Məhkəmə qərarları › İş №2(007)-804/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-804/2024

01.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-804/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, tərcüməçi X1, İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil, İddiaçının İddiaçı MTK-nın nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “yeni tikilidə mənzil verilməklə və yeni mənzil verilənədək aylıq kirayə haqqı ödənilməklə söküləcək mənzildən çıxarılma” tələbinə dair iddiası ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı “yeni tikilidə mənzil verilməklə və yeni mənzil verilənədək aylıq kirayə haqqı ödənilməklə söküləcək mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadəsindəki Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən köhnə binasında 29,31 kv.m sahəsi olan bir otaqlı 33 saylı mənzilinin sökülməsi, əvəzində iddiaçının həmin ərazidə yeni inşa etdiyi çoxmənzilli yaşayış binada 36,51 kv.m sahəsi olan bir otaqlı təmirli mənzil tikilib təhvil verilməklə və yeni mənzil təhvil verilənədək cavabdehə hər ay 450 manat kirayə haqqı ödənilməklə cavabdehin söküləcək həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 208 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayon, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanındakı torpaq sahəsi yeni yaşayış kompleksinin tikintisi üçün İddiaçı MTKnın istifadəsinə verilib. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə İddiaçı MTK-ya ayrılmış 0,0529 ha torpaq sahəsindəki Bakı şəhəri, Nizami rayonu, Ordubadi 1 ünvanda 36 yaşayış sahəsi olan dördmərtəbəli bina yerləşir. Həmin yaşayış binası ötən əsrdə tikilib, köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitib, müasir yaşayış tələblərinə cavab vermir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti baçşısının qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. Qeyd edilən 0,0529 ha torpaq sahəsindəki sakinlərin bir çoxu köhnə tikililərin sökülməsi üçün təhvil verilməsi və sakinlərin həmin ərazidə yeni tikiləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarında abad, müasir yaşayış tələblərinə cavab verən yaşayış sahələri ilə təmin olunmaları barədə razılıqlar əldə olunsa da Cavabdeh ilə razılıq əldə etmək mümkün olmayıb. İddiaçı Cavabdeh, istifdəsindəki Bakı şəhəri, Nizami rayonu, Ordubadi 1 ünvanda yerləşən ümumi sahəsi 29,31 kv.m təşkil edən bir otaqlı 33 saylı mənzilinin əvəzinə həmin ərazidə yeni tikilən binada 36,51 kv.m sahəsi olan yeni bir otaqlı mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif edir. Lakin, cavabdeh əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək mənzilin əvəzinə beşmərtəbəli binadan iki otaqlı tam təmirli mənzil tələb edir. Bu hərəkətləri ilə cavabdeh əsassız varlanmaq məqsədi ilə İddiaçı MTKdan əlavə qazanc əldə etmək üçün bilərəkdən tikinti və söküntü işlərinə maneələr yaradır. Bu səbəbdən də söküntü tikinti işlərinə başlamaq mümkün olmayıb. Nəticədə isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 208 saylı sərəncamın icrası mümkün olmayıb. Tikinti işlərinin yubanması mənzil tikintisi üçün İddiaçı MTK ilə müqavilələr bağlamış şəxslərin haqlı etiraz və narazılığına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı İddiaçı MTK-nın sədri N.B.Kərimov Mülki-prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə 01 fevral 2024-cü il tarixli ərizə təqdim edərək, Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən köhnə yaşayış binasındakı 29,31 kv.m sahəsi olan bir otaqlı 33 saylı mənzilin sökülməsi, söküləcək mənzilin əvəzinə iddiaçının həmin ünvanda yəni Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə inşa edəcəyi 2 saylı binanın C bloku 4-cü mərtəbəsindəki sahəsi 36.51 kv.metrdən ibarət bir otaqlı 33 saylı mənzili ona tikilmiş və təmirli vəziyyətdə istifadəsinə təhvil verilməklə və yeni mənzil təhvil verilənədək cavabdehə hər ay 450 manat kirayə haqqı ödənilməklə onun söküləcək həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edib, əlavə olaraq izahatında bildirmişdir ki, cavabdehə MTK tərəfindən bütün zəruri təkliflər edilmişdir, lakin cavabdeh heç biri ilə razılaşmaq istəmir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi X7 iddia tələbini müdafiə edib, əlavə olaraq izahatında bildirmişdir ki, cavabdehə onlar tərəfindən hələ ilk əvvəl 62 kv.m sahəli mənzil təklif edilmişdir, cavabdeh isə bununla razı olmamış, köhnə binada yaşamaq istədiyini, ona mənzil əvəzinə pul verilməsini bildirmiş və lakin MTK tərəfindən çoxmənzilli binada müvafiq sərəncama əsasən təmirli mənzil verilə biləcəyi bildirilmişdir. Cavabdehdən başqa, bütün sakinlərlə razılıq əldə edilmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını qəbul etmədiyini, hüquqlarının pozulduğunu, bu halda danışıqlara getməyəcəyini bildirmişdir. Bundan əlavə o, köhnə tipli daş binada yaşamaq istəyir. Çoxmənzilli binada yaşamaq istəmir. Onun təklifi ilə MTK razılaşmır. İddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı MTK-nın iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi vanında Bakı Səhər Memarlıq və Şəhərsalma Bas İdarəsinin 12 dekabr 2022-ci il tarixli, Tİ 120/22 saylı icazəsinin surətindən görünür ki, İddiaçınə Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakisiyev və M.S.Ordubadi küçələrinin kəsişməsi, 2440-cı məhəllə ünvanında yaşayış binalarının tikintisinə icazə verilmişdir. - Torpaq sahəsinin icarəyə verilməsi haqqında 03 sentyabr 2021-ci il tarixli, 1664 saylı torpaq icarə müqaviləsinin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsi, 2440-cı məhəllədə yerləşən torpaq sahəsinin 49 il müddətinə İddiaçı MTK-ya verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. - Bakı şəhəri MKTD-nin Nizami rayon MKTB-nin 28 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 430 saylı arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, 1 saylı evin 33 saylı mənzilində qeydiyyatdadır. Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 351 nömrəli sərəncamına əsasən yaşayış sahəsi 16.22 kv.m, ümumi sahəsi 29.31 kv.m olan 1 otaqlı mənzilin icarədarıdır. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 351 nömrəli sərəncamının surətindən görünür ki, Cavabdeh Ordubadi küçəsindəki 1 saylı evin yaşayış sahəsi 16.22 kv.m olan, 1 otaqlı 33 saylı mənzilin icarədarı hesab edilmiş, həmin mənzillə bağlı onunla icarə müqaviləsinin bağlanılmasının 28 saylı MKİS-ə tapşırılması qərara alınmışdır. - Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 19 avqust 2021-ci il tarixli, 208 saylı sərəncamının surətindən görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativinin 03 fevral 2021-ci il tarixli, 56 saylı müraciətini, Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 11- 13/115 nömrəli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Agentliyinin xx.xx.2021-ci il tarixli, 22/589 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021- 03827 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********74 nömrəli razılıq məktublarını və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli, xx/xx-04933 nömrəli məktubu ilə təqdim edilmiş “Azkommunlayihə” KLİ-nun texniki rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini rəhbər tutaraq, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsində, 2440-cı məhəllə ünvanında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 2.38 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “Orbita" Mənzil-Tikinti Kooperativi tərəfindən tənzimlənməsi, həmçinin ərazidə yerləşən “Azərsu" Açıq Səhmdar Cəmiyyətinə məxsus nasos stansiyasının və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus transformator qurğusunun yenidən qurulması və ətrafının abadlaşdırılması şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün İddiaçı icarə əsasında istifadəsinə verilmişdir. Bu Sərəncamın icrasına nəzarət Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. - 17 oktyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MTK-nın nümayəndəsi tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisə predmeti olan Cavabdeh istifadəsindəki Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, 1 saylı evin 33 saylı mənzilinin yerləşdiyi, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsində, 2440-cı məhəllə ünvanında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 2.38 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “Orbita" Mənzil-Tikinti Kooperativi tərəfindən tənzimlənməsi, həmçinin ərazidə yerləşən “Azərsu" Açıq Səhmdar Cəmiyyətinə məxsus nasos stansiyasının və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus transformator qurğusunun yenidən qurulması və ətrafının abadlaşdırılması şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün İddiaçı icarə əsasında istifadəsinə verilmişdir. İddiaçı MTK Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 19 avqust 2021ci il tarixli, 208 saylı sərəncamına əsasən yaşayış binasının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün binanın mülkiyyətçiləri ilə qarşılıqlı razılıq əldə etsə də, Cavabdeh ilə razılığa gələ bilməmişlər. Hazırda iddiaçı, cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, ev 1, 33 saylı 29.31 kv.m sahəli mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, mənzilin sökülərək iddiaçı tərəfindən cavabdehin mənzilinin əvəzinə iddiaçının həmin ünvanda yəni, Bakı şəhəri Nizami rayonu A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə inşa edəcəyi 2 saylı binanın C bloku (1 girişi) 4-cü mərtəbəsindəki sahəsi 36,51 kv.metrdən ibarət birotaqlı 24 saylı mənzil tam təmirli yeni mənzilin verilməsi, Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, ev 1, 33 saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verildiyi gündən əvəzinə ona yeni mənzil təqdim edilənədək, hər ay üçün 450 manat pulun kirayə haqqı kimi iddiaçı tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.2 və 4.2.1-ci maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsindən və məhkəmə iclasında verdiyi ifadəsindən göründüyü kimi, iddiaçı cavabdehə onun Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 33 saylı mənzilinin sökülərək Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə inşa edəcəyi yeni yaşayış binasında, əlavə sahəsi olan təmirli mənzil verməklə, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə hər ay 450 manat kirayə haqqı ödənilməklə, cavabdehin 33 saylı mənzilindən çıxarılmasını bildirməklə faktiki olaraq cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutmuşdur. Göründüyü kimi iddiaçı cavabdehin mənzilini satın almaq deyil, sadəcə həmin mənzilin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, 1 saylı yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə cavabdehə müvafiq yeni, tam təmirli mənzil vermək niyyətindədir. Buradan da müəyyən olunur ki, cavabdehin Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 33 saylı mənzilə olan hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır, sadəcə olaraq tikinti işlərinin aparıldığı müddət ərzində cavabdeh Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 33 saylı mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ müvəqqəti olaraq məhdudlaşacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 6-cı bəndinə sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). X3 Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılmasının mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 16-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 29-cu maddəsinin 5 və 6-cı bəndlərinə əsasən xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; 43-cü maddəsinin 2-ci bəndinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında “Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi” məhkəmələrə tövsiyyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmusdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmusdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmusdur, Dövlətlərin, digər məsələlərlə yanası, mülkiyyətdən ictimai maraga uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə baglıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (bax: Kozacıoglu Türkiyəyə qarsı [BP], 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistinš və Perepjolkins Latviyaya qarsı [BP], 71243/01, § 93, 25 oktyabr 2012-ci il). X9 Hüquqları Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, Mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uygun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Məhkəmə onu da nəzərə alır ki, cavabdehin istifadəsində olan mənzilin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, 1 saylı yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 33 saylı mənzili boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməli, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 33 saylı mənzil sökülsün, həmin mənzilin əvəzinə İddiaçı Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə inşa edəcəyi 2 saylı binanın C bloku 4-cü mərtəbəsindəki sahəsi 36.51 kv.metrdən ibarət bir otaqlı 33 saylı mənzil ona tikilmiş və təmirli vəziyyətdə verilməli, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə Cavabdeh hər ay 450 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 33 saylı mənzilindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativinin iddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasındakı 29.31 kv.m sahəsi olan bir otaqlı 33 saylı mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilsin. Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 33 saylı mənzil sökülsün, həmin mənzilin əvəzinə İddiaçı Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə inşa edəcəyi 2 saylı binanın C bloku 4-cü mərtəbəsindəki sahəsi 36.51 kv.metrdən ibarət bir otaqlı 33 saylı mənzil ona tikilmiş və təmirli vəziyyətdə verilsin. Yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə Cavabdeh hər ay 450 (dörd yüz əlli) manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 33 saylı mənzildən çıxarılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar