Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-817/2024 11.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı, Ərizəçi İddiaçı Zal oğlunun “miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. Ərizəçi İddiaçı Zal oğlu “miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia əsaslandırıldığı hallar :
2. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X9 xüsusi mülkiyyətindədir. Əhmədov Zal xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm akt qeydləri kitabının 340-cı səhifəsində 2002-ci ilin oktyabr ayının 29-da qeydiyyat aparılmışdır. X24 şəhəri, 9-cu küçə, ev 16 ünvanında yerləşən fərdi yaşayış evi miras olaraq qalmışdır. Həmin mülkiyyətə İddiaçı Zal oğlu sahiblik edir. Bununla bağlı Naxçıvan "Asan Xidmət" Mərkəzinin notariat ofisi tərəfindən müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Müvafiq məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. X10 aşağıdakı vərəsələri var:
1. X4 -atası-vəfat edib
2. X11-anası-vəfat edib
3. X20- həyat yoldaşı-vəfat edib
4. X12-qızı- 1971-ci il təvəllüdlü
5. X23-qızı- 1956-cı il ləvnlltidlü
6. X15- oğlu-1963-cü il təvəllüdlü
7. İddiaçı Zal oğlu-oğlu-1960-ci il təvəllüdlü
8. X27-oğlu- 1965-ci il təvəllüdlü
9. X21-oğlu-vəfat edib
Miras qalan əmlakı faktiki olaraq ərizəçi İddiaçı Zal oğlu qəbul etmişdir. X12, X23, X15, X27, X2, X8, X3, X5, X6 və X16 notarial qaydada ərizə verərək mirasın qəbul edilməsindən imtina etmişlər.
Tətbiq edilən hüquq :
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə.
4. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
Məhkəmənin mövqeyi :
5. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.
6. Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1133m). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243m). Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər (1321m). Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir(1322m).
7. İş materaillarına əlavə edilmiş Naxçıvan “Asan Xidmət” Mərkəzi notariat ofisinin 644/23 saylı, xx.xx.2023-cü il tarixli məktubunda görünür ki, notariat ofisi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə istinad edərək vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir.
8. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
9. Həmin qərarda həmçinin qeyd edilir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
10. Belə olan halda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsi qüvvədən düşdüyü və qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edildiyi üçün “miras əmlakın faktiki qəbul etməsi faktının müəyyən edilməsi” barədə iddiaya məhkəmə qaydasında baxılmalı deyil, aidiyyatı notariat orqanı tərəfindən müvafiq müraciətə baxılmalıdır.
11. Mülki prossesual qanunvericiliyə əsasən ərizəyə məhkəmə qaydasında qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
12. Məhkəmə əlavə olaraq qeyd edir ki, ərizəçi məhkəməyə müraciət edərkən ərizənin forma və məzmununa dair mülki prosessual qanunvericiliyinin tələblərinə riayət etməmiş, hazırki iddia tələbi üzrə maraqlı şəxs barədə məlumatlar qeyd edilməmişdir.
Nəticə :
13. Beləliklə, məhkəmə qeyd edir ki, işə məhkəmə qaydasında baxılmalı olmadığından ərizəçi İddiaçı Zal oğlunun maraqlı şəxs Naxçıvan “Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı “miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.
14. Məhkəmə qeyd edir ki, ərizəçiyə hazırki tələb ilə aidiyyatı notariat ofisinə müraciət etmək hüququna malik olduğu izah edilməlidir.
15. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, GPP qəbz nömrəsi: **********; qəbz nömrəsi 24359; büdcə səviyyə kodu: 142213, tarix: xx.xx.2023, saat: 16:04) dövlət büdcəsindən ərizəçiyə qaytarılmalıdır.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264, 267, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
Ərizəçi İddiaçı Zal oğlunun maraqlı şəxs Naxçıvan “Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı olan “miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, GPP qəbz nömrəsi: **********; qəbz nömrəsi 24359; büdcə səviyyə kodu: 142213, tarix: xx.xx.2023, saat: 16:04) dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Ərizəçiyə hazırki tələb ilə aidiyyatı notariat ofisinə müraciət etmək hüququna malik olması izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva