.2021-ci il tarixdə 500 (beş yüz) manat, xx.xx.2021-ci il tarixdə 43.000 (qırx üç min) manat, xx.xx.2021-ci il tarixdə 40.000 (qırx min) manat, xx.xx.2021-ci il tarixdə 5100 (beş min yüz) manat, xx.xx.2021-ci il tarixdə 34.000 (otuz dörd min) manat və xx.xx.2022-ci il tarixdə 1600 (bir min altı yüz) manat olmaqla, ümumilikdə 124.200 (bir yüz iyirmi dörd min iki yüz) manat məbləğində pul vəsaitini cavabdehə ödəsə də, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Hazırda iddiaçı sözügedən müddət ərzində tikinti işlərinin başa çatmamasını, buna görə də görülməmiş işlərə görə ödənilmiş pulların geri qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5283 nömrəli, 15 noyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, baxış zamanı əldə olunmuş məlumatlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən (577 və 578 saylı) 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikinti və təmir işlərinin, həmçinin həyətyanı torpaq sahəsində üzgüçülük hovuzunun tikintisi işlərinin görüldüyü müəyyən edildi. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən (577 və 578 saylı) 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikintisi (daş hörgüsü və dam örtüyü) başa çatsa da, daxili və xarici təmir işləri, eləcə də üzgüçülük hovuzunun inşası yarımçıq qalmışdır. Həmçinin, aparılmış tikinti və təmir işlərində aşağıdakı çatışmazlıqlar aşkar edilmişdir: sanitar qovşağın (evin arxa tərəfində yerləşən) hörgüsü tam yerinə yetirilməmiş və divarla dam arasında boşluq qalmışdır; damın altında yerləşən seysmik kəmərin daxili və xarici hissələrində çatlar əmələ gəlmişdir. Aparılmış hesablamalar nəticəsində İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən (577 və 578 saylı) 0.12 ha torpaq sahəsində görülmüş tikinti və təmir işlərinin dəyəri orta bazar qiymətinə uyğun olaraq təqribən 49703,9 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Ekspertin gəldiyi nəticələr əsas götürülməklə, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən (577 və 578 saylı) 0.12 ha torpaq sahəsində görülmüş tikinti və təmir işlərinin dəyəri kimi 49703,9 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qanuni və əsaslıdır. Beləliklə İddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş olsa da cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə ilə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmişdir. Bu hal yuxarıda qeyd olunan ekspert rəyi ilə də öz əksini tapmışdır. Beləliklə, məhkəmə bələ qənaətə gəlir ki, iddiaçı tərəfindən artıq ödənilmiş pul məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməliddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, həmin tarixdə İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 283 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 49703.9 manat məbləğində pul və ödənilmiş 282.6 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 49703.9 manat məbləğində pul və ödənilmiş 282.6 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar