Məhkəmə qərarları › İş №2(007)-792/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-792/2021

09.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-792/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh şəxsi mülkiyyətində olan Bakı Şəhəri, Rizvan Teymurov küçəsi 0.28585 ha torpaq sahəsində yerləşən 63 nömrəli, 5 mərtəbəli binanın 8-ci girişində, 1-ci mərtəbəsində olan 81 nömrəli mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, oğlu X5 2013-cü il tarixində X3 ilə rəsmi nikaha daxil olmuşlar. Artıq 7 ildir ki, bir yerdə yaşayırlar. Cavabdeh çalışmağa başladıqdan sonra evdə tez-tez münaqişə yaratmağa başlamışdır. Bir gəlin kimi evin işlərinə biganə yanaşır, oğlunun və nəvələrinin isə qayğısına qalmır, onlara yemək belə hazırlamır, hətta aldığı əmək haqqını belə ailə üzvlərindən gizlədir. Evdə köhnə yararsız olan geyimlərini isə “siz geyimlərimi yararsız hala gəlirirsiniz” deyərək və yalan danışaraq onlara böhtan atır. Oğlu Taleh evin kommunal xərclərini ödəmək istədiyi zaman cavabdeh buna mane olur və evdə münaqişələr yaratmağa başlayır, bu səbəbdən də bütün kommunal xərcləridə onlar ödəyirlər. Bir evdə yaşamalarına baxmayaraq nəvələrinə həsrət qalmışdır, onlara “babanın yanına yaxınlaşmayın, baba sizi öpməsin” deyərək öyrədib nəvələrinin ona yaxın olmasına imkan vermir. Cavabdeh qızı Aygünün bir neçə şəkilini gizli şəkildə öz telefonuna köçürmüş və qızını hər dəqiqə qorxudaraq şantaj edir. Bir gəlin kimi onlara hörmət qoymur, “qayınana baldız mənim üçün boş şeydir” deyərək bu kimi ifadələr işlədir. Həlta bir neçə dəfə cavabdeh ona hücum çəkərək onu yerə yıxıb və qolundan sıxaraq qolunu zədələmişdir. Cavabdeh el adəti ilə gəlin gəlməmişdir və rəsmi nikaha daxil olduqlarından belə xəbərləri olmamışdır. Bütün bu olanlardan cavabdehin valideynlərinin məlumatı olsa da, qızlarına heç bir irad bildirməmiş, əksinə ona düz etdiklərini deyirlər. Bir valideyn olaraq bütün bunlar ona xoş təsir etmir, artıq baş verənlərə görə bir müddətdir ki, depressiyadadır. Bu səbəbdən də hesab edir ki, cavabdehlə bir yerdə yaşamaları heç cürə mümkün deyil. Cavabdehin özünə məxsus torpağı var və həmin torpaq sahəsində isə evinin tikilməsi üçün işlərə başlanılıb. Odur ki, odur ki, mülkiyyətində olan Bakı Şəhəri, Rizvan Teymurov küçəsində yerləşən fərdi yaşayış evindən cavabdehi məhkəmə qaydasında çıxarmaq qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X4 məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbələri barədə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı Şəhəri, Rizvan Teymurov küçəsi 0.28585 ha torpaq sahəsində yerləşən 63 nömrəli, 5 mərtəbəli binanın 8-ci girişində, 1-ci mərtəbəsində olan 81 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına 10 fevral 2007-ci il tarixdə qeydiyyata alınmışdır. - AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 16 mart 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı Şəhəri, Rizvan Teymurov küçəsi, ev 63, 81 nömrəli mənzildə qeydiyyatdadır. Cavabdeh X1 adı isə həmin mənzildə qeydiyyatda olan şəxslərin siyahısında yoxdur. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı Şəhəri, Rizvan Teymurov küçəsi, ev 63, 81 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına 10 fevral 2007-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh X4 iddiaçının oğlu ilə 2013-cü il tarixdə nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçmüşdür. Hazırda İddiaçı, cavabdeh X1 mübahisəli mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 6 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri cavabdehin, iddiaçının oğlu ilə nikaha daxil olaraq mənzilə köçdüyü tarixdən, yəni 2013-cü il tarixdən başlanmışdır. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən sonra yarandığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən hazırki mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Məhkəmə yuxarıda qeyd olunan maddi normaların tələbindən çıxış edərək qeyd edir ki, cavabdeh X1 hal-hazırda iddiaçıiya məxsus mənzildə faktiki yaşaması hər hansı hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Bundan başqa, cavabdeh X4 mülkiyyətçi İddiaçı ailə üzvü olmadığından və tərəflər arasında başqa razılaşma olmadığından X4 həmin evdən çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X4 Bakı Şəhəri, Rizvan Teymurov küçəsi 0.28585 ha torpaq sahəsində yerləşən 63 nömrəli, 5 mərtəbəli binanın 8-ci girişində, 1-ci mərtəbəsində olan 81 nömrəli mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X4 Bakı Şəhəri, Rizvan Teymurov küçəsi 0.28585 ha torpaq sahəsində yerləşən 63 nömrəli, 5 mərtəbəli binanın 8-ci girişində, 1-ci mərtəbəsində olan 81 nömrəli mənzildən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar